Məhkəmə qərarları › İş №1(005)-158/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-158/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-158/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla daimi yaşayış yeri olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12.02.2021-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs1 həkim olaraq fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən “MEDYSTYLE” adı altında fəaliyyət göstərən hospitaldakı 212 saylı xidməti otağında olmadığından istifadə edib, otağa, saxlanc yerinə qanunsuz daxil olaraq, şkafın içərisində saxladığı Zərərçəkmiş şəxs1 məxsus əl çantasından, içərisində 600 manat pul, şəxsiyyət vəsiqəsi və bank kartlarının olduğu dəyəri 20 manat olan pul kisəsini gizli olaraq talayıb zərər çəkmiş şəxsə ümumilikdə 620 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 13 avqust 2021-ci il tarixdə, saat 09:40 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə ünvan 2 ünvanda yerləşən “Medilux Hospitalın işçiləri üçün nəzərdə tutulmuş paltar dəyişmə otağının qapısının açıq vəziyyətdə olmasından istifadə edərək qanunsuz otağa daxıl olub orada stolun üzərində Zərərçəkmiş şəxs2 məxsus əl çantasından 15 manat dəyərində 1 ədəd pul kisəsini içərisindəki əşyalarla birlikdə, yəni 980 manat dəyərində sarı rəngli, yolkavari, 750 əyyarlı, 1 cüt qızıl sırğanı, 2 manat dəyərində içərisində 1 manatlıq gediş haqqı olan 1 ədəd metro kartını, içərisində heç bir vəsait olmayan "xxxx" və "xxxx" ASC-yə məxsus bank kartlarını gizli yolla talamış, Zərərçəkmiş şəxs2 "xxxx" ASC-yə məxsus maaş kartını yenidən bərpası üçün 7 manat ödəniş etmiş və "xxxx" ASC-yə məxsus “Albalı” kartını isə heç bir ödəniş etmədən bağlatmağını nəzərə almaqla Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 1.005 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 12 fevral 2021-ci il tarixdə, saat 12:00 radələrində ünvan 3 ünvanda yerləşən “Medystyle” klinikasına getmişdir. Məqsədi orada fizioterapiyaya getmək olmuşdur. Lakin, klinikada bildirmişlər ki, 140 manat ödəniş etməlidir. Bundan sonra o, oğurluq etmək qərarına gəlmişdir. Klinikanın dəhlizində bir qədər gözləmiş, 212 saylı həkim otağının qapısının açıq olmasını görüb ətrafa nəzarət edərək içəri daxil olmuşdur. İçəridə olan dolabın qapısının nisbətən aralı olmasını görüb içərisinə baxmışdır. Qadın çantasını görüb əlini içinə ataraq içindən pul qabını götürmüş, özünün əl çantasının içərisinə qoyaraq otaqdan çıxmışdır. Dəhlizdə çantasının içərisində pul qabını açıb baxdıqda görmüşdür ki, içərisində pul var, bundan əlavə 1 ədəd şəxsiyyət vəsiqəsi, bank kartları olmuşdur. Klinikadan çıxdıqdan sonra baxmışdır ki, pul qabının içərisində 54 manat pul vardır. O, pulları götürmüş, pul qabını qeyd etdiyi bank kartlarını və şəxsiyyət vəsiqəsini yaxınlıqda olan səkinin üstünə qoymuşdur ki, kimsə tapıb özünə qaytarsın. Bundan sonra kənarlaşıb sonrakı günlərdə həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 13.08.2021-ci il tarixdə, saat 09:00 radələrində o, müayinə olunmaq üçün Nərimanov rayonu, Kral Hüseyn küçəsi 66B saylı ünvanda yerləşən “Medilux” Hospitala getmişdir. “Medilux” Hospitalda olduğu zaman oranın işçiləri üçün nəzərdə tutulmuş paltar dəyişmə otağının qapısının açıq vəziyyətdə olduğunu və həmin otaqda stolun üzərində 1 ədəd çanta olmasını görmüşdür. Çantanı gördükdən sonra o, çantanın içərisində pul və digər qiymətli əşyaların olmasını düşünmüşdür. Həmin vaxt maddi ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən paltar dəyişmə otağının qapısının açıq olmasından istifadə edərək otağa daxil olmuş və otaqda stolun üzərində olan çantanın içərisindəki pul kisəsini götürmüşdür. Daha sonra gizlincə otaqdan çıxmış və bu zaman onu heç kim görməmişdir. Daha sonra “Medilux” Hospitalın kolidorunda bir az dayandıqdan sonra oranı tərk etmişdir. Sonradan o, pul kisəsinə baxdıqda içərisində 1 tay sırğa, 4 manat pul, bank və metro kartlarının olduğunu görmüşdür. Həmin sırğanın qulağa keçən hissəsi qırıq olmuşdur. O, həmin sırğanın qızıl olmasını düşündüyü üçün “Gənclik Mail” Ticarət Mərkəzinin yaxınlığında tanımadığı bir nəfər şəxsə göstərmişdir. Həmin şəxs ona sırğanın qızıl olmamasını bildirmişdir. Bu səbəbdən o, pul kisəsinin içərisində olan 4 manat pulu götürərək, həmin 1 tay sırğanı və plastik kartları pul kisəsinin içərisinə qoyaraq “Gənclik” metrostansiyasının giriş-çıxış hissəsinin yanındakı səkinin üzərinə qoymuşdur. Həmin 4 manat pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ərinin X3 şəhid olmasını bildirərək bunların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 12.02.2021-ci il tarixdə həmişə olduğu kimi saat 09:30 radələriııdə hospitala gedib 212 saylı xidməti otağa daxil olmuş, əl çantasını otaqda olan şkafın içərisinə qoymuş, bundan sonra işi ilə məşğul olmağa başlamışdır. Təxminən saat 12 radələrində otaqdan çıxıb palatada olan xəstələrin vəziyyətini yoxlamağa getmiş, çıxarkən otağın qapısını açarla bağlamamışdır. Təxminən saat 15 radələrində otağa qayıtdıqda dolaba qoyduğu çantasının qapağının açıq vəziyyətdə olduğunu görmüş, çantaya baxdıqda içərisində olan pul kisəsinin yerində olmadığını aşkar etmişdir. Pul kisəsinin içərisində 600 manat nağd pul, şəxsiyyət vəsiqəsi, "xxxx" ASC-yə aid 2 ədəd pul kartı, "xxxx" ASC-yə aid 1 ədəd maaş kartı olmuşdur. Bundan sonra oğurluq olub-olmamasını dəqiqləşdirmək üçün hospitalın dəhlizində olan müşahidə kamerasına baxdıqda məlum olmuşdur ki, otaqda olmadığı müddətdə bir nəfər qadın onun otağına daxil olur və bir qədər sonra otaqdan çıxıb uzaqlaşır. Sonda Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 13.08.2021-ci il tarixdə, saat 08:00 radələrində işlədiyi “Medilux” Hospitalda getmişdir. İşə getdikdən sonra paltar dəyişmə otağında paltarını dəyişərək özünə məxsus çantasını orada stolun üzərinə qoyub işə başlamışdır. Saat 13:35 radələrində yenidən paltar dəyişmə otağına gəlib günorta yeməyinə getmək üçün əynini dəyişən zaman aşkar etmişdir ki, çantasının içərisində olan pul kisəsi oğurlanmışdır. Pul kisəsinin içərisində 980 manat dəyərində sarı rəngli, yolkavari, 750 əyyarlı, 1 cüt qızıl sırğası, 2 manat dəyərində içərisində 1 manatlıq gediş haqqı olan 1 ədəd metro kartı, içərisində heç bir vəsait olmayan "xxxx" və "xxxx" ASC-yə məxsus bank kartları olmuşdur. O, "xxxx" ASC-yə məxsus maaş kartının yenidən bərpası üçün 7 manat ödəniş elmiş və "xxxx" ASC-yə məxsus “Albalı” kartını isə heç bir ödəniş etmədən bağlatmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1005 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Cinayət işinin 9-12-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 13.08.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X7 ünvan 4 ünvanında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinə gəlib Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsini rəhbər tutaraq, Zərərçəkmiş şəxs2, hal şahidləri, X5, X4 iştirakları ilə hadisə yerinə baxış keçirtmişdir. Baş vermiş hadisə yeri ünvan 4 ünvanında yerləşən “MEDİLUX” xəsatəxanasının içərisində yerləşən geyim dəyişmə otağının içərisidir. Həmin hadisə yeri xəstəxananın 4114 nömrəli yazısı olan otaqdır. Həmin otağın qarşısında dəmirdən olan aliminium rəngli oturacaqlar vardır. Hadisə yerinin foto şəkilləri çəkilərək tərtib olunacaq protokola əlavə edilmişdir. Cinayət işinin 41-ci vərəqində olan “Diskə baxış keçirilməsi barədə” 11 dekabr 2021ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X10 icraatında olan Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 85-ci maddəsini rəhbər tutaraq həmin məcəllənin 5 və 236-cı maddələrinə əsasən və göstərilən maddələrin tələblərinə riayət etməklə iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə Nərimanov RPİ-nin 16-cı PB-dən 29 noyabr 2021-ci il tarixli, 079-11724-1221 saylı məktubla daxil olmuş 02 ədəd DVD-R formatlı diskə Nərimanov RPİ-nin inzibati binasının 36 nömrəli xidməti otağında “HP 2011x” markalı kompyuter vasitəsilə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 1-ci diskin üzərində əlyazma ilə “MEDİLUX HOSPİTAL”, digər diskin üzərində isə “BakuBus” sözləri yazılmışdır. “HP 2011x” kompyuter vasitəsi ilə 1-ci diskdə olan 02 ədəd videogörüntüyə baxarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 1-ci videogörüntüdə “MEDİLUX HOSPİTAL”ın koridorunda hərəkət edir, 1-ci videogörüntüdə isə yerində dayanaraq ətrafa baxmışdır. Digər diskdə olan 30 ədəd videogörüntüyə baxarkən isə iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Diskə baxış gündüz vaxtı, otaq şəraitində “HP 2011x” markalı kompyuter vasitəsilə aparılmaqla saat 12:30 dəqiqədə başa çatmışdır. Cinayət işinin 44-46-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-144/2021 nömrəli, 15.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, X2 olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Cinayət işinin 66-69-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 18.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Cinayət işinin 108-110-cu vərəqələrində olan 17.02.2021-ci il tarixli “Hadisə yerinə baxış protokolu”dan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı Mirsoltan Sarıyev Bakı şəhəri, Zərərçəkmiş şəxs1 Xalid qızının ərizəsi ilə əlaqədar hadisə yerinə gedib Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsini rəhbər tutub, hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirtmişdir. Hadisə yerinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, ünvan 5 ünvanda yerləşən “MED STYLE” Hospitalında baş vermiş oğurluq hadisəsi ilə bağlı Hospitalda inzibati binanın ikinci mərtəbəsində qapının üzərində nevroloq yazısı olan 212 nömrəli xidməti otağa baxış keçirtmişdir. Baxış zamanı otaqda giriş qapısından içəri sağ hissəsində iki qapılı biri şüşədən, biri taxtadan olan dolab yerləşir. Vətəndaş Zərərçəkmiş şəxs1 əli ilə həmin dolabın şüşədən olan qapısını açaraq oğurluq olduğu yeri göstərmişdir. Hadisə yerinə baxış gündüz, təbii işıq şəraitində keçirilmişdir. Fotoşəkillər protokola əlavə edilmişdir. Cinayət işinin 150-ci vərəqində olan “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 30 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 173-cü vərəqində olan “Diskin baxışının aparılması haqqında” 01.05.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X6 tərəfindən ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan, Azərbaycan Respublikası CPM-nin 85-ci maddəsini rəhbər tutaraq həmin məcəllənin 51 və 236-cı maddələrinə əsasən və göstərilən maddələrin tələblərinə riayət etməklə iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakı ilə istintaqa təqdim edilən içərisində əks olunduğu 01 ədəd CD diskin 01.03.2021-ci il tarixdə saat 12:40 xidməti iş otağında “HP LE1901VV” markalı stolüstü kompüterdə baxışını aparmağa başlamışdır. Baxış zamanı müəyyən edilmişdir ki, istintaqa təqdim edilmiş diskin içərisində 01 ədəd video görüntüdə saat 14:19-da bir nəfər, başında qara rəngli papaq, əynində arxa tərəfində “V” hərfinə bənzər işarə olan uzun üst geyimi, qara rəngli şalvar, ayağında ağ, üstü qara ipli kross ayaqqabısı olan, arıq bədən quruluşlu qadın, dəhlizdə qapısı açıq vəziyyətdə olan otaqlardan birinin qarşısında dəfələrlə o tərəf bu tərəfə hərəkət edərək ətrafı gözdən keçirdikdən sonra açıq qapıdan içəriyə daxil olur, qapını örtür. 1 dəqiqə sonra qapı açılır, həmin qadın çıxaraq əli ilə çantasını düzəldə-düzəldə dəhlizin çıxışına tərəf addımlayır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, video görüntülərdə olan şəxs odur. Həmin vaxt görüntüdə olan otaqdan qadın çantasının içindən pul qabını oğurlamışdır. Diskin baxışı gündüz vaxtı, otaq şəraitində, “HP LE1901VV” markalı stolüstü kompüterdə aparılmaqla saat 12:55 dəqiqədə başa çatmışdır. Video görüntülərin əks olunduğu diskə baxış ilə əlaqədar tərəfindən protokol tərtib olunmuşdur. Cinayət işinin 179-181-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 01 may 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Əli Sevdimovun 01.05.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSYdən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 183-184-cü vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 01 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 213-214-cü vərəqələrində olan “Qətimkan tədbirinin nəzərə alınması haqqında” 19 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması qərara alınmışdır. Cinayət işinin 236-244-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 20 dekabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif olunması, Nərimanov RPİ-nin 16-cı PB-dən 29 noyabr 2021-ci il tarixli, 079-11724-1221 saylı məktubla daxil olmuş 02 ədəd DVD-R formatlı diskin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanması üçün cinayət işinin materiallarına əlavə olunması, 19 dekabr 2021-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1 və 326.2-ci maddələri ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Təqsirləndirilən şəxs hadisə vaxtı qeydə alınmış video görüntüləri olan 01 ədəd DVD-R formatlı diskin maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.12.2021-ci il tarixli, 1(006)-434/2021 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 29 dekabr 2021-ci il tarixdən saat 15:10-dan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbirinin ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməsi və onun barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 1(005)-144/2021 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin nəzə alınması hökm edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 25.05.2022-ci il tarixli ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam ödənilmiş və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs1 ilə barışmasını və dəymiş ziyanın onun tərəfindən tam ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.12.2021-ci il tarixli, 1(006)-434/2021 nömrəli hökmünə əsasən məhkum olunsa da, onun hazırki iş üzrə törətdiyi cinayət əməlini həmin məhkumluğun yaranmasından əvvəl törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.12.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (30 aprel-01 may 2021-ci il) 1 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.12.2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş 29 dekabr 2021-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6., CM- 69.3.), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan - 3 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 1(006)- 434/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 29 dekabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - 3 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar