Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-156/2025 27.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Xüsusi ittihamçı X8 vəkili Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakı ilə, X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X14 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X14 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri xüsusi ittiham qaydasında cinayət təqibinə başlanılmasını və ona həmin maddədə nəzərəd tutulmuş cəzanın təyin edilməsi barədə məhkəməyə xüsusi ittiham qaydasında şikayəti daxil olmuşdur. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, “Qafqazinfo.az” xəbər saytında haqqında həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır. Belə ki, o Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşıdır. 2000-ci ildən etibarən AR XİN-nin əməkdaşı kimi müxtəlif vəzifələrdə xidmət göstərmişdir. 2000-2002-ci illərdə AR Xarici İşlər Nazirliyi, İKT və İKT üzv ölkələrində referent, attaşe, üçüncü katib vəzifəsində, 2002-2007-ci illərdə Azərbaycan Respublikası Türkmənistandakı Səfirliyində üçüncü katib, ikinci katib vəzifələrində, 2007- 2008-ei illərdə Xarici İşlər Nazirliyi, İkinci (Şərq) Ərazi İdarəsində Birinci katib, 2008-2012-ci illərdə Azərbaycan Respublikasının Səudiyyə X2 birinci katib, müşavir vəzifəsində, 2012-2014-cü illərdə Xarici İşlər Nazirliyi, Ümumi katiblikdə birinci katib, şöbə müdiri, 2014-2015-ci illərdə Azərbaycan Respublikasının Suriya Ərəb Respublikası və Livan Respublikasındakı Səfirliyində müşavir, müvəqqəti işlər vəkili vəzifəsində, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Misir Ərəb Respublikasında Səfirliyinin müşaviri vəzifəsində çalışmışdır.Fəaliyyət göstərdiyi dövrdə daim dövlətin xarici siyasətini dəstəkləmiş və buna uyğun olaraq fəaliyyətimi davam etdirmişdir. Bundan başqa tərəfindən şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 019 nömrəli Təşəkkümaməsinin surətindən də göründüyü kimi, 2020-ci ilin 27 sentyabr tarixindən 09 noyabr tarixinədək 44 gün davam edən vətən müharibəsi dövründə təhlükəli və çətin şəraitdə çəkinmədən fəaliyyət göstərərək xarici KİV nümayəndələri ilə iş prosesində informasiya məkanındakı mübarizəyə dəstək vermiş, eləcə də bu prosesdə Nazirliyi layiqincə təmsil etmişdir. Buna baxmayaraq “qafqazinfo.az” xəbər saytında xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə barəsində böhtan xarakterli şərəf və ləyaqətnmi alçaldan məlumatlar yayılmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə qafqazinfo.az xəbər saytında “Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?” başlığı altında aşağıdakı məzmunda xəbər paylaşılmışdır: "Bir müddət əvvəl ölkə mediasında COP 29 ərəfəsində və beynəlxalq tədbirin ölkədə keçirildiyi dövrdə müxtəlif dairələrin və xüsusi xidmət orqanlarının Azərbaycana qarşı sabiq diplomatlardan istifadə edərək təxribatlar hazırlaması barədə məlumat yayılmışdı. Qafqazinfodan əldə etdiyi məlumata görə, kod adı “Cavanşir“ olan və uzun müddət xaricdə yaşayan bu şəxslərdən biri artıq istintaq altındadır. Diplomatiya sistemindən uzaqlaşdırılmış “Çaqqal" ləqəbli Ramiz Vəliyev adlı digər şəxs isə ciddi şübhə obyekti olaraq qalmaqdadır. Bildirilir ki, "kiçik adam sindromu"ndan əziyyət çəkdiyi iddia edilən bu şəxs saxta yollarla Birinci Qarabağ müharibəsinin qazisi kimi 90-cı illərin sonunda - XİN-in dərəbəylik dövründə bu sistemə qoşulmağa nail olub. Diplomatiya sistemindən bir dəfə uzaqlaşdırılsa da, R. Vəliyev sonradan yenidən bərpa edilərək öz əməllərini davam etdirib. Onun diplomatiya sistemində çalışaraq xaricə, o cümlədən "söyüş müxalifəti"nə məlumat ötürən şəxslərdən biri olduğu da deyilir. O, hətta şəxsən yaratdığı şəbəkənin fəaliyyətini kurasiya edib. COP 29 dövründə də ölkədəki ictimai-siyasi proseslər barədə xaricdəki “söyüş müxalifəti" ilə əlbir olaraq kompromatlar ötürüb. Livanda səfirlikdə işləmiş Ramiz Vəliyevin əlaqələrinin araşdırılması isə ayrıca bir mövzu olmalıdır. Misirdəki səfirlikdə çalışdığı dövrə gəlincə, həmin müddətdə onun fəaliyyətinin ancaq içki aludəçiliyi ilə yadda qaldığı bildirilir. Məlumata görə, R.Vəliyev şərqşünas olduğunu iddia etsə də, ərəb dilində heç danışa da bilmir. Sirr deyil ki, Livan müxtəlif qüvvələrin və casus oyunlarının tüğyan etdiyi bir məkandır. Bakıda olduğu müddətdə bu şəxs dövlət qurumlarında təzədən təmaslar qurmağa, məlumatlar toplamağa və ötürməyə çalışıb. Ramiz Vəliyevin vaxtilə işlədiyi və həmkar olduğu şərqşünaslarla şübhəli əlaqələr həyata keçirdiyi barədə də məlumatlar var.”(https://qafqazinfo.az/news/detai 1/dovlet- eleyһine-kampaniуa - aparan caqqaİ-leqebİi-sexs-kimdir-454291) xx.xx.2024-cü il tarixdə isə “Gürcüstanda “diplomat qiyamı” - Qərb eyni ssenarini Azərbaycan üçün də hazırlamışdı” başlığı altında aşağıdakı məzmunda xəbər paylaşılmışdır: “X12 (Aİ) ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurub. "Qafqazinfo" xəbər verir ki, Baş nazir İrakli Kobaxidzenin bu qərarı elan etməsindən sonra Tbilisidə vəziyyət gərginləşib. Qərb siyasi mərkəzlərinin təsir dairəsində olan müxalifət qüvvələri küçələrə axışıb. Parlament binasının önündə toplaşan etirazçılarla polis arasında insident yaşanıb. Polisin asayişi təmin etmək cəhdlərinə müqavimət göstərən aksiya iştirakçıları lazer işıqlarından istifadə ediblər. Qarşıdurma zamanı Daxili İşlər Nazirliyinin əməkdaşları sırasında xəsarət alanlar, xəstəxanaya yerləşdirilənlər olub. Gürcüstan prezidenti, səlahiyyət müddəti başa çatmaq üzrə olan Salome Zurabişvifinin aksiya iştirakçılarına dəstək verməsi vəziyyəti gərginləşdirib. O, tərəfdarlarını təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya təhrik edən bəyanatlar səsləndirib. Zurabişvilinin bənzər hərəkətləri son 2 il ərzində dəfələrlə təkrarlandığı üçün gözlənilməz olmayıb. Bu baxımdan "prezident-müxalifət tandemi"nin təxribatlarını zərərsizləşdirmək təhlükəsizlik qüvvələri üçün çətinlik yaratmayıb. Amma gərginliyi artıran başqa bir amil daha var - Qərb mərkəzləri aksiya iştirakçılarını ruhlandırmaq üçün “son silaha” əl atıblar. Avropa dövlətlərinin xüsusi xidmət orqanları tərəfindən ələ alınmış bir qrup gürcü diplomat aksiya iştirakçılarını dəstəkləyiblər. X17 Nazirliyinin müxtəlif ölkələrdəki səfirliklərində çalışan 92 əməkdaşı birgə bəyanat imzalayaraq, öz dövlətlərinin qərarına qarşı çıxıblar. Onlar rəsmi Tbilisidən Avropa və avroatlantik strukturlara qoşulmaq yönündə danışıqları davam etdirməsini tələb ediblər. Oeyd edək ki, ABŞ və Avropa İttifaqı ayrı-ayrı dövlətlərdə öz maraqlarını təmin etmək üçün təzyiq vasitəsi rolunda adətən yerli müxalifət partiyalarından, ələ alınmış QHT və KİV-lərdən istifadə ediblər. "Qrant”, "texniki dəstək” və “siyasi himayədarlıq ”la nəzarətdə saxlanılan yerli QHT və KİV-iər, siyasi partiyalar zəruri anda hərəkətə gətirilərək öz ölkələrində Qərb siyasi maraqlarının müdafiəsinə qalxıblar. Bu model ABŞ və Qərbin hədəfində olan bütün regionlarda, o cümlədən, Cənubi Qafqazda-Gürcüstan və Azərbaycanda da dəfələrlə tətbiq edilib. İndi isə vəziyyət bir qədər fərqlidir. ABŞ və X10 yenilənmiş təxribat mexanizmini sınaqdan çıxarırlar. Təşkil etdikləri etiraz aksiyalarına həm də ələ alınmış rəsmi şəxsləri, o cümlədən diplomatları qatırlar. Faktiki olaraq, dövlət çevrilişinə təşəbbüs göstərirlər. Qərbpərəst qüvvələr Gürcüstanda tam bir çevriliş planını isra edirlər. Əslində bu ssenarinin Gürcüstandan öncə Azərbaycanda tətbiq edilməsinə cəhd göstərilib. "Diplomat qiyamı”na əsaslanan proqramın ilk epizodları 2015-ci ildə təzahür edib. Hadisənin izlənilməsi nəticəsində müəyyən edilib ki, Qərb insitutları Azərbaycanda "radikal müxalifət”, "QHT” və "KİV”lərdən başqa həm də “ələ alınmış diplomatlar” üzərində işləyiblər. Qərbin maraqlarına uyğun təxribatlar törətməyə hazırlaşan "kölgə qruplar” formalaşdırıblar. Bu barədə Azərbaycan KİV-lərində çoxsaylı məqalələr dərc edilib. "Yenilənmiş Qərb şəbəkəsinin üzvləri və təxribat planının detalları” başlığı ilə yayımlanmış məqalədə "kölgə qruplar”ın formalaşdırılma mexanizmləri və fəaliyyət metodları barədə detallı bilgilər yer alıb (hltps://musavat.com/ne\vs/venilenmis-qerb-sebekesinin-uzvleri-ve-texribat-planinın-detallari-bellioldu-sensasion-faktlar 1093817.html). Məqalədə qeyd edilib ki, Qərb mərkəzləri COP29 və Milli Məclis seçkiləri ərəfəsində təxribat ssenarilərini icra etməyə hazırlaşıblar. Bunun üçün ənənəvi müxalifət, QUT və KİV şəbəkəsindən başqa, həm də yeni elementlərdən faydalanıblar. Bu sırada həm də "ələ alınmış diplomatlar"a istinad ediblər. “Həbs edilən diplomat işi” başlıqlı məqalədə isə "diplomat oyunu"nun detalları təsvir olunub (https://qafqazinfo.az/news/detail/qerb-azerbaycanuzre-texribat-sebekelerini- gürcüstandan-balkanlara-kocurur-444479). Qeyd edilib ki, Oərb xüsusi xidmət orqanları tərəfindən müxtəlif vasitələrlə ələ alınmış keçmiş diplomatlardan ibarət xüsusi qrup formalaşdırılıb. Bu yöndə şübhələr Qərb ölkələrində PKK və FETO ilə əməkdaşlıq etdiyi təsdiqlənən keçmiş azərbaycanlı diplomat Emin İbrahimovun həbsindən sonra öz təsdiqini tapıb. O, xırda xuliqanlıq əməlinə görə həbs edilsə də, istintaqın gedişində yeni detallar üzə çıxmışdı. Bütöv bir şəbəkənin qanunsuz əməlləri ifşa edilmişdi. “Diplomatın cinayət işi” araşdırılarkən, onun çevrəsi, şübhəli əlaqələrinə dair faktlar ələ keçmişdi. Müəyyən olunmuşdu ki, sabiq diplomatların " öz aralarında yazışdıqları xüsusi bir internet səhifə və məxvi mesajlaşma platforması mövcuddur. Bu platformalarda dövlət əleyhinə planların müzakirəsi aparılır. Kənar girişlərin məhdudlaşdırıldığı, modern texnologiyaların tətbiqi ilə mühafizəsi təmin olunan həmin platformalar Qərb xüsusi xidmətləri tərəfindən idarə edilir. Emin İbrahimovun XİN-də müxtəlif əlaqələrinin müəyyənləşdirilməsi kontekstində aparılan təhqiqat zamanı qrupun digər üzvləri barədə də məlumatlar əldə edilib. Bu günlərdə Azərbaycan KİV-lərində "Dövlət əleyhinə kampaniya aparan "Çaqqal” ləqəbli səxs kimdir?" başlıqlı vazı dərc edilib (https://qafqazinfo.az/news/detail/caqqalleqebli- sexs-kimdir-454291). Qeyd olunub ki, COP29 ərəfəsində müxtəlif Qərb dairələri sabiq diplomatlardan istifadə edərək. Azərbaycana qarşı təxribatlar hazırlayıblar. Kod adı "Cavanşir olan, diplomatiya sistemindən uzaqlaşdırılmış "Çaqqal ” ləqəbli Ramiz Vəliyev də bu kontekstdə ciddi şübhə obyektinə çevrilib. O, diplomatiya sistemində çalışarkən xaricə, o cümlədən "söyüş müxalifəti''nə məlumat ötürən şəxslərdən biri kimi fəaliyyət göstərib. Beləliklə, indi Gürcüstanda çox qabarıq şəkildə təzahür edən "diplomat qiyamı" ABŞ və Avropa İttifaqının hədəf ölkələr üzrə hazırladıqları yeni təxribat ssenarilərindən xəbər verir. Bu ssenarilərdə rol alan komponenetlərdən biri də "ələ alınmış diplomatlar "dır. Həmin ssenari təkcə Gürcüstan üçün nəzərdə tutulmayıb. Əgər sabah Paşinyan Qərbə qarşı hansısa sürüşkən addımlar atacaqsa, o da yeni silahın hədəfinə çevriləcək. Onlarla diplomatın təpkisini görəcək. Azərbaycan isə həmişə olduğu kimi, bu dəfə də oyunları poza bilib. Özünün ayıq-sayıq davranması ilə bu planı da alt-üst edə bilib.” (https://qafqazinfo.az/news/detail/gurcustanda-diplornat-qiyarni-qerb-evni-ssenarini-azerbaycanueun-de-hazi rlami sdi-454673) İlk öncə onu qeyd edir ki, yayılan məlumatın müəllifi qeyd edilməyib. Buna görə də, məsuliyyəti qafqazinfo.az xəbər saytının baş redaktoru, “Elbrus Ərud” kimi tanınan X7 daşıyır.Paylaşılan məlumatların məzmunundan da göründüyü kimi o, onu ölkədə təxribat yaratmaqda, vətənə xəyanətdə, casusluq etməkdə ittiham etmiş, həmçinin çaqqal, kiçik adam sindiromundan əziyyət çəkən biri, içki aludəçisi kimi təqdim edərək təhqir etmişdir. Həmin məlumatda Elbrus Seyfullayev onu cinayət törətməkdə ittiham edir. Onun kütləvi informasiya vasitələrində, sosial platformalarda heç bir sübuta və əsasa söykənməyən, şər-böhtan dolu ifadələri onun diplomat olaraq şərəf və ləyaqətinə, işgüzar nüfuzuna ciddi şəkildə xələl gətirməkdədir. Haqqında yayılmış həqiqətə uyğun olmayan fikirlərə bu qədər sayda baxış olması insanlarda barəsində yanlış təsəvvürlər yaradır. Onun özü şəhid ailəsi üzvüdür, Azərbaycan Respublikasının yeganə şəhid hakimi X3 qardaşıdır. Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri nəzərə alınaraq Zərdab şəhərinin mərkəzi küçələrindən birinə şəhid hakim Məhərrəm Məmmədovun adı verilmişdir. Məhərrəm Məmmədovun və anası Safura Məmmədovanın 24 avqust 1993-cü il tarixdə Füzuli rayonunun 1 Mahmudlu kəndi yaxınlığında, “Kültəpə” deyilən yerdə qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən qətlə yetirilməsi faktı ilə bağlı başlanmış cinayət işi nəticəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Arkadi Qukasyan, Bako Saakyan, “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan, Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyan, Azərbaycan Respublikası ərazisinə qeyriqanuni gələrək 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışmış X11 ittiham elan edilmişdir. Qardaşı oğlu həmin cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi olaraq tanınmışdır. Hazırda cinayət işi şəxsən Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevin xüsusi nəzarətindədir. Cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində yekunlaşmaq üzrədir. Bundan başqa yalnız qardaşı deyil, anası Səfurə Məmmədova da şəhid olmuşdur. O, isə Bakı Dövlət Universitetinin 2-ci kurs tələbəsi olmağına baxmayaraq Xocalı faciəsindən təsirlənib könüllü şəkildə döyüşlərə qatılmış, N saylı hərbi hissənin tərkibində torpaqlarımızın bötüvlüyü uğrunda mübarizə aparmışdır. O və həmçinin 1 Qarabağ döyüşlərində könüllü iştirak edən böyük qardaşı X19 müharibəsi veteranı kimi Prezident təqaüdçüsüdürlər. Yəni ailəsi vətən uğrunda canından keçmiş, könüllü şəkildə torpaqlarının bütövlüyü uğrunda mübarizə aparmış və dövlət tərbiyyəsi almış bir ailədi. İndi isə xəbər saytlarında o dövlətinə xəyanət etməkdə ittiham olunur. Elbrus Seyfullayev də daxil olmaqla heç kimin onun fəaliyyətinə və şəxsiyyətinə dair bu cür ifadələr işlətməyə haqqı yoxdur. Onun mövqeyini öyrənmədən, kimliyini araşdırmadan küçə jarqonu ilə xəbər paylaşmaq yalnız “reketçilikdən” xəbər verir. X6 yaxın qohumlarından kimsə əlinə silah alıb düşmən tərəfinə bir güllə atıbdırmı? Elşad Abdullayevin rəhbəri olduğu Beynəlxalq Universitetin tələbəsi olan bu şəxs BDU-nun şərqşünaslıq fakültəsinin tələbəsinə, ömürün xalqına və dövlətinə həsr etmiş şəxsə bu cür ittihamlar səsləndirməsi nə dərəcədə doğrudur? X15 oülu yalan olduğunu bilə-bilə həmin məlumatları sosial şəbəkədə yayaraq onu xüsusilə ağır cinayət törətməkdə ittiham edib mənə böhtan almışdır. Kütləvi informasiya vasitələri ilə yayılmış məlumatlardakı cümlə və ifadələrdən də göründüyü kimi o, onu dövlətə xəyanətdə ittiham edir. Xüsusi ittihamçı X8 vəkili Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbələri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası; Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1) şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlardan birini qəbul edir: 1)şikayət həmin məhkəməyə aid olmadığı müəyyən edildiyi halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 2)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 3)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyi; şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7cimaddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığı; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi; şikayəti vermiş şəxs şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmənin hazırlıq iclasında müəyyən edilməli olan məsələlərlə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məhkəmənin hazırlıq iclasında hər bir halda baxılmalı olan məsələ olmaqla yanaşı, həmin məhkəməyə aid olmaması müəyyənləşdirildiyi təqdirdə məhkəmə baxışının təyin edilməsini qeyri-mümkün edən hallardan biridir. Tədqiq edilmiş materiallarından da aydın olur ki, əməldə cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olması öz təsdiqini tapmır. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 2 və 3-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fikir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10- cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulub-pozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 4-cü bəndində məhkəmələr nəzərə almalıdırlar ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafıəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X9rşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42). CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi, onun mənbəyi və hansı sübut ilə təsdiq edildiyi göstərilməlidir. Lakin, X1 Elbrus Ramiz oğlunun CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etsə də, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxslərin ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma və təhqir (CM-147.2, 148) cinayət əməllərini törətməsinə yönələn hərəkətlərini hər bir cinayət əməlinə münasibətdə konkret qeyd etməmişdir. Bununla da CPM-in 283.3.2 və 293.3.3-cü maddələrinin tələblərini pozmuşdur. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Ona görə də şikayətdə istinad edilmiş sübutlar şikayətçinin dəlillərini təsdiqləmədiyindən, əsassız hesab edilməli və CPM-in 300.1.3-cü maddəsinə əsasən icraata qəbul edilməkdən imtina edilməlidir. CPM-in: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X14 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-156/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-156/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver