Məhkəmə qərarları › İş №1(005)-159/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-159/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-159/2025 06.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, X1 Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1990-cı il tarixdə Cəlilabad rayonunun Andreyevka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 243.4.3-cü maddəsi ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qərarı ilə cəzası 06 ilə endirilmiş, Qaradağ Rayon Məhkəməsinin 09 aprel 2023-cü il tarixli qərarı ilə 02 ay 29 gün müddətində cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Cəlilabad rayon Ocağlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 1(005)-103/2025 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınaraq, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin Baş Mühafizə idarəsinə işə düzəldəcəyinə dair yalandan vəd verib inandırmaqla aldadaraq 2023-cü ilin oktyabr ayından etibarən Bakı şəhərinin müxtəlif ərazilərində hissə-hissə olmaqla 4.500 manat, sonuncu dəfə isə 2024-cü ilin fevral ayında 1.500 manat pulu ünvan 3 ünvanında Heydər Əliyev adına Konqres Mərkəzinin qarşısında alaraq vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 6.000 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslə yaxın dostluq münasibətləri olub. Mütəmadi olaraq görüşmüşlər. Bu günə kimi Ağasəlimlə telefon əlaqəsi saxlayırlar. Ağasəlimin etibarından sui-istifadə etmədiyini, aralarında yerinə yetirilməyən vəd olduğunu bildirmişdir. Qeyd etmişdir ki, Ağasəlimi işə düzəltməyi vəd vermiş, lakin dövlət idarəsində yox, özəl şirkətdə işə düzəldəcəkmiş. Həmin özəl şirkət “PSS” adlə şirkət olmuşdur. Bu məqsədlə 6000 manat pul almış, həmin puldan 4000 manat ona xeyir qalası imiş. Sözügedən şirkətin rəhbərliyi ilə yaxın münasibəti olmuş, bu səbəbdən onların vədinə inanmışdır. Zərərçəkmiş şəxsə ziyanı tam olaraq ödəmiş, dövlət büdcəsinə 25% ödənişi hazırda icra etmək fikri yoxdur. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur, onunla barışmışlar. Əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. İfadələrində əhəmiyyətli ziddiyyətlər olduğundan, Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilmiş və tədqiq edilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində özünü elan edilmiş ittihamla özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə yaxın dostluq münasibətləri olmuşdur. Mütəmadi olaraq görüşmüşlər. Tez-tez ailəsi ilə yaşadığı ünvanda qaonaq olmuşdur. Sonralar onunla dostluq münasiətlərindən irəli gələn yaxınlıq və isti münasibətə güvənib ondan maddi problemlərinin olduğunu və köməklik etməsini xahiş etmişdir. O da ayrı-ayrı vaxtlarda olmaqla ona borc pul vermişdir. Bugünə kimi Ağasəlimlə telefon əlaqəsi saxlayırlar. Ağasəlimin onun haqqında polisə niyə belə şikayət etməsinin səbəbini bilmir. Zərərçəkmiş şəxs işə düzəltmək niyyəti və ya vədi olmamışdır. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayında Bakı şəhərində hərbi xidmətdə birgə olduğu və yaxşı münasibəti olan Cəlilabad rayonu, Alar kənd sakini Şahidlə görüşmüşdür. Coşqun ona DİN-nin Mühafizə Polisinə işə düzələcəyini demişdir. O da öz növbəsində Coşqundan əvvəlcə ondan əmək haqqının miqdarını soruşmuşdur. Coşqun xalası oğlu Təqsirləndirilən şəxs ona kömək edəcəyini bildirmişdir. Bundan sonra o, yaşadığı Ucar rayonuna getmişdir. Təxminən bir həftə sonra Coşqunun xalası oğlu Təqsirləndirilən şəxs ona zəng edərək Mühafizə Polisinə işə qəbul olunması üçün 6000 manat lazım olduğunu demişdir. Sonra o, işin qeydiyyata alıması üçün 300 manat göndərməsini istəmişdir. O, həmin vaxt mobil tətbiq vasitəsi ilə Valehin göndərdiyi Kapital Bank hesabına 300 azn göndərmişdir. Bir müddət sonra Valeh ona zəng edərək Bakı şəhərinə gəlib qəbulda iştirak edəcəyini bildirmişdir. O, dərhal Bakı şəhərinə gəlmişdir. Valeh onun Bakı şəhərində kirayədə qalmasını və yaxın günlərdə Nazirin keçirəcəyi seçimdə iştirak edəcəyini bildirmişdir. Beləliklə o, iki ay ünvan 4 ünvanında 250 manata kirayədə tutduğu evdə yaşamışdır. Bu müddət ərzində o, hissə hissə Valehin ona göndərdiyi Kapital Banka məxsus olan 4169 7388 1074 4882 kart hesabına 4200 manatı mobil tətbiq vasitəsi ilə köçürmüşdür. Daha sonra o, məhkumluq arayışının, hərbi xidmətdə olması üçün arayış, yaşayış yerindən arayış, sağlamlıq haqqında arayış və fiziki hazırlıq üçün arayışların hər birinin 30 manat dövlət rüsumunun ödənilməsini bildirmiş və təcili 1500 manatı da çatdırmasını tələb etmişdir. 2024-cü ilin fevral ayında o, Təqsirləndirilən şəxs ilə Nərimanov rayonu ərazisində yerləşən H.Əliyev Mərkəzinin yaxınlığında görüşmüşlər. Həmin vaxt o, özü ilə birlikdə gətirdiyi 1500 manatı orada Valehə vermişdir. Beləliklə, Valeh ümumilikdə ondan 6000 azn alaraq Mühafizə Polisinə işə qəbul olunması adı ilə pul almışdır. Beləliklə Təqsirləndirilən şəxs ümumi olaraq ona 7000 (yeddi min) manat maddi ziyan vurmuşdur. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəmişdir. Təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, təxminən 2 il öncə əsgər yoldaşı Ağasəlimlə telefon vasitəsilə birlikdə söhbətləri zamanı ona mühafizəçi kimi yeni işə düzəldiyini bildirmişdir. Daha sonra isə Ağasəlim də onun kimi mühafizəçi kimi işləmək istədiyini və iş axtardığını demişdir. O isə Ağasəlimə demişdir ki, onu da işə düzəlməyə xalası oğlu Valeh köməklik göstərmişdir. O, Ağasəlimə xalası oğlu Valehin nömrəsini atmışdır. Bu danışıqları da təxminən 2 il öncə olduğunu demişdir. Bildirmişdir ki, həmin vaxt o, rayondaymış, əsgər yoldaşı Ağasəlim isə Bakı şəhərindəymiş, həmçinin xalası oğlu Valeh də Bakıda idi. Qeyd etmişdir ki, o, Ağasəlimə Valehin nömrəsini atdıqdan sonra onlar özləri görüşüb söhbət etmişlər. Bundan əlavə olaraq bildirmişdir ki, o, dəfələrlə həm Valehlə danışarkən, həm də onların birlikdə görüntülü danışıqları zamanı da Valeh bildirirmiş ki, artıq onun işi alınacaq. Sonradan ona da məlum olmuşdur ki, 6000 manat pul verilib, amma iş düzəlməyib. Həmçinin bildirmişdir ki, Ağasəlim 6000 manat pulu Valehə verməzdən əvvəl onunla məsləhət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 30 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Nərimanov rayonu, Təbriz küçəsi 69 ünvanının qarşısıdır. Yaxınlıqda piyada yolunun kənarında yol ayrıcında görüşərək Zərərçəkmiş şəxs pulu Təqsirləndirilən şəxs vermişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4-3-cü maddəsi ilə təqsirli bilinərək 07 il müdddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məkəməsinin 09 avqust 2018-ci il tarixli qərarı ilə cəzası 06 ilə endirilmiş, Qaradağ Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qərarı ilə 02 ay 29 gün müddətində vaxtından əvvəl şərti azad edilmiş, 07 sentyabr 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-103/2025 nömrəli, 14 may 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 02 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 11 aprel 2025-ci il tarixli ərizədən görünür ki, 1(005)-159/2025 nömrəli iş üzrə təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs özünü müdafiə üçün hər hansı dəlil gətirməmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 18.1 (Cinayətlərin residivi və onların növləri) Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 56.1.3 (Azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisələrinin növləri): xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 65.1: Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Maddə 178.2.4-cü maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 131 (Ekspertin rəyi): Ekspertin rəyi – onun tərəfindən aparılmış tədqiqatlar və onların nəticələri barədə bu Məcəllənin müddəalarına uyğun tərtib edilmiş yazılı sənəddir. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1 -ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onların bu əməlin törədilməsində təqsirliliyi tam və birmənalı şəkildə öz təsdiqini tapmışdır. Cinayətin obyektiv cəhəti (actus reus), yəni cinayət qanunu ilə qorunan ictimai münasibətlərə qəsd edən konkret hərəkət, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və onu aldatma yolu ilə, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə işə düzəldəcəyinə dair yalan vəd verərək, ondan hissə-hissə olmaqla cəmi 6.000 manat məbləğində pul vəsaitini ələ keçirməsində ifadə olunur. Həmin məbləğ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin "Qeyd" hissəsinin 2-ci bəndinə əsasən xeyli miqdar təşkil edir. Cinayətin törədilməsi faktı, yeri, vaxtı və üsulu zərərçəkmiş şəxsin ibtidai istintaqa verdiyi ətraflı ifadəsi, şahid ifadəsi, hadisə yerinə baxış protokolu və təqsirləndirilən şəxsin məhkəmədəki qismən etirafı ilə təsdiqlənir. Cinayətin subyektiv cəhəti (mens rea), yəni təqsirkarın törətdiyi əmələ psixi münasibəti birbaşa qəsdlə və tamah niyyəti ilə xarakterizə olunur. İşin hallarından, xüsusilə də Zərərçəkmiş şəxs verilən vədin yerinə yetirilməməsi və pulun qaytarılmasından uzun müddət yayınmasından görünür ki, Təqsirləndirilən şəxsin niyyəti əvvəldən zərərçəkmişin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirməyə yönəlmişdir. Bu, "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının tələblərinə tam uyğundur. Müdafiə tərəfinin dəlillərinin tənqidi qiymətləndirilməsi: Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsini və ziyanı tamamilə ödəməsini nəzərə alsa da, onun ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmədəki mövqeyi arasındakı ziddiyyəti diqqətdən kənarda qoymur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ittihamı tamamilə rədd edərək, zərərçəkmişdən aldığı pulun borc olduğunu iddia etmiş, işə düzəltmə vədini inkar etmişdir. Lakin məhkəmə istintaqında, iş üzrə toplanmış təkzibedilməz sübutların təsiri altında mövqeyini dəyişərək, pulu işə düzəltmək məqsədilə aldığını etiraf etmiş, lakin bu dəfə də əməlinin ictimai təhlükəliliyini azaltmaq məqsədilə onu dövlət orqanına deyil, özəl şirkətə işə düzəldəcəyini vəd etdiyini bildirmişdir. Məhkəmə bu ifadə dəyişikliyini, təqsirləndirilən şəxsin səmimi peşmançılığının deyil, daha çox məhkəmə istintaqında tədqiq edilmiş sübutlar məcmusunun təsiri altında cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyan məcburi müdafiə taktikası kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinin tələblərinə uyğun olaraq, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin ifadəsindəki ziddiyyətlər araşdırılmalı və qiymətləndirilməlidir. Bu baxımdan, Zərərçəkmiş şəxs və Şahid ibtidai istintaqa verdikləri bir-birini tamamlayan və hadisənin ilkin anından sonrakı bütün təfərrüatlarını ardıcıl əks etdirən ifadələri, təqsirləndirilən şəxsin ziddiyyətli və özünə sərf edən mövqeyindən daha mötəbər və üstün hesab edilir. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı verdiyi ifadəsinə üstünlük verir, lakin tam təqsirli bilməməsini də nəzərə alaraq, yuxarıdakı formada qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirliliyini aşağıdakı bir-birini tamamlayan və ziddiyyət təşkil etməyən sübutların məcmusu ilə tam sübuta yetirilmiş hesab edir: Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ətraflı ifadəsində Təqsirləndirilən şəxsin onu məhz Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə işə düzəldəcəyi adı ilə aldadaraq ondan 6.000 manat pul almasını, pulun hansı hissələrlə, nə vaxt və harada verilməsini təfərrüatı ilə göstərmişdir. Şahid ibtidai istintaqa verdiyi ifadəsində məhz özünün Zərərçəkmiş şəxs xalası oğlu Təqsirləndirilən şəxs onu işə düzəldə biləcəyini dediyini və onların arasında əlaqə yaratdığını bildirmişdir. Təqsirləndirilən şəxs özü də məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsində zərərçəkmişdən işə düzəltmək adı ilə 6.000 manat pul alması faktını təsdiq etmiş, bununla da ittihamın maddi tərəfini etiraf etmişdir. Qeyd olunanlar məhkəmənin gəldiyi qənaətin doğru olduğunu bir daha təsdiq edən faktlar kimi çıxış edir. Bütün yuxarıda göstərilənləri məcmu halındanəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün zəruri obyektiv və subyektiv əlamətləri mövcuddur və onun təqsiri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin düzgün tövsif edildiyi qənaətinə gəlir. Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza növünü və müddətini təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallara xüsusi diqqət yetirir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşmandır. Məhkəmə, CM-nin 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi onun törətdiyi əməldən səmimi peşmançılığını, dəymiş zərəri tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 6 il keçmədən törətmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə, yuxarıda sadalanan bütün halları – törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun əvvəllər məhkum olunmasını, lakin bundan nəticə çıxarmayaraq yenidən qəsdən cinayət törətməsini, cəzanı yüngülləşdirən halların mövcudluğunu məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması (resosializasiya və xüsusi, habelə ümumi preventiv funksiyaları) məqsədlərinə ona real azadlıqdan məhrum etmə cəzası təyin edilmədən nail olmaq mümkün deyildir. Bu səbəbdən, məhkəmə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab etmir. Bundan əlavə, məhkəmə CM-nin 65-ci maddəsinin tələblərini nəzərə alır və sadə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalı olduğunu qeyd edir. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməllərini Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Bu səbəbdən, onun barəsində cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilməlidir. Həmin normaya əsasən, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydalarına uyğun cəza təyin edilir və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə müəyyən edilmiş tutma altında saxlanıldığı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutma altında saxlanıldığı cəmi 02 (iki) gün müddət onun cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəza çəkməsi nəzərə alınmalıdır. Cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2025-ci tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur, iş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə müəyyən edilmiş tutma altında saxlanıldığı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutma altında saxlanıldığı cəmi 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın (cəza müddətinə hesablansın) və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli hökmü ilə hazırda azadlıqdan məhrum etmə cəzası növündə cəza çəkməsi nəzərə alınsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 23 yanvar 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak, maddi sübut və mülki iddia olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar