Məhkəmə qərarları › İş №1(005)-149/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-149/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-149/2024 03.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 22 avqust 1990-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 26 avqust 2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında olan zaman qardaşı Zərərçəkmiş şəxs icazəsi olmadan sonuncuya məxsus “Redmi” markalı mobil telefonun kilidini açıb "xxxx" ASC-yə məxsus mobil tətbiq proqramına şifrəni yığmaqla elektron məlumat daşıyıcısı hesab edilən 4098-5844-7862-8348 nömrəli "xxxx"a məxsus “Leobank” plastik kart hesabına daxil olub xx.xx.2023-cü il tarixdə saat 12 radələrində 212 manat pulu "xxxx"a məxsus 4098-5844- 9227-3352 nömrəli kart hesabına köçürmək yolu ilə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 212 (iki yüz on iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 22 sentyabr 2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında olan zaman qardaşı Zərərçəkmiş şəxs icazəsi olmadan sonuncuya məxsus “Redmi” markalı mobil telefonun kilidini açıb "xxxx" ASC-yə məxsus mobil tətbiq proqramına şifrəni yığmaqla elektron məlumat daşıyıcısı hesab edilən 4098-5844-7862-8348 nömrəli "xxxx"a məxsus “Leobank” plastik kart hesabına daxil olub xx.xx.2023-cü il tarixdə saat 07:20 radələrində 300 manat, 500 manat və 1000 manat olmaqla ümumilikdə 1800 manat pulu "xxxx"a məxsus 4098-5844-9227-3352 nömrəli kart hesabına köçürmək yolu ilə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1800 (bir min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 45A, mənzil 4 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun doğma qardaşıdır və sonuncu “Coca-Cola” şirkətində işləmişdir. 2023-cü ilin avqust ayında şəxsi işləri ilə əlaqədar olaraq pul lazım olduğu üçün qardaşı Xəyalın adına olan "xxxx"a məxsus “Leobank” plastik kart hesabından pul götürmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində qardaşı Xəyalın yatmağından istifadə edərək sonuncuya məxsus istifadəsində olan “Xiomi Redmi” markalı mobil telefonu götürüb şifrəni yığaraq telefonu açmışdır. Həmin vaxt o, mobil telefonda olan “Leobank” tətbiqinə daxil olaraq kart hesabından 212 manat pul çəkərək istifadə etdiyi "xxxx"a məxsus “Leobank” plastik kart hesabına göndərmişdir. Xəyal bunu başa düşdükdən sonra pulunu tələb etməyə başlamışdır. O da Xəyala vaxt verməsini, pulu geri qaytaracağını bildirsə də, maddi imkanı olmadığı üçün qaytara bilməmişdir. Buna görə də, Xəyal DİN-in 102 xidmətinə zəng edərək özünə məxsus kart hesabından 212 manat pulun onun tərəfindən oğurlanmağı barədə məlumat vermişdir. Buna baxmayaraq maddi imkanı olmadığı üçün Xəyalın pulunu qaytara bilməmişdir. Xəyalın plastik kart hesabından 212 manat pulu çıxaran zaman balansda pulun olduğunu görmüşdür. Buna görə də, yenidən Xəyala məxsus plastik kart hesabından pul oğurlamaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 07:20 radələrində qardaşı Xəyalın yatdığını görüb sonuncuya məxsus “Xiomi Redmi” markalı mobil telefonu götürüb şifrəsini yığaraq telefonu açmış və telefonda olan “Leobank” tətbiqinə daxil olaraq kart hesabından üç dəfəyə, 1000 manat, 500 manat, 300 manat olmaqla 1800 manat pulu istifadə etdiyi "xxxx"a məxsus “Leobank” plastik kart hesabına göndərmişdir. Sonra kart hesabına göndərdiyi pulları bankomatdan çıxarıb borclarına vermişdir. Sonradan isə Xəyalın bu barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat verdiyini və RPİ-nin 17-ci PŞ-nə şikayət etməsini öyrənmişdir. Xəyal onun yanında kart hesablarına daxil olaraq əməliyyat apardığı üçün o, sonuncunun yığdığı şifrəni görüb yadında saxlamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödədiyini və sonuncunun ona qarşı şikayət və tələblərinin olmadığını qeyd edərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə onunla birlikdə yaşayan qardaşı Təqsirləndirilən şəxs onun yatmağından istifadə edərək ona məxsus istifadəsində olan “Xiomi Redmi” markalı mobil telefonunu onun barmaq izindən istifadə edib koddan açmaqla mobil telefonunda olan “Leobank” tətbiqinə daxil olmuş və telefonunda olan mobil tətbiq vasitəsi ilə kart hesabından 216 manat pul çəkərək həmin pulu öz kart hesabına göndərərək ona məxsus olan pulu oğurlamışdır. O, kart hesabındakı pulunun qardaşı Namiq tərəfindən çəkildiyini bildikdən sonra sonuncudan pulunu geri qaytarmasını tələb etmişdir. Namiq isə ondan bir gün vaxt istəyərək pulunu qaytaracağını bildirmişdir. Bir neçə gün keçdikdən sonra Namiqin onun pulunun qaytarılmayacağını başa düşmüş və buna görə də DİN-in 102 xidmətinə zəng edərək qardaşı Namiqin ona məxsus kart hesabından 216 manat oğurlaması barədə şikayət etmişdir. Barəsində şikayətçi olduğu qardaşı Namiq onun şikayətinə baxmayaraq pulu qaytarmamışdır. Daha sonra xx.xx.2023cü il tarixdə saat 07:43 radələrində anası Şahid Beydulla qızı onu oyadaraq telefonunu təxminən 10 dəqiqə əvvəl Namiqin əlində gördüyünü bildirmişdir. Sonra qardaşı Namiqin əvvəllərdə ondan icazəsiz telefonunda olan “Leobank” bank mobil tətbiqi vasitəsi ilə pul çəkərək özünə məxsus kart hesabına atmasını xatırlamışdır. Buna görə də, şübhələndiyi üçün telefonunda olan “Leobank” mobil tətbiqinə daxil olmuş və kart hesabında olan 2000 manat puldan 1836 manat pulun Namiq tərəfindən çəkilərək sonuncuya məxsus kart hesabına atmağını aşkar etmişdir. O, DİN-nin 102 xidmətinə zəng edərək və Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 2052 manat məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid Beydulla qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Eni zamanda Şahid Beydulla qızı məhkəməyə ərizə ünvanlayaraq səhhətində olan problemlər ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilmədiyini, istintaq zamanı verdiyi ifadəsinin doğru olduğunu və həmin ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid Beydulla qızının ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 17-19-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 28 avqust 2023-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi ünvan 2 ünvanında baş vermişdir. Hadisə yeri olan mənzil 2 otaqdan ibarətdir. Hadisə yerinin fotoşəkilləri çəkilməklə materiala əlavə olunmuşdur. Cinayət işinin 44-45-ci vərəqələrində olan “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 01 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 80-82-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 02 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Tuqay Allahverdizadənin xx.xx.2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 83-84-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 02 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 102-103-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 07 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. xx.xx.2018-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişib və 08 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Cinayət işinin 104-114-cü vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-145/2018 saylı, 06 iyun 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 26 sentyabr 2017-ci il tarixindən bu günki gün 06 iyun 2018-ci il tarixinədək, yəni 08 (səkkiz) ay 11 (on bir) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, 01 (bir) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Cinayət işinin 126-cı vərəqində olan “CD diskə baxış keçirilməsi haqqında” 10 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X1 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında istintaq edilən ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə riayət etməklə cinayət işi üzrə Zərərçəkmiş şəxs adına 4098-5844-7862-8348 nömrəli "xxxx" ASC-yə aid bank hesabına xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində aparılmış əməliyyatların siyahısı köçürülmüş və "xxxx" ASC-tərəfindən alınmış 01 ədəd “CD” diskinə meydana çıxmış zərurətlə əlaqədar Nərimanov RPİ-nin 55 saylı xidməti otağında “HP” markalı kompüterdə baxış keçirmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi: Bir ədəd “CD” fomatlı diskin üzərində “X8348” sözləri yazılmışdır. Həmin disk Nərimanov RPİ-nin İŞ-nin 55 saylı xidməti otaqda olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 01 ədəd “Zərərçəkmiş şəxs 8348” adlı “Excell” formatlı fayllar aşkar olundu. Həmin “Zərərçəkmiş şəxs 8348” adlı fayl açıldıqda içərisindən Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus 4098-5844-7862-8348 nömrəli “Leobank” plastik kart hesabından xx.xx.2023 tarixdə 212 manat, xx.xx.2023 tarixdə 1000 manat, 500 manat, 300 manat olmaqla ümumilikdə 2012 manat pul Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx"a məxsus 4098-5844-9227-3352 nömrəli kart hesabına köçürülməsi aşkar edildi. Cinayət işinin 128-136-cı vərəqələrində olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus 4098-5844-7862-8348 nömrəli “Leobank” plastik kart hesabından xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə pulların Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx"a məxsus 4098-5844-9227-3352 nömrəli kart hesabına köçürülməsi əks olunmuş 02 ədəd A4 formatlı kağız üzərində olan çıxarışların surətinin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, cinayət işi üzrə "xxxx" ASC-dən alınmış 01 ədəd “CD” formatlı diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli, 7(005)-854/2018 saylı qərarından görünür ki, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən verilmiş təqdimatın təmin edilməsi, məhkum Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 1(011)-145/18 nömrəli hökmü ilə təyin edilmiş 01 il 07 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 04 ay 20 gün hissəsinin 02 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə bərabər tutulmaqla azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi və Təqsirləndirilən şəxs 08 (səkkiz) ay 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli, 7(005)- 854/2018 saylı qərarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli, 7(005)-854/2018 nömrəli qərarında yol verilən anlaşılmazlığın aradan qaldırılması və həmin qərarın nəticəvi hissəsinə “Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 22 noyabr 2018-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin” cümələsinin əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd olunur ki, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bankomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bankemitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxsin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus 4098-5844-7862-8348 nömrəli “Leobank” plastik kart hesabından xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə pulların Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx"a məxsus 4098-5844-9227-3352 nömrəli kart hesabına köçürülməsi əks olunmuş 02 ədəd A4 formatlı kağız üzərində olan çıxarışların surəti cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan - "xxxx" ASC-dən alınmış 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Zərərçəkmiş şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin hesab edir ki Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (2 gün) çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus 4098-5844-7862-8348 nömrəli “Leobank” plastik kart hesabından xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə pulların Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx"a məxsus 4098-5844-9227-3352 nömrəli kart hesabına köçürülməsi əks olunmuş 02 ədəd A4 formatlı kağız üzərində olan çıxarışların surəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan - "xxxx" ASC-dən alınmış 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar