Məhkəmə qərarları › İş №1(005)-150/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-150/2021

27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-150/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərər çəkmiş şəxs- Zərərçəkmiş şəxs Viktoroviçin, Müdafiəçi –Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olumamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 06 avqust 2020-ci il tarixdə saat 15:29-da giriş-çıxışı sərbəst olan Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospekti 2036-cı məhəllə 1-ci köndələn ev 1 B-nin 12-ci mərtəbəsində ümumi dəhlizdə olan Zərərçəkmiş şəxs məxsus bir ədəd istismar olunmuş «CUBE» markalı velosipedi oğurlayaraq ona 1600 manat məbləğində ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs məxsus “Cube” markalı velosipedi o, oğurlamışdır. Belə ki, əvvəllər bazarda tanış olduğu Cabir adlı şəxslə söhbət edən zaman ona lazımsız olan dəmir və sair metal əşyaların yığımı ilə məşğul olduğunu demişdir. Təxminən həmin söhbətdən iki ay müddət keçənə qədər birlikdə ayrı-ayrı yerlərdən tullantı materialları yığaraq metal qəbulu məntəqələrinə satmışlar. 06.08.2020-ci il tarixdə saat 12 radələrində o, Cabirlə görüşüb, yeni tikilmiş binalarda tullantı dəmirlərin olduğunu və yığa biləcəklərini deyərək, onunla birlikdə Bakı şəhəri Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən DİN-in binaları kimi tanınan binalara tərəf gəlmişlər. Yeni tikilən binalarda təmir işləri getdiyindən orada dəmir və digər metalların ola biləcəyini düşünmüş və birlikdə həmin binanın 16-cı mərtəbəsinədək qalxmışlar. Orada onlara heç kim dəmir verməmiş və bundan sonra yenidən həyətə düşmək istədikdə 12-ci mərtəbədə bir ədəd velosipedin açıq şəkildə orada qaldığını görmüşlər. Həmin zaman o, Cabirə demişdir ki, bu velosipedi aparmaq istəyir. Lakin Cabir onunla mübahisə edərək bu işə onu qarışdırmamasını bildirmişdir. Bundan sonra onlar birlikdə binadan aşağı düşərək yolun kənarına tərəf getmişlər. O Cabirə demişdir ki, onda o, getsin onun özü gələcəkdir. Daha sonra Cabir ondan kənarlaşaraq dayanacağa tərəf getmiş, o isə yenidən binaya qalxaraq 12-ci mərtəbədə olan velosipedi oğurlamışdır. Həmin velosipedi daha sonra “8-ci kilometr” bazarı kimi tanınan yerdə Ruhin adlı şəxsə 110 manata satmışdır. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslə barışıq əldə etdiyini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını qeyd edib barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özünə məxsus olan “Cube” markalı velosipedi 2018-cı ildə 1600 manata almışdır. Həmin velosipedi adətən yaşadığı binadakı 12-ci mərtəbədə yerləşən mənzilinin qarşısında saxlamışdır. Sonuncu dəfə 2020-ci ilin avqust ayının 3-də həmin velosipedi idarə etmiş, daha sonra həmişəki kimi gətirib yerində saxlamışdır. 04 avqust 2020-ci il tarixdə ona məxsus velosiped yerində olsa da, lakin 6 avqust tarixdə saat 16.15 radələrində mənzilinə qayıdarkən velosipedinin yerində olmadığını aşkar etmişdir. Daha sonra velosipedinin oğurlanması barədə polisə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan ödənilib və ona qarşı şikayətçi deyildir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 19 avqust 2020-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaq aparılır. CD diskə baxış keçirilməsi haqqında 20 avqust 2020-ci il tarixli protokoldan görünür ki, diskə baxış zamanı müəyyən edilmişdir ki, 06.08.2020-ci il tarixdə saat 15:29-da ünvan 2 ünvanda yerləşən binanın önündən bir nəfər kişi cinsindən olan şəxs əlində velosipedlə iti addımlarla hərəkət edib gedir. İttiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarışın elan edilməsi haqqında 30 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və şübhəli şəxs qismində tutularaq Nərimanov RPİ-nin İŞ-nə təhvil verilməsi qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması haqqında 26 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26.01.2021-ci il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin 17ci PŞ-nə gətirilmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 26 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26.01.2021-ci il tarixdə saat 18:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında 27 yanvar 2021-ci il tarixli qərardan görünür ki, X1 olaraq təqdim etdiyi “CUBE” markalı velosiped götürülmüşdür. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 28 yanvar 2021-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.01.2021 -ci il tarixli, 9\431 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan “CUBE” markalı “Aim Pro 29” modelli dəyişən sürətli tam komplektli velosipedin istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 700.0 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 02.02.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəməsinin 04.07.2021-ci il tarixli hökmü ilə AR CM-in 177.2.1, 177.2.3, 66.1-ci maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 04.03.2002-ci il tarixli qərarı ilə cəzası 02 il 08 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş, 06.11.2003-cü ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə 01 il 06 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş, Bərdə Rayon Məhkəməsinin 21.02.2006-cı il tarixli hökmü ilə AR CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 04.10.2007-ci ildə Salyan Rayon Məhkəməsinin 14.09.2007-ci il tarixli qərarı ilə AR CM-in 76-cı maddəsinə əsasən 01 il 04 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuş, Bərdə rayon Məhkəməsinin 06.07.2010-cu il tarixli hökmü ilə AR CM-in 221.3, 234.1, 66.3, 93.1.4-cü maddələri ilə təqsirli bilinib 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12.09.2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanınma haqqında 02 fevral 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 28.01.2021-ci il tarixdə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi, cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus “CUBE” markalı velosipedin iş üzrə maddi sübut kimi tanınması və təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs iş materialları ilə tanış olduqdan sonra sahiblərinə saxlanılması üçün qaytarılması və s. qərara alınmışdır. 06.02.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus CUBE markalı velosipedini Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Cavanşir Mayılovdan sağsalamat vəziyyətdə təhvil almış həmin velosipedi məhkəmə baxışınadək özündə saxlamağa öhdəsinə götürmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri seçilməklə tutularaq dərhal həbs edilməsi qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması haqqında 04 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əm əliyyat-axtarış tədbiri nəticəsində 04.06.2021-ci il tarixli saat 10:00-da saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Zərərçəkmiş şəxs Viktoriç məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini və yekun məhkəmə qərarı çıxarılarkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini müsbət səciyyələndirən halın olmasını, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini müsbət səciyyələndirən halın olmasını, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 26.01.2021-ci il tarixdən 28.01.2021-ci il tarixədək və 04.06.2021-ci il tarixdən 27.07.2021-ci il tarixədək həbsdə olduğu cəmi 01 (bir) ay 25 (iyirmi beş) gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda cinayət işi üzrə maddi sübut – 01 ədəd CUBE markalı velosipedin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Viktoroviçə qaytarılması nəzərə alınmalı, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X4 iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26.01.2021-ci il tarixdən 28.01.2021-ci il tarixədək və 04.06.2021-ci il tarixdən 27.07.2021-ci il tarixədək həbsdə olduğu cəmi 01 (bir) ay 25 (iyirmi beş) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 03 (üç) ay 20 (iyirmi gün) azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd CUBE markalı velosipedin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X4 iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar