Məhkəmə qərarları › İş №1(005)-15/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-15/2021

01.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-15/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 71,800 (yetmiş bir min səkkiz yüz) ABŞ dolları məbləğində pul vəsaitini ödəniş günü Azərbaycan manatı ilə Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 18 iyul 2012-ci il tarixli, 2(005)-352/2012 saylı qətnaməsini icra məmurunun qanuni tələblərini yerinə yetirmədən üzrsüz səbəbdən icra etmədiyindən həmin məhkəmənin 18 oktyabr 2018-ci il tarixli, 3(005)-2144/2018 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətində həbs edilməsinə, məhkəmə aktının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 15 aprel 2019-cu il tarixdə bildiriş təqdim edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 18 iyul 2012-ci il tarixli, 2(005)- 352/2012 saylı qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən elan edilmiş ittihamda özünü təqsirli bilmir. 2009cu ildə Zərərçəkmiş şəxs qısa müddət ərzində qaytarmaq məqsədi ilə 40,000 (qırx min) ABŞ dolları və 11,500 (on bir min beş yüz) manat məbləğində pul vəsaiti borc almış, sonradan borcu qaytara bilməmişdir. O, isə pulu tələb edərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin 18 iyul 2012-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilərək 71,800 (yetmiş bir min səkkiz yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü Azərbaycan manatı ilə tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Nərimanov rayon İcra Şöbəsinin icra məmurları ona bildirişlər təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmişdir. İcra məmuru qətnamənin icrasının təmin edilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta həmin məhkəmənin 18 oktyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətində həbs edilmişdir. Bundan sonra da icra məmuru qətnamənin icrası ilə bağlı ona bildiriş təqdim etməklə yeni müddət təyin etsə də o, maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmişdir. Sonda Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edib dəymiş ziyanın tam ödənildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı şikayət və tələb olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X3 və Təqsirləndirilən şəxs 2010-cu ildə ondan 130,000 (bir yüz otuz min) ABŞ dolları məbləğində pul vəsaiti qısa müddət ərzində qaytarmaq məqsədi ilə borc almışdır. Bir müddət sonra sözlərinə əməl etməyərək pulu qaytarmaqdan boyun qaçırdıqlarına görə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində onlara qarşı iddia qaldıraraq pulunu tələb etmiş, məhkəmənin 18 iyul 2012-ci il tarixli, 2(005)-352/2012 saylı qətnaməsi ilə iddia təmin edilərək onlardan 71,800 (yetmiş bir min səkkiz yüz) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü Azərbaycan manatı ilə tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamənin icrası ilə Nərimanov rayon İcra Şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar Təqsirləndirilən şəxs bildirişlər təqdim edilməsinə baxmayaraq sonuncu məhkəmə aktını icra etməkdən birmənalı şəkildə imtina etdiyindən həmin məhkəmənin 18 oktyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətində həbs edilmişdir. Bundan sonra da icra məmuru qətnamənin icrası ilə bağlı ona bildiriş və rəsmi xəbərdarlıq məktubları təqdim etməsinə baxmayaraq, o, məhkəmə aktını icra etməmişdir. Sonda Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edib ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbi olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, X1 və Təqsirləndirilən şəxs 71,800 (yetmiş bir min səkkiz yüz) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü Azərbaycan manatı ilə tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 18 iyul 2012-ci il tarixli qətnaməsi icra edilməsi ilə əlaqədar Nərimanov rayon İcra Şöbəsinə daxil olmuşdur. İcra sənədi şöbə rəhbəri tərəfindən onun üzərinə yazılmış, o, isə sənədi icraata qəbul edərək 01 sentyabr 2014-cü tarixdə icraata başlanma haqqında qərar qəbul etmişdir. Tələbin 10 (on) gün müddətində könüllü təmin edilməsi ilə əlaqədar borcluya bildiriş təqdim etmiş, məhkəmə qətnaməsi könüllü icra müddətində icra olunmadığından aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablaradan onun adına olan əmlakları aşkar etmək mümkün olmamış, müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs Nərimanov rayon İcra Şöbəsinə dəvət olunaraq izahatları alınmış və qanunun tələbləri və məsuliyyəti izah olunmuşdur. Borclu izahatında fərdi əməklə məşğul olduğunu, lakin maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etmədiyini bildirsə də, üzərindən uzun müddət keçməsinə baxmayaraq qətnaməni qərzəli icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından həmin məhkəmənin 18 oktyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətində həbs edilmişdir. Məhkəmə aktının icrasının təmin edilməsinə dair ona yenidən müddət təyin edilməsinə baxmayaraq, hərəkətlərini davam etdirməklə qətnamənin icrasından qərəzli yayınmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı Şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Bakı Şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 9-11-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2012-ci il tarixli, 2(005)-352/2012 saylı qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdehlər X2 və Təqsirləndirilən şəxs qarşı iddiası qismən təmin edilərək, cavabdehlərdən 71,800 (yetmiş bir min səkkiz yüz) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü Azərbaycan manatı ilə tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir Cinayət işinin 12-ci vərəqində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində 18 iyul 2012-ci il tarixli, 2(005)-352/2012 saylı icra vərəqindən görünür ki, borclular X1 və Təqsirləndirilən şəxs 71,800 (yetmiş bir min səkkiz yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü Azərbaycan manatı ilə tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir Cinayət işinin 20-ci vərəqində olan “İcraata başlamaq haqqında” 01.09.2014-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2012-ci il tarixli, 2(005)-352/2012 saylı icra sənədi üzrə icraata başlanılması, borclu Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü təmin etməsi üçün borcluya bildiriş göndərilməsi, icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və 7 % icra ödənişinin borcludan tutulması qərara alınmışdır. Cinayət işinin 21-ci vərəqində olan 01.09.2019-cu il tarixli, 17/69-5193-9 nömrəli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2012ci il tarixli, 2(005)-352/2012 saylı icra sənədində göstərilmiş tələbin könüllü icrası üçün “10” gün müddətində vaxt verilməsinə dair bildirişin surəti borclu Təqsirləndirilən şəxs göndərilmişdir. Cinayət işinin 127-128-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2144/2018 saylı, 18.10.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi, həbsetmənin əvvəlinin 18.10.2018-ci ilin saat 17:00-dan hesanlanılması qərara alınmışdır. Cinayət işinin 131-ci vərəqində olan Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin 01.11.2018-ci il tarixli xəbərdarlığından görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmədiyinə görə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2144/2018 saylı, 18.10.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmişdir. Odur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2012-ci il tarixli, 2(005)-352/2012 saylı icra sənədinin icrası üçün Təqsirləndirilən şəxs 10 gün müddət verilmişdir. Cinayət işinin 215-ci vərəqində olan Zərərçəkmiş şəxs 05.02.2020-ci il tarixli ərizəsindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 18 iyul 2012-ci il tarixli, 2(005)-352/2012 saylı qətnaməsi üzrə ona olan pul borcundan X3 3300 (üç min üç yüz) manat pulu 2 il əvvəl ona nağd qaydada ödəmişdir. Cinayət işinin 254-255-ci vərəqələrində olan “Başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 06.02.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 261-ci vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş 06.02.2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 18 iyul 2012-ci il tarixli, 2(005)-352/2012 saylı qətnaməsinə əsasən ona olan borcundan 10000 (on min) ABŞ dolları məbləğində pulu bu qəbz əsasında şəxsən Zərərçəkmiş şəxs ödəmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-15/2021 saylı, 17.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi, onun olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına etap olunması, qərarın Təqsirləndirilən şəxs həbsdə saxlanılması ilə bağlı hissəsinin icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB tərəfindən verilmiş 07.08.2021-ci il tarixli, Aİ-61525 saylı məktubdan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına etap olunması üçün Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 11.08.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyan tam olaraq ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 18 iyul 2012-ci il tarixli, 2(005)-352/2012 saylı qətnaməsini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 306-cı maddəsinin qeyd hissəsinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş Təqsirləndirilən şəxs tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2012-ci il tarixli, 2(005)-352/2012 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra edildiyini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş Təqsirləndirilən şəxs tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2012-ci il tarixli, 2(005)-352/2012 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra edildiyini, cinayət və cinayət-prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası CM-in 306-cı maddəsinin qeyd hissəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.1, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar