Məhkəmə qərarları › İş №1(005)-155/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-155/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-155/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvdanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakını zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 01 iyun 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə idarə etdiyi “Mitsubishi Pajero” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən, həmin küçə ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Lada 21214” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilini əsaslı səbəb olmadan Təbriz küçəsi 98 ünvanında avtomobil yolunda qarşısını kəsib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, əxlaq normalarına zidd, ictimai maraqlara əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərib ucadan nümayişkaranə şəkildə nalayiq söyüşlər söyməklə öz şəxsiyyətini ətrafda olan şəxslərin şəxsiyyəti fövqündə qoyub Zərərçəkmiş şəxs zor tətbiq edəcəyi ilə hədələyib sonuncunun “Lada 21214” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomaşınını yumruq və təpik zərbələri vuraraq avtomaşının radiator nəfəsliyini, şüşə siləni sındırıb və avtomaşının sol qapısını, sağ arxa qanad hissəsini və yük yerinin qapısını yumruq təpik zərbələri ilə zədələyib Zərərçəkmiş şəxs cəmi 400 manat maddi ziyan vurmaqla küçədə olan şəxslərin diqqətini cəlb edib, onların dincliyini və rahatlığını pozmaqla avtomobil yolunda hərəkəti uzun müddətli dayandırmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01.06.2020-ci il tarixdə saat 18 radələrində idarə etdiyi “Mitsubishi Pajero İO” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə anası İradə və azyaşlı övladı ilə birlikdə Təbriz küçəsi ilə K.Rəhimov küçəsi istiqamətində hərəkət edən zaman sol tərəfdən hərəkət edən narıncı rəngli “Niva” markalı avtomobilin sürücüsü yüksək musiqiyə qulaq asaraq, avtomobilini onun idarə etdiyi avtomobilinə tərəf sıxmış, həmin avtomobilin ön sərnişin oturacağında əyləşən sərnişin ona tərəf baxaraq əl hərəkətləri ilə irad bildirdikdə o, həmin şəxsdən nə demək istədiyini soruşmuş, o isə avtomobilin pəncərəsini bağlamışdır. Həmin şəxsin ona qarşı təhqiredici ifadələr işlətdiyini hiss etmiş və əsəbləşərək idarə etdiyi “Mitsubishi Pajero İO” markalı avtomobili həmin “Niva” markalı avtomobilin qarşısına verib dayanmışdır. O, avtomobildən düşüb “Niva” markalı avtomobili idarə edən sürücüyə yaxınlaşıb qapısını açmaq istəmişdir. Avtomaşının qapısı bağlı olduğundan sürücünün və avtomonilin içərisində olan sərnişinlərdən avtomaşından düşmələrini tələb etmişdir. O, “Niva” markalı avtomobili idarə edən şəxsin və həmin avtomaşında əyləşən sərnişinlərin avtomaşının qapılarını açmadıqları üçün avtomobilin şüşə silənlərini sındırmış, həmin vaxt anası Şahid2 həmin “Niva” markalı avtomobilin qabaq sağ qapısını açıb sərnişini düşürtmək istəmiş, lakin həmin oğlan müqavimət göstərərək qapını bağlamışdır. Mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxtı yolda avtomobillərin hərəkəti dayanmışdır. Bundan sonra bir nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb avtomobillərin hərəkətini dayandırdıqları üçün hərəkət yolunu açmağı onlardan tələb etmiş və “Niva” markalı avtomaşının sürücüsü bundan istifadə edərək hadisə yerindən qaçıb getmişdir. Yekunda ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 01.06.2020-ci il tarixdə saat 18 radələrində etibarnamə əsasında idarə etdiyi “Lada 21214” markalı, **-VA-*** dövlət qeydiyyat naşanlı avtomobillə dostları Ümid və Mürşüdlə birlikdə, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə K.Rəhimov küçəsi istiqamətində hərəkətdə olmuşlar. Həmin vaxt avtomaşını özü idarə etmiş, dostu Ümid ön sağ oturacaqda, Mürşüd isə arxa oturacaqda əyləşmişdir. Nərimanov rayonu, Təbriz küçəsi ilə A.M.Cümə küçəsinin kəsişməsində tıxac olduğundan o, asta sürətlə hərəkət etmiş və həmin vaxt sağ tərəflə hərəkət edən ağ rəngli “Mitsubishi Pajero İO” markalı avtomobilin qadın sürücüsü heç bir səbəb olmadan avtomaşınının şüşəsini endirib onlara qarşı təhqiredici ifadə işlətmişdir. Həmin vaxt onlar “Mitsubishi Pajero İO” markalı avtomobilin sürücüsünə əhəmiyət verməmiş və Ümid avtomobilin pəncərəsini bağlamışdır. Bundan sonra həmin “Mitsubishi Pajero İO” markalı avtomobilin sürücüsü avtomaşının şüşəsindən başını çıxarıb yüksək səslə onlara qarşı nalayiq ifadələr işlətmiş və idarə etdiyi “Mitsubishi Pajero İO” markalı avtomobillə onun idarə etdiyi “Lada 21214” markalı, **-VA-*** dövlət qeydiyyat naşanlı avtomobilinin qarşısını kəsmişdir. O, “Mitsubishi Pajero İO” markalı avtomobilin sürücüsünün avtomobildən düşərək ona tərəf qapıya yaxınlaşığını görmüş və o, avtomaşının sol tərəf qapısını bağlamışdır. Həmin “Mitsubishi Pajero İO” markalı avtomobilin sürücüsü qapının bağlı olduğunu görüb yüksək səslə ona qapını açmasını bildirərək nalayiq ifadələr işlətmişdir. O, mübahisənin böyüməməsi üçün avtomaşının qapısını açmamış, lakin həmin qadın sürücü yumruq və təpik zərbələri ilə onun idarə etdiyi “Lada 21214” markalı, **-VA-*** dövlət qeydiyyat naşanlı avtomaşına zərbələr endirməyə başlamışdır. Bundan sonra "Mitsubishi Pajero İO” markalı avtomobilindən təxminən 60 yaşlı qadın düşmüş və onun idarə etdiyi “Lada 21214” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomaşınına yaxınlaşaraq avtomaşının ön kapot hissəsinə yumruq zərbələri endirib yüksək səslə onlara avtomaşından düşmələrini bildirmişdir. Həmin yaşlı qadın onların avtomaşından düşmədiklərini görüb avtomaşının ön sol qapısına yaxınlaşıb qapını açaraq Ümidi dartıb çölə çıxarmaq istədikdə o və Mürşüd Ümidi özlərinə çəkərək avtomaşının qapısını bağlamışlar. Həmin vaxt “ Mitsubishi Pajero İO” markalı avtomobil yolu hərəkət hissəsində dayandığı üçün yolda sürücülərin hərəkəti tam dayanmışdır. Təxminən 20-25 dəqiqə sonra bir nəfər tanımadığı şəxs yolun hərəkət hissəsində olan həmin qadının idarə etdiyi “Mitsubishi Pajero İO” markalı avtomobilə əyləşərək avtomaşını yolun kənarına çəkib saxlamışdır. Bundan sonra o, avtomaşını sürüb oradan uzaqlaşaraq avtomaşına dəymiş maddi ziyanı öyrənmək üçün yaşadığı evin yaxınlığında yerləşən avtoservisə getmiş və orada ustalar idarə etdiyi “Lada 21214” markalı, **-VA-*** dövlət qeydiyyat naşanlı avtomaşınına baxış keçirtdikdən sonra ona şifahi olaraq avtomaşına 400 manat maddi ziyan dəydiyini bildirmişlər. O, həmin gün saat 20 radələrində bu barədə 18-ci polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hadisə zamanı idarə etdiyi “Lada 21214” markalı, **-VA-*** dövlət qeydiyyat naşanlı avtomaşını 2020-ci ilin iyun ayının sonlarında satmışdır. Son olaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, onunla barışdığını, heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 01.06.2020-ci il tarixdə saat 18 radələrində qızı Xəyalə və azyaşlı nəvəsi ilə birlikdə qızının idarə etdiyi “Mitsubishi Pajero İO” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təbriz küçəsi ilə K.Rəhimov küçəsi istiqamətində hərəkətdə olduqları zaman sol tərəflə hərəkət edən “Niva” markalı avtomobilin sürücüsü yüksək musiqiyə qulaq asaraq, avtomobilini onların avtomobilinə tərəf sıxaraq həmin avtomobilin ön sərnişin oturacağında əyləşən sərnişin onlar tərəfə baxaraq əl hərəkətləri ilə qızı Xəyaləyə təhqiredici ifadələr işlətmişdir. Bundan sonra qızı Xəyalə əsəbləşərək idarə etdiyi “Mitsubishi Pajero İO” mqarkalı avtomobili həmin “Niva” markalı avtomobilin qarşısına verib dayanmış və onlar avtomobildən düşüb həmin niva markalı avtomobili idarə edən sürücüyə yaxınlaşıb qapısını açmaq istəmişlər, lakin avtomaşının qapısı bağlı olduğu üçün onlar avtomobildən sürücünün və avtomobilin içərisində olan sərnişinlərdən avtomaşından düşmələrini tələb etmişlər. “Niva” markalı avtomobili idarə edən şəxs və həmin avtomaşında əyləşən sərnişinlər avtomaşının qapılarını açmadıqları üçün qızı əsəblərini cilovlaya bilməmiş və avtomobilin şüşəsilənlərini sındırmışdır. O, həmin vaxt “Niva” markalı qabaq sağ qapını açıb sərnişini düşürmək istəmiş, lakin həmin oğlan müqavimət göstərərək qapını bağlamışdır. Təxminən 2-3 dəqiqə əzində onların orada mübahisəsi olmuş, həmin vaxtı yolda avtomobillərin hərəkəti dayanmışdır. Həmin vaxt bir nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb avtomobillərin hərəkətini dayandırdıqları üçün yolu açmalarını onlardan tələb etmiş və “Niva” markalı avtomaşının sürücüsü bundan istifadə edərək hadisə yerindən qaçıb getmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclaslarının vaxtı və yeri barəsində xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclası zamanı elan olunarkən məlum oldu ki, Zərərçəkmiş şəxs təxminən 2 ildir tanıyır, onunla aralarında dostluq münasibəti var. 01.06.2020-ci il tarixdə saat 18 radələrində dostu Ziyadın idarə etdiyi “Lada 21214” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə o, Ziyad və ortaq dostları olan Mürşüdlə birlikdə, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə K.Rəhimov küçəsi istiqamətində hərəkət etmişlər. Həmin vaxt avtomaşını Ziyad idarə etmiş, o avtomaşının ön sağ oturacağında, Mürşüd isə arxa oturacaqda əyləşmişdir. Nərimanov rayonu, Təbriz küçəsi ilə A.M.Cümə küçəsinin kəsişməsində tıxac olduğundan asta sürətlə hərəkət etdikləri zaman sağ tərəflə hərəkət edən ağ rəngili “Mitsubishi Pajero İO” markalı avtomobilin qadın sürücüsü sonradan adını bildiyi Xəyalə adlı şəxs heç bir səbəb olmadan onlara tərəf tərs-tərs baxaraq dodağının altında danışmış və həmin qadın sürücüdən mimika ilə nə baş verdiyini soruşduqda həmin qadın sürücü avtomaşınının şüşəsini endirib onlara qarşı təhqiredici ifadələr işlətmişdir. Həmin vaxt onlar “Mitsubishi Pajero İO” markalı avtomobilin sürücüsünə əhəmiyət verməmiş və o, avtomobilin pəncərəsini bağlamışdır. Bundan sonra həmin “Mitsubishi Pajero İO” markalı avtomobilin sürücüsü avtomaşının şüşəsindən başını çıxarıb yüksək səslə onlara qarşı nalayiq ifadələr işlətmiş və idarə etdiyi “Mitsubishi Pajero İO” markalı avtomobili yolun hərəkət hissəsində Ziyadın idarə etdiyi “Lada 21214” markalı, **-VA- *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını kəsib saxlamışdır. Həmin qadın sürücü avtomobildən düşərək Ziyad tərəf qapıya yaxınlaşıb qapını açmaq istəmiş, lakin Ziyad avtomaşının sol tərəf qapısını bağlamışdır. Həmin “Mitsubishi Pajero İO” markalı avtomobilin sürücüsü qapının bağlı olduğunu görüb yüksək səslə nalayiq ifadələr işlədərək yumruq və təpik zərbələri ilə Ziyadın idarə etdiyi “Lada 21214” markalı, **-VA-*** dövlət qeydiyyat naşanlı avtomaşına zərbələr endirməyə başlamış və həmin vaxt “Mitsubishi Pajero İO” markalı avtomobilindən təxminən 60 yaşlı qadın düşərək onların avtomaşının ön sağ qapısına yaxınlaşıb qapını açmış və onu dartıb çölə çıxarmaq istəmiş, lakin Ziyad və Mürşüd onu özlərinə tərəf çəkərək avtomaşının qapısını bağlamışlar. Bundan sonra da “Mitsubishi Pajero 10” markalı avtomobilin qadın sürücüsü Xəyalə adlı şəxs avtomaşına yumruq və təpiklə zərbələr endirməyə davam etmişdir. Həmin vaxt Xəyalə adlı şəxs Ziyada “sənin başına oyun açacam, səni bu gecə yox etidirəcəm, siz məni tanımırsınız, düş maşından səni cıracam” demişdir. Onlar mübahisənin böyüməməsi üçün avtomaşından düşməmiş, lakin Xəyalə avtomaşını təpik və yumruqla vurmağa davam etmişdir. Həmin vaxt “Mitsubishi Pajero İO” markalı avtomobilin sürücüsü avtomaşını yolun hərəkət hissəsində onların avtomaşının qarşısında qəsdən dayandırdırdığı üçün təxminən 20-25 dəqiqə ərzində həmin küçədə bütün avtomaşınların hərəkəti dayanmışdır. Ətrafda yığışmış şəxslər Xəyaləni sakitləşdirmək istəsələr də, o, sakitləşməyərək Ziyadı döydürəcəyi ilə hədələmiş və təhqiredici ifadələr işlətmişdir. Təxminən 20-25 dəqiqə sonra bir nəfər tanımadıqları şəxs yolun hərəkət hissəsində olan Xəyalənin idarə etdiyi “Mitsubishi Pajero İO” markalı avtomobilə əyləşərək avtomaşını yolun kənarına çəkib saxlamış və Ziyad avtomaşını sürüb oradan uzaqlaşmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Nəqliyyat vasitəsinə baxış keçirmə haqqında” 01 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı X1 rayonu, A.Nemətulla küçəsi, ev 58 mənzil 20-də yaşayan Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı 01.06.2020-ci il tarixdə 18ci Polis şöbəsinin inzibati həyətində Zərərçəkmiş şəxs idarə etdiyi “Lada 21214” markalı, **- VA-*** dövlət qeydiyyat naşanlı avtomobilə baxış keçirmişdir. Baxış zamanı avtomobilin ön qoruyucusunun üzərində olmadığı, radiator nəfəsliyinin sol tərəfinin sındığı, mühərrik qapağının üzərində, sol qapıda, yük yerinin qapısında, sağ arxa qanad hissəsində zədələr müəyyən olundu. Avtomobilə baxış keçirildikdən sonra fotoşəkillər çəkilərək materiallara əlavə olundu; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 yanvar 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Diskə baxış keçirilməsi haqqında” 20 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis mayoru X2, 11.02.2020-ci ildə Ucar rayonunda anadan olmuş Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə 01.06.2020-ci il tarixdə saat 18 radələrəində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində baş vermiş xuliqanlıq hadisəsi ilə bağlı DVD diskə baxış keçirtmişdir. DVD disk tərəfindən açıldıqda diskdə 1 ədəd faylda videogörüntünün olması aşkar olundu, videogörüntünün uzunluğu 45 saniyə olması müəyyən edildi. Görüntü açıldıqda Təbriz küçəsi 98 ünvanında olan çox mərtəbəli binanın qarşısından keçən avtomobil yolunda “Mitsubishi Pajero” markalı, ağ rəngli avtomaşının “Lada 21214” markalı narıncı rəngli avtomaşının qarşısında yolun hərəkət hissəsində saxladığı müəyyən edilmişdir. Görüntüdən görünür ki, Təqsirləndirilən şəxs avtomobil yolunda hərəkətin dayanmasına məhəl qoymayaraq ətrafa yığışmış şəxslərin gözü qarşısında davamlı qanuna zidd hərəkətlər edərək “Lada 21214” markalı narıncı rəngli avtomaşını yumruq təpik zərbələri ilə vurur, ucadan qışqıraraq avtomaşının sükan arxasında olan şəxsi hədələyir, avtomaşından çıxarmağa cəhd edir. Həmin vaxtı Təqsirləndirilən şəxs anası Şahid2 “21214” markalı narıncı rəngli avtomaşının qarşısında dayanaraq avtomobilin ön sağ oturacaqda əyləşən sərnişini, yəni Şahid1 düşürtmək istəsə də, ona zor tətbiq etmir və avtomaşına zədələr yetirmir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, həmin görüntünü internet saytlarının birindən götürmüş, həmin görüntü 25-30 dəqiqə ərzində baş vermiş hadisənin yalnız bir hissəsidir, həmin görüntüdən göründüyü kimi Xəyalə Hüsynova onun avtomaşınını yumruq təpik zərbələri ilə zədələmiş, onu avtomaşından düşürtmək istəmiş, xəsarət yetirəcəyi ilə onu hədələmişdir; “Qətimkan tədbiri seçilməsi haqqında” 01 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 01 fevral 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə hadisənin görüntüsü olan 1 ədəd DVD disk mühüm sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: əvvəllər məhkum olunmamasını və qadın olmasını; əməlindən peşman olmasını; zərərçəkmiş şəxslə barışmasını, dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri də nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməlidir. İş üzrə maddi sübut - hadisənin görüntüsü olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatı üçün cəmi 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - hadisənin görüntüsü olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatı üçün cəmi 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar