Məhkəmə qərarları › İş №1(005)-156/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-156/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-156/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 19 iyun 2022-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanının qarşısında idarə etdiyi “Toyota” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına azyaşlı uşağın çıxmasını görüb avtomobilin hərəkətini dayandırdıqdan sonra, sonuncunun valideyni Zərərçəkmiş şəxs ona avtomobili sürətlə idarə etməsini irad bildirdiyindən aralarında yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs bədəninin müxtəlif nayiyyələrinə təpiklə və yumruqla qəsdən zərbələr vuraraq, ona sol budun flüktuasiya ilə müşayiət olunan hematoması, sağ bazunun, sağ saidin, hər iki baldırın qançırları xəsarətlərini yetirməklə sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, “Toyota” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində ünvan 3 ünvanının qarşısında müştəri düşürdükdən sonra binaların arasında hərəkətdə olarkən qəflətən avtomobilin qarşısına uşaq qaçmış və dərhal avtomobili saxlamışdır. Buna baxmayaraq, həmin uşağın valideynləri onun avtomobilini ayaqları ilə təpikləyərək avtomobilinə təxminən 500 manat maddi ziyan vurmuşlar. Bundan sonra avtomobildən düşmüşdür. Bu zaman hər iki qadın üzərinə hücum edərək bədəninin müxtəlif nahiyələrindən vurub xəsarət yetirmişlər. Bundan sonra hadisə barədə DİN-in “102” xidmətinə məlumat vermişdir. Zərərçəkmiş şəxs heç nə etməmiş, onu vurmamış, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmiş, onun xəsarətlər alması barədə isə heç bir məlumatı olmamışdır. Göstərilənləri nəzərə alaraq barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, zərərçəkmiş şəxsi döyməmişdir. Əksinə zərərçəkmiş şəxs onu döymüşdür və üzünü cırmışdır. Üzündəki cırığı kosmetoloq vasitəsi ilə aparmışdır. Zərərçəkmiş şəxs və anası onun üzərinə hücum çəkmişdir. Hətta o, özü dərhal polisə hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində yaşadığı ünvanın qarşısında iki yaş yarım körpə övladı və anası ilə birlikdə məhəlləyə gəzməyə çıxmışlar. Sonradan anası evə getmək üçün onlardan ayrılmışdır. Özü qabağa düşmüş, uşağı isə araba ilə (samokat) olmuşdur. Bu zaman uzaqdan **-CN-*** dövlət qeydiyyat nişanlı taksi avtomobili sürətlə gəlmiş, sürücü onları görməsinə baxmayaraq, sürəti azaltmamışdır. Az qalmışdır ki, uşaq avtomobilin altına girsin. Bundan sonra sürücü qadın avtomobili saxlamışdır. Həmin sürücüyə məhəllədə avtomobili sürətlə sürməyini irad bildirdikdə, sürücü qadın ona “sən tərbiyəsiz anasan ki, uşağına baxa bilmirsən” demiş, daha sonra isə onu nalayiq sözlərlə təhqir etmişdir. Bundan sonra həmin qadın sürücü demişdir ki, "dayan, mən maşını saxlayım, sənin payını verəcəyəm" demiş və o tərəfə getmişdir. Bir də görmüşdür ki, anası həmin qadın sürücüyə yaxınlaşmışdır. Həmin sürücünün onun anası ilə dava etdiyini görmüşdür. Yaxınlaşıb onları aralamışdır. Sürücü qadın anasını əxlaqsız sözlərlə söymüşdür. Sonra isə ona hücum etmiş və onun qarnına təpik atmışdır, hadisə zamanı hamilə olmuşdur. Həmin sürücü qadının anasına, ona, uşağına və bətnində olan iki doğulmamış uşaqlarına xəsarət yetirmişdir. Tələbi odur ki, həmin qadın sürücü ona vurduğu mənəvi, fizioloji və maddi ziyanı ödəsin. Həmin zaman əlində, qolunda qan izləri, göyərmələr olmuşdur. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs onu və anasını nalayiq sözlərlə təhqir etmiş və daha sonra döymüşdür. Həmin hadisədən sonra onun 3 yaşlı qızı travma yaşamışdır. Eyni zamanda o, həmin dövrdə hamilə olduğundan stress keçirmiş və uşaqları vaxtından əvvəl doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, xx.xx.2022ci il tarixdə saat 19:00 radələrində qızının yaşadığı ünvanın qarşısında azyaşlı nəvəsi və qızı Zemfira ilə birlikdə piyada hərəkətdə olarkən qızının evindən öz yaşadığı evə getmək üçün taksi sifariş etmişdir. Həmin vaxt azyaşlı nəvəsi onlardan bir az qabağa qaçmış, bu zaman “Toyota” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaşayış binasının qarşısında yüksək surətlə hərəkət etməsini görmüşdür. Zemfira dərhal uşağa tərəf qaçmış və avtomobilin ona dəyməsinin qarşısını almışdır. Qızı həmin sürücüyə yüksək surətlə idarə etməsini irad bildirmişdir. Həmin sürücü qadın onun iradını səmimi qəbul etməmişdir. Bundan sonra qızı Zemfira ilə həmin maşının sürücüsü arasında mübahisə yaranmış, sürücü qızını və onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Daha sonra həmin maşının sürücüsü olan xanım maşını bir az irəli sürüb saxlamışdır. Bu zaman həmin şəxsə bildirmişdir ki, uşağı maşınla əzəcəkdi. Nəyə görə belə maşın sürməsini və avtomobil idarə etmək üçün sənədinin olub-olmamasını soruşmuşdur. Bu zaman həmin qadın onu yenidən təhqir etməyə başlamışdır. Bundan sonra həmin maşının “Uber” taksi olduğunu görmüşdür. Daha sonra həmin şəxs maşından düşüb ona yaxınlaşmışdır. Yaxınlaşdıqdan sonra həmin şəxs onun üz nahiyyəsindən əli ilə vurmuşdur. Bir neçə dəfə onun üz nahiyyəsindən zərbələr vurmuşdur. Daha sonra qızı Zemfira bu hadisəni görüb onlara yaxınlaşmışdır. Qızının şəxsi vəziyyəti ilə onun araya girdiyini görüb xəsarət almasından qorxduğu üçün yenidən araya girmişdir. Bu zaman da həmin şəxs onu təpiklə vurmağa başlamışdır. Araya girməyinə baxmayaraq, həmin qadının zərbələri onun qızına dəymişdir. Bundan sonra həmin sürücü ona və qızına bədənlərinin müxtəlif nahiyələrindən vuraraq xəsarət yetirmişdir. Hadisə xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində ünvan 4 ünvanının qarşısında baş vermişdir, hadisə vaxtı yanlarında hadisənin baş verdiyi binanın sakinləri olmuşdur. Hadisə təxminən 5 dəqiqə davam etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 22 iyun 2022-ci il tarixli, 623 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sol budun flüktuasiya ilə müşayiət olunan hematoması, sağ bazunun, sağ saidin, hər iki baldırın qançırları küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin özü-özünə yetirmə nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. “Axtarışda olan şəxsin tutulmasına dair” 14 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. “Tutulmuş şəxsin azad edilməsi haqqında” 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 1(005)- 156/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutularaq Nərimanov RPİ-yə təhvil verilməsi qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulmasına dair” 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq zəruri istintaq hərəkətlərinin aparılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təhvil verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 1(005)-156/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbirinin seçilməsi və tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 28 aprel 2023-cü il tarixli, 3-16-17/38/2-2892/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 1(005)-156/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə dəyişdirilmiş və məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. “NovaMed” Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixli xəstəlik kağızından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixə münasibətdə 13 həftə 1 günlük hamiləlik müşahidə edilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, habelə şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxs həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqında ittiham edildiyi əməldə özünü təqsirli hesab etməyərək, ümumiyyətlə hər hansı cinayəti törətmədiyini ilə bağlı ifadəsini məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxsin, habelə şahid tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilinmədiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və hamilə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdən 15 dekabr 2022-ci il tarixədək tutulduğu və 25 aprel 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 06 gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 06 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar