Məhkəmə qərarları › İş №1(005)-149/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-149/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-149/2021 14.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1968-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onu Sabirabad rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini vəzifəsinə təyin etdirəcəyinə dair yalandan vəd verib aldadaraq xx xxxxxx 2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən Nəriman Nərimanov adına istirahət parkında sonuncunun oğlu Şahid1 Zərərçəkmiş şəxs məxsus 5000 (beş min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək zərərçəkmiş səxs Zərərçəkmiş şəxs 5000 (beş min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2018-ci ilin dekabr ayından etibarən tanıyır, onunla qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. 2018-ci ilin dekabr ayında özünə avtomobil almaq istəmiş və bu məqsədlə internet şəbəkəsində “Turbo.az” saytında satışda olan avtomobillərlə maraqlanarkən “Opel frontera” minik markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair elana rast gəlmişdir. Avtomobili bəyəndiyi üçün şəxsi istifadəsində olan mobil telefonu ilə avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs zəng vuraraq həmin avtomobili almaq istədiyini bildirmişdir. Beləcə, Etibarla tanış olmuşdur. Söhbət əsnasında Etibara Abşeron rayonu, Saray qəsəbəsində yaşadığını söyləyib avtomobilə baxmaq istədiyini demiş, Etibar isə həmin avtomobilin Xətai rayonu, Babək prospektində yerləşən avtomobil təmiri sexində olduğunu bildirmişdir. Odur ki, həmin ərəfələrdə Babək prospektində yerləşən həmin avtomobil təmiri sexinə gedərək “Opel frontera” markalı avtomobilə baxmışdır. Avtomobil nasaz vəziyyətdə olduğu üçün bəyənməmiş və Etibara zəng vuraraq bu barədə ona bildirmişdir. Həmin vaxtdan Etibarla aralarında əlaqə və ünsiyyət yarandığı üçün mütəmadi olaraq əlaqə saxlamağa başlamışdır. Aralarında dostluq münasibətləri yarandığından 2019-cu ilin avqust ayında Etibarı azyaşlı oğlu İsgəndərin “kiçik toy” mərasimində iştirak etməsi üçün Saray qəsəbəsində yerləşən evinə dəvət etmişdir. Etibar dəvətini qəbul edib toy mərasimində iştirak etmişdir. 2020-ci ilin avqust ayında Etibarın onun barəsində polisə şikayət etdiyini eşitmişdir. Bununla əlaqədar Etibarla əlaqə saxlayıb səbəbini soruşduqda Etibar ona konkret cavab verməmişdir. Bu səbəbdən Etibarla münasibətləri pozulmuşdur. Heç vaxt Etibara onu hər hansı vəzifəyə, o cümlədən Sabirabad rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini vəzifəsinə təyin etdirəcəyini vəd etməmiş, bu məqsədlə ondan hər hansı məbləğdə pul vəsaiti istəməmiş və almamışdır. Zərərçəkmiş şəxs oğlu Şahid1 ilə görüşməmiş və onunla qarşılaşmamışdır. Sonda Təqsirləndirilən şəxs, ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2018-ci ilin dekabr ayında tanış olmuş, onunla qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. 2018-ci ilin dekabr ayında şəxsi mülkiyyətində olan “Opel frontera” minik markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq üçün internet şəbəkəsində “Turbo.az” saytında elan yerləşdirmişdir. Bununla əlaqədar həmin ərəfələrdə Təqsirləndirilən şəxs ona zəng vurub tanışlıq verərək “Opel frontera” markalı avtomobili almaq istədiyini bildirmişdir. Bu barədə söhbət etdikdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsində yaşadığını və avtomobilə baxmaq istədiyini demişdir. Etiraz etməmiş və 2019-cu ilin yanvar ayında Təqsirləndirilən şəxs dəvəti ilə idarə etdiyi “Opel frontera” markalı avtomobillə Binəqədi rayonu ərazisində yerləşən Bakı beynəlxalq avtovağzalına getmişdir. Orada Təqsirləndirilən şəxsla görüşüb şəxsən tanış olmuş və Qabil avtomobilə baxdıqdan sonra mühərrik sistemində nasazlıq olduğunu söyləyib avtomobili almaqdan imtina etmişdir. Beləcə, Qabillə aralarında tanışlıq münasibətləri yaranmış, əlaqə və ünsiyyət saxlamağa başlamışlar. Qabil müntəzəm olaraq mobil telefonuna zəng vurub əlaqə saxlamış və onun seyid nəslindən olduğunu bildiyi üçün adətən dini mövzularda söhbət aparmışdır. Hər dəfə söhbət əsnasında Qabil yüksək vəzifələrdə işləyən tanışlarının olduğunu, böyük nüfuz və hörmətə malik olduğunu bildirmiş, əgər hər hansı problem olarsa, həll etmək üçün ona müraciət etməsini tövsiyə etmişdir. Həmin ərəfələrdə o, “Aqrarkredit” səhmdar kredit təşkilatının İmişli rayon filialında kredit mütəxəssisi vəzifəsində işləmiş və iş prosesi onu qane etmədiyi üçün özünə yeni iş axtarmışdır. 2019-cu ilin yanvar ayında Qabil növbəti dəfə ona zəng vuran zaman söhbət əsnasında ona bu barədə bildirib iş axtardığını söyləmişdir. Qabil bir qədər düşündükdən sonra onu Əmək və X2 Nazirliyinin Dövlət əmək müfəttişliyində müfəttiş vəzifəsinə təyin etdirəcəyini vəd etmişdir. Sevinib Qabilə minnətdarlıq etmiş və Maliyyə Nazirliyinin Sabirabad rayonu üzrə Maliyyə idarəsinin rəisi vəzifəsinin vakant olduğunu bildirib əgər mümkündürsə, onu həmin vəzifəyə təyin etdirməsini xahiş etmişdir. Qabil bu barədə ətraflı maraqlanacağını söyləyib bir müddət sonra konkret cavab verəcəyini bildirmişdir. 2019-cu ilin yanvar ayından avqust ayınadək Qabillə mütəmadi əlaqə saxlayıb görüşmüşdür. Hər dəfə Qabil bu barədə yüksək dairələrdə işləyən dostları ilə məsləhətləşdiyini söyləyib səbirli olmasını tövsiyə etmişdir. 2019-cu ilin avqust ayının ortalarında Qabil onu Saray qəsəbəsində yerləşən evinə qonaq çağırmışdır. Evində qonaq olan zaman söhbət əsnasında Qabil ona Sabirabad rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini vəzifəsinin hazırda vakant olduğunu, onu həmin vəzifəyə təyin etdirmək istədiyini və bu barədə artıq yüksək dairələrdə işləyən dostları ilə danışıb razılaşdığını bildirmişdir. Sevinib razılaşmış və bunu görən Qabil Sabirabad rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini vəzifəsinə təyin olunması müqabilində ondan 10000 (on min) manat pul istəmişdir. Tərəddüd edərək bu qədər pulunun olmadığını, cəmi 5000 (beş min) manat pulunun olduğunu bildirdikə Qabil narahatçılığa əsas olmadığını söyləyib bu iş üçün ilkin olaraq ona 5000 (beş min) manat verməsini, yerdə qalan 5000 (beş min) manatı isə vəzifəyə təyin olunduqdan sonra verməsini təklif etmişdir. Yenə də bir qədər tərəddüd edərək 5000 (beş min) manatı ondan konkret olaraq nə məqsədlə istədiyini Qabildən soruşmuşdur. Qabil Sabirabad rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini vəzifəsinə təyin olunması barədə yüksək vəzifədə işləyən dostlarından xahiş etdiyini və maksimum bir ay müddətinə həmin vəzifəyə təyinatı ilə bağlı müvafiq əmrin imzalanacığını söyləyib ondan alacağı 5000 (beş min) manat pulla vəzifəli dostları üçün restoranların birində qonaqlıq təşkil edəcəyini bildirmişdir. Qabili dindar bir insan kimi tanıdığına görə səmimiyyətinə şübhə etməyib razılaşmışdır. Bir neçə gün sonra, xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Sabirabad şəhərində olan zaman Qabil ona zəng vuraraq vəzifəyə təyin olunması üçün 5000 (beş min) manat pulu axşamadək ona göndərməsini istəyib bu məqsədlə Bakı şəhərində gözləyəcəyini bildirmişdir. Razılaşmış və bu məqsədlə uzun müddətdən bəri əmək haqqından toplayıb yığdığı evdə olan özünə məxsus 5000 (beş min) manat pulu götürüb hazırda xatırlamadığı taksi sürücüsünün vasitəsilə Sabirabad şəhərindən Bakı şəhərində yaşayan oğlu Şahid1 göndərmişdir. Eyni zamanda bu barədə Mirşamilə zəng vurub məlumat verərək Qabilin Bakı şəhərində gözlədiyini və göndərdiyi 5000 (beş min) manatı taksi sürücüsündən qəbul edərək Bakı şəhərində Qabillə görüşüb həmin pulu ona çatdırmasını tapşırmışdır. Mirşamil həmin gün axşamtərəfi ona zəng vuraraq göndərdiyi 5000 (beş min) manatı taksi sürücüsündən qəbul etdiyini və dostu Elmarla birlikdə Qabillə Nərimanov rayonu, Nərimanov metrostansiyasının yaxınlığındakı istirahət parkında görüşüb həmin pulu ona çatdırdığını söyləmişdir. Mirşamilin zəngindən sonra dərhal Qabilə zəng vurmuş və söhbət əsnasında Qabil Nərimanov metrostansiyasının yaxınlığında oğlu Mirşamillə görüşüb ondan göndərdiyi 5000 (beş min) manatı aldığını bildirərək maksimum bir ay müddətinə Sabirabad rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini vəzifəsinə təyin ediləcəyini bildirib işə çıxmaq üçün hazırlaşmasını tövsiyə etmişdir. Bununla əlaqədar Qabilə minnətdarlıq etmişdir. Həmin ərəfələrdə əvvəlki kimi, tez-tez Qabillə telefon vasitəsilə əlaqə saxlayıb danışmış və Qabil hər şeyin qaydasında olduğunu, tezliklə Sabirabad rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini vəzifəsinə təyinatı ilə bağlı müvafiq əmrin imzalanacağını bildirmişdir. Təxminən bir ay keçdikdən sonra narahat olmağa başlayıb Qabildən bu məsələnin niyə belə yubandığını soruşmuşdur. Qabil yenə onu inandırmışdır ki, tezliklə təyinatı ilə bağlı müvafiq əmr imzalanacaqdır. Beləcə, bir neçə ay vaxt keçmiş və hər dəfə Qabilə bu barədə narazalığını bildirdikdə o, narahatçılığa heç bir əsas olmadığını bildirib müxtəlif bəhanələrlə onu aldatmışdır. Qabil guya, ona vəd etdiyi işlə bağlı çalışdığını göstərmək üçün sonradan ona «WhatsApp» proqramı vasitəsilə audio mesajlar göndərmiş, onu arxayın salmaq üçün pulunu qaytaracağına dair müxtəlif vədlər verərək «WhatsApp» proqramı vasitəsilə ona audio mesajlar göndərməyə davam etmişdir. Qabil adətən ona “Əmioğlu”, “Ağa” və “Seyid” kimi müraciət etmişdir. Nəhayət, 2020-ci ilin may ayında Qabilin onu aldatdığını başa düşüb ondan dərhal pulunu qaytarmasını tələb etmişdir. Qabil pulunu qaytaracağını vəd etsə də, yenə də bir neçə ay müxtəlif bəhanələrlə onu aldatmışdır. Sonda Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs dostu kimi tanıyır. xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Bakı şəhərində olan zaman Sabirabad şəhərində yaşayan atası Etibar mobil telefonuna zəng vurub hal-əhval tutduqdan sonra Qabilə təcili 5000 (beş min) manat pul çatdırmaq lazım olduğunu söyləyib bu məqsədlə artıq taksi vasitəsilə Sabirabad şəhərindən ona 5000 (beş min) manat pul göndərdiyini və Bakı şəhərində taksi sürücüsünü qarşılayıb həmin vəsaiti qəbul edərək Qabilə çatdırmasını tapşırmışdır. Etiraz etməyib atasından həmin pulu Qabilə nə məqsədlə verdiyini soruşmuş və atası Etibar cavabında bu barədə sonra ətraflı danışacığını demişdir. Atasından taksi sürücüsünün hazırda xatırlamadığı mobil telefon nömrəsini soruşub öyrənərək həmin nömrəyə zəng vurmuş və tanışlıq verdikdən sonra pulu ondan harada götürəcəyini soruşmuşdur. Adını xatırlamadığı həmin taksi sürücüsü 20 Yanvar metrostansiyasının yaxınlığında görüşməyi təklif etmişdir. Razılaşmış və həmin gün günorta saatlarında dostu Şahid2 ilə birlikdə 20 Yanvar metrostansiyasına gedib mterostansiyanın yaxınlığında qeyd olunan taksi sürücüsü ilə görüşərək atası Etibarın göndərdiyi 5000 (beş min) manat pulu ondan almışdır. Pulu aldıqdan sonra Qabilin mobil telefon nömrəsinə zəng vurub atası Etibarın ona çatdırmaq üçün Sabirabaddan 5000 (beş min) manat pul göndərdiyini bildirib harada görüşə biləcəklərini soruşmuşdur. Qabil bir-iki saat sonra Nərimanov rayonu, Nərimanov metrostansiyasının yaxınlığındakı istirahət parkında görüşməyi təklif etmişdir. Odur ki, təxminən iki saat sonra dostu Elmar ilə birlikdə Nərimanov metrostansiyasının yaxınlığındakı istirahət parkına getmişdir. Orada təxminən 10-15 dəqiqə gözlədikdən sonra Qabilin idarə etdiyi sükanı sağda olan hazırda dövlət qeydiyyat nişanını və modelini xatırlamadığı dövlət qeydiyyat nişanının başlanğıcı 08 rəqəmi ilə olan “Toyota” minik markalı avtomobillə parkın qarşısına gəldiyini görüb dostu Elmarla birlikdə onun avtomobilinə yaxınlaşmışdır. Qabil avtomobildən düşüb ona yaxınlaşmış və salamlaşıb hal-əhval tutduqdan sonra parkda atasının göndərdiyi 5000 (beş min) manat pulu sayıb Qabilə təqdim etmişdir. Qabil pulu alıb saydıqdan sonra cibinə qoyub sağollaşaraq çıxıb getmişdir. Atasına zəng vuraraq göndərdiyi 5000 (beş min) manatı dostu Elmarın iştirakı ilə Nərimanov metrostansiyasının yaxınlığındakı parkda Qabilə verdiyini bildirmişdir. Həmin ərəfələrdə söhbət əsnasında atası Etibarın deməsinə görə ona məlum olmuşdur ki, Qabil bir müddət əvəl onu Sabirabad rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib bu məqsədlə ilkin olaraq ona 5000 (beş min) manat pul verməsini istəmişdir. Atası da məhz bu məqsədlə həmin 5000 (beş min) manatı Qabilə çatdırmaq üçün ona göndərmişdir Bir neçə ay sonra ona məlum olmuşdur ki, Qabil atası Etibarı aldadaraq həmin pulu ələ keçirmişdir. Buna görə də atası Etibar 2020-ci ilin avqust ayında Qabilin barəsində Daxili İşlər Nazirliyinə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 13-14-cü vərəqələrində olan “Hadisə yerinə baxış keçirmə barədə” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı X1 vətəndaş Zərərçəkmiş şəxs ərizəsi ilə əlaqədar hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən edildi: Baxış Nərimanov rayonu, Təbriz küçəsi, 102 ünvanında yerləşən Nərimanov istirahət parkının qarşısında keçirilir. Qeyd olunan ünvan istirahət parkı ilə avtomaşın yolunun arasında yerləşir və piaydaların hərəkəti üçündür. Şikayətçi Zərərçəkmiş şəxs oğlu Qasımlı Mirşahinin qeyd etdiklərinə və göstərdiklərinə əsasən atasını işə düzəltmək adı ilə Təqsirləndirilən şəxs 5000 manat pulu o, yuxarıda qeyd olunan Nərimanov istirahət parkının qarşısında vermişdir. Hadisə yerinə baxış zamanı materiala əlavə edilməsi üçün fotoşəkillər çəkilmişdir. Protokol imzalarla təsdiq olunması üçün iştirakçılara ucadan oxunmuşdur. Cinayət işinin 26-cı vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 99-102-ci vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X3, həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs iştirakı ilə Zərərçəkmiş şəxs götürülmüş audiofaylların əks olunduğu bir ədəd CD formatlı diskə baxış keçirmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi: Disk kompüterin disk oxuducusu vasitəsilə açıldıqda içərisində “KMP - MPEG Layer3 Audio File (.mp3)” formatlı aşağıdakı fayllarm olması müəyyən edildi: «WhatsApp Audio 2020-06-15 at 00.30.23»; «WhatsApp Audio 2020-06-16 at 00.53.34»; «WhatsApp Audio 2020-07-12 at 00.25.53 (3)»; «WhatsApp Audio 2020-07-21 at 00.25.59 (2)»; «WhatsApp Audio 2020-07-24 at 00.25.52 (3)»; «WhatsApp Audio 2020- 07-30 at 01.13.26 (3)»; «WhatsApp Audio 2020-08-01 at 01.13.27 (1)»; «WhatsApp Audio 2020-08-12 at 00.25.52 (1)»; «WhatsApp Audio 2020-08-12 at 01.13.27»; «WhatsApp Audio 2020-08-14 at 00.26.00 (1)»; «WhatsApp Audio 2020-08-21 at 00.26.03 (1)»; «WhatsApp Audio 2020-08-24 at 01.13.28»; «WhatsApp Audio 2020-08-25 at 00.53.34 (1)»; «WhatsApp Audio 2020-08-27 at 00.25.56 (2)»; «WhatsApp Audio 2020-08-29 at 00.25.54»; «WhatsApp Audio 2020-09-10 at 00.25.58»; «WhatsApp Audio 2020-09-11 at 00.25.55 (1)»; «WhatsApp Audio 2020-09-12 at 00.25.57»; «WhatsApp Audio 2020-09-12 at 01.13.29 (2)»; «WhatsApp Audio 2020-09-15 at 00.26.00»; «WhatsApp Audio 2020-09- 19 at 00.25.51»; «WhatsApp Audio 2020-09-20 at 00.25.53 (2)»; «WhatsApp Audio 2020- 09-22 at 00.25.59 (1)»; «WhatsApp Audio 2020-09-24 at 00.26.02 (2)»; «WhatsApp Audio 2020-09-24 at 00.26.02». Audiofayllarda Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs «WhatsApp» proqramı vasitəsilə ötürülmüş aşağıdakı məzmunda audio mesajların olması müəyyən edildi: «WhatsApp Audio 2020-06-15 at 00.30.23»: Təqsirləndirilən şəxs - Əssəlamun əleykum seyid, əmoğlu, çalışıram da, çalışıram, hə... narahat olmaginən. «WhatsApp Audio 2020-06-16 at 00.53.34»: Təqsirləndirilən şəxs - Prosto mən səni gəlib alıb yanıma gedəcəm Türkiyəyə, bir-iki dənə məsələ var onnan. Həm Rafiqin məsələləridi, bir-iki dənə yaxşı məsələdi, bir dənə o, Ağanın pulunu verək beş dənəni, o qalanki məsələlər də düzələcək, hamısı, pul da verir mənə, bi işdər var, onu da aparacayıq özümüznən, mikel də istəyən var. «WhatsApp Audio 2020-07-12 at 00.25.53 f3»: Təqsirləndirilən şəxs - Mən səninçin çalışmıramsa, Allah mənə nəhlət eləsin, İskəndərimin xeyirin görmeyim, Ayə sən mənim canım, cigərimsən, bilirəm sənin vəziyyətini orda, and olsun Allaha, dünən də sıxmışam inan Allaha, deyir səbr elə, deyirəm ala nağada səbr eleyim?! «WhatsApp Audio 2020-07-21 at 00.25.59 (2)»: Təqsirləndirilən şəxs - Seyid, cəddün haqqı, bax and olsun Allaha, bu gün də, sabah da keçirtsin verəciyəm, narahat olma, inan Allaha qəhərdən boğazım da tutulub, Allah şahiddi ona. «WhatsApp Audio 2020-07-24 at 00.25.52 (3)»: Təqsirləndirilən şəxs - Narahat olma, çatdırarıq, narahat olma, aya bu gün sabah, pul budu bu günləri göndərdim, sabaha həll eliyəcək inşallah, Allahın izniynən, narahat olma. «WhatsApp Audio 2020-07-30 at 01.13.26 (3)»: Təqsirləndirilən şəxs - Seyid, cəddün haqqı oturub gözdeyirəm, sənnən oynayana Allah nəhlət eləsin, inan Allaha, bax, sən əyər zəng eləyib, ürəyim tutub məni inan Allaha deyirəm, oturub gözdeyirəm, bax inan Allaha, Allah şahiddi, bayaq oturmuşdum bir tikə ağzımdan çörək girmiyib. «WhatsApp Audio 2020-08-01 at 01.13.27 (1)»: Təqsirləndirilən şəxs - Səbr elə düzələcək, lazımdısa bu dəyqə Mirşamil əmiyə zəng elətdirim deyim?! «WhatsApp Audio 2020-08-12 at 00.25.52 (1)»: Təqsirləndirilən şəxs - Əmioğlu, bax gözdeyirəm, bu günün özündə gözdeyirəm, keçirtməlidülər pulu. «WhatsApp Audio 2020-08-12 at 01.13.27»: Təqsirləndirilən şəxs - Seyid vallah gözdeyirəm, əmioğlu, deyirəm gözdeyirəm, bı dəyqə oturmuşuq gözdeyirik, and olsun Allaha, evdiyəm oturmuşam, elə bayaqları zəng elədim Akif əmiyə, dedi ki, narahat olmaginən, dedim veriləcəy də! «WhatsApp Audio 2020-08-14 at 00.26.00 (1)»: Təqsirləndirilən şəxs - İndi yaxşıyamee, tuturam danışıram belə, danışa bilmirəm. “WhatsApp Audio 2020-08-24 at 01.13.28”: Təqsirləndirilən şəxs - And olsun Allaha gözdeyirəm, vallahi gözdeyirəm, sənəddəri vermişik ora, gözdeyirik inşallah, Allahın izniynən, həll olunub sənin pulun çatacaq, fayizin də, fayizi də sonradan şeydən, Turqutdan götürərsən, qoy bidənə bunu düzüm qoşum, sənə mənə imkan ver qoy bidənə bu şey eleyim, narahat olma deyirəm sənə. «WhatsApp Audio 2020-08-21 at 00.26.03 (1)»: Təqsirləndirilən şəxs - Hə bilirəm ki, Seyid eee, Seyid bu alınmadı daa, bu alınmadı, sənnən ötrü o seyid Sədini tanıyırsanda? Yanında o adam yoxdu bir ağzımnan çıxanı dedim ona. Deyir Hacı səbr elə də, neyniyim mən?! Başa düşdün məni? Bir səbr elə də, yekə oğlansan. Bir adamda..belə şey..basarat da bağlamreee... Qurana and olsun. Hələ ki, bir Allaha səbr eliyəy, Allah bir yoldan açdı yolu. Dedim sənə düzəldib verəciyəm də sənə də.. Allah haqqı, daşın biri ora vermişəm, birin ora vermişəm, gedib Fransada oturub. «WhatsApp Audio 2020-09-19 at 00.25.51»: Təqsirləndirilən şəxs - Hacı, adı nədii, Seyid, mən gözdeyirəm də, versinnər verəciyəm, mən o pulu özüm xərjdəməmişəm, dedim sənə ki, verəciyəm də, səbirli ol, indi görüm bu günnəri köçürməlidi, köçürtsün verəciyəm narahat olma. Auidofayllarda əks olunmuş audio mesajlar Zərərçəkmiş şəxs bilavasitə iştirakı ilə məzmununa uyğun və mümkün qədər hərfi şəkildə qeyd edildi. Baxış zamanı digər auidofayllarda da Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ötürülmüş eyni məzmunlu audio mesajların olması müəyyən edilidi. Baxış zamanı sözügedən auidofayllarda əks olunmuş audio mesajların Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs konkret olaraq hansı tarixlərdə ötürülməsini müəyyən etmək mümkün olmadı. Baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən başqa hal qeydə alınmadı. Cinayət işinin 122-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması və üzərinə baxış keçirilməsinə dair” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində Nərimanov RPİ-nin İŞ-si tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi üzrə, xx.xx.2021-ci il tarixdən 60931/21 saylı axtarış işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında saxlanılaraq 18-ci PŞ-nə gətirilmiş, üzərində şəxsiyyətini təsdiq edən sənəd, sürücülük vəsiqəsini təsdiq edən sənəd, 5 azn pul və Kent 4 markalı siqaret aşkar olundu və Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 148-153-cü vərəqələrində olan “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid2 tanınmaya təqdim olunan digər şəxslərin sırasında Təqsirləndirilən şəxs tanıyaraq məhz həmin şəxsə xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Nəriman Nərimanov adına istirahət parkında Şahid1 5000 (beş min) manat məbləğində pul vəsaiti verdiyini göstərmişdir. Cinayət işinin 172-174-cü vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 177-178-ci vərəqələrində olan “Tutulmuş şəxsin azad edilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin müvəqqəti saxlama yerindən azad edilməsi, qərarın icra edilməsi üçün dərhal Nərimanov RPİ-nin müvəqqəti saxlama yerinə göndərilməsi qərara alınmışdır. Cinayət işinin 182-ci vərəqində olan Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü İsgəndərli İsgəndərin atası kimi Təqsirləndirilən şəxs, anası kimi İsgəndərova Gülarə göstərilmişdir. Cinayət işinin 183-193-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Təqsirləndirilən şəxs «WhatsApp» proqramı vasitəsilə Zərərçəkmiş şəxs ötürdüyü audio mesajların əks olunduğu bir ədəd CD formatlı diskin maddi sübut hesab edilməsi və cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (22-xx xxxxxx 2021-ci il tarixlər) müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəlinin xx xxxxx 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs “WhatsApp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs ötürdüyü audio mesajların əks olunduğu bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, Müdafiəçi xx xxxx 2021-ci il - xx xxxxx 2021-ci il tarixlərdə keçirilmiş 4 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli xx xxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs “WhatsApp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs ötürdüyü audio mesajların əks olunduğu bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar