Məhkəmə qərarları › İş №1(005)-158/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-158/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-158/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akid qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 20 saylı vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-cı ildə Sabirabad rayonu Dadaşbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, işləməyən, Sabirabad rayonu Dadaşbəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ev 52, mənzil 19-da kirayədə yaşayan, barəsində «ev dustağlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 noyabr 2022-ci il tarixdə saat 03-də və saat 05-də ünvan 1 ünvanında yerləşən Dənəgül Tikinti Materiallarının satışı bazarına gələrək Zərərçəkmiş şəxs1 məxsus dəmir məmulatlarının satışı məntəqəsinin qarşısına mühafizə olunmayan vəziyyətdə yığılmış, hər biri 220 manat olan 12 ədəd cəmi 2640 manat təşkil edən dəmir üstləri vahid niyətlə əhatə olunan qəsdə gizli olaraq talayıb istifadəsindəki «Toyota Prius» markalı avtomobilə yükləyib aparmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 2640 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 08 noyabr 2022ci il tarixdə saat 03-də və 11 noyabr 2022-ci il tarixə saat 03:15-də ünvan 1 ünvanında yerləşən Dərnəgül Tikinti Materiallarının satışı bazarına gələrək oradan Zərərçəkmiş şəxs2 məxsus dəmir sexinin qarşısına mühafizə olunmayan vəziyyətdə yığılmış hər birinin qiyməti 45 manat olan cəmi 1080 manat dəyərində 24 ədəd metal torları vahid niyətlə əhatə olunan qəsdə gizli olaraq talayıb istifadəsindəki «Toyota Prius» markalı avtomobilə yükləyib aparmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 1080 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ildə Nərimanov rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmiş, 2020-ci ilin iyun ayında şərti olaraq azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra bir müddət Dərnəgül Tikinti Materialları satışı bazarında fəhləlik etmiş, daha sonra isə icarəyə «Tayota Prius» markalı avtomobil götürüb taksi faəliyəti ilə məşqul olmuşdur. Həmin ərəfələrdə borcu olduğu üçün qərara gəlmişdir ki, əvəllər işlədiyi Dərnəgül Tikinti Materialları satdığı bazarından oğurluq etsin. Bu məqsədlə 05 noyabr 2022-ci il tarixdə saat 04 radələrində idarə etdiyi avtomobilə Dərnəgül Tikinti Materialları satışı bazarına gəlmişdir. Belə ki, həmin bazara giriş həmişə açıq olmuş, istənilən şəxs bazara sərbəst girib çıxa bilmişdir. O, bazara daxil olub avtomobilə bazarın içərisini dolaşmış və bir obyektin qarşısında dəmir metalların yığılmasını görmüşdür. Qərara gəlmişdir ki, həmin ağır çəkili dəmir parçalarını oğurlayıb satsın. Daha sonra avtomobilin arxa hissəsini həmin dəmir metal yığılan yerə sürüb ilkin olaraq 6 ədədini götürüb avtomaşının yük yerinə yığıb oradan uzaqlaşmışdır. Dəmir metallar ağır olduğu üçün qərara gəlmişdir ki, dəmir parçalarını iki dəfəyə aparsın. Həmin dəmir parçalarını yaşadığıi evə gətirib həyətə yığmış, daha sonra yenə həmin yerə gedib digər 6 ədəd dəmir parçalarını görüb evinə gətirmiş, bir hissəsi isə orada qalmışdır. Səhəri gün həmin dəmir parçalarını Sulutəpə dairəsində metal qəbulu məntəqəsinə pula ehtiycı olduğunu və özünə məxsus olduğunu bildirərək satmış və əldə etdiyi 330 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Eyni zamanda 08 noyabr 2022-ci il tarixdə yenə qərara gəlmişdir ki, Dərnəgül bazarından oğurluq etsin. Belə ki, həmin bazarda dəmir setka istehsal edən sexin qarşısına, yəni sexin çöl tərəfinə yığılmış setkalann olduğunu bildiyi üçün qərara gəlmişdir ki, həmin əraziyə gedib oradan setka oğurlasın. O, həmin gün saat 03 radələrində setka sexinin qarşısına gedib iki dəfəyə ümumilikdə 16 ədəd dəmir setkaları avtomaşınına yükləyib yaşadığı evə gətirib yığmışdır. Qərara gəlmişdir ki, yenidən qayıdıb digərərinidə götürər, lakin həmin yerə gəlsə də yaxınlıqda adam səsləri gəldiyindən setkalardan götürə bilməmişdir. Səhəri gün 16 ədəd dəmir setkaları iki dəfəyə Bakı-Sumqayıt yolunda yerləşən «Evrohome» tikinti satışı bazarına mağazaların birinə hər birini 20 manata satmışdır. Bundan sonra 11 noyabr 2022-ci il tarixdə saat 03 radələrində yenidən həmin setka sexinin qarşısına gəlib oradan 8 ədəd dəmir setkaları götürüb avtomaşında saxlamışdır. Səhər açıldıqda həmin 8 ədəd dəmir setkaları adının Məftun bildiyi, lakin anket məlumatlarını bilmədiyi şəxsə hər birini 20 manata satmışdır. O, setkaları satdığı şəxsə özünə məxsus olduğunu, artıq qaldığı üçün satdığını bildirmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəmişdir. Yekunda məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 20 ilə yaxındır ki, ünvan 2 ünvanında yerləşən Dərnəgül Tikinti Materialları bazarının içərisində olan özünə məxsus yaşayış evinin qarşısında işlənmiş müxtəlif dəmir metalların satışını həyata keçirir. Həmin dəmir metallarının satışını açıq vəziyyətdə özü həyata keçirmiş, satıcısı olmamış, bir nəfər fəhləsi vardır. Dəmir metalların satışı günün istənilən vaxtı həyata keçirilmişdir, çünki yaşayış evinin qarşısıdır. 05 noyabr 2022-ci il tarixdə saat 10 radələrində dəmir metal satışı obyektinə gəldikdə bir neçə çəkisi ağır olan dəmir üstlərin oğurlanmasını aşkar etmişdir. Sonradan müəyyən etmişdir ki, hər biri 220 manat olan 12 ədəd dəmir list lövhələr oğurlanmışdır. Dəmir list lövhələrin oğurlanması barədə o, Nərimanov RPİ-nin 17-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Ona dəyən zərər ödənilib, Təqsirləndirilən şəxs qarşı iddia və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, təxminən 10 ilə yaxındır ki, ünvan 2 ünvanında yerləşən Dərnəgül Tikinti Materialları bazarda dəmir setka sexi işlədir. Həmin setka sexinin qarşısında, yəni sexin çöl hissəsində dəmir setkalar satış üçün yığılmışdır. 08 noyabr 2022-ci il tarixdən 11 noyabr 2022-ci il tarixədək olan müddət ərzində müəyən etmişdir ki, satışı üçün sexin çöl tərəfinə hasarın kənarına yığılmış hər biri 45 manat olan 24 ədəd ağ metaldan hazırlanmış 1.5x10 ölçlülü 1,5 mm-lik setkalar yerində yoxdur. Artıq başa düşmüşdür ki, dəmir setkalar naməlum şəxs tərəfindən oğurlanmışdır. Buna görə də o.baş vermiş oğurluq hadisəsi nəticəsində Nərimanov RPİ-nin 17-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Oğurluq 08 noyabr 2022-ci il tarixdən 11 noyabr 2022-ci il tarixləri arasında olmuşdur. O, həmin setkaları ünvan 2 ünvanında yerləşən Dərnəgül Tikinti Materialları bazarda dəmir setka sexində hazırlanıb satış üçün sexin qarşısında, yəni sexin çöl hissəsində yığılmışdır. Setkalann hər biri 45 manata satıldığı üçün oğurlanmış dəmir setkaların qiymətini 45 manat qəbul edilməsini xahiş etmişdir. Ona dəyən zərər ödənilib, Təqsirləndirilən şəxs qarşı iddia və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 08 noyabr 2022-ci il tarixdə saat təxminən 11 radələrində işlədiyi tikinti materialları satışı mağazasında olduğu zaman bir nəfər şəxs mağazaya gəlib onda dəmir setka olduğunu, istifadə etdikdən sonra artıq qaldığını, pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən setkaları ona göstərməsini soruşduqda həmin şəxs demişdir ki, setkaların şəkilini ona atacaqdır, əgər bəynərsə gətirib verə bilər. Buna görə də o, həmin şəxsə WhatsApp ani mesajlaşma tətbiqində istifadə etdiyi ***-***-**-** saylı nömrəsini vermişdir ki, şəkilləri ona atsın. Təxminən 1 saatdan sonra həmin şəxs onun WhatsApp ani mesajlaşma tətbiqinə setka şəkili atmışdır. O,həmin setkaya baxdıqda həmin şəxsə setkaları gətirməsini demişdir. Bir qədər sonra həmin şəxs idarə etdiyi «Tayota Prius» markalı avtomobilə 8 ədəd ağ setkanı gətirmiş, sonradan adının Xalid olduğunu bildiyi şəxs avtomaşınına 8 ədəd setka yerləşdiyini, yenə 8 ədəd qaldığını demişdir. O setkalara baxdıqda həmin setkanın hər birinin ölçüsünün 1,5x10 ölçülü oldüğünü gördükdə həmin setkaları hər birinə 20 manat verəcəyini demişdir. Belə ki, Xalid adlı şəxs ona ilkin setkalann ölçüsünü 1,75x10 ölçülü olduğunu demişdir, lakin setkalara baxdıqda ölçüsünün 1.5x10 ölçülü olduğunu müəyyən etmişdir. Xalid də onunla razılaşmış və gedib 8 ədədini də avtomobillə gətirib ona təhvil vermişdir. Xalid ona yenə setka olduğunu dedikdə Xalidə istəmədiyini demişdir. Həmin setkalara görə Xalidə 300 manat ödəyib setkaları satışa qoymuşdur. Sonradan polis əməkdaşları işlədiyi mağazaya gəldikdə Xalid adlı şəxs tərəfindən ona satılmış 16 ədəd setkaların ogurluq yolu ilə əldə edilməsini bilmişdir. O, vaxt həmin setkaların oğurluq olduğunu bilsəydi onları almazdı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «təqdim etmə və baxış keçirmə» haqqında 17 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şükürov X2 Xalid Şükür oğlu tərəfindən oğurluq yolu ilə əldə edib satdıgı 16 ədəd ağ metaldan olan setakaları təqdim etmiş və həmin setkalara baxış zamanı 16 ədəd setkaların hər birinin ölçüsü 1,5x10, qalınlığı 1,5 mm, ağ metaldan hazırlanması müəyyən edilmişdir. “şübhəli şəxsin tutulması haqqında” 16 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-1219/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal buraxılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılma müddəti 16 fevral 2023-cü il tarixinədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qəran ilə 09 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021 -ci il tarixdə isə cəza müddəti başa çatdığından qeydiyatdan çıxarılmışdır. Məhkəmə qeyd edir ki, İbrahimov X3 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş cəzadan xx.xx.2020-ci il tarixdə vaxtından əvvəl şərti azad olundugundan, 2 il müddət keçdiyindan məhkumluq ödənilmiş, hazırda əməlində residiv yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2022-ci il tarixli 9/8573 nömrəli ekspert rəyindən görünür ki, Analoji mallara müvafiq olaraq, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 16 ədəd 1,5x10 ölçülü 1,5 mm-lik ağ metaldan olan setkaların istifadədə olmama nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2022-ci ilin noyabr ayına olan orta bazi qiyməti təxminən 560,0 (16ədx35man) manat müəyyən olunur. Ekspertiza xərci 50 manatdır. “Sübutların qiymətləndirilməsi haqqında” 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə oğurluğu əks etdirən 01 ədəd CD disk iş üzrə maddi sübüt kimi tanınmış və cinayət əlavə olunması nəzərə alınmışdır. İş üzrə 12 ədəd dəmir üstlərin hər birinin dəyəri Zərərçəkmiş şəxs1 göstərməsinə əsasən 220 manat olmaqla ümumi zərərin 2640 manat olması kimi qəbul olunmuşdur. İş üzrə 16 ədəd 1,5x10 ölçülü, 1,5 mm-lik ağ metaldan olan setkalar iş üzrə əhəmiyyət kəsb edən maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmışdır. İş üzrə 24 ədəd 1,5x10 ölçülü, 1,5 mm-lik ağ metaldan olan setkaların hər birinin dəyəri Zərərçəkmiş şəxs2 göstərməsinə əsasən 45 manat olmaqla ümumi zərərin 1080 manat olması kimi qəbul olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin, şahid, zərərçəkmiş şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. CM-in 177.2.2-ci maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —eyni əməllər təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını; zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə və ev dustaqlıgında saxlanıldığı 04 ay 14 gün (xx.xx.2022-30 mart 2023-cü il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlıgı qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 16 ədəd 1,5x10 ölçülü, 1,5 mm-lik ağ metaldan olan setkaların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. (CPM-132). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 20 saylı vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 iş saatı üçün cəmi 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlıgında saxlanıldığı 04 ay 14 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 08 ay 28 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq ona 2 (iki) il, 3 (üç) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlıgı qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 16 ədəd 1,5x10 ölçülü, 1,5 mm-lik ağ metaldan olan setkaların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlansın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 iş saatı üçün cəmi 150 (yüz əlli) manat manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar