Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-158/2021 26.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim xxxxxxxxxxxxxxxxx sədrliyi, x katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu X2 üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri xxx saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri “xxx” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Azərbaycan Respublikasının Xocavənd rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Xocavənd rayonunun Tuğ kəndində qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1. maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olunmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış, xx xxxxxxxx 2020-ci il tarixdə saat 15:10 radələrində polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində şübhəli şəxs kimi saxlanılaraq, ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib orada üzərinə baxış keçirilərkən əynində olan qara rəngli qısaqol gödəkçənin sol yan cibindən 2 ədəd şəffaf polietilen bükümlərdə, ayrı-ayrılıqda çəkiləri 3,590 qram və 3,020 qram olmaqla ümumilikdə təmiz çəkisi 6,610 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli tədqiq edilmiş, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan hallar, iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə protokolları, ekspertiza rəyləri və digər sənədlər sübut növü kimi aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 1600- 1700 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük yaşayış massivində gəzən zaman yerdə 02 ədəd şəffaf sellefon bükümlər görmüş, həmin bükümləri götürüb içərisinə baxdıqda, orada narkotik vasitə heroin olmasını görüb bükümləri bağlayaraq gödəkçəsinin cibinə qoymuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə saat 15:00 radələrində ünvan 2 ünvanın qarşısında olarkən mülki geyimdə üç şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərmiş və onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Orada ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş və baxış zamanı əynindəki gödəkçənin sol yan cibindən 02 ədəd şəffaf sellofan bükümlərdə narkotik maddə olan heroin aşkar edilərək götürülmüşdür. Yerdən tapdığı narkotik vasitələri dərhal polisə təqdim etmədiyi üçün özünü qismən təqsirli bilmiş, həmin narkotik vasitələr zərfə qoyularaq möhürlənmiş və o, bu barədə tərtib edilmiş protokola imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatı yoxlamaq məqsədi ilə xx xxxxxxxx 2020-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu ünvan 2 ünvanın qarşısında xarici əlamətləri barəsində məlumat verilən Emin adlı şəxsə yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Orada müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üstünə baxış keçirilərkən əynindəki gödəkçənin sol yan cibindən 2 ədəd sellofan bükümlərin içərisində heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üstünə baxış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Sonradan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Məhkəmədə şahid qismində ifadələri alınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri X4 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı iş üzrə əhəmiyyət kəsb edən bir sıra, o cümlədən aşağıdakı sənədlər araşdırılmışdır. Belə ki, iş materiallarında olan “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Xocavənd rayonu, Tuğ kəndində qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edildikdən sonra, onun müdafiəçisi X1, əməliyyat müvəkilləri Şahid1, Şahid2 və Şahid3 iştirakları ilə xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:20-də başlamış üzərinə şəxsi axtarış və götürmə aparılmış və saat 17:45-də qurtarmışdır. Bu zaman Təqsirləndirilən şəxs qısaqol gödəkçəsinin sol yan cibindən iki ədəd şəffaf sellofan bükümləri təqdim etmiş, bükümdə narkotik maddə olan heroin olduğunu bildirib, bir gün əvvəl yaşadığı ünvanın yaxınlığında gəzərkən təsadüfən yerdən tapdığını qeyd etmişdir. Bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (iş vər. 31-32). Məhkəmə baxışı zamanı hadisənin videogörüntüsünü əks etdirən və iş üzrə maddi sübut olan 1 ədəd DVD formatlı diskə baxış keçirilərək müəyyən edilmişdir ki, görüntüdə Təqsirləndirilən şəxs tam sərbəst şəkildə, müdafiəçinin iştirakı ilə əynindəki qara rəngli qısaqol gödəkçənin sol yan cibindən 02 ədəd şəffaf polietilen bükümlərdə olan kütləni təqdim edir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılması “Sony” markalı videokamera aparatı istifadə edilməklə videoçəkiliş həyata keçirilmiş və 01 ədəd “DVD” diskə yazılaraq protokola əlavə edilmişdir. Həmin “DVD” diskdə olan videoçəkilişdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 6/1919 nömrəli rəyində qeyd edilmişdir ki, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və.s qeydlər olan zərfdəki 2 ədəd bükümlərdəki, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 3,590 qram və 3,020 qram, ümumi təmiz çəkisi 6,610 qram olan maddə eyni tərkibli narkotik vasitə-heroindir (iş vər. 41-46). Cinayət işinin materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 6,410 qram narkotik vasitə olan heroin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (iş vər: 86). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 3341 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vər. 140-141). Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli kliniki psixiatriya xəstəxanasının xx.xx.2020-ci il tarixli, 1/1270 nömrəli məlumat məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 5 ildə stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməyib (iş.vər.113). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, 7308 nömrəli məlumat məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicə olunmayıb (iş vər.116). İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli Hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1. maddəsinə əsasən 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (iş vər. 117-119). İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Elçin Məmmədovun xx xxxxxxxx 2020-ci il tarixli təqdimatı təmin olunmuş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 4(005)- 1105/2020 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3. maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir (iş vər.71-75). Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının xx xxxx 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə görə narkotik maddə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin xalis çəkisi 6,610 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1. maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamaqda təqsirli olması onun özünün etirafı, şahid ifadələri, ekspert rəyləri, iş materiallarında olan maddi sübüt, üzərinə axtarış keçirilməsinə dair videoyazı və s. sənədlərlə tam sübuta yetirilir. Məhkəmədə hər iki ekspert rəyi tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1. maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşmançılığını, himayəsində üç nəfər ailə üzvü və məcburi köçkün olmasını, yaşayış yerində müsbət xarakterizə edilməsi onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1. maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən CM-nin 58.1-ci maddəsinin tələblərindən görünür ki, «cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir». Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2. maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1. maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsinin həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1. maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərcləri - məhkəmə kimyəvi ekspertizasının dəyəri olan 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilən və DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan qalıq çəkisi 6,410 qram olan narkotik vasitə olan heroin məhv edilməli, 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1. maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx xxxxxxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan qalıq çəkisi 6,410 qram olan narkotik vasitə olan heroin məhv edilsin, 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim xxxxxxxxxxxxxxxxx
Məhkəmə qərarları › İş №1(005)-158/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-158/2021
26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver