Məhkəmə qərarları › İş №1(005)-142/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-142/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-142/2022 14.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2021-ci il tarixdə saat 13:30 radələrində ünvan 3 ünvanında yerləşən yaşayış binasının qarşısında parklanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus “VAZ 21214” minik markalı **-NN- *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qapısının kilidini naməlum bıçaqla açaraq avtomobilin arxa sağ oturaçağının altından sellofan torbanın içərisində olan 19600 manat və 3400 manat ekvivalentli 2000 ABŞ dollar pulu gizli yolla talayaraq, Zərərçəkmiş şəxs xeyli miqdarda yəni, 23000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 3-4 ildir ki, tanıyır. O, Amillə qardaşı Anar vasitəsilə tanış olmuşdur. O, Amilə məxsus “Kamaz" yük markalı avtomobilin sürücüsü olmuşdur. Həmin yük avtomobili ilə armatur daşımışdır. Onların arasında heç vaxt düşmənçilik və ədavət olmamışdır. Təxminən 1 il bundan əvvəl Amilə məxsus başqa bir avtomobillə qəza törətmiş və bu səbəbdən aralarında soyuqluq yarandığından o, özü Amilin yanından ayrılmışdır. Təxminən 1 il əvvəl Amil ona sadə “Nokia" markalı mobil telefonu hədiyyə etmişdir. O, həmin mobil telefonu bir müddət işlətdikdən sonra pulu olmadığı üçün pul əvəzində heç bir anket məlumatlarını və ünvanını bilmədiyi taksi sürücünə 4 manat gediş haqqı əvəzində vermişdir. Sonradan həmin mobil telefonu Amil ondan istəmiş, o, Amilə ona verdiyi mobil telefonu pulu olmadığı üçün gediş haqqı əvəzində tanımadığı taksi sürücüsə verdiyini bildirmişdir. Təxminən 2021-ci ilin iyul ayının sonlarında o, özünə kredit yolu ilə 500 manatlıq “Samsung A51" markalı mobil telefon almışdır. Avqust ayının əvvəllərində o, Amillə görüşmüşdür. Görüş zamanı Amil onun yeni aldığı mobil telefonu görmüşdür. Amil ondan mobil telefonu götürərək ona vaxtı ilə “Nokia" markalı mobil telefon verdiyini və indi isə bu telefonu halallıqla ona verməsini bildirmişdir. O, Amilə etiraz etmədən telefonu Amilə vermiş və demişdir ki, halal xoşun olsun. Bir neçə gün sonra o, fikirləşmişdir ki, telefonu Amilə verməkdə düzgün etməmiş, çünki həmin telefonu kreditlə almış və pulunu bağlamamışdır. O, bundan sonra Amilə zəng vurub telefonu geri istəmiş, Amil isə 1-2 günə telefonu qaytaracağını bildirmişdir. Lakin Amil sözünün üstündə durmayaraq telefonunu qaytarmamışdır. O, fikirləşmişdir ki, Amil yəqin onun telefonunu idarə etdiyi avtomobildə saxlayır. Bundan sonra belə qərara gəlmişdir ki, telefonunu Amilin idarə etdiyi “LADA 21214" markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürsün. Belə ki, xx.xx.2021-ci il tarixdə saat 13:30 radələrində Amilin yaşadığı Nərimanov rayonu, E.İsaqzadə küçəsi 3A ünvanında yerləşən yaşayış binasının qarşısına getmişdir. Amilə məxsus “LADA 21214" markalı avtomobil binanın həyətində olmuşdur. O, bundan sonra ətrafa baxmış, ətrafda heç kəsin olmadığına və onu görmədiyinə əmin olduqdan sonra avtomobilə yaxınlaşmışdır. O, özü ilə gətirdiyi mətbəx bıçağı ilə avtomobilin qabaq sağ qapısının kilidini açmışdır. Bundan sonra avtomobilin salona daxil olub mobil telefonunu axtarmağa başlamışdır. O, avtomobilin salonunda olan saxlanc yerlərinə və qabaq oturacaqların alt hissəsində olan boşluqlara baxmışdır. Lakin telefonu tapa bilməmişdir. Daha sonra avtomobilin arxa oturacaqların altına baxmışdır. Belə ki, o, arxa sağ oturacağın arxasında içərisi görsənməyən sellofan torba görmüşdür. O, həmin sellofan torbanı açmış və içərisində pulun olduğunu görmüşdür. O, ilk öncə həmin pulları götürmək istəməmiş və sellofan torbanı götürdüyü yerə qoyaraq yenidən mobil telefonunu axtarmağa davam etmişdir. Lakin telefonu tapa bilmədiyi üçün, həmçinin Amilin ona qarşı etdiyi hərəkətdən əsəbləşdiyindən içərisində pullar olan sellofan torbanı götürmüş və fikirləşmişdir ki, həmin pulla Amilə verdiyi telefonun 500 manat kreditini ödəyər, qalan pulu isə xərcləyər. O, avtomobildən sellofan torbanı götürərkən içərisindən nə qədər pul olmasını bilməmişdir. O, avtomobilin qapısını bağlamış və oradan uzaqlaşıb yaşadığı evə gəlmişdir. O, yaşadığı evə gəldikdən sonra pulları saymışdır. Belə ki, o, pulları sayan zaman sellofan torbanın içərisində 19600 manat və 2000 ABŞ dolları pulun olmasını müəyyən etmişdir. O, həmin pulun üzərindən 3.000 manat götürmüş və qalan pulları isə sellofan torbanın içərisində yaşadığı evin zirzəmisində gizlətmişdir. Bu barədə ailə üzvlərindən heç kəsə məlumat verməmişdir. Avqust ayının ilk günlərində o, Amilin qardaşı Anarla iş görmək məqsədilə xx.xx.2021-ci il tarixdə Şuşa şəhərinə getmək barədə razılıq əldə etmişdir. xx.xx.2021-ci il tarixdə Amilin qardaşı Anar onun istifadəsində olan mobil telefona zəng etmişdir. O, elə fikirləşmişdir ki, Anargil pullarının oğurlanmasını aşkar ediblər və ondan şübhələndikləri üçün onu axtarırlar. O, Anarın zənginə cavab verərək, bir qədər sonra gələcəyini bildirmişdir. Sonradan isə Anarın zənglərinə cavab verməmişdir. O, bir daha fikirləşmişdir ki, Anargil oğurluğun onn tərəfindən edildiyini bildikləri üçün onu axtarırlar. Bu səbəbdən Anarın zənglərinə cavab verməmişdir. Daha sonra Amil özü onu yığmağa başladı. Artıq o, bundan tam əmin olmuşdur ki, Amilgil avtomobildən pulların onun tərəfindən oğurlanmasından şübhələnirlər. O, Amilin telefonuna cavab verməmiş və onun nömrəsini telefonun qara siyahısına atmışdır. Oğurladığı 3.000 manat puldan 500 manatını Sumqayıt şəhərində kreditə götürdüyü telefonun borcuna vermiş, qalan 2500 manat puldan 700 manatını yeyib-içməyə xərcləmiş və özünə paltar almış, 1800 manat pulu isə üzərində olan pul kisəsinə qoymuşdur. Həmin pul kisəsini isə Xırdalan şəhərində naməlum şəraitdə və yerdə itirmişdir. xx.xx.2021-ci il tarixdə ona məlum olmuşdur ki, Amil bu barədə polisə şikayət etmişdir. Həmçinin Amil onun yaşadığı evə getmiş və qardaşına onun avtomobilindən oğurluq etməyini bildirmiş, onlar yaşadıqları evin zirzəmisinə baxarkən onun orada gizlətdiyi 16600 manat və 2000 ABŞ dolları pulu tapmışdırlar. xx.xx.2021-ci il tarixdə Xırdalan şəhərində olarkən Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları onu saxlayıb həmin şöbənin inzibati binasına gətirmişdirlər. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs Gülvar oğlunu tanıyır və o, Eminlə qardaşı Anar vasitəsilə tanış olmuşdur. Emin ona məxsus “Kamaz" markalı avtomobillə armatur daşımaqla məşğul olurmuş. Əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Emin təxminən 1 il bundan əvvəl ona məxsus başqa bir avtomobillə qəza törətdiyi üçün Eminlə işləməmək qərarına gəlmiş və Emin onun yanından çıxıb getmişdir. Həmin vaxtdan sonra münasibətləri tam kəsilməmiş, hərdənbir Emin ona məxsus olan yük avtomobillərinin saxlanıldığı yerə gəlmiş və onlar orada görüşüb söhbət etmişlər. 2021-ci ilin avqust ayının əvvəllərində qardaşı X3 şəhərində iş olduğunu bildirmiş və onunla birlikdə Şuşa şəhərinə getməyi təklif etmişdir. Emin Anarın təklifi ilə razılaşaraq xx.xx.2021-ci ildə Şuşa şəhərinə getməyi qərarlaşdırmışdırlar. 2021-ci ilin avqust ayının əvvəllərində ailə üzvləri rayona getmişdirlər. Evdə ona məxsus olan 2000 ABŞ dolları və 19600 manat pul var idi. Yaşadığı evdə heç kəs olmadığından o, belə qərara gəlmişdir ki, həmin pulu idarə etdiyi “Lada 21214" minik markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlasın və həmin məbləğdə olan pulu sellofan torbanın içərisində özünə məxsus olan “Lada 21214" markalı avtomobil arxa oturaçağının sağ hissəsin altında olan boşluğa qoyaraq orada saxlamışdır. Demək olar o, hər gün avtomobildə pulun olduğu yerə baxır və pulun həmişə yerində olduğunu görmüşdür. xx.xx.2021-ci il tarixdə axşam saat 23 radələrində o, idarə etdiyi “Lada 21214" minik markalı, avtomobillə Nərimanov rayonu, E.İsaqzadə küçəsi 3A ünvanında yerləşən yaşayış binasının qarşısına gəlmiş və avtomobilin binanın həyətində saxlayıb yaşadığı evə qalxmışdır. xx.xx.2021-ci il tarixdə saat 16 radələrində o, yaşadığı evdən çıxmış və avtomobili ilə işlərini görüb yenidən evə qayıtmışdır. O, həmin gün pulun avtomobildə olub-olmadığına baxmamışdır. xx.xx.2021-ci il tarixdə saat 11 radələrində o, evdən çıxaraq idarə etdiyi avtomobillə Qara Qarayev prospektində yerləşən “Ruslan" adı ilə fəaliyyət göstərən marketə getmişdir. Üzərində pul olmadığından avtomobildə olan puldan götürüb alış-veriş etmək qərarına gəlmişdir. O, avtomobilin arxa oturacağının altında olan boşluğa baxan zaman içərisində pulları olan sellofan torbanın yerində olmadığını aşkar etmişdir. O, bundan avtomobilin solonun hər yerini axtarsada pulu tapa bilməmişdir. Həmçinin avtomobilə baxış keçərən zaman avtomobilin heç bir qapısında zədə olmadığını aşkar etmişdir. İlk öncə fikirləşmişdir ki, kimsə ona yaxın olan və avtomobilinin açarı olan şəxs onun avtomobilindən oğurluq etmişdir. O, ilk öncə qardaşı Anara zəng vurub avtomobilindən oğurluq olması barədə məlumat vermiş və ondan yola çıxıb-çıxmadığını soruşmuşdur. Anar ona demişdir ki, Eminə zəng vurub onun gəlməsini gözləyir. Təxminən bir neçə saat sonra Anar ona zəng vuraraq bildirmişdir ki, Emin telefonlara cavab vermir, ola bilsin Emin onun avtomobilindən oğurluq edib. O, bundan sonra Eminin istifadəsində olan mobil nömrəsinə zəng vurmuşdur. Emin ona cavab verməmiş, daha sonra isə onun mobil nömrəsini qara siyahıya atmışdır. Bundan sonra, artıq Eminə qarşı şübhələri daha da artmışdır. Emin zənglərə cavab vermədiyi üçün onun qardaşı Rüfətin istifadəsində olan nömrəsinə zəng edib qardaşı Eminin onun pullarını oğurladığını bilmişdir. Rüfət isə ona bir neçə gündür ki, Emini görmədiyini bildirmişdir. O, Emini tapa bilmədiyi üçün məcbur qalıb onun yaşadığı Hacı Zeynalabdin qəsəbəsindəki evinə getmişdir. Orada Eminin qardaşı Rüfət onu qarşılamış və qardaşını bir neçə gündür ki, görmədiyini bildirmişdir. O, Rüfətə heç bir söz demədən oranı tərk etmişdir. xx.xx.2021-ci il tarixdə günorta saatlarında Nərimanov RPİnin 17-ci PŞ-nə gedərək avtomobilindən oğurluq olması barədə məlumat vermiş, ilkin ərizə və izahatını yazmışdır. Ərizə və izahatında avtomobildən edilən oğurluqda keçmiş sürücüsü Emindən şübhələndiyini bildirmişdir. O, polisə şikayət etdikdən sonra Eminin qardaşı Rüfətə yığmış və yalandan demişdir ki, bəs Emin pulun səndə olmasını bildirir. Rüfət isə bu barədə heç bir məlumatının və pulun onda olmadığını, lakin Eminin evdə olduğu gün zirzəmiyə tez-tez girib çıxdığını, ola bilsin pulu zirzəmidə gizlətdiyini və indi zirzəmiyə düşüb baxıb bir xəbər edəcəyini bildirmişdir. Rüfətə iradını bildirmişdir ki, nə üçün onu aldadırmış ki, bir həftədir guya qardaşını görmür. Rüfət isə heç nə deməmişdir. Bir neçə saatdan sonra Rüfət onu yığaraq bildirmişdir ki, guya zərzəmini axtarmış, tapa bilməmişdir. O, yenidən Rüfətgilin yaşadığı evlərinə getmiş, Rüfətlə birlikdə zirzəmini bir neçə dəfə axtarmışlar və Rüfət zirzəmidə yeşiyin içərisində qəzetə bükülmüş pulu taparaq ona vermişdir. O, pulları götürüb saydıqda, pulların ümumilikdə 16600 manat və 2000 ABŞ dolları olmasını müəyyən etmişdir. Halbuki, onun oğurlanmış pulları 23.000 manat olmuşdur. O, Rüfətdən qalan 3.000 manatı da qaytarmasını tələb etdikdə, o digər pulların harada olması barədə məlumatı olmadığını bildirmişdir. O, bundan sonra Rüfətin yaşadığı evi tərk edib Nərimanov RPİ-nin 17-ci PŞ-nə getmiş və Rüfətin yaşadığı evin zirzəmisindən götürdüyü pulları təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı tərəfindən pullara baxış keçirilərək protokol tərtib edilmiş və sonra həmin pullar ona qaytarılmışdır. Sonda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 06 avqust 2021-ci il günorta saatlarında Amil zəng edib qardaşı Eminin onun idarə etdiyi avtomobildən 23000 manat pulu oğurladığını bildirmiş və ondan Eminin harada olduğunu soruşmuşdur. O, Amilə dünəndən bəri Emini görmədiyini bildirmişdir. Bundan 1 neçə saat sonra Amil onun yaşadıqları evə gəlmiş və ondan bir daha Eminin harada olduğunu soruşmuşdur. O, Amilə bir daha dünəndən bəri Emini görmədiyini bildirmişdir. xx.xx.2021ci il tarixdə günorta saatlarında Amil ona bir daha zəng vuraraq bildirmişdir ki, Emini polislər tutub və Emin polisə verdiyi izahatda pulların onda olduğunu bildirir. O, bir daha Amilə Eminin yalan dediyini və amma Eminin dünən evdə olarkən evin zirzəmisinə tez-tez düşüb-qaldığını, zirzəmiyə baxmağını, ola bilsin pulu zirzəmidə gizlətdiyini bildirmişdir. O, bundan sonra yaşadığı evin zirzəmisinə baxmış və lakin heç bir şey tapa bilməmişdir. Bir neçə saat sonra Amil yenidən onun yaşadığı evə gəlmiş və onlar birlikdə zirzəmini axtarmağa başlamışdırlar. Belə ki, zirzəmini axtaran zaman o, ehtiyyat hissələri saxlanılan yeşiyin içərisinə baxarkən qəzetə bükülmüş bükülünün olduğunu görmüş və dərhal bükülünü götürmüşdür. Həmin bükülünün içərisini açdıqda pulun olduğunu görmüş və həmin pulları Amilə vermişdir. Amil pulları sayan zaman onlara məlum olmuşdur ki, həmin bükülüdə 166 ədəd 100 manat və 20 ədəd 100 ABŞ dolları pul vardır. Bundan sonra Amil ondan qalan pulların harada olduğunu soruşmuşdur. O, Amilə qalan pulların harada olması barədə heç bir məlumatı olmadığını bildirmişdir. Bundan sonra Amil çıxıb getmişdir. Cinayət işinin 13-cü vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: hadisə yeri ünvan 4 ünvanda saxlanılan “Niva” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına baxış keçirilən zaman oturacağın altından 23000 manat pulların oğurlanması aşkar olunmuşdur. Bundan başqa avtomobilin qapılarında, pəncərələrində və digər yerlərində zədə və sınıq izləri aşkar edilmədi. Cinayət işinin 38-39-cu vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 07 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 avqust 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 59-cu vərəqində olan “Maddi sübutlara baxış keçirilməsi haqqında” 08 avqust 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Şahid ilə birlikdə axtarış aparan zaman tapdığı 16600 manat və 2000 ABŞ dolları pulu təqdim etmişdir. Həmin pullara baxış keçirilərkən müəyyən edildi ki, pullar ümumilikdə 166 ədəd 100 manatlıq və 20 ədəd 100 ABŞ dolları pul əskinaslarından ibarətdir. 166 ədəd 100 manatlıq və 20 ədəd 100 ABŞ dolları pul əskinasları Zərərçəkmiş şəxs özünə qaytarılmışdır. Cinayət işinin 62-ci vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” 08 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 166 ədəd 100 manatlıq və 20 ədəd 100 ABŞ dollarlıq pul əskinaslarının iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və həmin pulların sahibi Zərərçəkmiş şəxs olmasının nəzərə alınması qərara alınmışdır. Cinayət işinin 91-93-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(005)-782/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal buraxılması qərara alınmışdır. Cinayət işinin 94-95-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 09 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 97-99-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cərimə cəzasının 10% pul tutulmaqla 11 ay 27 gün islah işləri cəzası ilə əvəz edilməsi qərara alınmışdır. Cinayət işinin 124-132-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli, 1(060)-47/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər olan 3 (üç) ay 16 (on altı) gün nəzərə alınmaqla ona təyin edilən cərimə cəzasının yüngülləşdirilməsi və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1500 (bir min beş yüz) manat cərimə cəzasının saxlanılması qərara alınmışdır. Cinayət işinin 133-135-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 7(060)-29/2019 saylı qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-47/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının aylıq qazancından 10% pulun dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası ilə əvəz olunması, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 gün müddətin tutulmanın bir günü islah işləri cəzasının üç gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq aylıq qazancından 10% pulun dövlət nəfinə tutulmaqla, 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə islah işləri cəzasının saxlanılması qərara alınmışdır. Cinayət işinin 142-143-cü vərəqələrində olan “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 01 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməsi qərara alınmışdır. Cinayət işinin 159-cu vərəqində olan Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 13040 nömrəli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 7(060)-29/2019 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs 11 ay 27 gün müddətində islah işlər cəzası təyin eidlmişdir. Məhkum Təqsirləndirilən şəxs “8 noyabr – Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, dəymiş ziyan tam ödənilmişdir. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-142/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polsiin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından xx.xx.2022-ci il tarixdə daxil olmuş 17/40-825 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tamamilə ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilsə də, onun bu məhkumluğu (Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı) azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar (cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. İş üzrə maddi sübut olan – 166 ədəd 100 manatlıq və 20 ədəd 100 ABŞ dollarlıq pul əskinaslarının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (01 il 01 ay 26 gün) çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut olan – 166 ədəd 100 manatlıq və 20 ədəd 100 ABŞ dollarlıq pul əskinaslarının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar