Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-149/2023 31.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)-40/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 01 ədəd bükümdə təmiz çəkisi 0,588 qram qəhvəyi rəngli tozşəkilli maddə şəklində kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış və xx.xx.2022-ci il tarixdə saat 16:00-da Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin Narkomaniyaya qarşı Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçun saxlanılıb Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov 7 ünvanında yerləşən Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,588 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, üzərindən aşkar olunmuş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığından tapmışdır. 24 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı evin yaxınlığında olduğu zaman polis əməkdaşları onu saxlayaraq polis idarəsinə aparmışlar. Polis İdarəsində onun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı o, üzərində gəzdirdiyi narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Son olaraq əməlindən peşmanlıq çəkdiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Zaur” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi və saxlanılması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə tərəflərindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, eyni zamanda “Zaur” adlı şəxsin şəxsiyyəti müəyyən olunaraq Təqsirləndirilən şəxs olması məlum olmuş, 24 oktyabr 2022-ci il tarixdə saat 16:00-da Bakı şəhəri, Nərimanov RPl-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu ərazisində xidmətdə olan zaman əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs ünvan 2 ünvanın qarşısında tərəflərindən saxlanılmış, onlar məlumatla uyğun gələn şəxsdən özünü təqdim etməsini xahiş etmiş, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, həmin şəxsdən üzərində narkotik vasitə və psixotrop maddə olması barədə şübhə olduğunu bildirib, üzərinə şəxsi axtarış və götürmə keçirilməsi üçün Bakı şəhəri Nərimanov RPİ-yə dəvət etmişlər. İdarədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə dövlət hesabına dəvət olunmuş “Yusifbəyli və Partnyorları" Vəkil Bürosunun vəkili X1, Nərimanov RPİ-nın NMB-nin əməliyyat müvəkkilli, polis leytenantı Şahid3, Nərimanov RPİ-nin Əməliyyat və Rabitə Qrupunun operatoru, polis serjantı Şahid2 və özünün iştirakı ilə şəxsi axtarış və götürmə tədbiri keçirilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra üzərində hər hansı bir qanunla daşınması, saxlanması, dövriyyəsi qadağan olunmuş əşyanın, vasitənin olub-olmaması və könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim edərək, əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə olan bükümü və şalvarının sağ yan cibindən isə “Samsung" markalı mobil telefonu və əynində olan qara rəngli dəri gödəkçənin sol iç cibindən isə üzərində 'Attenti" yazısı olan 01 ədəd elektron cihazı çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs sol ayağının topuqdan yuxarı hissəsində 01 ədəd qara rəngli “elektron qolbağın” bərkidildiyi aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı başqa əşyanın olub-olmaması barədə soruşduqda başqa əşyanın olmadığını bildirməsinə baxmayaraq üzərinə baxış keçirilmiş, lakin qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş başqa hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə barədə soruşduqda bir ədəd bükümdə olan maddənin narkotik vasitə olan heroin olmasını və xx.xx.2022-ci il tarixdə yaşadığı ünvanın yaxınlığından taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar olunmuş maddə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən protokol imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində çağırılmış Bakı şəhər Nərimanov RPİ-nin polis əməkdaşı Şahid3 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Bakı şəhər Nərimanov RPİ-nin polis əməkdaşı Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid2 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” 24 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 24 oktyabr 2022ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı ona təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rəngli toz halında maddələr olan 01 ədəd bükümü və şalvarının sağ yan cibindən isə '‘Samsung" markalı mobil telefonu vəəynində olan qara rəngli dəri gödəkçənin sol iç cibindən isəüzərində “Attenti” yazısı olan 01 ədəd elektron cihazı çıxardaraq təqdim etmiş, bundan başqa Təqsirləndirilən şəxs sol ayağının topuqdan yuxarı hissəsində 01 ədəd qara rəngli “elektron qolbağın” bərkidildiyi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisində olan maddənin heroin olduğunu bildirmiş, o, həmin maddəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadığı ünvanın yaxınlığında taparaq, şəxsi istifadə üçün üzərində saxlamışdır ki, ehtiyacı olduğu zaman istifadə etsin. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi maddə iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülərək qablaşdırılmış və DİN-in 44 nömrəli möhürü ilə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2022-ci il tarixli 6/6175 nömrəli məhkəmə kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...aşkar olunan maddə...” yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,588 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 88,00 manat təşkil edir. “Diskə baxış keçirilməsi haqqında” 25 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən, sonra özünü təqdim etməsi, həmçinin üzərində hər hansı bir qanunla daşınması, saxlanması, dövriyyəsi qadağan olunmuş əşyanın, vasitənin olub-olmaması və könüllü təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim edərək, əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə olan bükümü və şalvarının sağ yan cibindən isə “Samsung” markalı mobil telefonu vəəynində olan qara rəngli dəri gödəkçənin sol iç cibindən isə üzərində “Attenti" yazısı olan 01 ədəd elektron cihazı çıxardaraq təqdim edir. Təqsirləndirilən şəxs sol ayağının topuqdan yuxarı hissəsində 01 ədəd qara rəngli “elektron qolbağın" bərkidildiyi aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı başqa əşyanın olub-olmaması barədə soruşduqda başqa əşyanın olmadığını bildirməsinə baxmayaraq onun üzərinə baxış keçirilir, lakin qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə barədə soruşduqda bir ədəd bükümdə olan maddənin narkotik vasitə olan heroin olmasını və xx.xx.2022-ci il tarixdə yaşadığı ünvanın yaxınlığında taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Bundan sonra aşkar olunmuş maddə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən protokol imzalarla təsdiq olunmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi və saxlanıldığı MSY-dən azad olunması barədə” 26 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X2 26 oktyabr 2022-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsi və onun Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 26 oktyabr 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. “Maddi sübutun tanınması haqqında” 26 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,588 qramın, 0,05 qram tədqiqata sərf edildikdən, sonra 0,538 qram qalıq çəkisi olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Nərimanov RPİ-nın saxlanc anbarına təhvil verilmiş və iş üzrə şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünün olduğu 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınması qərara alınmışdır. Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 6412 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Mobil telefona baxış keçirilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Samsung markalı mobil telefona baxış keçirilmişdir. Lakin iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzası şərti olaraq tətbiq edilmiş 06 ay şərti sınaq müddəti müəyyən edilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-cü maddəsi ilə 08 ay 27 gün islah işləri cəzasına məhkum edilmiş və xx.xx.2015-ci il tarixdə cəza müddəti bitmişdir. Bundan başqa Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-383/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)-40/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Şəhər Probasiya İdarəsinin Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi barədə təqdimatına baxılaraq təqdimat təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(005)-383/2021 nömrəli hökmü ilə 01 il 11 ay 28 gün müddətinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 14 gün hissəsi, Azərbaycan Respublikası CPM-nin 52-1.5-ci maddəsinə əsasən 06 ay 07 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. “Diskə baxış keçirilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrənin anten dairəsi və hərəkət trayektoriyasına aid məlumatlara baxış keçirilmişdir. İş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. CD disk isə iş üçün əhəmiyyət kəsb etdiyindən iş materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0.15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli və “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 iyun 2002-ci il tarixli Qərarlarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs hazırki cinayəti cəza çəkdiyi dövrdə törətsə də, onun tərəfindən əvvəllər törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən, CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə hazırki cinayət əməlini törətməsi, habelə təyin olunmuş cəzaya baxmayaraq sonuncunun islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, həmçinin cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə cəza təyin olunmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 01 il 14 gün hissəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 06 ay 07 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəzaçəkməsinin əvvəli 07 fevral 2023-cü il tarixdən hesablanmışdır. Odur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvəz edilmiş 06 ay 07 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 04 ay 13 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlanmanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırılma növündə cəzanın müddətinə bir gününə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət cəza müddətinə hesablanmalı, cəza çəkmə müddətinin əvvəli – 31 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)-40/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 31 mart 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)-40/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalı, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-93.1.2), cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan narkotik vasitənin qalığı – 0,538 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, (CPM- 132), cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 88,00 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 saat üçün cəmi 120 manat dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)-40/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 ay 13 gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, onun üzərində qəti olaraq 01 il müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 31 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)- 40/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan narkotik vasitənin qalığı – 0,538 qram çəkidə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 88,00 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 saat üçün cəmi 120 manat dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-149/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-149/2023
31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver