Məhkəmə qərarları › İş №1(005)-158/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-158/2020

23.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-158/2020 23.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Tərcüməçi- X3, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi –14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2020-ci il tarixdə 12:00 radələrində X2 yaşadığı ünvan 2 ünvanına qəlib özünü televizor ustası kimi təqdim edərək qonaq otağındakı dolabda olan içərisində 1500 manat pul olan öz dəyəri isə 20 manat təşkil edən pul qabını gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1520 manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Nərimanov rayonu, Azadlıq prospektində yerləşən məhəllələrin arasında gəzərkən pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmiş, bu zaman binaların birindən bir nəfər yaşlı kişinin çıxdığını görmüş və həmin kişidən buralarda bir nəfər yaşlı rus qadının yaşadığını, lakin ünvanı dəqiq bilmədiyini demişdir. Bu zaman həmin şəxs ona buralarda yalnız bır nəfər yaşlı rus qadının qaldığını, oğlunun adının isə Vasya olduğunu demiş və həmin qadının ünvanını əli ilə göstərərək onun birinci mərtəbədə yaşadığını bildirmişdir. Həmin bloka yaxınlaşdıqda orada 2 nəfər şəxsin olduğunu görmüş, həmin şəxslərdən rus qadının yaşadığı mənzili soruşduqda onlar həmin qadının birinci mərtəbədə orta qapıda yaşadığını bildirmişlər. Həmin mənzilə yaxınlaşıb qapını döysə də, qapın açan olmamış, geri qayıdarkən həmin şəxslər ordan niyə qayıtdığını soruşduqda qapını açan olmadığını bildirmiş, bu zaman həmin şəxslərdən biri rus qadının yaşlı olduğuna görə zəif eşitdiyini, qapını möhkəm döyməli olduğunu, habelə oğlu Vasyanın da bir neçə dəqiqə əvvəl getdiyini bildirmişdir. Ona görə geri qayıtmış, qapını döydükdə adını sonradan öyrəndiyi Şahid qapıya yaxınlaşaraq kim olduğunu soruşduqda Vasyanın lazım olduğunu demiş və bundan sonra Şahid qapını açmışdır. Nə üçün gəldiyini soruşduqda ona Vasyanın əlaqə saxladığını, televizorun təmirə ehtiyac olduğunu bildirmiş və Şahid onu içəri dəvət etmişdir. Bu zaman televizora yaxınlaşaraq özünü nəsə ilə məşğul olduğunu göstərmiş və Şahid su gətirməsini xahiş etmişdir. Şahid su gətirmək üçün mətbəxə getdikdə o dolaba baxmağa başlamış, dolabın içərisində olan pul qabına baxdıqda isə içərisində 200 manatlıq əskinaslar görmüş və həmin pulları cibinə qoyaraq Şahid mətbəxdən qayıtmasını gözləməyərək mənzildən çıxıb getmişdir. Həmin mənzildən çıxdıqdan sonra pul qabının içərisinə baxdıqda 1500 manat pul olduğunu görmüşdür. Son olaraq əməlindən peşmançılıq çəkməsini və zərər çəkmiş şəxsə dəymiş zərərin əvəzini ödədiyini qeyd edib barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ıl tarixdə anası Şahid ilə əlaqə saxladıqda anasının ondan pul qabını götürüb-götürmədiyini soruşduğunu, götürmədiyini dedikdə isə anasının ağlamağa başladığını və baş vermiş hadisə barədə məlumat verdiyini bildirmişdir. Bundan sonra isə anasının yaşadığı ünvana getmiş və bu barədə DİN 102 xidmətinə məlumat vermişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini qeyd etsə də, lakin təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvanda olarkən qapı döyülmüş və qapıya yaxınlaşaraq kim olduğunu soruşduqda həmin şəxs ona Vasyanın lazım olduğunu demişdir. Bu zaman o da qapını açmışdır. Ondan nə üçün gəldiyini soruşduqda Vasyanın onunla əlaqə saxladığını, televizorun kabelinin qırıldığını, təmirə ehtiyac olduğunu bildirmişdir. Ona görə də onu içəri dəvət etmişdir. O, televizora yaxınlaşaraq ış görməyə başlamışdır. Bir qədər sonra ondan su gətirməsini xahiş etmişdir. Su gətirmək üçün mətbəxə getmiş və 1-2 dəqiqə sonra qayıtdıqda həmin şəxsin evdə olmadığını görmüşdür. Dolabın qapısı açıq olduğunu görmüş və dolaba baxdıqda Vasiliyin müalicə üçün yığdığı 1500 manat olan pul qabının yerində olmadığını görmüşdür. Ev telefonu ilə ailəvi dostuları olan Nina xanım Emilə zəng edərək Vasiliyə ona zəng etməsini deməsini xahiş etmişdir. Sonra Vasiliy əlaqə saxladıqda Vasiliydən pul qabını götürüb-götürmədiyini soruşmuş və pulu götürmədiyini dedikdə ağlamış və sonra baş vermiş hadisə barəsində ona məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaq aparılır. (i.v.1); Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22:00da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 50-51) Könüllü təqdim etmə və baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanından oğurladığı 1500 manat nağd pulu xərcləmədiyini bildirərək dəymiş ziyanı ödəmək məqsədi ilə könüllü olaraq təqdim tmək istədiyini bildirmiş və istintaqa təqdim etmişdir. (i.v. 61-66) Maddi sübut kimi tanımaq haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs ünvan 2 ünvanından oğurladığı və könüllü olaraq zərərçəkmiş şəxsə geri qaytarmaq üçün təqdim etdiyi 1500 manat nağd pul maddi sübut qismində tanınmış və zərərçəkmiş şəxs V. Şerbakova geri qaytarılmışdır. (i.v. 67-68) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. (i.v. 75-76). Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Rüstəm Diniyevin xx.xx.2020-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v. 91-93) Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqınd xx.xx.2020-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 94-95; 97) xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanından oğurladığı 1500 manat məbləğində pul Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır. (i.v. 100) Nəsimi rayon 52 saylı MKİS tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşadığı müddət ərzində özünü qonşular arasında nizam-intizamlı şəxs kimi aparmış, heç bir qonşu ilə narazılığı olmamış, qonşular tərəfindən Nəsimi rayon 52 saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır. (i.v. 102) Nəsimi rayon 52 saylı MKİS tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında ailəsi ilə birlikdə qeydiyyatda olmaqla yaşayırlar. (i.v. 103) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Nərimanov rayon Xalq Məhkəməsinin xx xxxxx 1999-cu il tarixli hökmü ilə AR CM-nin 93-3.2-ci maddəsi ilə təqsirli bilinib qazancının 20%i dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzasına, Yasamal Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmü ilə AR CM-nin 177.2.4, 69.4-cü maddəsi ilə təqsirli bilinib 2500 manat cərimə cəzasına, Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 69.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 03 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 104-106) Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə AR CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, xx.xx.2020-ci il tarixdə cinayət işi üzrə 1500 manat pulun maddi sübut kimi tanınması və zərərçəkmiş şəxsə qaytarılmasının nəzərə alınması və s. qərara alınmışdır. (i.v. 117-122) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-158/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbirinin seçilməsi və tutularaq dərhal həbs edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş xx xxxx 2020ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2020-ci il tarixdə saxlanılması üçün 03 saylı İT-na gətirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəsimi Rayon İcra və Probasiya Şöbəsindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş xx xxxx 2020-ci il tarixli 1006-156813/2020-5-21 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 03 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkum R. Məmmədov cəzanın icrası qaydalarını qərəzli şəkildə pozduğu üçün xx.xx.2020-ci il tarixdə cəzanın çəkilməmiş qalan 05 ay 11 gün hissəsinin müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi barədə Nəsimi Rayon Məhkəməsinə təqdimatla müraciət edilmişdir və hal-hazırda məhkəmə baxışındadır. Məhkum Təqsirləndirilən şəxs cəza müddəti xx xxxxxx 2020-ci il tarixdə başa çatır və hazırda məhkumun xx xxxx 2020-ci il tarixə cəzasının çəkilməmiş hissəsi 05 ay 11 gün təşkil edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, hadisə yerinə baxış protokolu, habelə cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama- üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsə dəymiş zərərin əvəzini ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 03 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş və hazırda məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 05 ay 11 gün təşkil edir. O, hazırkı iş üzrə cinayəti cəza çəkdiyi dövrdə törətmişdir. Buna baxmayaraq, təqsirləndirilən şəxsin əməlində residiv mövcud deyil. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 177.1-ci maddəsində nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayət sayılır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə əsasən isə böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də oğurluq cinayətlərinə görə məhkum edilməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyələndirən halın olmasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu cəmi 16 (on altı) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməli, hazırki hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Həmçinin cinayət işi üzrə maddi sübut kimi tanınmış 1500 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu cəmi 16 (on altı) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 32 (otuz iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-133/2018 nömrəli, xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 03 ay 18 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 ay 11 günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 09 (doqquz) ay müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə sanitariya-gigiyena və karantin rejiminə riayət edilməsi ilə bağlı X1 tövsiyyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl edilməsi vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1500 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar