Məhkəmə qərarları › İş №1(005)-144/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-144/2023

06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-144/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Astara rayonu, Şüvi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Astara rayonu, Şüvi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü işgüzar şəxs kimi təqdim edib aralarında olan tanışlıq münasibətlərindən istifadə etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Avropadan hərrac yolu ilə iki ay müddətində Gürcüstan Respublikası vasitəsilə «Opel Astra» minik markalı avtomobil alıb gətirəcəyinə və gömrük rəsmiləşdirilməsindən sonra təhvil verəcəyinə dair yalandan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla birinci dəfə 2021-ci ilin mart ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən «333» avtomobil təmiri məntəqəsinin qarşısında 5000 (beş min) manat, ikinci dəfə 18 aprel 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində 500 (beş yüz) manat, üçüncü dəfə 2021-ci ilin may ayının əvvəllərində ünvan 4 ünvanında yerləşən reklam lövhələri sexinin qarşısında 700 (yeddi yüz) manat, dördüncü dəfə 2021-ci ilin may ayının ortalarında Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi, Qum adasında yerləşən 315 nömrəli fərdi yaşayış evində 1800 (min səkkiz yüz) manat, beşinci dəfə 2021-ci ilin iyun ayının əvvəllərində ünvan 5 ünvanında yerləşən «Lukoil» yanacaq doldurma məntəqəsində 2000 (iki min) manat, altıncı dəfə 2022-ci ilin mart ayının ortalarında ünvan 6 ünvanında yerləşən «Nərimanov parkı»nda 2000 (iki min) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 12000 (on iki min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2014-cü ildən taksi sürücüsü kimi tanıyır, onunla Bakı şəhərində təsadüfən tanış olmuşdur. Zərərçəkmiş şəxs 2021-ci ilin mart ayında ondan xəbərsiz Xətai rayonu, Əhmədli kinoteatrının yanında yerləşən Araz adlı şəxsə məxsus lombarddan özünə məxsus «Kia Rio» minik markalı avtomobili girov qoyaraq onun adına 5000 (beş min) manat kredit vəsaiti götürmüşdür. 2021-ci ilin mart ayında Zərərçəkmiş şəxs bu barədə ona bildirərək kreditin müqabilində lombarda hər ay 350 (üç yüz əlli) manat məbləğində ödəniş etməli olduğunu bildirib bir dost kimi aylıq ödənişləri həyata keçirməkdə ona köməklik etməyini xahiş etmişdir. O, etiraz etməyərək 2021-ci ilin mart, aprel və may aylarında lombarda ödəniş etməsi üçün Rasimə hər ay 350 (üç yüz əlli) manat olmaqla təmənnasız olaraq ümumilikdə 1050 (bir min əlli) manat pul vermişdir. Sonradan Rasim lombarda aylıq ödənişləri ödəmədiyi üçün onun kredit faizləri artaraq ümumi borcu 8500 (səkkiz min beş yüz) manat olmuşdur. 11 iyun 2021-ci il tarixdə Rasim onu Zığ qəsəbəsi, Qum adası, ev 315 ünvanında yerləşən yaşadığı evə dəvət etmişdir. Həmin vaxt Rasimlə «Bakı» kinoteatrının qarşısında görüşmüş, görüşən zaman Rasim tələb etmişdir ki, guya maşın gətirmək adı ilə ondan 10000 (on min) manat pul almağı barədə iltizam yazıb versin, əgər iltizamı yazmasa onu bıçaqlayıb öldürəcəkdir. O, qorxduğundan razılaşmış və Rasimlə birlikdə yaşadığı evə getmişdir. Orada qonşuları Mübariz və Kazımın iştirakı ilə guya Avropadan onun üçün «Opel Astra» minik markalı avtomobil gətizdirmək üçün 10000 (on min) manat pul almağına dair qəbz yazmışdır. O, heç vaxt Rasimə belə bir vəd verməmiş və ondan hər hansı məqsədlə 2021-ci il ərzində 10000 (on min) manat, 2022-ci ildə də 2000 manat pul almamışdır. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2008-ci ildən etibarən tanıyır. 2021-ci ilin mart ayının əvvəllərində Xətai rayonu Əhmədli qəsəbəsində Təqsirləndirilən şəxsla görüşüb söhbət edən zaman özünə məxsus «Kia Rio» minik markalı avtomobili sataraq «Opel Astra» minik markalı avtomobil almaq istədiyini bildirmişdir. Ülfət onu diqqətlə dinləyib doğma bibisi oğlu Şaiqin həmkəndliləri ilə birlikdə uzun müddətdən bəri Gürcüstan Respublikası vasitəsilə hərrac yolu ilə Avropa ölkələrindən Azərbaycan Respublikasına satmaq üçün minik avtomobilləri gətirdiyini bildirdib Şaiqin onun üçün «Opel Astra» minik markalı avtomobil təşkil edə biləcəyini söyləmişdir. O, sevinib Ülfətə 2007 və ya 2008-ci il buraxılışlı «Opel Astra» minik markalı avtomobil almaq istədiyini demişdir. Bir neçə gün sonra Ülfətlə Əhmədli qəsəbəsində növbəti dəfə görüşən zaman Ülfət bibisi oğlu Şaiqlə ətraflı danışdığını və Şaiqin maksimum 2 (iki) ay müddətində onun üçün 10500 (on min beş yüz) manat müqabilində Avropadan hərrac yolu ilə Gürcüstan Respublikası vasitəsilə Bakı şəhərinə qara və ya gümüşü rəngli «Opel Astra» minik markalı avtomobil alıb gətirəcəyini, gömrük rüsumlarının da həmin məbləğə daxil olduğunu, avtomobilin alınması üçün ilkin ödəniş qismində 5000 (beş min) manat pul istəmişdir. O, razılaşmış və həmin ərəfələrdə, yəni 2021-ci ilin mart ayının əvvəllərində dostu X4 bu məqsədlə ona 5000 (beş min) manat borc pul verməsini xahiş etmişdir. Araz özündə pul olmadığını, amma Xətai rayonunda «Lombard» işlədən ümumi tanışları Munirdən pul verməsini xahiş edə biləcəyini bildirmiş və onun yanında Munirə zəng edib bu barədə xahiş etmiş, pulu vaxtında qaytaracağına zamin durduğunu demişdir. Bu səbəbdən də Munir borc pul verməyə razılaşmışdır. Növbəti gün o, Munir ilə görüşüb ondan 5000 manat pulu götürmüş və elə həmin gün Xətai rayonunda yerləşən «333» avtomobil təmiri məntəqəsində Ülfətlə görüşüb ona sifariş etdiyi avtomobilin müqabilində ilkin olaraq 5000 (beş min) manat pul vermişdir. Ülfət pulu sayıb qəbul edərək narahat olmamağını, vəd etdiyi kimi Avropadan Gürcüstan Respublikası vasitəsilə hərrac yolu ilə onun üçün «Opel Astra» minik markalı avtomobil alıb Bakı şəhərinə gətirmək üçün yubanmadan həmin pulu lazımi şəxsin bank hesabına köçürəcəyini bildirmişdir. Ülfətə inandığı üçün onun aldığı həmin 5000 (beş min) manatı kimin bank hesabına köçürəcəyi barədə heç bir söz soruşmamışdır. Ülfət qalan vəsaiti də qısa müddət ərzində ona çatdırmağını xahiş edib sağollaşaraq getmişdir. 18 aprel 2021-ci il tarixdə ünvan 9 ünvanında yerləşən çayxanada dostu Şahid3 yanında Ülfətə 500 (beş yüz) manat pul vermişdir. Bundan təxminən 10 (on) gün sonra, yəni 2021ci ilin may ayının əvvəllərində Ülfətlə ünvan 10 ünvanında yerləşən reklam lövhələri hazırlanan sexdə görüşüb ona 700 (yeddi yüz) manat pul vermişdir. Həmin vəsaitin 300 (üç yüz) manatını qeyd olunan sexdə işləyən dostu Şahid3 borc almışdır. 2021-ci ilin may ayının ortalarında yaşadığı ünvan 11 ünvanında Ülfətə 1800 (bir min səkkiz yüz) manat pul vermişdir. Bundan sonra 2021-ci ilin iyun ayının əvvəllərində saat 20 radələrində Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən «Lukoyl» yanacaqdoldurma məntəqəsində dostu X3 iştirakı ilə Ülfətlə görüşən zaman söhbət əsnasında ona narazılığını bildirib sifariş etdiyi avtomobili iki ay müddətində Bakı şəhərinə gətizdirib təhvil verəcəyini vəd etməsinə baxmayaraq niyə görə hələ də vədini yerinə yetirmədiyini soruşmuşdur. Narazılıq etdiyini görən Ülfət and-aman edərək avtomobilin tezliklə Bakıda olacağını vəd edib bu məqsədlə təcili 2000 (iki min) manat pula ehtiyac olduğunu bildirmişdir. O, etiraz etməmiş və elə həmin gün axşam saat 22 radələrində dostu Aslanın yanında Əhmədli qəsəbəsində yerləşən «Lukoyl» yanacaqdoldurma məntəqəsində Ülfətlə növbəti dəfə görüşərək ona 2000 (iki min) manat pul vermişdir. Ülfət pulu sayıb qəbul edərək tezliklə məsələni həll edəcəyini vəd edib getmişdir. Ülfətə verdiyi həmin 2000 (iki min) manat məbləğində pulu təxminən bir həftə əvvəl Bakı şəhərində ticarətlə məşğul olan baldızı X2 borc almışdır. 11 iyun 2021-ci il tarixdə günorta saatlarında hər ehtimala qarşı Ülfətə zəng vurub onu yaşadığı ünvana dəvət edərək Avropadan «Opel Astra» minik markalı avtomobil alıb gətirməsi üçün 10000 (on min) manat pul alması barədə iltizam yazıb verməsini təklif etmişdir. Ülfət etiraz etməyib həmin gün təxminən saat 17 radələrində onun yaşadığı ünvana gələrək qonşuluqda yaşayan Şahid1 və Şahid2 iştirakı ilə öz dəsti-xətti ilə Avropadan onun üçün «Opel Astra» minik markalı avtomobil alıb gətirmək məqsədi ilə 10000 (on min) manat pul almasını və 11 avqust 2021-ci il tarixədək avtomobili gətirib təhvil verəcəyinə dair iltizam yazıb imzalayaraq vermişdir. Lakin 2022-ci ilin mart ayına kimi Ülfət müxtəlif bəhanələrlə onu aldatmışdır. 2022-ci ilin mart ayının ortalarında günorta saatlarında dostu Aslanla birlikdə Ülfətlə Nərimanov rayonunda yerləşən Nərimanov parkında görüşüb ona etibar edərək verdiyi 10000 (on min) manat məbləğində pulu dərhal geri qaytarmasını tələb etmişdir. Hətta bu zaman Ülfətlə aralarında mübahisə baş vermişdir. Ülfət maksimum 3 (üç) gün ərzində avtomobili Bakı şəhərinə gətizdirib təhvil verəcəyinə and içərək bu məqsədlə cəmi 2000 (iki min) manat pula ehtiyacı olduğunu bildirmişdir. Həmin vaxt tərəddüd etdiyini görən Ülfət Aslanın yanında öz ünvanına nalayiq söyüşlər söyərək «Əgər səni aldatmaq niyyətim varsa, anamı və var-yoxumu belə-belə etsinlər» deyib onu inandırmışdır. O, avtomobili gətizdirmək üçün başqa çıxış yolu olmadığını görüb Ülfətə 2000 (iki min) manat verməyə razılaşmış, elə həmin gün saat 17 radələrində dostu Aslandan 2000 (iki min) manat borc pul alıb Nərimanov rayonunda yerləşən Nərimanov parkında Ülfətlə növbəti dəfə görüşərək ona 2000 (iki min) manat pul vermişdir. Beləcə, avtomobil gətizdirmək üçün Ülfətə ümumilikdə 12000 (on iki min) manat pul vermişdir. Ülfət 3 (üç) gün ərzində avtomobili təhvil verəcəyini bildirsə də həmin görüşdən sonra yenidən müxtəlif bəhanələrlə onu aldatmağa başlamışdır. Vəziyyətin belə olduğunu görüb 2022-ci ilin may ayının əvvəllərində Ülfətin onu aldatdığını yəqin edərək 12000 (on iki min) manat pulu geri qaytarmasını tələb etmişdir. 2022-ci ilin may ayının sonlarında axşam saat 22 radələrində Ülfətin qardaşı Rüfət ona zəng vuraraq bu məsələ ilə bağlı danışmaq istədiyini bildirmiş, o da etiraz etməyərək Rüfətlə “Heydər Əliyev” sarayının yaxınlığında görüşmüşdür. Söhbət əsnasında Rüfət məsələdən xəbərdar olduğunu bildirib qardaşı Ülfəti və bibisi oğlu Şaiqi ora çağırmışdır. Ülfət bibisi oğlu Şaiqlə birlikdə 15-20 dəqiqə sonra onlara yaxınlaşmışdır. Hal-əhval tutduqdan sonra Ülfətdən niyə görə onu aldatdığını soruşub 12000 (on iki min) manat pulu geri qaytarmasını tələb etmişdir. Həmin vaxt Ülfət 12000 (on iki min) manat pul aldığını etiraf etsə də müxtəlif şəxslərə borcunun olduğunu bildirib pulu qaytarmaqdan imtina etmişdir. O, bundan sonra Ülfətin barəsində hüquq-mühafizə orqanlarına şikayət etmək qərarına gəlmişdir. Sonda Zərərçəkmiş şəxs ona vurulmuş zərərin ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 3 (üç) ildir qonşu kimi tanıyır. 2021-ci ilin iyun ayının əvvəllərində Rasim onu yaşadığı evinə dəvət edərək hal-əhval tutduqdan sonra özünə məxsus «Kia Rio» minik markalı avtomobili salaraq «Opel Astra» minik markalı avtomobil almaq üçün 2021-ci ilin mart ayından başlayaraq tanışı Təqsirləndirilən şəxs hissə-hissə olmaqla ümumilikdə 10000 (on min) manat pul verdiyini, lakin Ülfətin həmin pulun müqabilində onun üçün Avropadan hərrac yolu ilə Gürcüstan Respublikası vasitəsilə Bakı şəhərinə qara və ya gümüşü rəngli «Opel Astra» minik markalı avtomobil alıb gətirəcəyini söz verməsinə baxmayaraq vədinə əməl etmədiyini söyləyib bununla əlaqədar onun və qonşuluqda yaşayan Şahid2 şahid qismində iştirakı ilə Ülfətdən yazılı iltizam almaq istədiyini bildirmiş, o da qonşu kimi razılaşmışdır. Bu söhbətdən bir neçə gün sonra, 11 iyun 2021-ci il tarixdə saat 17 radələrində Rasimin dəvəti ilə qonşuluqda yaşayan Şahid2 ilə birlikdə onun evinə getmişdir. Təqsirləndirilən şəxs ilk dəfə məhz həmin vaxt Rasimin evində görmüşdür. Rasim onu və Mübarizi Ülfətlə tanış etdikdən sonra tam sakit halda Ülfətə Avropadan onun üçün «Opel Astra» minik markalı avtomobil alıb gətirmək məqsədi ilə 10000 (on min) manat pul vəsaiti almasına dair iltizam yazıb verməsini təklif etmiş, Ülfət heç bir etiraz etməyib razılaşaraq onun və Mübarizin yanında Avropadan Rasim üçün «Opel Astra» minik markalı avtomobil alıb gətirmək məqsədi ilə 10000 (on min) manat pul almasını səmimi etiraf edib bu barədə könüllü şəkildə, heç bir təsir və təzyiq olmadan öz dəsti-xətti ilə iltizam yazıb imzalayaraq 11 avqust 2021-ci il tarixədək avtomobili gətirib təhvil verəcəyini vəd etmişdir. O da Mübarizlə birlikdə həmin iltizamı imzalamışdır. Bundan sonra Ülfət sağollaşaraq getmişdir. Bir neçə ay sonra küçədə Rasimlə qarşılaşan zaman Ülfətin barəsində soruşaraq Ülfətin vəd etdiyi avtomobili ona təhvil verib-vermədiyini soruşduqda Rasim Ülfətin onu aldatdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2018-ci ildən ünvan 10 ünvanında yerləşən reklam lövhələri hazırlanan sexdə reklam ustası işləyir. Zərərçəkmiş şəxs 2009-cu ildən, Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayından etibarən tanıyır. 2021-ci ilin aprel ayının ortalarında günorta saatlarında Rasimlə birlikdə ünvan 12 ünvanında yerləşən çayxanada əyləşib söhbət edərkən Ülfət çayxanaya daxil olub onlara yaxınlaşaraq hal-əhval tutduqdan sonra Rasimdən 500 (beş yüz) manat pul alaraq getmişdir. Ülfəti ilk dəfə məhz həmin vaxt qeyd olunan çayxanada görmüş və onu Rasimin vasitəsilə tanımışdır. Həmin vaxt Ülfət 500 (beş yüz) manat pulu alıb getdikdən sonra Rasimdən Ülfətin barəsində maraqlanaraq Ülfətin kim olduğunu və nə məqsədlə ondan 500 (beş yüz) manat pul aldığını soruşmuşdur. Rasim cavabında özünə məxsus «Kia Rio» minik markalı avtomobili sataraq «Opel Astra» minik markalı avtomobil almaq üçün təxminən bir ay əvvəl, yəni 2021-ci ilin mart ayında Ülfətlə danışıb razılaşdığını, Ülfətin iki ay müddətində 10500 (on min beş yüz) manat müqabilində onun üçün Avropadan hərrac yolu ilə Gürcüstan Respublikası vasitəsilə Bakı şəhərinə «Opel Astra» minik markalı avtomobil alıb gətirəcəyini vəd etdiyini, bu məqsədlə bir müddət əvvəl ilkin olaraq Ülfətə artıq 5000 (beş min) manat pul verdiyini, həmçinin bir qədər əvvəl 500 (beş yüz) manatı da məhz bu məqsədlə Ülfətə verdiyini bildirmişdir. Bu hadisədən bir müddət sonra, 2021-ci ilin may ayının əvvəllərində səhər saatlarında Rasim Ülfətlə birlikdə ünvan 13 ünvanında yerləşən işlədiyi sexə gəlib maşın məsələsini həll etmək üçün Ülfətə 700 (yeddi yüz) manat pul verməli olduğunu, lakin cəmi 400 (dörd yüz) manat pulunun olduğunu bildirib ona bir müddət sonra qaytarmaq şərti ilə 300 (üç yüz) manat borc pul verməyini xahiş etmişdir. Uzun müddətdən bəri Rasimi dürüst bir insan kimi tanıdığına görə etiraz etməyərək həmin vaxt ona 300 (üç yüz) manat borc pul vermişdir. Rasim də öz növbəsində 300 (üç yüz) manatı ondan alıb Ülfətə vermişdir. Təxminən 2021-ci ilin iyun ayında Rasimlə görüşüb hal-əhval tutan zaman yeni avtomobilini nə vaxt əldə edəcəyini soruşduqda o, Ülfətin 11 avqust 2021-ci il tarixədək avtomobili gətirib ona təhvil verəcəyini vəd etdiyini demişdir. Təxminən 2022-ci ilin may ayında Rasimin deməsinə görə ona məlum olmuşdur ki, Ülfət Avropadan hərrac yolu ilə Gürcüstan Respublikası vasitəsilə Bakı şəhərinə onun üçün «Opel Astra» minik markalı avtomobil alıb gətirəcəyini vəd etməklə ondan ümumilikdə 12000 (on iki min) manat pul almış, lakin vədinə əməl etməmişdir. Bir müddət sonra isə ona məlum olmuşdur ki, Rasim məsələ ilə bağlı polisə şikayət etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 12-ci vərəqində olan Zərərçəkmiş şəxs təqdim etdiyi və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd «A4» formatlı kağızın üzərində əlyazma ilə icra olunmuş mətndən görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdə Şahid2 və Şahid1 iştirakı ilə həmin əlyazmanı icra edərək Avropadan 2007-ci il buraxılışlı «Opel Astra» markalı avtomobil sifariş edib gömrükdə rəsmiləşdirdikdən sonra Zərərçəkmiş şəxs adına keçirəcəyini öhdəsinə götürmüş və bu məqsədlə sonuncudan 10000 (on min) manat pul almışdır. Həmçinin, Təqsirləndirilən şəxs həmin əlyazma ilə öhdəsinə götürmüşdür ki, 11 avqust 2021-ci il tarixə qədər avtomobili Zərərçəkmiş şəxs təhvil verəcək, əks təqdirdə aldığı pulu tam həcmdə geri qaytaracaqdır. Sonda qeyd edilənləri özü yazdığını imzası ilə təsdiq etmişdir. Cinayət işinin 14-cü vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 14 ünvanında yerləşən N.Nərimanov adına istirahət parkının qarşısıdır. Cinayət işinin 47-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 49-cu vərəqində olan Astara rayon İcra Hakimiyyəti başçısının Şuvi kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 145-147-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2022-ci il tarixli, 4/1783 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, cinayət işinin 12-ci vərəqində olan «Tarix xx.xx.2021 mən Təqsirləndirilən şəxs (AA2012965)...» sözləri ilə başlayıb. «... Yuxarıda yazılanlar özüm öz xəttimlə yazdım imzamla təstik edirəm imza Təqsirləndirilən şəxs» sözləri ilə bitən yazıları və «imza Təqsirləndirilən şəxs» yazılarının orta hissəsindəki imza - eyni bir şəxs, Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur, həmin yazıların və imzaların qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmamışdır. Qeyd olunan yazıların və imzanın qeyri - adi psixofizioloji vəziyyətdə (sərxoş, həyəcanlı və s.) icra olunamasını xarakterizə edən əlamətlər müşahidə olunmamışdır. Cinayət işinin 182-183-cü vərəqələrində olan “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 29 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnin əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxsnin törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnin əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməməsi və sonuncunun təqsirləndirilən şəxsdən şikayətçi olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməməsi və sonuncunun təqsirləndirilən şəxsdən şikayətçi olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 06 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 06 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 112 (yüz on iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar