Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-143/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:10 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, ali təhsilli, müddətli həqiqi hərbi xidmət, hərbi qulluqçu, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda Azərbaycan Respublikası DSX-nın N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olan əsgər, barəsində xx.xx.2023cü il “komandanlığın müşahidəsi altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 29 may 2023-cü il tarixdə saat 11.40 radələrində ünvan 2 ünvanda fəaliyyət göstərən “Bazar” restoranında şəxsi münasibətlərin gərginləşməsi nəticəsində aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə iş yoldaşı Zərərçəkmiş şəxs qəsdən yumruqla bir neçə dəfə vuraraq Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş burun sümüklərinin sınığı, sağ maksilyar sinusun frontal çıxıntısı, sol maksilyar sinusun ön divarının yerdəyişən sınığı, üzün sol yarısının şişkinliyi, sol gözaltı nahiyənin qançırı kimi xəsarətlər yetirərək qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək qeyd etmişdir ki, təxminən 01-02 ay müddətinə ünvan 2 ünvanda fəaliyyət göstərən “Bazar” adlı restoranda ofisiant köməkçisi işləmişdir. Zərərçəkmiş şəxs da həmin restoronda ofisiant işləyirdi, özü Orxanın köməkçisi idi. 29 may 2023-cü il tarixində dərsləri olması səbəbindən işə gecikmişdir. Bu görə də işə gəldikdə Orxanın əsəbi olduğunu hiss etmiş və onunla əsəbi şəkildə danışmağa başlamışdır. Həmin gün təxminən saat 11-12 radələrində o, fırının qarşısında olarkən Orxan əsəbi halda fırından çörəyi gətirməsini istəmiş, o da etiraz etməmişdir. Çörəyin çıxmasını gözləyərkən təxminən 5 dəqiqə sonra Orxan fırına əsəbi gəlib heç bir səbəb olmadan onun ünvanına təhqiredici sözlər demiş, o, öz növbəsində hansı səbəblə belə danışdığını soruşmuş, ona qarşı heç bir kobud hərəkət etməmişdir. Bu zaman Orxan onu əli ilə itələmiş və kobud danışmağa davam etmişdir. Həmin vaxt özüdə əsəbləşmiş və işləmək istəmədiyini bu barədə administratora məlumat verəcəyini deyib, söhbət böyüməsin deyə oradan uzaqlaşaraq hava almaq istəmişdir və dönüb getmişdir. Lakin Orxan ardınca danışmağa davam etidiyindən o, əsəblərini cilovlaya bilməyib geri qayıtmışdır ki, yene de Orxanla söhbət etsin. Lakin bu vaxt Orxan onu yaxasından tutmuş, həmin vaxt Tərlan hiss etmişdir ki, Orxan onu vurmaq istəyir, özünü qorumaq üçün Orxanın üz nahiyəsindən əli ilə vurmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, onlar mübahisə edərkən etrafda heç bir müştəri olmamış və onlar yüksək səs-küy yaradaraq heç kimi narahat etməmişdirlər. Heç bir halda xuliqanlıq etmə və Orxanı vurmaq niyyətinin olmadığını bildirmişdir. Son olaraq o, əməlindən peşman olmasını, ilk dəfədir cinayət əməli törətməsinin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş Zərərçəkmiş şəxs çıxış edərək bildirmişdir ki, 21 mart 2023-cü il tarixdən 29 may 2023-cü il tarixədək ünvan 2 ünvanda fəaliyyət göstərən “Bazar” adlı restoranda ofisiant işləmişdir. Təqsirləndirilən şəxs da onunla birlikdə qeyd edilən restoranda onun köməkçisi kimi işləmişdir. 29 may 2023-cü il tarixdə Tərlan işə gecikmiş, o isə müştərilərlə tək maraqlanmış və işi çatdıra bilmədiyi üçün əsəbi olmuşdur. Tərlan gələn kimi ona hansı səbəbə gecikdiyini soruşmuş və dərhal ona kömək etməsini istəmişdir. Həmin gün təxminən saat 11-12 radələrində restoranda çoxlu müştəri olduğundan sifarişləri qəbul edib onlara xidmət göstərməkdə çətinlik çəkmişdir. Bu məqsədlə köməyə Tərlanı çağırmışdır. Bu zaman Tərlan gələrəm, gələcəyəm deyə cavab vermiş, o isə cavabları xoşuna gəlmədiyindən, əsəbləşmişdir. Daha sonra fırının qarşısında Tərlana yaxınlaşaraq ona qarşı təhqiredici ifadə işlətmiş, bu zaman aralarında mübahisə yaranmış əli ilə onun çiynindən vuraraq itələmişdir. Bu zaman Tərlan oradan getmiş, lakin özü Tərlanın ardınca “hara gedirsən gəl işlərini gör” deyə uca səslə danışmışdır. Bundan sonra Tərlan qayıtmış və onun üz nahiyəsindən vurmuşdur. Onlar arasında olan mübahisə 2-3 dəqiqə davam etmiş və mübahisə zamanı onları iş yoldaşları ayırmışdır. Yüksək səs-küy yaşanmamış, müştərilər narahat olmamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı işlətdiyi təhqiredici ifadə söyüş hesab edilə bilər, amma adətən iş yoldaşları ilə aralarında bu cür ifadələr işlətmişlər. Aldığı zərbənin təsirindən burun nahiyəsindən xəsarət aldığını, təqsirləndirilən şəxslə barışmadığını bildirmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, HK-1 № 1599 nömrəli raportdan görünür ki, 29 may 2023-cü il tarixində Zərərçəkmiş şəxs döyülməsi və hal-hazırda əməliyyat olunacağı barədə məlumat verilmişdir. Məhkəmədə tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi barədə” 29 may 2023-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində fəaliyyət göstərən “Şərq Bazarı” ticarət mərkəzində yerləşən “Bazar” restoranında baş vermişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertizası və X3” X5 19 iyun 2023-cü il tarixli, 704 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - burun sümüklərinin sınığı, sağ maksilyar sinusun frontal çıxıntısı, sol maksilyar sinusun ön divarının yerdəyişən sınığı, üzün sol yarısının şişkinliyi, sol gözaltı nahiyənin qançırı - küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixlərdə və şəraitdə əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Az Ağır zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Sabuçu Rayon İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-43-70/2-1479/2023 saylı məktubdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xidmət rəisinin sərancamına əsasən təyin olunduğu Dövlət Sərhər Xidmətinə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Məhkəmədə tədqiq edilmiş “Diskə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan və DVD diskdən görünür ki, ilkin olaraq Tərlan və Orxan bir-birləri ilə qol hərərkətləri ilə söhbət edirlər, daha sonra isə Orxan əli ilə Tərlanın döş qəfəsindən itələyir. Orxan bundan sonra həmin yerdən uzaqlaşır. 2-3 saniyə sonra Orxan onun arxasınca danışa-danışa gedir. 00.29-cu saniyədə eynəkli şəxsin digər şəxsi yumuruqla vurması, ətrafdakıların isə onları aralaması müşahidə edilir. Hadisənin ardını əks etdirən ikinci videogörüntüdə isə Tərlan qayıtdıqda Orxanla qarşılaşır, Orxan Tərlanın yaxasından tutduqda Tərlan Orxanı yumuruqla vurur. Hadisə 2-3 dəqiqə davam edir və ətrafda heç bir müştəri yoxdur. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Respublika Narkoloji Mərkəzinə ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, qeyd edilən xəstəxanada Təqsirləndirilən şəxs müalicə almamışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X4 Xəstəxanasına ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, qeyd edilən xəstəxanada Təqsirləndirilən şəxs müalicə almamışdır. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasına ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, qeyd edilən xəstəxanada Təqsirləndirilən şəxs müalicə almamışdır. Məhkəmədə tədqiq edilmiş “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “komandanlığın müşahidəsi altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, hadisənin baş verməsinə dair video görüntülər olan 01 ədəd CD disk və həmin diskə baxış protokolu və ekspert rəyi sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əmələ düzgün hüquqi qiymət verilməmiş, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsilə düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 29 may 2023-cü il tarixdə baş vermiş hadisənin iştirakçıları, səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən edilərək təhlil olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarının 3-cü bəndində qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya davadalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, hadisə ilə bağlı həm cinayət işi materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 29 may 2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs işə gecikməsi səbəbilə Zərərçəkmiş şəxs əsəbi olması və sonuncunun Təqsirləndirilən şəxsla kobud və təhqiredici ifadələr işlətməklə danışması, aralarında mübahisə yaranması, eləcə də Zərərçəkmiş şəxs əli ilə Təqsirləndirilən şəxs sol çiyin nahiyəsindən itələməsi, Tərlanın sözlü mübahisənin böyüməməsi üçün oradan uzaqlaşmasına baxmayaraq Orxanın onun arxasınca yenidən sərt və kobud şəkildə yüksək səslə danışması, onun arxasınca getməsi, nəticədə Tərlanın geri qayıtması ilə Orxanın onun yaxasından tutması, bundan sonra Tərlanın əsəbləşməsinə və özünü cilovlaya bilməyərək Orxana əli ilə yumruq zərbəsi endirərək sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə gətirib çıxartmışdır. Cinayət işinin hallarından görünür ki, hadisə ani vaxtda baş vermiş və tamamlanmış, davam etməmişdir. Hadisəni əks etdirən videogörüntü ilə də müəyyən olunur ki, hadisə 2-3 dəqiqə içərisində baş vermişdir. Bu zaman ətrafda heç bir müştəri olmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlməmiş, hadisə zərərçəkmiş şəxsin səhər saatlarından onunla aqresiv danışması, onu kobud ifadələrlə təhqir etməsi və əli ilə onun sol çiyin nahiyəsindən itələməsi, təqsirəndirilən şəxsin oradan uzaqlaşmasına baxmayaraq onun arxası ilə gələrək, müxtəlif məzmunlu kobud ifadələr işlətməyə davam etməsi nəticəsində Təqsirləndirilən şəxs qayıtması ilə emosianal və hərarətli şəkildə sonuncunun yaxasından tutması ilə öz hərəkətlərinə davam etməsi nəticəsində baş vermişdir. Bundan başqa məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs nəinki xuliqanlıq niyyəti olmamış, onun heç zərərçəkən şəxsi vurmaq niyyəti də olmamışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş video görüntüdən və zərərçəkmiş şəxsin ifadəsindən də aydın olur ki, ilkin olaraq zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı təhqiredici ifadə işlədildiyi və çiyin nahiyəsindən itələdiyi an təqsirləndirilən heç bir qarşılıq vermədən, mübahisənin sakitləşməsi üçün oradan uzaqlaşmışdır. Lakin, zərərçəkmiş şəxsin hərəkətlərini davam etməsi səbəbindən təqsirləndirilən şəxs geri qayıtmışdır və yenə də ilk növbədə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs yaxasından tutmasından sonra snuncu əsəblərini cilovlaya bilməmiş və Zərərçəkmiş şəxs üzündən vurmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin hərəkətləri şəxsi münasibətlər zəmnində başlamış çərçivədən çıxmamışdır. Buna görə də təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanın pozulmasına deyil, aralarında mövcud olmuş münasibət pozğunluğuna görə şəxsi münasibətlər zəminində baş verdiyindən, onun əməlində CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan xuliqanlıq niyyəti ilə zərərçəkmişin sağlamlığına az ağır zərər vurma cinayətinin tərkibi ola bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı zərərçəkmişin sağlamlığına az ağır zərər vurmanı xuliqanlıq motivi ilə törədilməsi cinayətinin formal tərkibli olmasına lazımi səviyyədə yanaşmayaraq əməlin xuliqanlıq niyyəti kimi tövsifini hadisənin heç bir əsaslı səbəb olmadan və baş verdiyi yerə görə qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, hadisənin Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, Şərq bazarında yerləşən “Bazar” adlı restoranda baş verməsi, yəni ictimai hesab edilən yerdə baş verməsi, əməlin xuliqanlıq niyyəti ilə törədilməsi kimi tövsif edilməsinə kifayət etmir. Həmçinin mübahisə qısa müddətdə davam etmiş və bu mübahisə nəticəsində müəssisə işçiləri üçün heç bir həyat və fəaliyyəti üçün təhlükə yaradılması, qorxu və narahatçılıq hissinə səbəb alacaq hərəkətlər baş verməmişdir. Bundan başqa hadisənin “heç bir əsaslı səbəb olmadan” baş verməsinə münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meylli olan hərəkətlər etmək niyyətində olmamış, zərəçəkmiş şəxsin hərəkətləri və dediyi sözlər nəticəsində, eləcə də zərərçəkmiş şəxsin onu yaxasından tutduqdan sonra ona yumruqla zərbə endirmişdir. Buradan da aydın olur ki, təqsirləndirilən şəxsin hərəkətləri özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər olmadığından əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurma cinayətini ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə törətməsinin nədən ibarət olduğunu açıqlamamış, onun hərəkətlərində xuliqanlıq niyyətinin mövcudluğuna dair ümumi göstərişlərlə kifayətlənərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Yuxarıda göstərilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenum qərarlarındakı mövqelərdən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə və yaxud dalaşma zamanı şəxsin əməlində ictimai qaydanın pozulması, cəmiyyətə açıq hörmətsizliyin nümayiş etdirilməsi müəyyən edilmədən şəxs xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlər müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə, yuxarıda göstərilən müddəaları əsas tutaraq belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətməyə sövq edən, hərəkətverici amil rolunu oynayan, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla müəyyən edilmiş dəyərlərə münasibətini, təqsirləndirilən və zərərçəkmiş şəxs arasındakı mənfi münasibətin həqiqi səbəblərini öyrənmədən Təqsirləndirilən şəxs əməlini əsassız olaraq xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma kimi tövsif etmişdir. Lakin, məhkəmə araşdırmasının gedişində işin halları tam, hərtərəfli və müqayisəli şəkildə tədqiq edilməklə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayətə sövq edən amil müstəsna olaraq zərərçəkmiş şəxsin onu təhqir etməsi, əli ilə sol çiyin nahiyəsindən itələməsi, təqsirləndirilən şəxsin mübahisənin böyüməməsi üçün zərərçəkmiş şəxsdən uzaqlaşaraq getməsinə baxmayaraq, zərərçəkmiş tərəfindən kobud ifadələrin işlədilməsinə davam etməsi və təqsirləndirilən şəxsin ardınca gəlməsi, onun yaxasından tutması ilə təqsirləndirilən şəxsin şüurunda formalaşan motiv və həmin motiv nəticəsində zərərçəkmişlə münaqişədən törəyən şəxsi münasibətlər olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. “Məhkəmə hökmü haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 127.2.3-cü maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, bu halın baş verməsindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1ci maddəsinə tövsif edilməli, CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablanmalı, onun barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 48 (qırx səkkiz) iş saatına görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və Təqsirləndirilən şəxs aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-143/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-143/2024
29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver