Məhkəmə qərarları › İş №1(005)-145/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-145/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-145/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Köçərli kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 41-ci məhəllə, Koroğlu küçəsi, 7 saylı yataqxanada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd 507980 nömrəli zavod üsulu ilə 1981-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, hissələrin və mexanizmlərin üzərində heç bir əlavə dəyişiklik edilməmiş, yivli odlu silahlar növünə aid olan 5,45 mm kalibrli Kalaşnikov kostruksiyalı AK- 74 modelli avtomatı, bir ədəd Kalaşnikov konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 5.45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış və istifadəyə yararlı darağı və 27 ədəd zavod üsulu ilə istehsal olunmuş 5.45x39 mm kalibrli Kalaşnikov avtomatlarında atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan və atəşə yararlı patronları özünə məxsus “VAZ 21214” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində, eləcə də, qanunsuz olaraq əldə etdiyi bir ədəd kustar üsulla hazırlanmış, bir tərəli kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, üzərində hər hansı əlavə və dəyişiklik edilməmiş, istifadəyə yararlı, soyuq silah hesan edilən ov bıçağını üzərində saxlamaqla Sumqayıt şəhəri, N.Nərimanov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişdiyi yerə gəzdirərək daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 09 dekabr 2020-ci il tarixdə saat 15.00 radələrində qeyd olunan ünvanda saxlanılaraq ünvan 1əşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunaraq üzərinə şəxsi axtarış aparılan zaman əynindəki gödəkcəsinin sol iç yan cibindən bir ədəd soyuq silah hesab edilən ov bıçağı, eləcə də avtomobilinə baxış keçirilərkən sonuncu avtomobilin arxa yük yerindən çıxararaq polis əməkdaşlarına təqdim etdiyi darağında 27 ədəd patronu olan bir ədəd “Kalaşnikov” konstruksiyalı avtomatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 4 və ya 5 dekabr 2020-ci il tarixdə Sumqayıt şəhərində dəniz kənarından təsadüfən sellofana bükülü vəziyyətdə bir ədəd “Kalaşnikov” tipli avtomat, sandıqçasında 27 patronları ilə birlikdə tapmışdır. Odlu silah gəzdirməyə həvəsi olduğundan silahı idarə etdiyi «Niva» markalı avtomobildə gəzdirməyə başlamışdır. Silahın büküldüyü selofanı tullamış, avtomatı səliqəli şəkildə kardon qutuda avtomobilin arxa yük yerində saxlayırdı. Bundan başqa silah gəzdirməyə həvəsi olduğundan müxtəlif vaxtlarda xatırlamadığı marketlərdə 3 ədəd bıçaq da almış, bıçağın ikisini üzrərində, birini isə maşınında gəzdirmişdir. 09 dekabr 2020-ci il tarixdə saat 15:00 radələrində Sumqayıt şəhəri, N.Nərimanov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində idarə etdiyi «Niva» markalı, avtomobildə olarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə dəvət gəldikdən sonra hüquqları müdafiə edilməsi məqsədi ilə dəvət edilmiş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona qanunsuz olaraq üzərində odlu silahı və döyüş sursatını əldə edərək saxlamaqla gəzdirməkdə şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etmədikdə ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya, odlu silah və ya döyüş sursatı varsa könüllü olaraq təqdim etsin. O, cins şalvarının hər iki ön yan cibindən iki ədəd mobil telefonu, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd mobil telefonu, gödəkcəsinin sol yan cibindən 01 ədəd avtomobil açarını, gödəkcənin sol iç yan cibindən iki ədəd bıçağı masanın üzərinə qoymaqla təqdim etmişdir. Mobil telefonlar araşdırma əhəmiyyəti kəsb etdiyindən saxlanılmış, avtomobil açarı isə özünə qaytarılmışdır. Bundan sonra təqdim etdiyi iki ədəd bıçağa baxış keçirilmişdir. Sorğu zamanı idarə etdiyi “Niva” markalı avtomobildə odlu silah olan avtomatın və onun komplekt hissələrinin olduğunu bildirmişdir. Bundan sonra aşkar olunmuş iki ədəd bıçaq kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra həmin tarixdə idarə etdiyi avtomobilə Baş idarənin inzibati binasının həyətində videoçəkiliş aparılmaqla baxış keçirilməyə başlanmışdır. Baxış zamanı o, avtomobilin arxa yük yerini açıb kağız materiallı qutunu təqdim edib qutunun içində odlu silah olan “Kalaşnikov” tipli avtomat və patronlar olduğunu bildirmişdir. Bundan sonra təqdim etdiyi qutu açılmaqla “Kalaşnikov” tipli avtomata baxış keçirildikdə üzərində 507980 rəqəmlərinin yazıldığı məlum olmuşdur. Avtomatın yanında olan sandıqçaya baxış zamanı isə içində 27 ədəd patronun olduğu məlum olmuşdur. Sorğu zamanı o, “Kalaşnikov” tipli avtomata bənzər əşyanı patronları ilə birlikdə 5 gün əvvəl Sumqayıt şəhərində dənizkənarından təsadüfən tapdığını, odlu silahdan istifadə etmədiyini və hər hansı kriminal niyyətinin olmadığını bildirmişdir. Ardınca avtomobilin digər saxlanc yerlərinə baxış keçirilməsinə başlanmış, baxış zamanı avtomobilin ön sərnişin yerinin qarşısındakı saxlanc yerindən bir ədəd bıçaq aşkar olunmuşdur. Sorğu zamanı həmin bıçağın uzun müddət onda olduğunu və suvenir kimi avtomobildə gəzdirdiyini bildirmişdir. Bundan sonra avtomobilin yük hissəsinə və avtomobilin salonunda olan saxlanc yerlərinə baxış keçirilmiş, başqa qanunsuz əşya və maddə aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş bir ədəd “Kalaşnikov” tipli avtomat və 27 ədəd patron qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. Protokol iştirakçılara ucadan oxunduqdan sonra düzgün tərtib edilməsi imzalarla təsdiq edilmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, 09 dekabr 2020-ci il tarixdə Baş İdarəyə Sumqayıt şəhəri, 41-ci məhəllə, Koroğlu küçəsi, 7 saylı yataqxanada yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 09 dekabr 2020-ci il tarixdə saat 15:00 radələrində Sumqayıt şəhəri, N.Nərimanov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində idarə etdiyi «Niva» markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilmişdir. Baş İdarədə dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silahı və döyüş sursatını əldə edərək saxlayıb gəzdirməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmiş, o, buna etiraz etməmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edildikdən sonra ona təklif edilmişdir ki, üzərində qanunsuz odlu silah və ya döyüş sursatı varsa könüllü olaraq təqdim etsin. Şübhəli şəxs masaya doğru yaxınlaşıb şalvarının hər iki ön yan cibindən iki ədəd mobil telefonu, gödəkcəsinin sağ yan cibindən bir ədəd mobil telefonu, gödəkcəsinin sol yan cibindən bir ədəd avtomobil açarını, gödəkcəsinin sol iç yan cibindən iki ədəd bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxsin təqdim etdiyi mobil telefonlara baxış zamanı onların “İphone 11”, “Samsung” və “Vertu” markalı telefonlar olduğu məlum olunmuş, Təqsirləndirilən şəxs telefonların onun özünə məxsus olduğunu təsdiq etmişdir. Mobil telefonlar araşdırma əhəmiyyəti kəsb etdiyindən saxlanılmış, avtomobil açarı isə şübhəli şəxsin özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bıçağa baxış keçirilmişdir. Şübhəli şəxs sorğu zamanı bıçaqları mağazadan aldığını, bıçağa uşaqlıqdan marağı olduğuna görə onları üzərində gəzdirdiyini, həmçinin hər hansı kriminal niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı saxlanılarkən idarə etdiyi “Niva” markalı avtomobildə odlu silah olan avtomatın və onun komplekt hissələrinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd bıçaq özünün iştirakı ilə müvafiq qaydada bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Bundan sonra şəxsi axtarış və götürmənin keçirilməsinin nəticəsinə dair protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Ardınca şübhəli şəxs ərizə ilə müraciət edərək idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və DİN-in BMCMİ-nin inzibati binasının həyətində saxlanılmış “Niva” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. İlk olaraq avtomobilin ön tərəfində baxış keçirilməsi başlanılmış və Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı avtomobildə olduğunu dediyi odlu silahı təqdim etməsi bildirilmişdir. Şübhəli şəxs avtomobilin sükan tərəfinə yaxınlaşıb üzərində olan avtomobilin açarı ilə qapını açıb, oradan yük yerinin açılmasını təmin edən düyməni basıb iştirakçıları avtomobilin arxa tərəfinə dəvət edib yük yerini açıb kağız materiallı qutunu təqdim edib bildirmişdir ki, qutunun içində odlu silah olan “Kalaşnikov” tipli avtomat və patronlar vardır. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi qutu açılmaqla “Kalaşnikov” tipli avtomata bənzər əşyaya baxış keçirildikdə üzərində 507980 rəqəmlərinin yazıldığı məlum olmuşdur. Avtomata bənzər əşyanın yanında olan sandıqçaya baxış zamanı isə içində 27 ədəd patronun olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs “Kalaşnikov” tipli avtomata bənzər əşyanı patronları ilə birlikdə 5 gün əvvəl Sumqayıt şəhərində dənizkənarından təsadüfən tapdığını, odlu silah gəzdirməyə həvəsi olduğundan idarə etdiyi avtomobildə saxlayıb gəzdiriyini bildirmişdir. Ardınca avtomobilin digər saxlanc yerlərinə baxış keçirilməsinə başlanmış və baxış zamanı avtomobilin ön sərnişin yerinin qarşısındakı saxlanc yerindən bir ədəd bıçaq tipli əşya aşkar olunmuşdur. Sorğu zamanı şübhəli şəxs həmin bıçağın uzun müddət onda olduğunu və suvenir kimi avtomobilində gəzdirdiyini bildirmişdir. Ardınca avtomobilin yük hissəsinə və avtomobilin salonunda olan saxlanc yerlərinə baxış keçirilmiş, kənar əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş bir ədəd “Kalaşnikov” tipli avtomata bənzər əşya və 27 ədəd patron özünün iştirakı ilə müvafiq qaydada aşkar olunduğu kağız qutuda, avtomobildən aşkar olunmuş bir ədəd bıçaq isə bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Bundan sonra baxış və götürmənin keçirilməsinin nəticələrinə dair protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Şahid3 və Şahid4 digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 19-cu vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 09 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəli 09 dekabr 2020-ci il tarixdə saat 15:00-dan hesablanmışdır. Cinayət işinin 27-29-cu vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı X3 Azərbaycan Respublikası CPM-nin 51.2, 51.3, 86.4.2, 207.4, 236 və 445.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3, Şahid4, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi - X2 iştirakları ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə edərək üzərində və idarə etdiyi avtomobildə saxlamaqla gəzdirməsi bildirilmişdir. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 09 dekabr 2020-ci il tarixli qərar çıxarılmış və həmin qərarın icra edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs həmin günü saat 15:00 radələrində tədbir iştirakçıları tərəfindən Sumqayıt şəhəri, N.Nərimanov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində idarə etdiyi «Niva» markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili X4 dəvət olunaraq ona təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silahı və döyüş sursatını əldə edərək saxlamaqla gəzdirməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edildikdən sonra ona təklif edildi ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, odlu silah və ya döyüş sursatı varsa könüllü olaraq təqdim etsin. Şübhəli şəxs masaya doğru yaxınlaşıb qara rəngli cins materiallı şalvarının hər iki ön yan cibindən 02 ədəd mobil telefonu, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd mobil telefonu, gödəkcəsinin sol yan cibindən 01 ədəd avtomobil açarını, gödəkcəsinin sol iç yan cibindən 02 ədəd bıçağı masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi və ayaqqabılarını çıxarması təklif edilmişdir. O, deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Şübhəli şəxsin təqdim etdiyi mobil telefonlara baxış zamanı onların “İphone 11”, “Samsung” və “Vertu” markalı telefonlar olduğu məlum olmuşdur, Təqsirləndirilən şəxs telefonların onun özünə məxsus olduğunu təsdiq etdmişdir. Mobil telefonlar araşdırma əhəmiyyəti kəsb etdiyindən saxlanılmı, avtomobil açarı isə şübhəli şəxsin özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bıçağa baxış keçirilmişdir. Bıçaqların birinin metal rəngli, digərinin isə qara rəngli olmaqla hər ikisinin tam olaraq bütün hissələrinin dəmir materiallı olduğu məlum olmuşdur. Həmçinin baxış zamanı qara rəngli bıçağın kəsici deşici hissəsinin ani vaxtda üzərindəki düyməni basmaqla açıldığı və üzərində “Columbia USA” yazısının yazıldığı məlum olmuşdur. Şübhəli şəxs sorğu zamanı bıçaqları mağazdan aldığını, bıçağa uşaqlıqdan marağı olduğuna görə onları üzərində gəzdirdiyini, həmçinin hər hansı kriminal niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı saxlanıldığı zaman idarə etdiyi Niva markalı avtomobildə odlu silah olan avtomatın və onun komplekt hissələrinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd bıçaq özünün iştirakı ilə tərəflərindən müvafiq qaydada bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin «6 saylı» möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Şübhəli şəxsin üzərinə keçirilən şəxsi axtarış və götürmə 09.12.2020-ci il tarixdə saat 16:45 radələrində başa çatmış və videoçəkiliş dayandırılmşdır. Bundan sonra şəxsi axtarış və götürmənin, həmçinin şəxsi axtarış və götürmənin keçirilməsinin nəticələrinə dair tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir. Baxış keçirilməsi zamanı çəkilmiş videogörüntü bir ədəd DVD disk daşıyıcısına köçürülərək protokola əlavə edilmişdir. Cinayət işinin 31-33-cü vərəqələrində olan “Avtomobilə baxış keçirilməsi haqqında” 09 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı X3 Azərbaycan Respublikası CPM-nin 51.2, 51.3, 86.4.2, 207.4, 236 və 445.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3, Şahid4, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi - X2 iştirakları ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə edərək üzərində və idarə etdiyi avtomobildə saxlamaqla gəzdirməsi bildirilmişdir. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 09 dekabr 2020-ci il tarixli qərar çıxarılmış və həmin qərarın icra edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs həmin günü saat 15:00 radələrində tədbir iştirakçıları tərəfindən Sumqayıt şəhəri, N.Nərimanov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində idarə etdiyi «Niva» markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili X4 dəvət olunaraq ona təqdim olunmuşdur. Bundan sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, üzərindən 02 ədəd bıçaq aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı şübhəli şəxs idarə etdiyi özünə məxsus **-NA-*** dövlət nömrə nişanlı Niva markalı avtomobildə odlu silah olan avtomatın olduğunu bildirmişdir. Bundan sonra keçirilən prosessual hərəkətin nəticələri ilə bağlı protokol tərtib edilmişdir. Ardınca şübhəli şəxs ərizə ilə müraciət edərək idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Baxış keçirilən avtomobil DİN-in BMCMİ-nin inzibati binasının həyətində saxlanılmışdır və “Niva” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Avtomobil ümumilikdə göy rənglidir. İlk olaraq tərəflərindən avtomobilin ön tərəfində baxış keçirilməsi başlanılmış və şübhəli şəxsdən baxış keçirilməsi üçün təkrarən icazə istənilmişdir və etiraz daxil olmadıqdan sonra Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı avtomobildə olduğunu dediyi odlu silahı təqdim etməsi bildirilmişdir. Şübhəli şəxs avtomobilin sükan tərəfinə yaxınlaşıb üzərində olan avtomobilin açarı ilə qapını açmış, oradan yük yerinin açılmasını təmin edən düyməni basıb iştirakçıları avtomobilin arxa tərəfinə dəvət edib yük yerini açıb kağız materiallı qutunu təqdim edib bildirmişdir ki, qutunun içində odlu silah olan “Kalaşnikov” tipli avtomat və patronlar vardır. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi qutu açılmaqla “Kalaşnikov” tipli avtomata bənzər əşyaya baxış keçirildikdə üzərində 507980 rəqəmlərinin yazıldığı məlum olmuşdur. Avtomata bənzər əşyanın yanında olan sandıqçaya baxış zamanı isə içində 27 ədəd patronun olduğu məlum olmuşdur. Bundan sonra avtomat boş olub-olmaması məqsədi ilə yoxlanılmış və boş olduğu aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs “Kalaşnikov” tipli avtomata bənzər əşyanı patronları ilə birlikdə 5 gün əvvəl Sumqayıt şəhərində dənizkənarından təsadüfən tapdığını, odlu silah gəzdirməyə həvəsi olduğundan idarə etdiyi avtomobildə saxlayıb gəzdiriyini bildirmişdir. Şübhəli şəxs həmçinin odlu silahdan istifadə etmədiyini və hər hansı kriminal niyyətinin olmadığını bildirmişdir. Ardınca avtomobilin digər saxlanc yerlərinə baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı avtomobilin ön sərnişin yerinin qarşısındakı saxlanc yerindən 01 ədəd bıçaq tipli əşya aşkar olunmuşdur. Aşkar olunan bıçağa baxış zamanı onun qara rəngli plastik materiallı tutacağının və qoruyucu hissəsinin olduğu, kəsici-deşici hissəsinin isə metal materiallı olduğu məlum olmuşdur. Sorğu zamanı şübhəli şəxs həmin bıçağın uzun müddət onda olduğunu və suvenir kimi avtomobilində gəzdirdiyini bildirmişdir. Ardınca avtomobilin yük hissəsinə və avtomobilin salonunda olan saxlanc yerlərinə baxış keçirilmiş, kənar əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş bir ədəd “Kalaşnikov” tipli avtomata bənzər əşya və 27 ədəd patron özünün iştirakı ilə tərəflərindən müvafiq qaydada aşkar olunduğu kağız qutuda, avtomobildən aşkar olunmuş bir ədəd bıçaq isə 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin «6 saylı» möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza etmişlər. Şübhəli şəxsin avtomobilinə baxış və götürmə keçirilməsi 09.12.2020-ci il tarixdə saat 18:00 radələrində başa çatdırılmış və videoçəkiliş dayandırılmışdır. Bundan sonra baxış və götürmənin keçirilməsinin nəticələrinə dair tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmişdir. Baxış keçirilməsi zamanı çəkilmiş videogörüntü bir ədəd DVD disk daşıyıcısına köçürülərək protokola əlavə edilmişdir. Cinayət işinin 47-53-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 10.12.2020-ci il tarixli, 20/655R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 507980 nömrəli silah, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində İjevsk maşınqayırma zavodunda 1981-ci ildə istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov kostruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş bir ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir - darağıdır, texniki cəhətdən şazdır və istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 27 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 13 ədədi 1988ci, 13 ədədi 1981-ci, 01 ədədi isə 1983-cü illərdə istehsal olunmuş 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. Təqdim edilmiş 27 ədəd 5.45x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə olundu. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİdə yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi barədə istintaqa əlavə məlumat veriləcəkdir. Cinayət işinin 95-97-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.12.2020-ci il tarixli, 4(005)-1374/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 09 dekabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 116-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 18.12.2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 128-ci vərəqində olan Masallı RİHB-nın Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 21.12.2020-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 130-132-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10.12.2020-ci il tarixli, 3/2048 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən “1” rəqəmi ilə işarələnmiş predmet zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir, istifadəyə yararlıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilən “2“ rəqəmi ilə işarələnmiş predmet kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir, istifadəyə yararlıdır və soyuq silah hesab edilir. Tədqiqata təqdim edilən “3” rəqəmi ilə işarələnmiş predmet - ucu deşici xassəyə malik, kustar üsulla kortik formasında hazırlanmış suvenir qılıncdır, üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir, istifadəyə yararlıdır və soyuq silah hesab edilmir. Cinayət işinin 165-170-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 21 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsindən həmin Məcəllənin 228.1 və 228.4-cü maddələrinə tövsif edilməsi və Təqsirləndirilən şəxs həmin maddələrlə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs üzərinə axtarış götürmə, eləcə də idarə etdiyi avtomobilə baxış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd CD diskin maddi sübut hesab edilərək cinayət işi materiallarında saxlanılması, ********* nömrəli cinayət işi üzrə aşkar olunub götürülmüş bir ədəd odlu silah hesab edilən “Kalaşnikov” konstruksiyalı avtomat, bir ədəd həmin avtomatın komplekt hissəsi olan darağ, döyüş sursatı hesab edilən eksperimental atəşdən sonra qalıq qalan 24 ədəd 5,45x39mm kalibrli patronlar, eləcə də, bir ədəd soyuq silah hesab edilən və iki ədəd soyuq silah hesab edilməyən bıçaqların iş üzrə maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsi, aşkar edilərək götürülmüş üç ədəd mobil telefon cihazları və Təqsirləndirilən şəxs məxsus “VAZ 21214” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin cinayət işi üzrə əhəmiyyət kəsb etmədiyindən ayrılmış cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla — üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 228.1 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş bir ədəd odlu silah hesab edilən “Kalaşnikov” konstruksiyalı avtomat, bir ədəd həmin avtomatın komplekt hissəsi olan darağ, döyüş sursatı hesab edilən eksperimental atəşdən sonra qalıq qalan 24 ədəd 5,45x39 mm kalibrli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş bir ədəd soyuq silah hesab edilən və iki ədəd soyuq silah hesab edilməyən bıçaqlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə axtarış götürmə, eləcə də idarə etdiyi avtomobilə baxış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 09 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş bir ədəd odlu silah hesab edilən “Kalaşnikov” konstruksiyalı avtomat, bir ədəd həmin avtomatın komplekt hissəsi olan darağ, döyüş sursatı hesab edilən eksperimental atəşdən sonra qalıq qalan 24 ədəd 5,45x39 mm kalibrli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş bir ədəd soyuq silah hesab edilən və iki ədəd soyuq silah hesab edilməyən bıçaqlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə axtarış götürmə, eləcə də idarə etdiyi avtomobilə baxış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 64,00 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar