Məhkəmə qərarları › İş №1(005)-157/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-157/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-157/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 10:45 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi (mülki iddiaçı) – X4, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Cəlilabad rayonu Pakrovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, Cəlilabad rayonu Günəşli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 iyul 2022-ci il tarixdə saat 01:11-də ünvan 2 ünvanında yerləşən, "xxxx" MMC-nin istifadəsində olan anbara həmin anbarın divarının yuxarı hissəsindəki boşluqdan keçməklə qanunsuz daxil olub oradan 1 ədədinin qiyməti 100 manat olmaqla ümumi dəyəri 1300 manat təşkil edən 13 ədəd vintil, 1100 manat dəyərində 1 ədəd «Gazzi» markalı blover, 1200 manat dəyərində 1 ədəd «Astral» markalı hovuz motoru və 2500 manat dəyərində 1 ədəd «10HP» markalı hovuz motorunu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-ə xeyli miqdarda, 6100 (altı min yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 noyabr 2022-ci il tarixdə saat 01:01-də ünvan 2 ünvanında yerləşən, "xxxx" MMC-nin istifadəsində olan anbara həmin anbarın divarının yuxarı hissəsindəki boşluqdan keçməklə qanunsuz daxil olub oradan 1200 manat dəyərində 1 ədəd «Bosh» markalı (15 kq) perferator, 1 metrinin qiyməti 1,5 manat olmaqla ümumi dəyəri 2250 manat təşkil edən 1500 metr uzunluğunda, 2x2,5 ölçüdə kabel, 100 manat dəyərində 1 ədəd «Kurberk» markalı direl və 300 manat dəyərində 1 ədəd Çin istehsallı qurutma aparatını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-ə 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 noyabr 2022-ci il tarixdə saat 03:21-də ünvan 2 ünvanında yerləşən, "xxxx" MMC-nin istifadəsində olan anbara həmin anbarın divarının yuxarı hissəsindəki boşluqdan keçməklə qanunsuz daxil olub oradan 1 ədədinin qiyməti 800 manat olmaqla ümumi dəyəri 1600 manat təşkil edən 2 ədəd «Vater fun» markalı hovuz motoru, 1100 manat dəyərində 1 ədəd «Gazzi» markalı blover, 1 metrinin qiyməti 1,5 manat olmaqla ümumi dəyəri 600 manat təşkil edən 400 metr uzunluğunda, 2x2,5 ölçüdə kabeli gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-ə 3300 (üç min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 noyabr 2022-ci il tarixdə saat 01:25-də ünvan 2 ünvanında yerləşən, "xxxx" MMC-nin istifadəsində olan anbara həmin anbarın divarının yuxarı hissəsindəki boşluqdan keçməklə qanunsuz daxil olub oradan dəyəri 150 manat təşkil edən 1 dəst qaz açarları, avtokar təmiri açarları, elektrik testerləri və elektrik açarlarını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 150 (yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, cinayət işinə əlavə edilmiş video görüntü və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin yay aylarında maddi durumu yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmiş, Nərimanov rayonu, Ulduz metrostansiya yaxınlığında 2022-ci ilin yay aylarında gecə saatlarında piyada gəzərkən yaxınlıqda yerləşən anbarın yuxarı hissəsində içəriyə girmək üçün boşluq olduğunu görmüş, ətrafa nəzər yetirib gediş – gəlişin olmadığına əmin olduqdan sonra anbarın çöl divarında olan dəmir parçalarından istifadə edib boşluq olan hissəyə qədər qalxmış və həmin boşluqdan içərisinə boylanmışdır. Anbar yarımqaranlıq vəziyyətdə olsa da içəridə çoxlu qutular olduğunu müşahidə edə bilmiş, həmin anbardan oğurluq etmək qərarına gəldiyindən boşluqdan içəri keçmişdir. Sonra isə üzərində olan əl fənəri ilə ətrafı işıqlandırıb anbarı gəzərək içəridə hansı mallar olduğunu müşahidə etməyə başlamış, orada müxtəlif qurğular, tikinti materialları və kabellər olduğunu müəyyən etmişdir. Anbarın rəflərindən 13 ədəd vintil, 01 ədəd blover və 03 ədəd hovuz motoru götürüb onları anbara daxil olduğu yerin yaxınlığına gətirmiş, Daha sonra isə həmin əşyaları özü ilə gətirdiyi kəndirlə bağlamış və anbara daxil olduğu yerdəki boşluqdan sallamaqla çölə çıxarmışdır. Qeyd olunan 4 qurğunu və vintilləri anbardan çölə çıxardıqdan sonra özü də çölə çıxmış və oğurladığı əşyaları çətinliklə də olsa bir – bir daşıyıb oradan uzaqlaşmışdır. Oğurladığı əşyaları mağazalara sata bilməyəcəyini başa düşdüyündən belə qərara gəlmişdir ki, onları metal qəbulu məntəqəsinə satsın. Bu səbəbdən də həmin qurğuların naqillərini kəsməklə və metal örtüklərini söküb tullamaqla yararsız vəziyyətə salmağa çalışmışdır ki, metal qəbulu məntəqəsində şübhələnməsinlər. Biləcəri qəsəbəsində, xatırlamadığı ünvanda yerləşən metal qəbulu məntəqəsinə getmiş və oğurladığı 4 ədəd qurğunu və 13 ədəd vintili həmin məntəqəyə təxminən 250 manata satmışdır. 2022-ci ilin oktyabr ayının sonlarından etibarən yenidən işsiz olduğundan və maddi vəziyyəti çox pisləşdiyindən təkrarən həmin anbardan oğurluq etmək qərarına gəlmiş və 2022-ci ilin noyabr ayının 4-də, 9-da və 20-də gecə saatlarında oradan eyni üsulla oğurluq etmişdir. Belə ki, 4 noyabr 2022-ci il tarixdə anbardan 01 ədəd “Bosh” markalı (15 kq) perferator, 15 top kabel, 01 ədəd direl və 01 ədəd qurutma aparatı, 9 noyabr 2022-ci il tarixdə 02 ədəd su motoru, 01 ədəd blover, 04 top kabel, 20 noyabr 2022-ci il tarixdə qaz açarları, avtokar təmiri açarları, eletrik testerləri və elekrik açarları dəsti oğurlamışdır. Noyabr ayı ərzində anbardan ümumilikdə 3 dəfə oğurluq etmiş və hər dəfə anbara eyni üsulla, yəni anbarın çöl divarında olan dəmir parçalarından istifadə edib yuxarı dırmaşaraq və sonra da anbarın yuxarı hissəsindəki boşluqdan keçməklə içəri daxil olmuşdur. Anbara daxil olduqdan sonra içərini gəzib oradakı malları təftiş etmiş, oğurladığı qurğulardan 1 ədəd nasosu keçmiş arvadı Şahid Qələndərovnanın yaşadığı, Bakı şəhəri Xətai rayonu E.Şükürlü küçəsində yerləşən 17Q ünvanına aparıb Pərvanədən xahiş etmişdir ki, nasosus evin həyətində saxlamağına icazə versin, başqa vaxt gəlib götürəcəkdir. Lakin Pərvanəyə həmin nasosu oğurlamağı barədə heç bir məlumat verməmişdir. Digər qurğulardan 1 ədəd perferator və 1 ədəd direli «Çerment» körpüsü adlanan ərazidə dayanıb günəmuzd iş axtaran, əvvəllər tanımadığı fəhlələrdən birinə 45 manata satmış, həmin şəxsə də bu əşyaları oğurluq yolu ilə əldə etməyi barədə məlumat verməmişdir. Noyabr ayı ərzində oğurladığı digər 01 ədəd qurutma aparatı, 1 ədəd su motoru, 01 ədəd blover, qaz açarları, avtokar təmiri açarları, eletrik testerləri və elekrik açarları dəstini isə Dərnəgül qəsəbəsində yerləşən, dəqiq ünvanını xatırlamadığı metal qəbulu məntəqələrindən birinə satmış, bu əşyaların müqabilində ona nə qədər pul ödənildiyini xatırlamır. 4 və 9 noyabr tarixlərində oğurladığı ümumilikdə 19 top kabeli isə anbarın yaxınlığında, yoldan uzaq və kimsənin gəlib getmədiyi ərazidə əridib mis hissələrini ayrdıqdan sonra onları da metal qəbulu məntəqəsinə satmışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, "xxxx" MMC-nin istifadəsində olan anbardan oğurluğu tək etmiş, bu işdə ona heç kəs köməklik etməmişdir, anbardan oğurladığı və Biləcəri qəsəbəsində, Dərnəgül adlanan ərazidə satdığı metal qəbulu məntəqələrinin ünvanını xatırlamır, malları satarkən oğurluq yolu ilə əldə etməsi barədə heç bir məlumat verməmişdir. Son olaraq məhkəmədə qeyd etmişdir ki, oğurladığı əşyaların sayı qeyd olunduğundan az olardı və qiymətləri ilə də tam razı deyildir. Zərərçəkmiş hüquqi şəxsə vurmuş olduğu maddi ziyanı ödəmək niyyətindədir, əməlindən peşmandır. Bütün bunları nəzrə alaraq barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi (mülki iddiaçı) X7 ifadəsində göstərmişdir ki, 2008-ci ildən "xxxx" MMC-nin təsisçisidir, təxminən 7 ildir ki, Nərimanov rayonu, 4-cü Köndələn küçəsi 3 ünvanında yerləşən anbarı icarə əsasında işlədir, anbarda olan bütün mallar "xxxx" MMC-nin mülkiyyətindədir. "xxxx" MMC-nin fəaliyyəti hovuz üçün nasos, daşlar və digər tikinti materiallarının satışından ibarətdir. xx.xx.2022-ci il tarixdə anbardan kabel götürən zaman kabellərin yerində olmadığını aşkar etmişdir. Oğurluq olmasından şübhələnib anbarın təhlükəsizlik kamerlarına baxış keçirmiş, baxış zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 01:10-dan 02:20-dək olan müddət ərzində tanımadığı bir nəfər şəxs anbarın dam hissəsindən anbara daxil olaraq anbarın içərisində olan materialların daşınması üçün istifadə edilən kran vasitəsi ilə anbara düşərək anbarda olan 01 ədədinin qiyməti 100 manat olan, ümumi dəyəri 1300 manat təşkil edən 13 ədəd vintil, 01 ədəd 1100 manat dəyərində “Gazzi” markalı blover, 01 ədəd 1200 manat dəyərində “Astral” markalı hovuz motoru və 01 ədəd 2500 manat dəyərində “10 HP” markalı hovuz motorunu oğurlayaraq anbarda olan kran vasitəsi ilə anbara daxil olduğu yerə qaldıraraq oradan çıxarmışdır. Bundan başqa həmin şəxs xx.xx.2022-ci il tarixdə saat 01:00-dan 03:30-dək olan müddət ərzində təkrarən anbarın dam hissəsindən anbara qanunsuz daxil olaraq anbarın içərisində olan materialların daşınması üçün istifadə edilən kran vasitəsi ilə anbara düşərək anbarda olan 01 ədəd 2300 manat dəyərində “Bosh” markalı (15 kq) perferatoru, 01 metrinin qiyməti 1 manat 50 qəpik olmaqla ümumi dəyəri 2250 manat təşkil edən 1500 metr uzunluqda 2x2,5 ölçüdə kabel, 01 ədəd 100 manat dəyərində “Kurberk” markalı direl və 01 ədəd Çin istehsallı 300 manat dəyərində qurutma aparatını oğurlamışdır. Bundan başqa həmin şəxs təkrarən xx.xx.2022-ci il tarixdə 03:24-dən 04:20-dək olan müddət ərzində anbara daxil olaraq anbarda olan 01 ədədinin qiyməti 800 manat olan, ümumi dəyəri 1600 manat təşkil edən “Vater fun” markalı 02 ədəd hovuz motoru, 01 ədəd 1100 manat dəyərində “Gazzi” markalı blover və 01 metrinin qiyməti 1 manat 50 qəpik olmaqla ümumi dəyəri 600 manat təşkil edən 400 metr uzunluqda 2x2,5 ölçüdə kabeli oğurlamışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barəsində məlumat vermişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə 02:05-dən 03:40-dək olan müddət ərzində həmin şəxs təkrarən anbara daxil olaraq anbarda olan ümumi dəyəri 150 manat olan qaz açarları, avtokar təmiri açarları, eletrik testerləri və elekrik açarlarını oğurlamışdır. Qeyd olunan 4 oğurluq hadisəsi nəticəsində "xxxx" MMC-ə ümumilikdə 14.500 manat məbləğində ziyan dəymişdir. Təqsirləndirilən şəxslə barışmadığını bildirmiş və müəssisəyə dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş Şahid Qələndərovnanın ibtidai istintaqda vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid Qələndərovnanın ibtidai istintaqdakı ifadəsinə əsasən o, bildirmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir, 08 iyul 2021-ci il tarixdə Xətai rayon Məhkəməsinin qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Birgə nikahdan 2013-cu il təvəllüdlü Rza Həsənov, 2015-ci il təvəllüdlü Səməd Həsənov və 2020-ci il təvəllüdlü Ayla Həsənova adlı övladları vardır. Rəsmi olaraq boşansalar da Təqsirləndirilən şəxs tez-tez gəlib övladları ilə görüşür. 2022-ci ilin noyabr ayının ortalarında Şaiq uşaqlarla görüşmək üçün onun yaşadığı Bakı şəhəri, Xətai rayonu Elvin Şükürlü küçəsində yerləşən 17Q ünvanına gələrkən özü ilə 1 ədəd nasos da gətirmişdir. Şaiq həmin nasosu qoymağa yeri olmadığını bildirib xahiş etmişdir ki, nasos bir müddət onun evinin həyətində qalsın, sonra özü gəlib götürəcəkdir. Etiraz etməmiş, Şaiq özü nasosu həyətdə bir küncə qoymuşdur. Təqsirləndirilən şəxs evə gətirdiyi nasosun oğurluq yolu ilə əldə etməsi barədə ona heç bir söz deməmiş, özü də bundan şübhələnməmişdir, nasosun oğurluq olduğunu bilmiş olsaydı həmin nasosu evin həyətinə qoymasına razılaşmazdı, həmin nasosdan istifadə etməmiş, Təqsirləndirilən şəxs onun yaşadığı evə başqa hər hansı bir əşya gətirməmişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2022-ci il tarixli, HK-1 N 3530 saylı raportdan görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi xx.xx.2022-ci il tarixində DİN-nin “102” Xidmətinə zəng edərək Ulduz metrosunun yanın müxtəlif vaxtlarda anbardan mühərrik elektrik naqillərinin oğurlanmasını və şirkətə 50000-60000 manat dəyərində ziyan dəyməsi barədə məlumat vermişdir. Məhkəmədə tədqiq olunan “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, hadisə ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus anbarda baş vermişdir. Məhkəmədə tədqiq olunan “Axtarış və götürmə aparılması” haqqında xx.xx.2022-ci il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra oğurlamış olduğu bir sıra əşyaları keçmiş yoldaşı Şahid Qələndərovnanın yaşadığı evdə gizlətmiş və Abbasova Pərvanı 01 ədəd nasosu könüllü şəkildə polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmədə tədqiq olunan Azərbayan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/8823 saylı eksertiza rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə 13 ədəd vintil, 01 ədəd “Gazzi” marakl blover, 01nədəd “Astral” markalı hovuz matoru, 01 ədəd “10 HP” markalı hovuz matoru, xx.xx.2022-ci il tarixdə 01 ədəd “BOSH” markalı (15 kq) perferator, 1500 metr uzunluqda 2 x 2,15 ölçüdə kabel, 01 ədəd “Kurberk” markalı direl, 01 ədəd Çin istehsalı qurutuma aparatı, xx.xx.2022-ci il tarixdə 02 ədəd “Vater fun” markalı hovuz matoru 01 ədəd “Gazzi” marakl blover, 400 metr uzunluqda 2 x 2,15 ölçüdə kabel, xx.xx.2022-ci il tarixdə gaz açarları, avto car təmir açarları, elektrik testerləri və elektirik açarlarının 2022-ci ilin iyul-noyabr ayrlarına olan orta bazar satış qiyməti ümumi dəyəri təxminən 13400,0 manat müəyyən edilmişdir. Ekspertizanın dəyəri 50 manat təşkil edir. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 11 yanvar 2022ci il tarixli qərardan görünür ki, 01 ədəd “vater fun” markalı hovuz motoru maddi sübut hesab edilmiş və zərərməkmiş hüquqi şəxsin nümayəndəsinə qaytarılmışdır. Həmçinin "xxxx" MMC-nin istifadəsində olan anbarda quraşdırılmış müşahidə kamerları ilə qeyd alınmış görüntülərin olduğu 01 ədəd flaşkart maddi sübut kimi tanınmışdır. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması haqqında” 23 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli biliərək həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1267/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində ibtidai istintaq müddi həddində həbs qətimkan tədiri seçilmişdir. Həbsetmənin əvvəli 23 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək Nizami Rayon Məhkməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 01 il, 08 ay, 14 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(005)-462/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-306/2022 saylı, xx.xx.2020-ci il tarixli hökmüdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bilinərək təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının cəkilməmiş 02 ay, 04 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixili vermiş olduğu xasiyyətnamədən görünür ki, Həsənov X1 doğulmu və həmin kənddə də qeydiyyatda olduğu müddət ərzində özünü nizamlı aparmışdır. Barəsində hər hansı bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasına ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin müəssisədə müalicədə olmamışdır. AA3469519 seriya nömrəli, AA3469520 seriya nömrəli, AA2466850 seriya nömrəli şəxsiyyət vəsiqlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 03 azyaşlı övladı vardır. Məhkəmədə tədqiq edilən 11 dekabr 2022-ci il tarixli Qərardan aydın olur ki, cinayət işi üzrə "xxxx" MMC mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 03 yaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur . “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-306/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət törətməkdə davam etməsi, islah olunmaması onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-nin 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində oğurlamış olduğu avadanlıqların qiyməti və sayı ilə razılaşmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəninin özünümüdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, məhkəmədə tədqiq edilmiş video görüntü, eləcə də ekspertiza rəyləri, habelə məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan 23 noyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd “vater fun” markalı hovuz motoru zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə qaytarılması və ədəd 01 ədəd flaşkartın cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri 50.00 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə ibtidai istintaq zamanı mülki iddiaçı qismində tanınmış "xxxx" MMC tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ümumilikdə zərərçəkmiş "xxxx" MMC-yə 13.400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunmalı, mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ekspertiza rəyi və cinayət işinin materialları ilə təsdiq olunmuş maddi ziyan dəyərində, yəni 13.400 manat məbləğində pul zərərçəkmiş (mülki iddiaçı) "xxxx" MMC-yə ödənilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri "Arbitrium" Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “vater fun” markalı hovuz motoru zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X5 qaytarılması və 01 ədəd flaşkartın cinayət işi materiallarında saxlanılması nəzərə nəzərə alınsın. Ekspertiza tədqiqatnın dəyəri 50.00 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Mülki iddia qismən təmin edilsin. Maddi ziyana görə zərərçəkmiş şəxs (mülki iddiaçı) "xxxx" MMC-yə 13.400 manat məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilsin. “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar