Məhkəmə qərarları › İş №1(005)-159/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-159/2022

21.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-159/2022 21.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X11, X12 və X1 vəkili Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Xüsusi ittiham qaydasında şikayət vermiş X1 vəkili Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 və X7 vəkili Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, X6 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmaları barədə X11, X12 və X3 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11, X12, X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X6 və X7 CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişlər. Şikayətdə göstərilir ki, Az zonasında https://demokrat.az/az domenini idarə edən şəxslərin yaratdığı internet informasiya ehtiyatını - elektron informasiya vasitəsi sayılan “DemokratAz” (“DemokratAz ” saytının ünvanı: Məmməd Araz küçəsi 20. Bakı, Azərbaycan. AZ 1106 Telefon/Whatsapp: (+994 77) 377 11 55; Email: info@demokrataz adlı internet səhifəsində (sayt) - X16 saytını idarə edən şəxslər olan X6 və X14 tərəfindən 22 noyabr 2021-cı il tarixdə “Qüdrət Həsənquliyevin biznesini kimlər idarə edir: Abuzərovlar ailəsinin dəbdəbəli həyatı... — ŞOK FAKTLAR" adlı yazı (məqalə) yerləşdirilmişdir. Təqsirləndirilən şəxslər X6 Baş redaktoru olduğu kütləvi informasiya vasitəsi olan internetdə, yəni “Demokrat. Az ” saytında qeyd olunan məqaləni yazıb yaymaqla və məqalənin müəllifi şərti adla - “Zaur Qurbanov” kimi qeyd olunmuş X14 şikayətçilər X11 və X4 və X1 şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan, ağır cinayətlərdə ittiham etməklə bilə-bilə yalan məlumat yaymaqla, şəxsi həyatına qəsd etməklə böhtan atmışdır. Onlar bu hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan böhtan cinayətini törətmişdir. Təqsirləndirilən şəxslər tərəfindən kütləvi informasiya vasitəsində internetdə, yəni “Demokrat.Az” xəbər portalı saytında böhtan cinayətlərini belə törətmişlər: “Demokrat.Az’’ saytının 22 noyabr 2021-cı il tarixli səhifəsində yerləşdirilmiş “Qüdrət Həsənquliyevin biznesini kimlər idarə edir: Abuzərovlar ailəsinin dəbdəbəli həyatı... — ŞOK FAKTLAR" adlı yazı (məqalədə) məqalə müəllifi şərti adla - “Zaur Qurbanov” kimi qeyd olunmuş və şikayətçilər X8 və X9 və X2 nüfuzdan salan, cinayət törətməkdə ittiham edən məlumatları kütləvi informasiya vasitəsində - “Demokrat.Az” internet saytında yaymış, onlara böhtan atmışdır. Yəni kütləvi informasiya vasitəsində yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları yaymışdır. Şikayətçilərin cəmiyyətdə yeri, nüfuzu barəsində yalan-yanlış, ittiham edici ifadələr işlətməklə onların şərəf və ləyaqətini qəsdən alçaltmış, bu da onların nüfuzuna xələl gətirmişdir, bütövlükdə onlar barəsində həqiqəti əks etdirməyən, yalan məlumatların əsaslılığını araşdırmadan ictimailəşdirmişdir. Xüsusi ittihamçı olaraq Cinayət prosessual qanunvericiliyin verdiyi səlahiyyətlərdən istifadə edərək, hazırki xüsusi ittiham qaydasında şikayətin əsasları üzrə “Məhkəmə linqvistik ekspertizası, nitq fəaliyyəti məhsullarının tədqiqi” üzrə ekspertiza tədqiqatı keçirilməsinə nail olunmuşdur. Sübut qismində şikayətə əlavə edilən, 07 yanvar 2022-ci il tarixli, 638 saylı “Mütəxəssis rəyi” ilə müəyyən olunur ki, sözügedən məqalədə qeyd olunur ki, “...Oqtay Abuzərov mövcud siyasi hakimiyyətə qarşı ən radikal mövqedə dayanan cəbhəçilərdən olub, siyasətlə məşğul olmasa da, elə indi də yaxın ətrafının yanında hakimiyyətə qarşı olan mənfi münasibətini gizlətmir ”. Göründüyü kimi, məqalə müəllifi Oqtay Abuzərovu hakimiyyətə qarşı mənfi münasibətdə günahlandırır. Məqalə müəllifinin qeyd etdiyi “elə indi də yaxın ətrafının yanında hakimiyyətə qarşı olan mənfi münasibətini gizlətmir” ifadəsi bir növ digər şəxslər arasında da Oqtay Abuzərov tərəfindən hakimiyyətə qarşı mənfi münasibətlərin yaradılmasına işarə edilir və hələ də dövlət hakimiyyətinə qarşı bu cür münasibətlərin olmasını iddia edir. Bu məlumat Oqtay Abuzərovu dövlət hakimiyyəti əleyhinə çağırışlar edən şəxs kimi xarakterizə edən və onu nüfuzdan salan məlumatdır və yalan olmaqla, böhtan xarakterlidir. Məqalədə “...Bundan başqa, X5 Abuzərli məhz Q.Həsənquliyevin sayəsində Dövlət Gömrük Komitəsində işə düzəlib və hazırda da orada işləyir... ” məzmunlu məlumat bildirilməklə, məqalə müəllifi Oqtay Abuzərovu və Xalid Abuzərlini öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxslərin qərarına təsir edib nüfuzlu təşkilatda işə qəbul olunmasına nail olmaq, bununla da imtiyaz, güzəşt, maddi nemət əldə etməkdə, nüfuz alverində günahlandırır. Bu məlumatlar yuxarıda adları çəkilən şəxslərin şərəf və ləyaqətinə ləkə gətirən, onları nüfuzdan salan məlumatlardır və cinayət törətməkdə ittiham edən, böhtan xarakterlidir. Məqalədə daha sonra “...X. Abuzərli müxtəlif markalı bahalı maşınlarının üzərində “90 U 900“ dövlət nömrə nişanından istifadə edir. X.Abuzərliyə məxsus olan son model “Mercedes", “Audi Q7", “Toyota Camry" markalı maşınların hamısının üzərinə ** LJ *** dövlət nömrə nişanı vurulub. Bütün bunlar isə qanunaziddir.” məzmunlu məlumatla Xalid Abuzərli yenə də öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxslərin qərarına təsir edib, dövlət qeydiyyat nişanlarından istifadə qaydalarını pozmaqla, xüsusi qanunsuz imtiyaz və güzəştdən istifadə etməkdə, nüfuz alverində günahlandırır. Bu məlumat Xalid Abuzərlinin şərəf və ləyaqətinə, nüfuzuna toxunan məlumatlardır və cinayət törətməkdə ittiham etməklə, böhtan xarakterlidir. Həmçinin məqalədə “...Şirvan şəhərində “Büllur" diş klinikası da O.Abuzərovla Q.Həsənquliyevin digər şəriki Faiq Zeynalova məxsusdur. Həm F.Zeynalovun, həm də O.Abuzərovun “Eurohome" tikinti materialları bazarında obyektləri var. Bu şəxslər onlara yaradılan xüsusi imtiyazlardan yararlanaraq, xaricdən ölkəyə müxtəlif tikinti materialları və gübrə gətirirlər. Q.Həsənquliyevin himayəçiliyi sayəsində O.Abuzərov bölgələrdə baş vermiş təbii daşqınlar zamanı FHN tərəfindən verilən sifarişlərin əsas icraçısı olub. Belə ki, yararsız hala düşmüş evlərin tikintisi üçün elan olunan tenderlərin qalibi də məhz Q.Həsənquliyevin şəriki olan O.Abuzərovun şirkətləri olub. Təsadüfi deyil ki. O.Abuzərovun şirkətləri müxtəlif təyinatlı tenderlərin də qalibidir... "məlumatla və məqalənin tam məzmunu ilə Oqtay Abuzərli, Faiq Zeynalov adlı şəxslər öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxslərin qərarına təsir edib dövlət satınalmalarını qanunsuz keçirilməsinə nail olub külli miqdarda gəlir əldə etməkdə, inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırmaqla külli miqdarda gəlir əldə etməkdə, xüsusi imtiyaz, güzəşt, maddi nemət əldə etməklə, nüfuz alverində, həmçinin günahlandırılırlar. Bu məlumatlar yuxarıda adları çəkilən şəxslərin şərəf və layaqətini, nüfuzunu ləkələyən məlumatlardır cinayət törətməkdə ittiham edən böhtan xarakterlidir. Məqalədə ‘'Qeyd edək ki, adıçəkilən bu şəxslərin idarə eldikləri bahalı avtomobillərdə hər birinin sonu “900”-lə bitən nömrələrdən istifadə edirlər. Onlar bununla Fövqəladə Hallar nazirinin kurasiyasında olduqlarını nümayiş etdirmiş olurlar. Məsələn, O.Abuzərova məxsus “Lexus LX 570”, “Nissan Patrul” markalı maşınların nömrələrinin hamısının sonu da “900”lə bitir. Təsadüfi deyil ki, Oqtay Abuzərova məxsus maşınlardan birinin nömrəsi “**-BC-***”dür. ”məlumatla Oqtay Abuzərli öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxslərin qərarına təsir edib, xüsusi qanunsuz imtiyaz və güzəştdən istifadə etməkdə, nüfuz alverində günahlandırılır. Bu məlumat Oqtay Abuzərlinin şərəf və ləyaqətini, nüfuzunu ləkələyən məlumatlardır və cinayət törətməkdə ittiham edən, böhtan xarakterlidir. Digər bir yerdə, məqalə müəllifi O.Abuzərovu kriminal aləmlə əlaqəli şəxs kimi xarakterizə edir. “...O.Abuzərov kriminal aləmdə kifayət qədər tanınan simalardan olan və 1999-cu ildə avtomobil qəzası zamanı dünyasını dəyişən Asəf Nağıyevin qızını öz oğluna alıb. Məhz bundan sonra O.Abuzərov kriminal aləmə də çıxış imkanları əldə edib”. Bununla məqalə müəllifi birbaşa olaraq O.Abuzərovun cinayətkar şəxslərlə əlaqəsinin olmasını bildirir və bu da oxucuda O.Abuzərovun cinayətkarlıqla məşğul olması fikrinin yaranmasına səbəb olur. Bu məlumat Oqtay Abuzərovun şərəf və ləyaqətini, nüfuzunu ləkələyən, böhtan xarakterli məlumatdır. Məqalədə eyni zamanda “...Ən maraqlısı odur ki, X.Abuzərli 44 günlük Vətən Müharibəsi zamanı “yoxa çıxıb”, döyüşlər vaxtı onu Azərbaycanda görən olmayıb. Təbii ki, bu gənc oğlan atasının himayəçisi Q.Həsənquliyevin sayəsində belə bir dəbdəbəli həyat sürür”, ifadələrlə məqalə müəllifi Xalid Abuzərlini qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün səfərbərlik üzrə çağırışdan boyun qaçırmada günahlandırır və bu ifadələr Xalid Abuzərlinin şərəf və ləyaqətini, nüfuzunu ləkələyən və onu hərbi xidmətdən yayınmaq kimi cinayət törətməkdə ittiham edən böhtan xarakterli məlumatdır. Bundan başqa məqalə müəllifi O.Abuzərovun himayəsi altında yaşayan qardaşı oğlunu ölkə başçısı əleyhinə söyüş və qarayaxma kompaniyası aparmaqla, dövlət başçısının şərəf və ləyaqətini alçatmaqda və O.Abuzərlini buna qarşı fəaliyyətsizlikdə günahlandırır. “... O,Abuzərovun himayəsi altında zəngin həyat yaşayan qardaşı oğlu Elbrus Abuzərli isə sosial şəbəkələrdə Azərbaycan dövləti əleyhinə radikal statuslar paylaşır. Məlumdur ki, Azərbaycan dövlətinə, ölkə rəhbərliyinə qarşı xaricdən çirkin qarayaxma kampaniyası aparılır. Bu söyüş kompaniyasının əsas icraçılarından biri də hazırda Avropada yaşayan Vidadi İsgəndərlidir. Elbrus Abuzərli sosial şəbəkələrdə məhz Vidadi İsgəndərlinin çıxışlarını paylaşaraq, söyüş kompaniyasına dəstək verir. Maraqlıdır, Oqtay Abuzərov bütün bunları bilirmi? Əgər bilirsə, niyə qarşısını almır? Bəlkə elə Oqtay Abuzərov özünün keçmiş müxalifətçi ruhunu indi də qardaşı oğlunun simasında nümayiş etdirir?! Qeyd olunan ifadələrlə məqalə müəllifi Elbruz Abuzərov ölkə rəhbərliyinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilməklə internet informasiya ehtiyatında ləkələmə və ya alçaltmada günahlandırır. Onun dövlət hakimiyyətinə qarşı qarayaxma kompaniyalarının aparılmasında iştirakının olması fikrini yaradır. Həmçinin məqalədə Xalid Abuzərlinin əmlakları nümayiş etdirilməklə, oxucuda dövlət məmurunun qazancının qanuniliyini şübhə altına alacaq fikirlər formalaşdırır, onun şərəf və ləyaqətinə, nüfuzuna ləkə gətirir. “Bu şəxslər onlara yaradılan xüsusi imtiyazlardan yararlanaraq xaricdən ölkəyə müxtəlif tikinti materialları və gübrə gətirirlər.” Bu ifadələrdə məqalə müəllifi “imtiyazlardan yararlanaraq” ifadəsi işlətməklə adı çəkilən şəxsləri, o cümlədən Oqtay Abuzərovu öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxslərin qərarına təsir edib, xüsusi qanunsuz imtiyaz və güzəştdən istifadə etməkdə, nüfuz alverində günahlandırır. Bu məlumat Oqtay Abuzərovun şərəf və ləyaqətini, nüfuzunu ləkələyən məlumatdır və böhtan xarakterlidir. Qeyd edilən bu halları sözügedən məqalənin məzmunu və məqalənin şikayətə əlavə olunmuş yazılı variantı, müvafiq mütəxəssis rəyi və digər sübutlar təsdiq etməkdədir. Beləliklə, qeyd olunan məqalənin bütünlüklə məzmununda yer alan fikirlərə əsasən, şikayətçilər - Oqtay Abuzərov nüfuz alveri, satınalma qaydalarını pozaraq və inhisarçılıq edərək külli miqdarda gəlir əldə edən, dövlət başçısının şərəf və ləyaqətini ləkələyən məlumatların yayılmasına göz yuman, cinayətkar aləmlə əlaqəsi olan, qanunsuz gəlir əldə edən şəxs kimi; Xalid Abuzərli nüfuz alveri edən, hərbi xidmətdən yayınan, qanunsuz qazanc və imtiyazlar əldə edən şəxs kimi; Elbrus Abuzərov isə Azərbaycan dövləti əleyhinə qarayaxma kompaniyası həyata keçirən şəxs kimi mənfi xarakterizə edilir. Belə məlumatlar, eləcə də söz və ifadələr şəxsin şərəfini, ləyaqətini ləkələyən, nüfuzdan salan və onları ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham edən məlumatlar hesab edilir. Həmçinin, adı çəkilən şikayətçi şəxslər məqalədə tamamilə qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsində təsbit olunmuş müxtəlif cinayətləri törətməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxs “Demokrat.Az” X16 baş redaktoru, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Direktoru məsul şəxs olan X6 və şərti adla məqalənin müəllifi kimi çıxış edən X14 şikayətçilər X11 və X12 və X3 barəsində ittihamedici ifadələri işlətməklə kütləvi informasiya vasitəsi sayılan “Demokrat.Az” X16 - https://demokrat.az/az adlı internet səhifəsində-saytda yazaraq yaymaqla zərərçəkmişlər barəsində yalan olduğunu bilə-bilə şərəf və ləyaqəti ləkələyən və nüfuzdan salan məlumatları, yəni onları cinayət törətməkdə günahlandıran məlumatları məqalələrdə yaymaqla böhtan atdığına, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X11, X12 və X1 vəkili Müdafiəçi1 şikayətin məzmununa uyğun izahat verərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X1 vəkili Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 və X7 vəkili Müdafiəçi2 əsassız olduğu üçün xüsusi ittiham qaydasında şikayətin icraata qəbulundan imtina olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 302.1 və 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: - şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); - törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); - cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; - şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; - cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; - şikayətin verildiyi tarix (il, ay və gün) və yer; - şikayəti vermiş şəxsin imzası. Şikayətdə xüsusi ittiham qaydasında şikayətin verilmə qaydasına riayət edilməyərək xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X11, X12, X3 özlərini şikayətçilər, X6 və X10 isə təqsirləndirilən şəxslər qismində qeyd etmişlər. Halbuki, AR CPM-nin 88-ci maddəsində xüsusi ittihamçıdan bəhs olunur, bu Məcəllənin 88.1.3-cü maddəsində göstərilir ki, cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs-xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı qismində tanınır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 10-cu bəndində göstərilir ki, cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isətəqsirləndirilən şəxs qismində tanınırlar. Göründüyü kimi, şikayətin əvvəlində O.Abuzərovun, X.Abuzərlinin və E.Abuzərovun özlərini şikayətçilər, V.Həsənovun və Z.Hüseynovun isə təqsirləndirilən şəxslər qismində göstərməsi qanunun tələblərinə uyğun deyildir. Qanunun tələblərinə əsasən O.Abuzərov, X.Abuzərli və E.Abuzərov xüsusi ittiham qaydasında şikayət verən şəxslər, V.Həsənov və Z.Hüseynov isə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər qismində göstərilməlidirlər. Həmçinin şikayətin verildiyi tarix (il, ay və gün) göstərilsə də, tərtib edildiyi yer qeyd edilməmişdir. Qeyd olunan Plenum Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Beləliklə, qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət CPM-in 293.3.1-293.3.7-cü maddəsində göstərilən xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair tələblərə riayət edilmədən verildiyindən şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmaları barədə X11, X12, X3 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar