Məhkəmə qərarları › İş №1(005)-152/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-152/2024

05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-152/2024 05.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi 15 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1987-ci Ağdərə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2022-ci il tarixdən hesablanmaqla, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 193,00 manat olmaqla, cəmi 386,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1751/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-3000/2022 qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilənədək xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 6148.00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş əmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü CM-in 306.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2015-ci ilin may ayında faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahları xx.xx.2015-ci il tarixdə rəsmi olaraq qeydə alınmış və birgə nikahdan xx.xx.2015-ci il tarixdə Nigar və xx.xx.2017-ci il tarixdə Aybikə adlı iki övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamağı qeyri-mümkün olmuşdur. Bu səbəbdən də Zərərçəkmiş şəxs aralarında olan nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1751/2022 saylı qətnaməsi ilə aralarında olan nikaha xitam verilərək, ondan xx.xx.2022-ci il tarixdən hesablanmaqla, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 193,00 manat olmaqla, cəmi 386,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. O, qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə səkkiz gün müddətinə inzibati qaydada həbs edilmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış və ona aliment borcunu tam ödəmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs ilə 2015-ci ilin may ayında faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahları xx.xx.2015ci il tarixdə rəsmi olaraq qeydə alınmış və birgə nikahdan xx.xx.2015-ci il tarixdə Nigar və xx.xx.2017-ci il tarixdə Aybikə adında iki övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamağı qeyri-mümkün olmuşdur. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs faktiki olaraq ayrılaraq övladları ilə birlikdə valideyinlərinin yanında yaşamağa başlamışdır. Üç il övladlarına tək baxdıqdan sonra Təqsirləndirilən şəxs ilə arasında olan nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə birgə nikahlarına xitam verilərək, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən hesablanmaqla, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 193,00 manat olmaqla, cəmi 386,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona icra sənədi üzrə yaranmış borc məbləği tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsi barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirdi ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1751/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2015-ci il X9 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs X10 xeyrinə hər ay hər uşağa görə 193,00 manat olmaqla, cəmi 386,00 manat sabit pul məbləğində tutulması, aliment məbləğinin xx.xx.2022-ci il tarixdən hesablanması, qətnamənin tutulmasına dair hissəsində dərhal icra edilməsi qət edilmişdir. İcra sənədi icra şöbəsinə daxil olduğu tarixdə icraata qəbul edilmiş, tələbin icra üçün borcluya qərarın surəti göndərilmiş və bildiriş təqdim edilmişdir. Bu barədə tərəfə və aidiyyəti məhkəməyə məlumat verilmişdir. İcra sənədinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına elektron icra sistemindən əldə edilmiş məlumat əsasında tələbin yönəldilə biləcəyi əmlak olmadığına və aliment borcunu ödəmədiyinə görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə əsasən xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs səkkiz gün müddətinə inzibati qaydada həbs edilmişdir. İcra sənədinin icrası istiqamətində Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Qarayev X3 Rayon Məhkəməsinin 2(005)- 1751/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbkara xx.xx.2022-ci il tarixdə 400,00 manat və xx.xx.2022-ci il tarixdə 400,00 manat məbləğində aliment ödənişi etmişdir. xx.xx.2022-ci il tarixdən hal hazırki vaxtadək mövcud 6148 manat aliment borcundan ödəniş etməmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Bakı Şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid2 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1751/2022 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdən hesablanmaqla, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 193,00 manat olmaqla, cəmi 386,00 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. 17 may 2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərar və bildirişin surətlərindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1751/2022 saylı icra vərəqəsi üzrə icraata başlanılmış və tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3000/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-638/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 27 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Qətimkan tədbiri seçilməsi haqqında” 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan, yəni aliment borcu tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə və digər sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqında müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1751/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsini tam icra etmiş və həmin qətnaməyə əsasən verilmiş icra sənədi üzrə yaranmış aliment borcunu zərərçəkmiş şəxsə tam ödəmişdir. Buna əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1751/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsini tam icra etməsini, həmçinin təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin həmin qətnaməyə əsasən yaranmış aliment borcunun ödənilməsinə və bu səbəbdən iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizələrini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306-cı maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli, onun CM-in 306.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 40.3-cü maddəsinə əsasən xitam verilməli və təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə həmin maddənin qeyd hissəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar