Məhkəmə qərarları › İş №1(005)-146/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-146/2024

27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-146/2024 27.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Xüsusi ittihamçı X4 və onun nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs X1, Müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, 15 noyabr 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X7 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X7 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə onun cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində ittiham hökmü çıxarılmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir. X7 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini onunla əsaslandırmışdır ki, “Youtube” platformasında ‘‘Milli” tv kanallarında yayımlanan videoçarxda X3 xx.xx.2023-ci il tarixdə kütləvi informasiya vasitələrinin nümayəndəsinin iştirakı ilə videoçarxda çıxış edərək onun barəsində yalan və böhtan xarakterli fikirlər söyləmiş, ağır cinayətlər törətməkdə ittiham edərək böhtan atmış, şəxsi və işgüzar nüfuzumu ləkələmişdir. “Youtube” platformasında “Milli TV” internet televiziya kanalında yayımlanan videoçarxda Süleyman Süleymanzadə xx.xx.2023-cü il tarixdə “Milli TV"-nin aparıcısının iştirakı ilə verdiyi müsahibədə çıxış edərək onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Belə ki, o, həmin videoçarxın 00:23-cü dəqiqəsində ona böhtan ataraq yalan məlumatlar işlətmişdir: “Bir vətəndaşın evini digər bir vətəndaş sökərək yerində belə bir imarət unşa etmişdir deyilir” və onun evi göstərilir. Süleyman Süleymanzadəyə məxsus bağ evi qonşusu İlqar Məmmədov ev sahibindən xəbərsiz evi sökərək yerində villaiqamətgah tikmişdir. Eyni zamanda Süleyman Süleymanzadə həmin videoçarxın 00:47-ci dəqiqəsində yenidən ona böhtan ataraq onun şərəf və ləyaqətini alçaldaraq bildirir ki, “Bizim görünən yerdə bizim iki mərtəbəli evimiz vardı və qonşu İlqar Məmmədov tərəfindən bizim evimiz tam sökülüb, daşı-daş üstə qalmayıb. Amma özünə bağ tikib”. Davamı olaraq bildirir ki, bizim həyətdə şambo tikib, indi düzdü yoxdu şambo, burda artıq besetkanı başlayıb tikməyə. Burda həm zəbt də var, həm özbaşınalıq da var, plus oğurluq da var.” Bunu deməklə Süleyman Süleymanzadə onu cinayətkar hesab edir. Onu cinayətdə ittiham edir. Ona böhtan atır. Daha sonra həmin videoçarxın 1:32 dəqiqəsində yenidən əsassız olaraq ona böhtan atılır: Süleyman Süleymanzadəyə məxsus ev xəbərsiz ətərsiz İlqar Məmmədov tərəfindən söküldükdən sonra evə məxsus tikinti avadanlıqları da İlqar Məmmədov öz şəxsi malı kimi mənimsəmişdir. Daha doğrusunu desək oğurlamışdır. Eyni zamanda Süleyman Süleymanzadə həmin videoçarxın 1:46 dəqiqəsində qeyd edir ki, guya söküldüyü deyilən evə görə yalan sənəd göstərərək, evin çıxarışını olduğunu göstərir. Ancaq elə bir çıxarış mövcud deyildir. Olmayan evə görə çıxarışın alınması mümkünsüzdür. Onun əlində olan sənədin heç bir hüquqi əsası yoxdur. Həmin sənəd evə dair çıxarış deyildir. Həmin sənədi göstərməklə guya mənim mülkiyyətdə olduğum evə sökməyimi bildirməklə mənim haqqımda mənfi imic yaradır. Onu daha da ağır cinayətdə ittiham edir. Süleyman Süleymanzadə həqiqətə uyğun olmayan məlumatlar təqdim edərək onun barəsində mənfi rəy yaradaraq, ona böhtan atmışdır. Onun dediklərinin heç bir əsası yoxdur. Hesab edir ki, Süleyman Süleymanzadənin yuxarıda göstərilən ifadələri ilə onun şərəf və ləyaqətini ləkələmiş və onu nüfuzdan salmışdir. Digər böhtan məlumatlar həmin videoçarxda onun fotoşəklini göstərərək 2:20 dəqiqəsində qeydə alınmışdır: X8 kimlərə güvənir, belə özbaşınalıq edir, qanunsuz əməlləri edir. Onun bu əməli güclünün-gücsüzə zor tətbiq etməsi deməkdir. Yenidən onu cinayətdə ittiham edirlər. Ona böhtan atılır. Daha sonra həmin videoçarxın 3:28 dəqiqəsində əvvəl balkonu söküb, sonra hamamı söküb, sonra evi söküb. Süleyman Süleymanzadə barəsində “oğurluq edib, qanunsuzluq edib, özbaşaınahq edir” kimi ifadələrini işlətməklə, onun əsassız olaraq cəmiyyətdə yalnış fikirlərin yarandığı başa düşülür. Bu da onun işgüzar nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X3 özünü Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, o, anasının əmisiqızının oğlu Emil Mustafayevlə birlikdə xx.xx.2024-cü il tarixdə axşam saatlarında özünə məxsus bağ evinə gələrkən bağın söküldüyünü, darvazanın dəyişdiyini, İlqar Məmmədov tərəfdə artıq ev tikildiyini görmüşdür. Ona aid darvazanın İlqar Mustafayev evi tərəfə aidiyyatı yoxdur. Növbəti gün günorta saatlarında artıq İlqar Məmmədov onlara aid olan tərəfə çıxmışdır. Otuz il ərzində olan darvaza və bağ sökülmüşdür. Hazırda o, məhkəməyə fotoşəkilləri və diskləri təqdim edir. Həmin fotoşəkillər müqayisə olunsa aşkar surətdə fərqlər görünəcəkdir. Belə ki, böyük bir sahə yoxdur, hovuz yoxdur, hasar yoxdur və İlqar Məmmədov artıq onlar tərəfə də keçib. Fotoşəkillərlə bağlı İlqar Məmmədov demişdir ki, guya fotoşəkillərə fotomontaj var. Lakin bütün görüntülər videolarda var. 08 may tarixində artıq ona məxsus evin iki eyvanı sökülmüşdür. Onun şikayəti üzrə başlanılmış cinayət işinə 27 may tarixində xitam verilsə də artıq o qərar ləğv edilmişdir. Həmin ev ona atasından qalmışdır. Göstərilənlərin nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayon prokurorluğunda qanunsuz söküntü ilə bağlı araşdırma gedir və həmin iş üzrə onun ifadəsi də alınmışdır. O, bu məsələ ilə bağlı baş prokurorun qəbulunda da olmuşdur. İş artıq nəzarətə götürülmüşdür. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X7 verilmiş şikayətin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, qonşu sahədən onun ərazisinə söküntü qalıqlarının töküldüyünü aşkar etmişdir. Bunun təmizlənməsi məqsədi ilə qonşu torpaq sahəsinin sahibini axtarmağa başlamışdır. Qonşunun telefon nömrəsini əldə etmişdir. Həmin nömrəyə o, fevral ayından iyun ayınadək mütəmadi zəng etmişdir. Avqust ayının əvvəllərində hovuz, qaraj və mətbəxlə bağlı tikinti işlərinin tamamlandığı bir vaxtda axşam saatlarında ona polis orqanlarından zəng gəlmiş və bölməyə dəvət etmişlər. Səhəri gün o bölməyə getmiş və vətəndaşla tanış olmuşdur. Oradan polis əməkdaşı ilə birlikdə sahəyə gəlmişlər. Vətəndaş iddia edir ki, o, vətəndaşın ərazisində olan evi sökərək, özünə ev tikmişdir. O isə ekspert dəvət olunmasını və torpaq sahəsinin kimə məxsus olmasını müəyyən etməyi tələb etmişdir. Bundan sonra onlar birlikdə qayıdan zaman avtomobildə söhbət etmişlər. Bu hadisədən iki gün sonra ekspert gəlmişdir. Bununla müəyyən edilmişdir ki, o, heç kimin torpaq sahəsini zəbt etməmişdir. Onun hasarının qonşunun hasarına tərəf bir tərəfdən 13,5 metrdir, digər tərəfdən isə 20 metrdir. O, ekspertə öz yolunu göstərmişdir və hasarın yenidən tikilməli olduğunu bildirmişdir. Avtomobildə söhbət edərkən Süleyman ona evin şəklini göstərmiş və evin 1993-cü ildə atası tərəfindən tikildiyini bildirmişdir. Hazırda atası rəhmətə getdiyini və onun zəng etdiyi nömrənin atasına məxsus olduğunu bildirmişdir. O, qonşuluq xətrinə fotoşəkilə baxanda evin təmirsiz olduğunu görmüş və buna görə də, Süleymana kubiklərin və digər məhsulların pulunu verməyi və ya həmin materialın özünü verməyi təklif etmişdir. Bununla hesab etmişdir ki, artıq aralarında razılaşmışlar. Üzərindən beş ay keçdikdən sonra videoçarxın internetdə yayılması barədə məlumat vermişlər. Vəkilindən xahiş etmişdir ki, bu videoçarxla bağlı saytın rəhbərliyindən məsələni öyrənməsini xahiş etsin. Məlum oldu ki, saytın rəhbəri müəyyən məbləğdə pul istəyir. Daha sonra vətəndaşın polis orqanında şikayətinin olmasını da öyrənmişdir. Bundan sonra Süleymana bir dəfə zəng etmiş, lakin o, zəngi cavablandırmamışdır. Bundan sonra zəng etməmişdir. Videoçarxa diqqət yetirmişdir ki, on minə yaxın baxış sayı var. Ona görə də xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməyi düzgün hesab etmişdir. Ümumiyyətlə evin mövcudluğu ilə bağlı sənəd yoxdur. Vərəsəliklə keçən əmlak torpaq sahəsidir. O, öz torpaq sahəsində ev tikmişdir. Buna dair ekspert rəyi də var. Quruluan iddia fotoşəkillərə əsaslanır. Şəkilləri fotomontajla da düzəltmək olar. Burada söhbət böhtandan gedir. Verdiyi müsahibədə Süleyman bildirir ki, guya o, qanunsuz ev sökmüşdür. O, bu məsələdən sonra kifayət qədər sarsıntı keçirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtomobildə olan zaman Süleyman çox aqressiv olmuşdur. Ona pul və ya material ilə kömək etməsi onun səhv hərəkətinə dəlalət etmir. Orada tikinti aparan çox qonşu var, lakin onu konkret ittiham edən Süleymandır. İnsanlıq baxımından o, Süleymana köməklik təklifini etmişdir. Onun ərazisinə qonşunun tikilisi dağılmışdır, bununla bağlı o, qonşu torpaq sahəsinin sahibini axtarmağa başlamışdır. Həmin ev 1993-cü ildə tikilmiş evdir, onun nə suvağı, nə izolyasiyası var. Belə olan halda bir tikili altı ildən artıq qala bilməz. Fərz edək ki, o, fundamenti qazanda hər hansı təsir olub, bu baxımdan da o, köməklik təklif etmişdir. Şambo kanalizasiyadır. Heç kəs öz ərazisində sambo tikmir. O ərazidə yol qırağında on ədəd sambo tikilmişdir. Həyət evində bağ evi, hovuz, qaraj və mətbəx tikilir. Vətəndaş şikayət edən zaman o, artıq bu tikintiləri yekunlaşdırmışdır. Müdafiəçi göstərdiyini o, qum üçün tikmişdir, sementi vurmaqda məqsəd isə qumun dağılmamasıdır. Dağılan hasar tək onunla bağlı olan hissə deyil, ondan 100 metr qabaqda da dağılmış hasar var. 2005-ci ildə o, torpaq sahəsini almışdır. Bakı şəhəri Sabunçu Polis İdarəsində gedən cinayət işindən məlumatsızdır və bildiyi qədəri ilə orada ekspertiza təyin edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Youtube” platformasının ‘‘Milli” tv kanalında xx.xx.2023-cü il tarixdə yayımlanan X3 aşağıdakı məzmunda çıxış etmişdir: “Gördüyünüz bu ərazidə qonşu İlqar Məmmədov tərəfindən bizim evimiz tam sökülüb. Daşın üstündə daş qalmayıb. Lakin özünə bağ tikir. Fikir verin ki, darvazanı söküb və şambo da tikib. Burada zəbt var, özbaşınalıq var. Həmçinin burada oğurluq da var. Cinayət işi hələ də açılmır. Bu ədalətsizliyin qarşısını almaq lazımdır. Evinə dair rəsmi çıxarışı, kadastrı var. İlqar Məmmədov nəyə güvənərək evi sökmüşdür bilmir. Daşın üstündə daş qoymamışlar. İlqar Məmmədov söküntünü aparmadığını bildirsə də, google xəritədən illər üzrə baş vermiş dəyişikliklər görsənir. Belə ki, İlqar Məmmədov ilk növbədə eyvanı, daha sonra hovuzu sökmüşdür. Sonda isə evi sökmüşdür. 42-ci Polis Bölməsinə şikayət etmişdir. Hazırda iş Sabunçu RPİ-dədir. Lakin cinayət işi dörd aydan çoxdur ki, başlamır. Heç bir istintaq hərəkəti aparılmır.” “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında” 27 may 2024-cü il tarixli qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə başlanılmış cinayət işinə cinayət hadisəsi olmadığından xitam verilmişdir. “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi barədə” 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə başlanılmış cinayət işinə cinayət hadisəsi olmadığından xitam verilməsi haqqında 27 may 2024-cü il tarixli qərar əsassız olduğundan ləğv edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X3 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, onun əməlində Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibi mövcud deyil. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə, X1 “Youtube” platformasının ‘‘Milli” tv kanalında yayımlanan çıxışında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibinin olması ilə razılaşmır və hesab edir ki, həmin çıxışda böhtan cinayətinin tərkibinin olmasından söhbət gedə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin dispozisiyasından da göründüyü kimi böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün dörd hal müəyyən edilməlidir: şəxsin həmin məlumatların yalan olduğunu bilməsi: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması. Şəxsin həmin məlumatların yalan olduğunu bilə-bilə yayması dedikdə, yəni məlumatları yayan şəxs yaydığı məlumatların yalan olduğunu bilir, dərk edir və buna baxmayaraq başqa şəxsin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yayır.Təqsirkarın qəsdi məhz başqa şəxsin şərəf və ləyaqətini ləkələməyə və ya nüfuzdan salmağa yönəlir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Məhkəmə qeyd edir ki, yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktlarla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Məlum olduğu kimi, AR CM-nin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Yəni, təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan yalan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Məhkəmə qanunvericiliyin tələblərini, AR CM-nin 147-ci maddəsinin dispozitiv şərtlərini və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin birbaşa qəsdlə törədilməli olmasını nəzərə alaraq xüsusilə vurğulayır ki, əgər şəxs yaydığı ləkələyici məlumatların həqiqətə uyğun olduğuna inanırsa, lakin əslində həmin məlumatlar yalandırsa və ya hələ doğru olması öz təsdiqini tapmamışdırsa, belə halda əməldə cinayət tərkibinin subyektiv əlaməti olmadığından AR CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyəti istisna olunur. Xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində istinad edilmiş xx.xx.2023-cü il tarixli “Milli TV” internet kanalında təqsirləndirilən şəxsin çıxışından görünür ki, həmin çıxışında qeyd edilən məsələ ilə bağlı X3 hüquq-mühafizə orqanlarına müraciət etmiş, şikayətlərində istinad etdiyi hər bir halı prokurorluq orqanlarına ünvanladığı ərizələrdə də, hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadələrdə də göstərmişdir. Həmçinin, iş materiallarında olan sənədlərlə müəyyən olunmuşdur ki, X1 şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır. X1 internet saytındakı çıxışının məzmunundan görünür ki, o, qısa şəkildə evinin sökülməsindən danışaraq bu barədə hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirmiş, onun həmin müsahibəni verməkdə məqsədi cinayət işinin araşdırılması olmuşdur. Həmin çıxışında “mən polis orqanlarına dörd aydan çoxdur ki, şikayət etmişəm. Şikayətlərimə baxılmır və cinayət işi başlanılmır” məzmunlu ifadələr işlətməsi özü də X1 həmin şikayətlərin hüquq mühafizə orqanları tərəfindən araşdırılmasını ictimai qaydada tələb etməsinə, müvafiq dövlət orqanlarının diqqətini bu işin araşdırılmasına cəlb etmək istəməsinə dəlalət edir. Məhkəmə istintaqı zamanı da verilmiş suallara cavab olaraq X3 “Milli TV” youtube kanalında çıxış etməkdə məqsədinin dövlət orqanlarının diqqətini bu işə cəlb etmək, ona dəymiş zərərin ödənilməsinin təmin edilməsi olduğunu bildirmişdir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsində göstərilmişdir ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Avropa Məhkəməsinin presedent hüququna və yanaşmasına əsasən ifadə azadlığı Konvensiya ilə qorunan digər hüquqlarla, məsələn, ədalətli məhkəmə araşdırması hüququ ilə, şəxsi həyata hörmət hüququ ilə, vicdan və din azadlığı ilə ziddiyyətə girə bilər. Belə ziddiyyət baş verdikdə, məhkəmə bu hüquqlardan hansının digərinə nisbətən daha üstün olduğunu müəyyən etmək üçün balanslı yanaşma nümayiş etdirir. Digər hüquqların maraqları ilə onlarla ziddiyyətə girən ifadə azadlığının maraqları arasında balans axtarılarkən sonuncunun mühüm əhəmiyyət daşıması nəzərə alınır. Məhkəmə iş materiallarını tədqiq edərək, məhkəmə iclasında iştirak edən şəxslərin ifadələrini dinləyərək belə qənaətə gəlir ki, X1 niyyəti X4 şərəf və ləyaqətini ləkələmək və ya nüfuzdan salmaq deyil, həqiqət olduğuna inandığı və araşdırılmasını qanuni yollarla tələb etdiyi məsələnin, yəni onun evinin qanunsuz sökülməsinin həllini tapması, aidiyyəti dövlət orqanlarını iş üzrə araşdırma aparılaraq obyektiv həqiqətin üzə çıxarılmasına çağırışlar etmək, səsinin müvafiq dövlət orqanları tərəfindən duyulması olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 57-ci bəndində göstərilmişdir ki, bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir. Həmin qərarın 58-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Məhkəmə araşdırması zamanı ittiham tərəfi X2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutların məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 42.1.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə verilmiş xüsusi ittiham üzrə təqsirləndirən şəxsin əməlində böhtan cinayətinin tərkibi olmadığından təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə istinad edilən ittiham üzrə bəraət verilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 42.1.2-ci maddəsinə əsasən bəraət verilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar