Məhkəmə qərarları › İş №1(005)-144/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-144/2022

02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-144/2022 02.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, evli, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə “İstanbul” özəl klinikasında rentgen-texnik işləyən Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onu Səhiyyə Nazirliyinin 18 saylı şəhər poliklinikasına işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs2 12 may 2021-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanındakı qeyd olunan klinikanın qarşısında 2000 manat pulu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib 1100 manat pulun müqabilində sonuncunun elektron qeydiyyatdan vaxtında keçmədiyi üçün dövlət imtahanına buraxılmayan qızı Səmədov Zəhranı yenidən dövlət imtahanına buraxdıracağı və oğlu X3 Litseyinə qəbul etdirəcəyi adı ilə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 2021-ci ilin iyul ayında Bakı şəhəri, ünvan 5-da yerləşən “Dostluq" kinoteatrının qarşısında 400 manat. 22.07.2021-ci ildə ünvan 3 ünvanın kəsişməsində 700 manat, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1100 manatı ələ keçirərək dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, onun bir nəfər tanışı rentgendən keçmək üçün İstanbul klinikasına gedəndə onu da özü ilə aparmışdır və orada Zərərçəkmiş şəxs2 ilə söhbət əsnasında tanış olmuşdur. Belə ki, Sevinc ona bildirmişdi ki, özəl klinikada işləmək istəmir, çoxdandır ki, yerini dövlət tibb müəssisələrinin birinə dəyişmək istəyir, tanış adam axtarır ki, dövlət müəssisəsinə keçməkdə ona köməklik etsin. Ondan xahiş etdiyi üçün o, Zərərçəkmiş şəxs2ə bildirmişdir ki, bu işdə ona kömək edər. Eyni zamanda da mobil telefon nömrəsini də Sevincə vermiş və bildirmişdir ki, istədiyi vaxt zəng vura bilər. Bir neçə gündən sonra Sevinc ona həmin məsələ ilə bağlı zəng vurmuşdur. O, Sevincə bildirmişdir ki, həmin məsələnin həlli üçün 2000 manat pul lazım olacaq, gələcəkdə isə ona əlavə hörmət edəcəkdir. Həmin pulu o, özü üçün istəmişdir. Sevinc də etiraz etməmişdir. 12 may 2021-ci il tarixdə Sevinc ona zəng vurmuş və demişdir ki, pul hazırdır. Sevinc axşam işdən çıxandan sonra İstanbul klinikasının qarşısına gəlməyini və pulu götürməyini bildirmişdir. O da razılaşmış və 12 may 2021-ci il tarixdə saat 17 radələrində o, tək idarə etdiyi Hunday markalı avtomobillə Sevincin işlədiyi həmin klinikanın qarşısına gəlmiş və Sevinclə görüşmüşdür. Sevincin yanında bir nəfər kişi olmuş, Sevinc həmin şəxsin qohumu olduğunu bildirmişdir. O, onların əyləşdiyi Nissan Tida markalı avtomobilə əyləşmişdir. Avtomobilin salonunda Sevinc ona 2000 manat pul vermiş və demişdir ki, 500 manat pulu da iş həllini tapandan sonra verəcək. O, pulu götürüb getmişdir. Həmin pulu da götürüb öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 2021-ci ilin iyul ayında o, Yeganə şadlıq sarayının otelində olarkən təzyiqi qalxdığı üçün təcili yardıma zəng vurmuşdur. Bir azdan təcili yardım maşını gəlmiş və ona ilkin tibi yardım göstərilmişdir. Ona tibbi yardım göstərilən zaman tibb bacısı ilə söhbət edirmiş, söhbət əsnasında tibb bacısı ona bildirmişdir ki, qızının qeydiyyat məsələsində problem yaranıb, belə ki, vaxtında qeydiyyatdan keçmədiyi üçün buna görə də imtahana buraxılmır və oğlu isə Gimnaziya litseyinə imtahan versə də balı çatmadığı üçün qəbul edilməyib. O da həmin vaxtı pulu ehtiyacı olduğu üçün bu məsələni həll edə biləcəyini bildirmişdir. Həmin tibb bacısı özünün mobil nömrəsini ona verərək adının Əsmər olduğunu bildirmişdir. Həkim briqadası çıxıb getmişdir. Səhəri gün o, Əsmərlə mobil telefonla danışmış və bildirmişdir ki, həmin məsələni, yəni oğlunu Gimnaziya Litseyinə qəbul etdirmək və qızını yenidən dövlət imtahanına buraxdıracağı adı ilə 400 manat pul istəmişdir. Həmin pulu o, özü üçün istəmiş və bu işlə bağlı hansısa şəxslə danışmamışdır. Həmin gün, yəni 2021-ci ilin iyul ayında Əsmər ona 400 manat pulu Nəsimi rayonu, Dostluq kinoteatrının qarşısında ikilikdə vermişdir. Bir neçə gündən sonra isə həmin işlə bağlı ona Nərimanov rayonu, Məmməd Araz küçəsində daha 700 manat pul vermişdir. Lakin, o, həmin məsələləri həll edə bilməmiş və pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayından 2021-ci ilin iyun ayının 1-nə qədər o, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində fəaliyyət göstərən «İstanbul» Hospitalında rentgen-texnik vəzifəsində işləmişdir. 2021-ci ilin aprel ayında tanımadığı bir nəfər qadın klinikaya gələrək onunla söhbət etmiş və bildirmişdir ki, bir müddət sonra həyat yoldaşını və baldızının ərini rentgenə gətirəcəkdir. Təxminən 1 saat sonra tanımadığı 2 nəfər şəxs klinikaya gələrək rentgen şöbəsinə yaxınlaşmışdır. Həmin şəxslərdən birinin adı Faiq olmuş, digərinin adını isə xatırlamır. O, Faiq adlı şəxsin yanında gəlmiş digər şəxsi rentgen müayinəsi etmişdir. Bu zaman Faiq adlı şəxs onunla söhbət edərək özünü Səhiyyə Nazirliyinin Texniki Şöbəsinin rəhbəri kimi təqdim etmişdir. Həmin şəxs ona niyə görə Dövlət Səhiyyə müəssisəsində işləmədiyini soruşanda, o, Faiq adlı şəxsə həmin sahədə işləmək istədiyini bildirmişdir. Bu zaman Faiq adlı şəxs ona bu sahədə köməklik edə biləcəyini bildirmişdir. O, Faiqin yanındakı həmin xəstəni rentgen etdikdən sonra həkim həmin xəstəyə «MTR» olunması üçün «İstanbul NS» Klinikasına müraciət etməsini tapşırmışdır. Təxminən 1 həftə sonra həkim ona həmin xəstə ilə danışaraq səhhəti ilə maraqlanmağı tapşırmışdır. O, Faiq adlı şəxsin ona verdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamışdır. Zəngə cavab verən şəxs onların diaqnozun doğru olduğunu və xəstənin müayinə olunması üçün Türkiyə Respublikasına göndəriləcəyini bildirmişdir. Bundan sonra Faiq adlı şəxs ondan Dövlət müəssisəsində işləmək barədə planını soruşmuşdur. O, Dövlət müəssisəsində işləmək istədiyini bildirdikdə, həmin şəxs maraqlanaraq ona kömək etməyə çalışacağını bildirmişdir. Təxminən 2 gün sonra Faiq adlı şəxs ona zəng vuraraq Səhiyyə Nazirliyinin Təcili və X1 Stansiyası Baş həkimin müavini olan İradə Əliyevanın sürücüsü Rizvan adlı şəxslə birlikdə olduğunu, onu işə düzəldə biləcəyini qeyd etmişdir. Faiq adlı şəxs ona işləmək üçün 3 seçim yeri təqdim etmişdir. O, həmin seçimlərdən 18 saylı şəhər poliklinikasının rentgen şöbəsində texnik vəzifəsini seçmişdir. Faiq adlı şəxs də ona həmin istədiyi yerə işə düzəlmək üçün 2000 manat pul verməli olduğunu, özünə də ayrıca hörmət etməyini bildirmişdir. O. Faiqin bu təklifi ilə razılaşmış və təxminən bundan 2 gün sonra Faiq adlı şəxs seçdiyi yerin qiymətini qaldırdığını, bu iş üçün 2500 manat pul verməli olduğunu bildirmişdir. Faiq adlı şəxsə maddi durumunun aşağı olmasını bildirdikdə, Faiq ona dəqiq cavab verməyini tələb etmişdir. O isə məcburiyyət qarşısında qalaraq Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində fəaliyyət göstərən «Kapital Bankdan» 12 may 2021-ci il tarixdə günorta saatlarında 2800 manat kreditə pul götürmüşdür. 12 may 2021-ci il tarixdə axşam saat 17 radələrində o, işdən çıxan zaman qayınının oğlu Şahid1 da çağırmışdır. Klinikanın qarşısında gözləmiş və bu zaman həmin yerə «Hyunday» markalı. **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmiş Faiq adlı şəxslə görüşmüşlər. Faiq adlı şəxs onların avtomobilinə əyləşmişdir. Qayını oğlu Eldarın ** BA *** qeydiyyat nişanlı , Nissan Tida markalı avtomobildə Faiqlə söhbət etmişlər və o, Faiqə həmin avtomobilin salonunda 2000 manat pul vermişdir. Qalan 500 manat pulu iş alındıqdan sonra Faiqə verəcəyini bildirmişdir. Həmçinin, iş alındıqda Faiq adlı şəxsin özünə də hörmət edəcəyini bildirmişdir. Bundan sonra onlar ayrılmışlar. Faiq adlı şəxs bu işin bir həftə ərzində baş tutacağını bildirmişdir. Bir həftə keçdikdə heç bir müsbət irəliləyiş olmadığı üçün Faiq adlı şəxsə zəng vurmuşdur. Faiq narahat olmamağı, Səhiyyə Nazirinin müavini olan Teymur adlı şəxsin qəbulunda olacağını, qəbulda İradə xanımın yaxın adamı olmağını deməyini istəmişdir. O, Faiq adlı şəxslə razılaşmış, lakin deyilən müddət gəlsə də ona heç kəs zəng vurub qəbula çağırmamışdır. O, Faiq adlı şəxslə danışdıqda işdən çıxmağına 15 gün qalmış klinika rəhbərliyinə məlumat verməli olduğunu bildirdikdə, Faiq adlı şəxs işdən ayrılmağını və narahat olmamağını bildirmişdir. Buna görə də o, «İstanbul» Klinikasından öz ərizəsinə əsasən işdən çıxmışdır. O, Faiq adlı şəxsin bu işi gecikdirdiyini görərək Faiqə zəng edərək işdən imtina etdiyini və pulunu qaytarmasını istəmişdir. Faiq adlı şəxs pulunu qaytarmağa razılıq vermişdir. Bundan sonrakı müddətdə Faiq adlı şəxs dəfələrlə müxtəlif bəhanələr gətirərək müddəti uzatmağa başlamışdır. Bu müddətdə Faiq adlı şəxs Şahid1 zəng edərək Rizvan adlı şəxsin nömrəsini vermiş və Rizvanla əlaqə saxlayıb pulu götürməsini istəmişdir. Faiq Rizvan adlı şəxsin ***-***-**-** saylı mobil nömrəsini Eldara vermişdir. X5 yığmadığı üçün Rizvan adlı şəxs həmin nömrədən özü Eldara zəng etmişdir. Rizvan adlı şəxs növbəti günü saat 15:00-da zəng edərək görüşməyi və gəlib pulu götürməyi təklif etmişdir. Lakin deyilən vaxt Rizvan adlı şəxs də zənglərə cavab verməmişdir. Faiq adlı şəxsin mobil nömrəsinə zəng etdikdə isə Faiq onların hər ikisinin mobil nömrələrini əngəlləmişdir. O, Faiq adlı şəxs ilə danışan zaman barəsində şikayət edəcəyini bildirdikdə, sonuncu ona hədə-qorxu gələrək pulunu qaytarmayacağını bildirmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, 5 saylı təcili tibbi yardım stansiyasında həkim işləyir. 2021-ci ilin iyul ayında o, həkim briqadası ilə birlikdə Bakı şəhəri, «Yeganə» şadlıq sarayının yanındakı otelə çağırışa getmişlər. Onlar həmin ünvana gedərək həmin şəxsə ilkin tibbi yardım göstərmişlər. Bir müddət gözləmişlər ki, xəstə özünə gəlsin və vəziyyəti tam düzəlsin. Həmin vaxt vəziyyəti pis olan şəxsin yanında bir neçə nəfər tanışı olmuş və bir az oradan burdan söhbətləşmişlər. Onun qızı Səmədova Zəhra onlayn qaydada kabinet qeydiyyatından vaxtında keçmədiyi üçün 1-ci qrup üzrə Dövlət İmtahanına buraxılmamış, oğlu Səmədov Əli isə Gimnaziya Litseyinə imtahan versə də balı çatmadığı üçün keçə bilməmişdir. Qızı Zəhra imtahan vermək istəsə də bildirmişlər ki, qeydiyyatdan keçmədiyi üçün imtahana buraxılmayacaqdır. Söhbət zamanı o, həmin şəxslərdən birinə bu barədə deyərək bildirmişdir ki, abituriyent olan qızı Zəhra onlayn qaydada kabinet qeydiyyatından vaxtında keçmədiyi üçün 1-ci qrup üzrə Dövlət İmtahanına imtahan vaxtı buraxılmayacağını, oğlu Səmədov Əlinin isə Gimnaziya Litseyinə imtahan versə də balı çatmadığı üçün keçə bilməmişdir. Həmin şəxslərdən biri ona demişdir ki, Dövlət İmtahan Komissiyasında onun dostları işləyir, qızına və oğluna kömək edə bilər. Belə ki, qızı Zəhranın imtahana girə bilməsi üçün qeydiyyatdan keçirə biləcəyini, oğlu Əlini isə Gimnazia Litseyinə düzəldə biləcəyini söyləmişdir. Bundan sonra həmin şəxs adının Faiq olduğunu bildirərək öz mobil telefon nömrəsini ona vermiş və demişdir ki, səhər əlaqə saxlayarsınız. Səhərisi gün o, Faiqə zəng vurmuş və həmin məsələni yadına salmışdır. Faiq ona bildirmişdir ki, qızının yenidən imtahana buraxılması üçün və oğlu Əlinin Gimnaziya litseyinə daxil olması üçün pul lazımdır. Belə ki, Faiq ona telefonda demişdir ki, artıq Dövlət İmtahan Komissiyasındakı məsul şəxslərdən biri ilə danışmışdır. Ona telefonda Faiq bildirmişdir ki, oğlunun və qızının işinin həlli ilə bağlı 1100 manat pul lazımdır. O da razılaşmışdır. Bir neçə gündən sonra Faiqlə ünvan 5 ünvanında yerləşən Dostluq kinoteatrının yanında görüşərək Faiqə 400 manat pul vermişdir. Həmin ünvana sonradan gedib baxdığı üçün dəqiq bilir. Daha sonra isə 2021-ci ilin iyul ayının 22-də o, Faiqlə ünvan 6 ünvanın kəsişməsində görüşərək Faiqə daha 700 manat pul vermişdir. Görüş vaxtı Faiq ona qızının işinin təxminən 3-4 gün ərzində, oğlu Əlinin işi isə təxminən 10 günə həll olunacağını söyləmişdir. Sonradan qızının imtahan məsələsi və oğlunun litsey məsələsi düzəlməmiş və o, Faiqdən pulunu tələb etməyə başlamışdır. Faiq isə onun mobil telefon nömrəsini qara siyahıya salmış və onun mobil telefon zənglərinə cavab verməmişdir. Bundan sonra o, polisə müraciət etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun əmisinin arvadıdır. Zərərçəkmiş şəxs2 əvvəllər Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində fəaliyyət göstərən «İstanbul» Klinikasında rentgen-texnik vəzifəsində işləmiş və ona Faiq adlı şəxsin vasitəsi ilə dövlət səhiyyə orqanına rentgen-texnik vəzifəsinə işə düzələ biləcəyini bildirmişdir. Sevinc həmçinin ona bildirmişdir ki, bu iş üçün Faiq adlı şəxs ondan 2500 manat pul istəmişdir. 12.05.2021-ci il tarixdə o, Zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində fəaliyyət göstərən «İstanbul» klinikasının yaxınlığında Faiq adlı şəxs ilə görüşmüşlər. O, ilk dəfə Faiqi orada görmüşdür. Faiq adlı şəxs görüşə ağ rəngli «Hyunday Sonata» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı atomobillə gəlmiş və sonra ona məxsus avtomobilə əyləşmişdir. O, ** BA *** qeydiyyat nişanlı Nissan Tida markalı avtomobillə gəlmişdir. Avtomobildə Faiqlə söhbət etmişlər, ilk baxışdan onda qeyri-ciddi olması obrazı yaratmışdır. Lakin, Faiq onu və əmisinin arvadını əmin etmişdir ki, bu iş alınacaqdır. Sevinc onun yanında Faiq adlı şəxsə işə düzəlməsi üçün 2000 manat pulu vermiş, əlavə etmişdir ki, qalan 500 manat pulu da iş alınandan sonra verəcəkdir. Faiq adlı şəxs də Sevincin bu təklifi ilə razılaşaraq pulu götürmüş və bildirmişdir ki, Sevincin işi alınandan sonra əlavə olaraq Faiqin özünə də 1000 manat hörmət edər. Sevinc də Faiqin bu təklifi ilə razılaşmışdır. Bundan sonra onlar ayrılmışlar. Lakin, Faiqin dediyi müddət gəlib keçsə də, Faiq adlı şəxs vədinə əməl etməmiş, dediyi sözlərin hamısı yalan çıxmışdır. O, özü də Faiq adlı şəxslə danışıb pulu geri qaytarmasını istəmişdir. Faiq isə müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Faiq adlı şəxs ona zəng edərək Rizvan adlı şəxsin ***-***-**-** nömrəsini verib Rizvanla əlaqə saxlamağını və pulu da Rizvandan götürməyini demişdir. Lakin, o, Faiqə demişdir ki, nəyə görə o, kiməsə zəng etməli, pulu ona vermiş və onu tanıyır. Buna görə də o, həmin şəxsə zəng vurmamışdır. Bununla belə həmin nömrədən ona zəng olunaraq adının Rizvan olduğunu bildirən şəxs növbəti gün ona zəng vurmuş və demişdir ki, Faiq ona səhər pul verəcək, o da onlara həmin pulu verəcəkdir. Lakin, deyilən vaxt çatsa da, həmin nömrəyə zəng vursa da, zəng çatmamışdır. Faiq adlı şəxsə isə zəng etdikdə, nömrəsini əngəllədiyi üçün əlaqə saxlaya bilməmişdir. Həm Faiqin nömrəsinə, həm də Faiqin onlara verdiyi nömrəyə zəng çatmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Axtarışda olan şəxsin tutulması haqqında” 31 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli, 1(001)-36/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Qətimkan tədbirinin nəzərə alınması haqqında 12 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 30.11.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.12.2015-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.4, 32.4, 312.1 maddələri təqsirli bilinərək 5000 manat cərimə cəzasına məhkum olunmuşdur. AR Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 19.04.2020-ci il tarixdə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.10.2021-ci il tarixli, 1(001)-36/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib (AR CM-nin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilmişdir), AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 (on) ay 08 (səkkiz) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 3 (üç) il 1 (bir) ay 22 (iyimi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 31avqust 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməlləri 2021-ci ilin may və iyul aylarında, yəni Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.10.2021-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 1(005)-36/2021 saylı qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.10.2021-ci il tarixli hökmünə əsasən cəza çəkmə müddətinin əvvəli müəyyən edilmiş 31.08.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 03 il 01 ay 22 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 1(005)-36/2021 saylı qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar