Məhkəmə qərarları › İş №1(005)-141/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-141/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-141/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, Müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, subay, məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər turizm şirkətində işləməklə həftənin şənbə-bazar günləri Bakı şəhəri Nərimanov rayonu metronun «Gənclik» stansiyası yaxınlığında Respublikanın rayonlarına keçirilən turlar barədə məlumatlı olduğundan 06 noyabr 2022-ci il tarixdə saat 06 radələrində ünvan 2 ünvanın qarşısına gələrək turda iştirak etmək üçün orada olan Zərərçəkmiş şəxs1 yaxınlaşaraq ona özünün tur rəhbəri olması barədə yalan məlumat verib inandırmış və tur sifarişinin kimin tərəfindən olunduğunu öyrənib həmin şəxslə telefon əlaqəsi yaradıb dəqiqləşdirmək bəhanəsilə Zərərçəkmiş şəxs1 mobil telefonunun ona verilməsini istəyib Zərərçəkmiş şəxs1 balansında 20 manat dəyərində konturu olan 30 manat dəyərində ***- ***-**-** mobil nömrə və digər balansında 10 manat dəyərində konturu olan 30 manat dəyərində ***-***-**-** mobil nömrə ilə istifadə olunan 3000 manat dəyərində 256 gb yaddaşlı “İphone 14 pro” markalı **********27340 və **********66594 İMEİ kodlu mobil telefonunu ona verməsinə nail olduqdan sonra Zərərçəkmiş şəxs1 avtobusda oturmasını tapşırıb, telefonu isə danışdıqdan sonra qaytaracağını vəd edib aldatmaqla onun fikrinin yayınmasından istifadə edib mobil telefon ilə birlikdə oradan uzaqlaşaraq özgənin - Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirib 3090 manat ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər turizm şirkətində işləməklə həftənin şənbə-bazar günləri Bakı şəhəri, Nərimanov rayonu metronun «Gənclik» stansiyası yaxınlığında Respublikanın rayonlarına keçirilən turlar barədə məlumatlı olduğundan 13 noyabr 2022-ci il tarixdə saat 07:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 79 ünvanın qarşısına gələrək turda iştirak etmək üçün həmin yerdə olan Zərərçəkmiş şəxs2 özünün tur rəhbəri olması barədə yalan məlumat verib inandırmış, telefonunda internetin olmadığını deyərək Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil telefonla tanışına bank kartının şəklinin göndərilməsi üçün mobil telefonunun ona verilməsinə nail olmuş, pulun həmin hesabdan nağdlaşdırmaq üçün ödəmə terminalına getməli olduqları barədə yalan məlumat verib inandırmış, yolda Zərərçəkmiş şəxs2 bank kartının tur avtobus sürücüsünə məxsus olması barədə həqiqətə uyğun olmayan məlumat verib pin kodu sürücüdən öyrənməyi tapşırmış, lakin Zərərçəkmiş şəxs2 getdikdən sonra özgənin-Zərərçəkmiş şəxs2 balansında 2 manat dəyərində konturu olan, 3 manat dəyərində ***-***-**-** mobil nömrə ilə istifadə olunan, 600 manat dəyərində 256 gb yaddaşlı "İphone XS Max” markalı **********59045 İMEİ kodlu mobil telefonunu ələ keçirib Zərərçəkmiş şəxs2 605 manat ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, o, 2010-2014-cü illərdə Azərbaycan Turizm Universitetinin Turizm fakültəsində təhsil almış, təhsil aldıqdan sonra bir müddət müxtəlif tur şirkətlərində tur rəhbəri işləmişdir. Həmçinin kirayə digər turlara, rayonlara gəzinti üçün getmək istəyən şəxslərə icarəyə avtobuslar təşkil etmişdir. Bu səbəbdən həftənin şənbə və bazar günləri səhər saatlarında Gənclik metrostansiyasının yaxınlığında rayonlara turların təşkil olunduğunu və həmin ünvanda toplaşma olduğunu bildiyi üçün xx.xx.2022-ci il tarixdə saat 06 radələrində Gənclik metro stansiyasının qarşısına getmişdir. Orada tanımadığı tur şirkətinə məxsus avtobusun olduğunu görüb bir nəfər şəxsə yaxınlaşıb vətəndaşların yerləşdirilməsinə köməklik edə biləcəyini demişdir. Həmin şəxs də bunun qarşılığında ona 40 manat pul verəcəyini bildirmişdir. O da həmin şəxslə razılaşmışdır. O, heç bir yerdə işləmədiyindən maddi vəziyyəti çətin və pula ehtiyacı olduğundan tur üçün gələn şəxslərdən birinə yaxınlaşıb telefonla danışmaq adı ilə həmin şəxsin mobil telefonunu götürüb oradan uzaqlaşmağı qərara almışdır. Buna görədə o, tur üçün gələn tanımadığı bir nəfər xanıma sonradan istintaq müddətində adı ona Zərərçəkmiş şəxs1 kimi məlum olan şəxsə yaxınlaşıb özünü tur rəhbəri kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs1 tur ilə bağlı kimin danışıb sifariş etdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs1 da ona tanışı Təbriz adlı şəxsin sifariş etdiyini bildirmişdir. Daha sonra o, Günelə Təbrizlə əlaqə saxlamasını demiş və bundan sonra Zərərçəkmiş şəxs1 özünə məxsus “iphone" markalı mobil telefonla Təbrizə zəng edib onunla danışmaq üçün telefonunu ona vermişdir. O, telefonu Güneldən götürüb Təbriz adlı şəxslə danışmışdır. Təbriz ondan Güneli avtobusda əyləşdirməyi xahiş etmiş və özünündə yaxınlaşdığını bildirmişdir. O da Günelə demişdir ki, avtobusda əyləşin bir neçə dəqiqəyə Təbriz özü də yaxınlaşır. Zərərçəkmiş şəxs1 bundan sonra avtobusa qalxaraq oturacaqda əyləşmişdir. O isə Zərərçəkmiş şəxs1 onu görmədiyinə əmin olub mobil telefonu ilə guya danışırmış kimi oradan uzaqlaşmışdır. Daha sonra o, Gənclik metrostansiyasına gedib oradan da 20 Yanvar metrostansiyasının yanına gələrək bir neçə saat keçdikdən sonra 3-cü mikrorayon dairəsi yaxınlığında olan Fərid adlı ilə tanıdığı şəxsin telefon mağazasında həmin telefonu 200 manata satmışdır. O, bundan başqa metronun «Gənclik» stansiyası yaxınlığında respublikanın rayonlarına keçirilən turlar barədə məlumatlı olduğundan 13 noyabr 2022-ci il tarixdə saat 07:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 79 ünvanın qarşısına gələrək turda iştirak etmək üçün həmin yerdə olan Zərərçəkmiş şəxs2 özünün tur rəhbəri olması barədə məlumat vermişdir. Telefonunda internetin olmadığını deyərək Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil telefonla tanışına bank kartının şəklinin göndərilməsi üçün mobil telefonununun ona verməsini xahiş etmişdir. Bu zaman İslam telefonu ona vermişdir. Daha sonra pulun həmin hesabdan nağdlaşdırmaq üçün ödəmə terminalına getməli olduqları barədə yalan deyərək yolda Zərərçəkmiş şəxs2 bank kartının tur avtobus sürücüsünə məxsus olması bildirmişdir. İslama pin kodu sürücüdən öyrənməyi tapşırmış, lakin Zərərçəkmiş şəxs2 getdikdən sonra İslamın "İphone XS Max” markalı mobil telefonunu ələ keçirərək oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Sonda məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə İsmayıllı rayonuna gəzmək üçün tur vasitəsi ilə özünə bilet almışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 06 radələrində həmin tur ilə gəzintiyə çıxmaq üçün ünvan 3 ünvanında yerləşən toplaşma yerinə getmişdir. Orada əvvəllər tanımadığı bir şəxs ona yaxınlaşaraq özünü tur rəhbəri kimi təqdim edib tur barəsində kim ilə razılaşdığını soruşduqda ona bildirmişdir ki, onunla iş yoldaşı Təbriz adlı şəxs danışmışdır. Həmən vaxt həmin naməlum şəxs Təbrizlə əlaqə saxlamağını dedikdə, ona inanaraq özünə məxsus “İphone 14 Pro" markalı mobil telefon ilə Təbrizlə telefon əlaqəsi yaradaraq telefon danışmaq üçün vermişdir. Həmin şəxs telefonu Zərərçəkmiş şəxs1 alaraq Təbriz ilə danışmış və ona bildirmişdir ki, avtobusa qalxaraq yerində əyləşsin, özü isə arxasınca gələcəyini demişdir. Zərərçəkmiş şəxs1 yerinə əyləşdikdən sonra həmin şəxsin arxasınca gələcəyini təxminən 3-5 dəqiqə müddətində gözləsə də avtobusa çıxmadığından avtobusdan yenidən düşmüşdür. Lakin ətrafa baxsa da həmin şəxsi görməmişdir. Bu zamanlarda iş yoldaşı Təbriz Kərimov da həmin ünvana gəldikdən sonra ona baş vermiş hadisə barədə bildirmiş və Təbriz Kərimov onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurduqda operator bildirmişdir ki, bu nömrəyə zəng çatmır. Dərhal bundan sonra ərazi üzrə yaxınlıqda olan Nərimanov RPİ-nin 16-cı PB-nə ərizə ilə müraciət etmişdir. O, bildirmişdir ki, onun istifadəsində olan mobil telefonun oğurlanmasına görə ona ümumilikdə 3090 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə o, idmançı tanışları ilə Xaçmaz rayonuna tur vasitəsi ilə getmək üçün bilet almışdır. Həmin gün saat 07 radələrində o, Nərimanov rayonu, F.X.Xoyski 79 ünvanında yerləşən “Badamlı” binasının qarşısına gəlmişdir. Həmin vaxt bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq özünü tur rəhbəri kimi təqdim etmiş və onu bilet aldığı tur üzrə avtobusda yerləşdirmişdir. Bir neçə dəqiqədən sonra həmin şəxs ona yaxınlaşaraq mobil internetinin olub-olmadığını, əgər varsa ona pul göndərməsi üçün mobil telefonu ilə öz tanışına plastik kartın şəkili göndərməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 da ona tur rəhbəri olduğu üçün inanıb özünə məxsus “İphone XS Max” markalı mobil telefonunu vermişdir. Daha sonra həmin şəxs təklif etmişdir ki, onunla birlikdə Gənclik metro stansiyasının qarşısına getsin. Zərərçəkmiş şəxs2 da onunla razılaşıb birlikdə Gənclik metrostansiyasının yanına çatdıqda həmin şəxs ondan xahiş etmişdir ki, kart avtobus sürücüsünə məxsusdur, gedib ondan kartın kodunu öyrənib gəlsin Zərərçəkmiş şəxs2 da həmin şəxsin yanından uzaqlaşıb avtobusa tərəf getmişdir. Avtobus sürücüsündən kartın kodunu istədikdə sürücü həmin şəxsə kart vermədiyini, kartın ona məxsus olmadığını bildirmişdir. Bu zaman o, həmin şəxsin yalan danışdığını düşünüb dərhal həmin şəxslə ayrıldığı yerə getdikdə həmin şəxs orada olmamış, ətrafı axtarsa da həmin şəxsi tapa bilməmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barəsində məlumat vermişdir. Ümumilikdə 605 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, təxminən 9 ildir ki, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında telefon mağazasını icarə əsasında işlədir. Azər onunla eyni məhəllədə qonşuluqda yaşadığından tanımışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs onun iş yerinə gələrək “İphone 14 Pro” markalı mobil telefon göstərib 1.500 manata satdığını bildirmişdir. O, mobil telefonu yoxladıqdan sonra 700 ABŞ dolları verə biləcəyini demişdir. Həmin mobil telefonun kodu açıq və işlək vəziyyətdə olmuşdur. Azər də onunla razılaşmışdır. Şahid həmin gün Azərə 400 ABŞ dolları pul vermişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə 150 ABŞ dolları, bir gün sonra isə, yəni xx.xx.2022-ci il tarixdə də 150 ABŞ dolları pul vermişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində Azər yenidən mağazaya gəlib ‘‘iphone XS Max” markalı mobil göstərib satmaq istədiyini bildirmişdir. O, mobil telefona baxdıqda telefonun kodda olduğunu görmüşdür. Buna görə də həmin mobil telefonu 165 manata ala biləcəyini demişdir. Azər də onunla razılaşmışdır. O, həmin vaxt Azərə 105 manat, həmin günün axşamı isə 60 manat pul vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma” haqqında 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqdim edilmiş əşyanın götürülməsi haqqında” 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid təqdim etdiyi “İphone XS Max” markalı mobil telefonu istintaqa təqdim etmişdir. Mobil telefon materiala əlavə edilməsi üçün götürülmüşdür. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 20 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, “İphone XS Max” markalı mobil telefon Zərərçəkmiş şəxs2 tanınması üçün təqdim edilmişdir. Zərərçəkmiş şəxs2 təqdim edilən əşyanı nəzərdən keçirərək mobil telefonun ekranında olan şəklindən və üzərində olan cızıqlardan tanıyaraq ona məxsus olduğunu bildirdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 4(005)- 1253/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1 və 232.1-ci maddələri ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 07 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-172/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən onun üzərinə qəti olaraq 01 il 07 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2022-ci il tarixli, 9/8824 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin noyabr ayına nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2800,0 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. “İfadənin yerində yoxlanılması haqqında” 21 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsinə gəlinmişdir. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus mobil telefonları aldadaraq götürdüyü ünvanı əyani olaraq göstərmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanınma haqqında” 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “İphone XS max” markalı, **********59045 İMEİ kodlu mobil telefon maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs2 saxlanması üçün qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-172/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 03 ay 10 günü Azərbaycan Respublikası CM-in 52-1.5-ci maddəsinə əsasən 07 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş 08 fevral 2023-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənmişdir. Təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsini və Zərərçəkmiş şəxs2 ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də cinayət əməlləri törətdiyinə görə məhkum olunmasını, buna baxmayaraq onun islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə cəza təyin olunmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 01 il 03 ay 10 gün hissəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 07 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Odur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə əvəz edilmiş və çəkilməmiş 07 ay 20 gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 19 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin cinayət işi üzrə maddi sübut – “İphone XS max” markalı, **********59045 İMEİ kodlu mobil telefonun Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri 50,0 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(005)-847/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş 07 ay 20 gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, onun üzərində qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 19 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - “İphone XS max” markalı, **********59045 İMEİ kodlu mobil telefonun Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50,00 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar