Məhkəmə qərarları › İş №1(005)-143/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-143/2023

08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-143/2023 08.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – “A.İ.M” Vəkil Bürosunun vəkili Nümayəndə, tərcüməçi X2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci ildə, Bakı şəhərində doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, natamam orta təhsillidir, öz deməsinə görə təhsilini rus dilində almışdır, subaydır, əmək qabiliyyətsiz olmaqla işsizdir, əvvəllər məhkum olunmaqla məhkumluğu ödənilmiş, ünvan 1-da qeydiyyatda olmaqla yaşayan, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-143/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə saat 19:00 radələrində yaşadığı ünvan 1 ünvanına qonaq qismində gəlmiş Zərərçəkmiş şəxs həmin vaxt onun yaşadığı evdə qonaq olan, yaxın münasibətləri olduğu Şahid1 ilə mübahisə etməsini bəhanə edib ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Zərərçəkmiş şəxs onunla birlikdə yaşayan Şahid2, sonuncunun azyaşlı uşaqlarının və digər şəxslərin yanında nalayıq söyüşlərlə söyüb təhqir etmiş, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan onunla əlbəyaxa olub silah qismində deşici-kəsici xassəyə malik, tiyəsinin uzunluğu 78 mm olan, tünd mavi rəngli dəstəkli soyuq silah hesab edilməyən mətbəx bıçağını tətbiq edərək onun boğaz nahiyəsindən bir dəfə qəsdən vurub dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, boyunun sağ ön yan səthinin bir ədəd kəsilmiş yarası xəsarətlərini yetirmiş, xuliqanlıq hərəkətlərini davam etdirərək onun hərəkətlərinin qarşısını almağa çalışan şəxslərə məhəl qoymadan evin giriş hissəsində ayaqqabı rəfindən götürdüyü silah qismində istifadə etdiyi kiçik həcmli şüşə butulka ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən bir dəfə və bədəninin müxtəlif nahiyələrindən ayaqla qəsdən zərbələr vuraraq alının sağ yan səthinin əzilmiş yarası və sıyrıqları, bel nahiyəsinin sıyrığı kimi ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 12 avqust 2022-ci il tarixdə saat 15-16 radələrində “Trans Aysel” və Ülvi onlara gəlmiş, həmin vaxt o, Günel və iki azyaşlı uşaqları evdə olmuşlar. Axşam saat 19-20 radələrində Ülvi işi olduğunu deyib evdən çıxıb getmişdir. Axşam saat 18-19 radələrində Ülvi evə girmiş və “Trans Aysel”lə mübahisə edərək onu nalayiq söyüşlərlə təhqir etməyə başlamışdır. Ülvi yenidən nalayiq söyüşlər dedikdə onun təhqirlərindən əsəbləşib yatdığı çarpayıdan qalxaraq Ülviyə söyüş söydüyü üçün iradını bildirmişdir. Ülviyə söyüş söyməməyi, küçədən keçib gedən şəxslərin onun söyüşlərini eşitdiyini bir daha bildirdikdə Ülvi onunla da söyüşlə danışmağa başlamışdır. Mübahisə yaranmış və əlbəyaxa olub dava-dalaş etməyə başlamışlar. Həmin vaxt Ülvi əlini belinə tərəf apararaq şalvarının arxa tərəfindən kiçik həcmlı bıçaq çıxarmış və üzərinə qaçaraq həmin bıçaqla onun qarın nahiyəsindən vurmaq istəmişdir. Bıçaq qarın nahiyəsinə yüngül cızaraq dəymiş, bundan sonra Ülvini itələyib qapıdan bayıra çıxarmaq istəyərkən Ülvi əl çəkmək istəməmiş, “Trans Aysel”ə əl-qol ataraq evə girib dava-dalaşı davam etdirməyə cəhd göstərmişdir. Qapının girişində ayaqqabı rəfinin üzərində olan kiçik su şüşəsini - “butulka”nı götürüb zərbə ilə Ülvinin başından vurmuş, su şüşəsi sınıb çilik-çilik olmuşdur. Yalnız bundan sonra, Ülvini itələyib bayıra çıxarmışdır. Günel vəziyyətin gərgin olduğunu görüb mobil telefonla “102” xidmətinə zəng vurub Ülvinin evlərinə hücum edib dava-dalaş salması barədə məlumat vermişdir. Günellə birlikdə bayıra çıxmış və Ülvinin evin giriş qapısından bir qədər aralıda - üzbəüzdə yerə uzanmış vəziyyətdə olmasını, iki nəfər qonşu oğlanların Ülvinin boğazından və başından axan qanı əllərində tutduqları əski parçaları ilə saxlamağa çalışdıqlarını görmüşdür. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, onun Ülvi ilə dalaşmaq onların hər hansısa birinə zərər yetirərək, xuliqanlıq etmək niyyəti olmamış, o, öz evində yatdığı zaman Ülvi və Aysel arasında mübahisə yaranmış, səs-küyün qarşısını almaq və tərəfələrin mübahisəsinə son qoymaq üçün onları ayırmağa çalışmışdır. Bıçağın zərərçəkmiş Ülvinin üzərində olmasını bildirmiş, həmçinin, o qeyd etmişdir ki, onun xuliqanlıq niyyəti olmamışdır və ittiham olduğu maddə ilə özünü təqsirli bilmir. Son olaraq o, sağlamlığında ciddi problemlər olduğunu, zərərçəkmiş şəxslə barışmasının nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş Zərərçəkmiş şəxs Müşfiq oğlu çıxış edərək bildirmişdir ki, təxminən bir ildir Şahid1 ilə Xocasən qəsəbəsində tanış olmuşlar. 12 avqust 2022-ci il tarixdə Xocasən qəsəbəsində saat 10 radələrində əsl adı Elşad olan, “Aysel” kimi tanıdığı şəxslə görüşmüş və onunla birlikdə Təqsirləndirilən şəxs evinə getməyi xahiş etmişdir. Təxminən 2-3 saat orada qaldıqdan sonra öz işləri ilə bağlı evdən çıxıb getmiş, Elşad isə Elçinin ər-arvad münasibətində olduğu Günel və onun iki azyaşlı uşağı ilə birlikdə yaşadığı evində qalmışdır. 13 avqust 2022-ci il tarixdə saat 14 radələrində Elçinə zəng edərək ondan Elşadı soruşmuş, Elçin Elşadın onun evində olduğunu demişdir. Elşad ilə telefonla danışıb trans Rimanın 43 manatının oğurlandığını deyib Elşaddan həmin pulu oğurlayıb-oğurlamadığını soruşmuşdur. Bununla əlaqədar mübahisə yaranmışdır. Elşad telefonda təhqiredici ifadələr işlətmişdir. Həmin gün axşam saat 19:00 radələrində Elçinin evinə getmiş və evə daxil olanda mənzildə Elşadı, həmin evdə Elçinlə yaşayan Şahid2 və onun iki azyaşlı uşaqlarını görmüşdür. Elçin həmin vaxt hamamda olmuşdur. Evə girəndə Elşad ilə mübahisə etmiş, daha sonra Elçin səsə gələrək, onun çıxmasını istəmiş və butulka ilə başından və bıçaqla boğazından vurmuşdur. Həmin vaxt Elşad onu mənzilin giriş qapısına tərəf itələmiş və o, yerə yıxılmışdır. Aldığı xəsarətdən huşunu itirib qapıdan bir qədər aralıda küçədə yerə yıxılmışdır Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hadisəyə səbəb onun Elçingilin evinə daxil olaraq Elşad ilə mübahisə etməyi və Elşadın ona təhqiredici ifadələr işlətməsi olmuşdur. Təqsirləndirilən şəxs qarın nahiyəsində və Şahid1 sağ əlində olan xəsarətlər barədə məlumatı yoxdur. Həmin xəsarətləri o yetirməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, göstərilənləri nəzərə alıb müvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 12 avqust 2022-ci il tarixdə saat 15-16 radələrində Ülvi ilə birlikdə Elçingilə getmiş, həmin vaxt Günel, Elçin və iki azyaşlı uşaqları evdə olmuşdur. Axşam saat 20:00 radələrində Ülvi işi olduğunu deyib evdən çıxıb gedərkən tezliklə qayıdıb gələcəyini bildirmiş. 13 avqust 2022-ci il tarixdə saat 13:00 radələrində Ülvi ilə mobil telefonla danışarkən aralarında sözlə mübahisə baş vermiş, Ülvi ona Elçingildə qalmamasını desə də onun sözünə qarşı çıxdığı üçün nalayiq söyüşlərlə danışmış, buna görə o da Ülvinin ünvanına nalayiq sözlər demişdir. Həmin vaxt Elçin də səhhətində problem olduğu evdə yatırmış. Qəflətən Ülvi evə girmiş və gözü-başı qırmızı halda, narkotik vasitənin təsiri altında onunla mübahisə edərək nalayiq söyüşlərlə onu təhqir etməyə başlamışdır. O, isə öz növbəsində onu söyüb uzaqlaşaraq arxasını çevirib getmək istədikdə Ülvi əli ilə iki-üç dəfə arxadan başından vurmuşdur. Daha sonra isə şalvarın kəmər yerindən göy rəngdə dəstəyi olan bıçağı çıxarıb qarnına vurmaq istəyəndə əli ilə bıçağı iki dəfə tutduğu üçün sağ iç bilək nahiyəsindən və sol ovuc nahiyəsindən xəsarət almışdır. Ülvi hərəkətlərini davam etdirib onu nalayiq söyüşlərlə təhqir etdikdə Elçin yatdığı çarpayıdan qalxaraq Ülviyə söyüş söydüyü üçün irad tutmuşdur. Elçin Ülviyə söyüş söyməməyi, küçədən keçib gedən şəxslərin onun söyüşlərini eşitdiyini təkrarən bildirdikdə Ülvi Elçinin də ünvanına söyüşlə danışmağa başlamış, Ülvinin hərəkətləri Elçini özündən çıxardığı üçün Elçin də Ülvi ilə söyüşlə danışmağa başlamışdır. Onların bir-biri ilə söyüşlə danışıb mübahisə etmələri qısa müddətdə onlar arasında əlbəyaxa dava-dalaşa çevrilmişdir. Mübahisə vaxtı Ülvi yumruqla Elçinin sinəsindən vurub itələmiş, Elçin isə onun yaxasından yapışaraq evin giriş qapısına tərəf itələmişdir. Ülvi əlindəki bıçaqla Elçinin qarın nahiyəsindən vurmaq istəmiş, onun qarşısını almaq istəsə də bıçaq Elçinin qarnını cızmışdır. Bundan sonra Elçin mətbəxdən qara dəstəkli bıçağı götürərək evin giriş hissəsində dayanan Ülvinin üstünə getmiş və həmin bıçaqla Ülvinin boyun hissəsindən vurmuşdur. Buna görə Elçin qapının girişində ayaqqabı rəfinin üzərində olan kiçik su şüşəsini - “butulka”nı götürüb zərbə ilə Ülvinin başından vurmuş və su şüşəsi Ülvinin başında sınmışdır. Yalnız bundan sonra, Elçin və o, əlləri ilə Ülvini itələyib bayıra çıxarmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, adətən işdən axşam saat 18 radələrində evə gəlir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində arvadı ilə birlikdə evdə olarkən onun yaşadığı evin altında, yəni birinci mərtəbədə yaşayan Günel adlı qadının evindən yüksək səslə dalaşma və nalayiq sözlər danışılmasını eşitmişdir. Həmin ev Elçinin adını xatırlamadığı qardaşının evi olmaqla evdə bu cür səs-küy, dava-dalaş səsləri əvvəllər də olmuşdur. Həmin evdə yaşayan şxəslərin bir qədər fərqli insanlar olmasını nəzərə alıb nə o, nə də ailə üzvləri onlarla heç bir əlaqə saxlamamış, onlardan uzaq gəzmişdir. Səslərin çoxaldığını və möhkəm səslərin gəldiyini eşidib evdə əlbəyaxa dalaşma olduğunu başa düşmüşdür. Onun yaşadığı evin pəncərəsi küçəyə, yəni Günel və tanışı Elçinin yaşadığı evin qapısı olan tərəfə açılır. Evin pəncərəsindən 2-3 dəqiqə baxmış, təxminən 10 dəqiqə ərzində davam edən qarşılıqlı nalayiq sözlər deyilməsi və əlbəyaxa davadan sonra evin dəmir qapısının zərbə ilə açıldığını və bir nəfər 25-30 yaşlarında kişinin evdən itələnərək yerə yıxıldığını müşahidə etmişdir. O, və ailə üzvləri, həmçinin digər qonşular, təxminən 25-30 nəfər evinin pəncərəsindən, həmçinin 10-15 şəxs küçədə bu hadisənin və səs-küyün şahidi olmuşdur. Həmin yerə yıxılan şəxsin baş və boyun nahiyəsindən qan axdığı üçün Günel qan axan yerə tutması üçün ona evdən dəsmal vermişdir. Həmin şəxs küçənin ortasında yerdə uzanmış, Elçin və tanımadığı bir nəfər başqa şəxs yerə yıxılan şəxsin arxasınca küçəyə çıxmışlar. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə Şahid2, Şahid3, və Şahid5 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş “Baxış keçirilməsi barədə” 13 avqust 2022-ci il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, hadisə ünvan 2 ünvanında baş vermişdir. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X4” X6 16 avqust 2022-ci il tarixli, 861 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs Müşfiq oğlunun almış olduğu xəsarətlərdən-qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, boyun sağ ön yan səthinin bir ədəd kəsilmiş yarası deşici- kəsici alətin, ola bilsin ki, eksperizata təqdim edilmiş bıçağın və bu tipli digər biçacqların kəsici təsirindən, alının sağ yan səthinin əzilmiş yarası və sıyrıqları, bel nahiyəsinin sıyrığı isə küt əşyanın(əşyaların) ola bilsin ki, süşə butulkasının təsirindən törənmişlər, törənmə müddəti zərəçəkənin xəstəxanaya müriacət etdiyi vaxtdan az əvvəl olmaqla, qərarda qedy olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi, dərəclərinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığıa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X4” X6 16 avqust 2022-ci il tarixli, 864 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müyainəsi zamanı aşkar edilmiş xəsarətlər qarının ön səthinin bir ədəd səthi kəsilmiş yarası kəsici alətin, ola bilsin eksperizaya təqdim edilmiş bıçağın və bu tipli digər bıçaqların kəsici təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcə təyin edilməmişdir.Təqsirləndirilən şəxs alnında və sol saidin iç səthində olan çoxsaylı ağımtıl rəngli çapıq toxumalar qeyd olunur, müddəti 1,5 ildən artıqdır. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X4” X6 16 avqust 2022-ci il tarixli, 862 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Şahid1 məhkəm -tibbi müayinəsi zamanə aşkar edilmiş xəsarətlərdən-sağ saidin iç səthinin və sol əlin ovuç səthinin iki ədəd səthi kəsilmiş yaraları deçici- kəsici alətin, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıcağın və bu tipli digər bıçağın kəsci təsirindən, sol mil-bilək oynağının iç səthinin sıyrığı isə küt əşyanın təsirindən törənmişlər, qərarda qedy olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi, dərəclərinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyn edilmir. Şahid1 sol saidin yuxarı 1/3-dən orta 1/3 kimi olan çox sayılı ağımtıl rəngli köndələn istiqamətli kənarları hamar çapıq toxumalar qeyd olunur, müddəti 1,5 ildən artıqdır. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə ballstik ekspertizasının 27 sentyabr 2022-ci il tarixli, 3/1270 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış deçici, kəsici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsə ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1988xx.xx.1988; xx.xx.1998-xx.xx.1999; xx.xx.2000-xx.xx.2000; 19.6.2001-xx.xx.2002-ci il tarixlərdə qeyd olunna xəstəxanada müalicədə olmuşdur. Diaqnoz “Epilepsiya, mülayim dərəcədə ifadə olunmuş, emotiv-labil tipli şəxsiyyət dəyişikləri” Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3278 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən “Epilepsiya xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi formasında xəstəlik müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Həmçinin yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o törətdiyi əməl zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qərardan qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs aşkar edilən üzvi mənşəli (epilepsiya xəstəliyi nəticəsində) şəxsiyyət dəyişikliyi ilə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsini təsiri altına düşür. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1992-ci il tarixli Amnistiya qərarının 8-ci maddəsinin “B” bəndinə əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsinin 1/3 qədər azadılmış və Bakı şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın 01 il, 11 ay, azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Xalq Məhkəməsinin xx.xx.1993-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş Bakı şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmü ilə çəkilməmiş qalan 01 il, 02 ay, 01 gün azadlıqdan məhrumetmə cəzasından vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri Səbail Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulan cinayəti törətməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilmiş və tibbi xarakterli məcburi tədbirlər edilərək ruhi əsəb xəstəxanasına göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilmiş və tibbi xarakterli məcburi tədbirlər edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 1(004)-406/2004 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1ci maddəsinin təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2005-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2006-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 14 avqust 2022-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbiri seçilməsi haqqında” 16 avqust 2023-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir, xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq polis idarəsinə gəlmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 08 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, həmçini ekspertiza rəyləri, iş üzrə digər zəruri sənədlər, şüşə butulka qırıntıları və bir ədəd mətbəx bıçağı sübut kimi qiymətləndirilmişdir. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(005)-143/2023 saylı qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs dəfələrə məhkəmənin çağırışlarına gəlməmiş və məhkəmə istintaqından yayınmışdır. Buna görə də barəsində həbslə axtarış seçilmiş və qərarın icrası Nərimanov Rayon Polis İdarəsinə tapşırılmışdır. Məhkəmədə tədqiq olunan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfidən ünvanlamış məktubdan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutularaq, 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-143/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əmələ düzgün hüquqi qiymət verilməmiş, Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 13 avqust 2022-ci il tarixdə baş vermiş hadisənin iştirakçıları, səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən edilərək təhlil olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 13 avqust 2022-ci il tarixdə ünvan 1 ünvanında Zərərçəkmiş şəxs ilə trans Aysel arasında Təqsirləndirilən şəxs evində olarkən yüksək səsli mübahisə başlamış və onlar aralarında əlbəyaxa dava olmuşdur. Bu zaman qonşuların yüksək səsdən və nalayiq söyüşlərdən narahat olmaması üçün təqsirləndirilən Təqsirləndirilən şəxs Ülvi və trans Ayseli ayırmağa çalışmış bu zaman isə onları sakitləşdirə bilmədyini həmçinin arada qalarkən özünün də xəsarətlər alması səbəbilə mübahisəyə son qoymaq üçün evin giriş hissəsində olan kiçik həcmli şüşə bütülkasını götürərək Zərərçəkmiş şəxs baş nahiyəsinə və bıçaqla onun boğaz nahiyəsinə vuraraq ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Yalnız bundan sonra Ülvi Hüseynovu evdən çıxara bilmişdir. İşin hallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs ittihamda göstərildiyi kimi heç bir ciddi əsaslı səbəb olmadan deyil, trans Aysel və Ülvinin yüksək səslə nalayiq ifafələrlə əlbəyaxa mühabisə edən zaman onları ayırmaq məqsədilə aralarına girmiş bu zaman özünündə yüngül xəsarəltər alması səbəbilə həmçinin mübahisənin uzun müddət davam etməməsi üçün Zərərçəkmiş şəxs bir dəfə kiçik həcmli şüşə butulkası ilə baş nahiyəsinə vuraraq və bıçaqla boğazına vuraraq ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olan (bu hal yuxarıda qeyd olunan məhkəmə tibbi ekspertizasının rəyi ilə öz təqsdiqini tapmışdır) sağlamlığa yüngül xəsarət yetirmişdir. Həmçinin hadisə yerində digər şəxslərin, ictimai qaydanı pozmağa yönəlmiş birbaşa qəsdin mövcud olmaması, Təqsirləndirilən şəxs sadəcə mübahisə edən şəxsləri sakitləşdirmək məqsədilə mübahisəyə daxil olması, zərərçəkmiş şəxsə heç bir real təhülükə vurmaq niyyətinin olmaması, eləcə də hadisənin təsadüfi axarı zəminində baş verməsi Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərinin nədən ibarət olduğunu açıqlamamış, onun hərəkətlərində xuliqanlıq cinayətinin tərkibinin mövcudluğuna dair ümumi göstərişlərlə kifayətlənərək onun əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutmaqla işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 13 avqust 2022-ci il tarixdə ünvan 1 ünvanında baş vermiş hadisə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin evinə gəlməsi və evdə olan Aysel adlı şəxslə baş vermiş mübahisə əsnasında yaranmış, bu zaman onlar hər ikisi biri-birini vurmuş, təhqiredici ifadələr işlətmiş, Təqsirləndirilən şəxs isə həmin vaxt evdə yatmış vəziyyətdə olmuş, səs-küyə oyanaraq mübahisəni sonlandırıb, zərərçəkmiş şəxs Ülvi Hüseynovu evdən çıxarmağa çalışmış, mümkün olmadığından aralarında əlbəyaxa dava olmuş, təqsirləndirilən şəxs yalnız bıçaqla vurduqdan və dava zamanı butulka ilə vurduqdan sonra zərərçəkmiş şəxsi evdən çıxara bilmişdir. Hadisə çox qısa zaman kəsiyində (həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxsin göstərdikləri xüsusatlar nəzərə alınmaqla) baş vermiş, hadisə təqsirləndirilən şəxsin evində baş vermiş, sonradan isə zərərçəkmiş şəxs çölə çıxmış, yaralı olduğundan yıxılmış, həmin ərazidə qonşular görmüş təcili tibbi yardım və polis orqanlarına məlumat verilmişdir. həmin vaxt səs-küy yaranmışdır. Belə olan halda təqsirləndirilən Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs Ülvi Hüseynov arasında mübahisə evdə baş vermiş, zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində yaranmış, hadisə zamanı hər hansı ictimai qaydanın pozulması müəyyən edilməmişdir ki, bu da onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydanın kobud şəkildə pozulmasını və ya cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasını əhatə etmədiyindən təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi təbiətini dəyişərək onun hərəkətlərinin şəxsin sağlamlığına qarşı yönəlmiş cinayətdən xuliqanlığa çevrilməsi yolverilməzdir. Bununla yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hadisə vaxtı hadisə yerində kənar şəxslərin olması ibtidai istintaqda olduğu kimi məhkəmə istintaqı zamanı da sübut olunmamışdır. İttiham tərəfi Təqsirləndirilən şəxs ictimai qaydanı pozmasına istinad etsə də, ibtidai istintaq orqanı tərəfindən konkret olaraq həmin vaxt hadisə yerində cəmiyyətin, yəni kənar şəxslərin toplaşması (halbuki yuxarıda qeyd olunan ünvanda baş vermiş hadisədə yalnız Zərərçəkmiş şəxs, Trans Aysel, və təqsirləndirilən şəxsin yoldaşı və uşaqları), mübahisənin aradan qaldırılması məqsədi həmin şəxslərin hadisəyə müdaxilə etməsi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyililik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Yuxarıda göstərilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenum qərarlarındakı mövqelərdən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə və yaxud dalaşma zamanı şəxsin əməlində ictimai qaydanın pozulması, cəmiyyətə açıq hörmətsizliyin nümayiş etdirilməsi müəyyən edilmədən şəxs xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlər müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Təqsirləndirilən şəxsə elan olunmuş xuliqanlıq ittihamında onun ünvan 2 ünyanında yerləşən yaşayış binasının birinci mərtəbəsində zərərçəkmişə xəsarət yetirməsi göstərilsə də, bununla yanaşı xuliqanlıq cinayətinin qanunda təsbit olunmuş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizliyin konkret hansı hərəkətlərdə ifadə olunması göstərilməmişdir. “Məhkəmə hökmü haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs Rafiq oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs Rafiq oğlunun əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs Rafiq oğlunun qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs Müşfiq oğlunun iş materiallarında olan ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi” haqqında 20 oktyabr 2017-ci il tarixli Qanunla Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmamasını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış şüşə butulka qırıntıları və bir ədəd mətbəx bıçağı məhv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 39 (otuz doqquz) iş saatı üçün 234 (iki yüz otuz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.8, 43.1.2, 175, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şüşə butulka qırıntıları və bir ədəd mətbəx bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 39 (otuz doqquz) iş saatı üçün 234 (iki yüz otuz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar