Məhkəmə qərarları › İş №1(005)-159/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-159/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-159/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri «Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 19 noyabr 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi 1,924 qram psixorop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 19 noyabr 2023-cü il tarixdə saat 18:40 radələrində Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Kral Hüseyn küçəsi 45 ünvanının qarşısında saxlanılaraq, ünvan 2da yerləşən Nərimanov RPİ-nin 16-ci PŞ-nə gətirilərək üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkcənin sol yan iç cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə və 02 ədəd qara rəngli şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,260 qram, 0,912 qram və 0,752 qram olmaqla ümumi təmiz çəkisi 1,924 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və 01 ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək istintaq zamanı ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmişdir. 16 yaşından narkotik vasitə olan heroindən istifadə etmişdir. Narkotik vasitəni Bakı şəhəri ərazisində müxtəlif şəxslərdən əldə edərək istifadə etmişdir. 05 ay olar ki, psixotrop maddə metamfetamini sosial şəbəkədən tanış olduğu “Zeze” adlı şəxsin vasitəsi ilə əldə etmişdir. O, Zeze ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb sonuncudan ona psixotrop maddə satmasını xahiş etmişdir. Zeze adlı şəxsin bildirdiyi kart hesablarına pul göndərdikdən sonra sonuncu psixotrop maddənin atıldığı yeri ona demiş və o da həmin yerə gedib götürmüşdür. Sonuncu dəfə, yəni 19 noyabr 2023-cü il tarixdə Zeze ilə əlaqə saxlayaraq ona psixotrop maddə satmasını istəmiş və Zezenin dediyi kart hesabına 80 manat pul göndərmişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə Zeze adlı şəxs ona “Whatsapps” proqramı vasitəsi ilə psixotrop maddə metamfetaminin Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Keşlə Bazarı” adlı bazarın yanına atıldığı yerin konumunu göndərmişdir. O da qeyd olunan ünvana gedərək psixotrop maddənin qoyulduğu yerdən 03 ədəd bükümdə psixotrop maddə metamfetamini götürüb əynində olan qara rəngli gödəkcənin sol yan iç cibinə qoymuşdur ki, ağrıları olan zaman istifadə etsin. xx.xx.2023-cü il tarixdə saat təxminən 18:40 radələrində ünvan 4 ünvanında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Nərimanov RPİ-nin 16-cı PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd "xxxx" ASC-nin plastik kartını, şalvarın sol yan cibindən 01 ədəd azadlığın məhdudlaşdırılması səbəbindən ayağında olan qolbağın aparatını, qara rəngli gödəkcənin sol yan iç cibindən 01 ədəd elektron tərəzini, 01 ədədi siqaretin gümüşü rəngli kağızına, 02 ədədi isə qara rəngli sellofana bükülmüş bükümdə içərisində psixotop maddə metamfetamini çıxarıb masanın üzərində qoyaraq, həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, həmin maddəni xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə 80 manat pulun qarşılığında atıldığı “Keşlə Bazarı” adlanan yerin yaxınlığından əldə etdiyini bildirmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin 03 ədəd büküm və 01 ədəd elektron tərəzi götürülərək zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. O, elektron tərəzini narkotik vasitə və ya psixotrop maddənin atıldığı yerdən götürən zaman, eyni zamanda narkotik vasitəni istifadə edən zaman çəkisini müəyyən etmək məqsədi ilə üzərində gəzdirib istifadə etmişdir. Bundan başqa onun heç bir məqsədi olmamışdır. O. "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrəni istifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, özünü qismən, yəni narkotik vasitənin satışı ilə deyil, istifadəçisi kimi təqsirli bilir. Narkotik vasitələrdən 3-4 ildir ki, istifadə edir, lakin onu heç vaxt satmamışdır. Avtomobildən çıxan tərəzi ona məxsus olmamış, həmin avtomobilin sahibi olan dostuna məxsus olmuşdur. 2022-ci ildə ona Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin hökmü ilə ona azadlığın məhdudlaşması cəzası verilmişdir. Həmin cəza may ayında qurtarmalı idi. İttiham aktında göstərilən miqdarda ondan narkotik vasitə aşkar edilmişdir. O, narkotik vasitəni internet vasitəsi ilə tanış olduğu şəxsdən almışdır. Pulu da həmin adamın kartına atmışdır. Həmin şəxsdən 7-8 dəfə narkotik vasitə almışdır. Narkotik vasitəni almaq üçün evdən pul götürürdü. Narkotik vasitəni götürdüyü günün günortası onu polislər saxlamışlar. Polis əməkdaşları onu saxlayan zaman tək olmuş, üzərində iki büküm olmuşdur. Avtomobildə istifadə edən zaman polis əməkdaşları onu saxlamışlar. İttiham aktında 3 büküm yazmaqlarının səbəbi bir bükümü açıb istifadə edən zaman onu saxlanmasıdır, ona görə 3 büküm yazılıb. Tərəzi onun olmamışdır. Dostunun başı ağrımasın deyə tərəzini öz üzərinə götürmüşdür. Dostu qızıl işi ilə məşğuldur, zərgərdir. Onu 3 nəfər polis əməkdaşı Gənclikdə saxlamış, lakin üzərinə bölmədə axtarış keçirmişlər. Avtomobilə isə onun iştirakı olmadan axtarış keçirilmişdir. İstintaq zamanı o, ifadəsi ilə tanış olmamışdır. Onun idarə etdiyi avtomobil icarədə idi. Dostu 1-2 ay olardı ki avtomobili icarəyə götürmüşdür. Narkotik vasitəni aldığı şəxsə ödənişlər kart vasitəsi ilə olmuşdur. Onun həmin şəxs ilə yazışmaları vardır. Təqsirləndirilən şəxs narkotik vasitəni heç kimə pay olaraq vermədiyini və satmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2022-ci ildən isə Nərimanov RPİ-nin 16-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 noyabr 2023-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Kral Hüseyn küçəsi 45 ünvanının yaxınlığında Nərimanov RPİ-nin 16-cı polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 Sübhan oğlu və polis leytenantı Şahid3 ilə birlikdə xidməti vəzifələrini icra edən zaman piyada hərəkət edən bir nəfər şəxsin qeyri-adekvat hərəkətlər etdiyini və özünü şübhəli apardığını müşahidə etmişlər. Bununla əlaqədar Kral Hüseyn küçəsi 45 ünvanının qarşısında narkotik vasitə istifadəçilərinə bənzəyən həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək sonuncudan adını və soyadını, həmçinin yaşayış ünvanını soruşmuşlar. Həmin şəxs rabitəsiz danışaraq ərazidən uzaqlaşmağa çalışdığından sonuncunun üzərində narkotik vasitə olmasından şübhələnərək müvafiq yoxlama aparılması üçün Nərimanov RPİ-nin 16-cı polis bölməsinə dəvət edib aparmışlar. 16-cı polis bölməsində həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilərək sonuncunun xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması üçün şöbə rəisinə raportla məruzə etmişlər. 16-cı polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Novruz Novruzov tərəfindən müdafiə hüququ təmin edilməklə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edildikdən sonra onun, cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2, polis leytenantı Şahid3 və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkil X4 iştirakları ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl X5 tərəfindən Təqsirləndirilən şəxs, habelə digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman sonuncuya üzərində hər hansı qeyri-qanuni əşya və ya predmet varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs buna cavab olaraq əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, bir ədəd bank kartını, sol yan cibindən həbs qolbağının cihazını, qara rəngli gödəkçəsinin sol yan iç cibindən bir ədəd elektron tərəzini, bir ədədi siqaretin gümüşü kağızına, iki ədədi isə qara rəngli sellofana bükülmüş 3 ədəd bükümü çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilərkən bükümün içərisində spesifik qoxuya malik psixotrop maddə metamfetaminə oxşar şəffaf rəngli, kristal şəkilli maddə aşkar olunmuşdur. Aşkar olunmuş həmin maddə barədə Təqsirləndirilən şəxs soruşduqda sonuncu həmin maddənin psixotrop maddə “patı” olduğunu və həmin maddəni İran İslam Respublikası vətəndaşına 80 manat pul göndərməklə “keşlə bazarı” adlanan yerin yaxınlığından öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs başqa heç bir qanunsuz maddə və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin maddələri axtarışda iştirak edən əməkdaşlarının və onun iştirakı ilə zərfə qoyulub qablaşdırılmaqla “Azərbaycan Respublikası DİN Zərflər üçün №218” dairəvi möhürlə möhürlənərək götürülmüdşür. X5 tərəfindən şəxsi axtarış və götürmə aparılmasına dair müvafiq protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol şəxsi axtarışda iştirak edən hər bir şəxs, həmçinin Təqsirləndirilən şəxs imza etmişdir. O da həmin protokolu və zərfi imzalamışdır. Protokol tərtib edilərkən iştirakçılar, eləcə də üzərində şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs heç bir şikayət daxil olmamışdır. Şahid1 ifadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə bağlı şikayətlərin sayı çox olmuş, belə ki, vətəndaşlar DİN-in 102 xidmətinə, o cümlədən ərazinin əməliyyat müəkkili kimi ona şikayətlər edərək Təqsirləndirilən şəxs yaşadığı ərazidə vətəndaşlara narkotik vasitə satmasını, onları zəhərlədiyini, narkomanları başına yığıdığını bildirmişlər. Eyni zamanda o, Təqsirləndirilən şəxs atasına da bu barədə, yəni oğlunun qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitələri sataraq insanları zəhərlədiyini və narkomanları başına yığdığını bildirmişdir. Təqsirləndirilən şəxs həm narkotik vasitələrdən istifadə edir, həm də narkotik vasitələrin satışı ilə məşğul olur. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid3 Şahid1 oğlunun ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 Sübhan oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 19 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2023-cü il tarixdə saat 18:40-da şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında" 19 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, 19 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Nərimanov RPİ-nin 16-cı PŞdə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli gödəkcənin sol yan iç cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə və 02 ədəd qara rəngli şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan elektron tərəzi aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sol yan iç cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümdə və 02 ədəd qara rəngli şəffaf sellofan bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,260 qram, 0,912 qram və 0,752 qram olmaqla ümumi təmiz çəkisi 1,924 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və 01 ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan elektron tərəzinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 20 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/6070 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərilərində “...Şübhəli şəxs (imza)...” sözləri olan zərfdəki. 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,260 qr., 0,912 qr., 0,752 qr., ümumi təmiz çəkisi 1,924 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, bir ədəd elektron tərəzidə psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin ümumi çəkisi - 1,924 qram, cəmi tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 1,824 qramdır. Ekspertiza tədqiqatının dəyəri 81 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1604/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, AR CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-477/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və qəti olaraq 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 dair xx.xx.2023-cü il tarixli, 8493 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X7 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 53 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlirəm ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində arılaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM- nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyini “Respublika Narkoloji Mərkəzi” X9 alınmış xx.xx.2024-cü il tarixli, 18/51-36 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən və işdə olan hökmün surətindən görünür ki, Əliyev X3 rayon Məhkəməsinin 1(005)-477/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 maddəsi ilə təqsirli bilinib, ona CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 03 ədəd bükümdə ilkin təmiz çəkisi 1,924 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və qalıq qalmış 1,824 qram çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi saxlanış üçün Nərimanov RPl-nin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 26 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-477/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-in 234.1 maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış xx.xx.2023-cü il tarixə (barəsində həbs qətimkan tədbiri seçildiyi günədək) ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 11 ay 6 gün hissəsini çəkmiş və çəkilməmiş cəza müddəti 06 ay 20 gün təşkil edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə ötürülən məlumatlara dair "xxxx" MMC-dən daxil olan diksə baxış keçirilmiş və onun nartokik vasitələrin satışı ilə məşğul olması bir daha həmin sms-lərlə təsdiqini tapmışdır. Belə ki, ***-***-**-** saylı mobil nömrə ilə ötürülən məlumatlarda olan mesajlar: müxtəlif nömrələrdən Ramilin istifadəsində olan nömrəyə “Qardasim pulum vare menim”; “Ramin brat bərk işim düşüb sənə”; “Yəni alınsa bərk xeyir var”; “Salam Qaqam.X13 X12 ?” Pilekende oturmuwam ag cipin yaninda”, o cümlədən Ramilin nömrəsindən gecə saatlarında ayrı-ayrı nömrələrə qarşılıqlı olaraq “Meyve terevezi qabagındadı köhnə ayaqqabı zad qoy seher getirerem” ; “Brat internetim yoxdu. Menle elaqe saxlada”; “Ramo sebirli ol atıram gerey bankomattan cixardim aparattan atacam”;” Atiram gozde tappatarap yigma zaradkam kutarir uje”; “Gorursen nenisen menimde aglimnan cixib gonder gonderim”; “Qaaa terezi vacib lazim”; “Gozde 10 deq duşurem. Harda dayanmisan?”və s. kimi sms-lərin göndərilməsi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab edir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması barədə irəli sürülən ittihamı əsaslı hesab etməklə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin özünümüdafiə xarakteri daşımasını təsdiq edir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 477/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 06 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, 1(005)-477/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 06 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli (CM-67.1, 68.1.1-1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-in 93.1.2), iş üzrə maddi sübut - metamfetaminin qalıq çəkisi və tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-477/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 06 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla- CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 19 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 1,824 qram çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən və anten dairələrinə dair məlumatların əks olunduğu 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi1 oglu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edilən gündən) 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar