Məhkəmə qərarları › İş №1(005)-160/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-160/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-160/2023 28.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X2 oglunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Ermənistan, Amasiya rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 5- da qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs salış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə səhər saatlarında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan Heroin əldə edib üzərində saxlamaqla daşımış və xx.xx.2022-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanın qarşısında olarkən, Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasına gətirilmiş, xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zamanı ona məxsus olan əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibində saxladığı 01 ədəd bükümdə təmiz çəkisi 0.354 qram olan narkotik vastisə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitələrdən istifadə etməkdədir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında öz istifadəsi üçün Papanin adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 5 manat ödəməklə 01 ədəd bükümdə narkotik vasitə olan heroin alıb əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibində saxlamış, həmin gün, yəni xx.xx.2022ci il tarixdə saat 15:00 radələrində yaşadığı ünvan 5 ünvanının qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları olmalarını bildirmiş və ona xidməti vəsiqələrini göstərmiş, bundan sonra onun şəxsiyyəti barədə maraqlanmışdırlar. Həmin vaxt üzərində narkotik vasitə olması səbəbi ilə Polis əməkdaşlarının suallarına tez cavab verib oradan uzaqlaşmaq istəmiş, lakin Polislər onun bu hərəkətindən şübhələnərək narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşdurlar. Bu zaman daha da həyəcanlanmış, oradan uzaqlaşmaq istədikdə Polislərin şübhəsi daha da artmışdır. Bundan sonra Polislər onu dəvət edərək 16-cı PB-nə gətirmişdirlər. Polis Bölməsində xidməti otaqların birində iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilməsi təklif edilmiş və bunun üçün hüquqlarının müdafiə edilməsindən ötrü inzibati binaya vəkil dəvət edilmişdir. Daha sonra üzərinə baxış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan, siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümü Polis əməkdaşlarına təqdim edib bükümün içində “kakos"' adı ilə tanınan narkotik vasitənin olduğunu bildirmiş və içərisində narkotik vasitə olan həmin götürülərək büküm qablaşdırılmış və tərtib olunmuş protokola özü də imza etmişdir. Həmçinin bildirmişdir ki, narkotik vasitəni satmamış və ya kiməsə verməmmiş, etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Nərimanov RPİ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə inzibati ərazidə gəzintidə olarkən ünvan 1 ünvanın qarşısında 1 nəfər şəxsin yerişi və hərəkətlərindən özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmiş və Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları olduqlarını demişdirlər. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. Bu zaman həmin şəxs danışarkən suallarından yayınmağa və oradan getməyə çalışmışdır. Həmin şəxsin rabitəsiz danışığından narkotik vasitələrin təsiri altında olmasından və üzərində narkotik vasitə daşımasından şübhələnib Nərimanov RPİ-nin 16-cı PB-nə dəvət etmişlər. PB-də həmin şəxsin xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu məlum olmuş, bu barədə raportla PB-nin rəhbərliyinə məruzə etmişlər. Bundan sonra Nərimanov RPİ-ııin 16-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmiş, daha sonra isə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması videoçəkiliş aparılmaqla qeydə alınmış, şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təhqiqatçı Rəşad Əhmədov tərəfindən paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümü könüllü olaraq təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki maddənin narkotik vasitə hesab olunan "kakos" adı ilə tanınan heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında ‘‘Papanin” adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 5 manat aldığını və həmin narkotik maddəni əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibində öz istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə iştirakçılar, yəni onların və Qasımov- Roman İslam oğlunun iştirakı ilə qablaşdırılmış, 218 nömrəli möhürlə möhürlənmiş, şəxsi axtarış və baxış zamanı hər hansı vəsatət və ya şikayət daxil olmamış, Təqsirləndirilən şəxs saxlanılarkən ona heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili X3 Nərimanov RPİ-nin 16-cı PB-nin əmliyvat müvəkkili, polis leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək Nərimanov RPİ-nin 16-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 04 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 04 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli 01 ədəd bükümü təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki. təqdim eldiyi 01 ədəd bükümün içərisindəki olan maddə "kokos" adı ilə tanınan narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında “Papanin" adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 5 manata alaraq əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibinə qoyaraq öz istifadəsi üçün saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində ünvan 6 ünvanının qarşısında olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış, 218 nömrəli möhürlə möhürlənmişdir. Bununla da şübhəli şəxsin üzərində şəxsi axtarış başa çatdırılmış, iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamışdır. Şəxsi axtarış aparılması otaq şəraitində süni işıqlanma şəraitində aparılmış, saat 16:30-da başlamış və 17:00-da başa çatdırılmışdır. Axtarış aparılan zaman "Panasonic HC-V770" video kamerası vasitəsilə çəkiliş aparılmış, protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, imzalarla təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6417 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs: “imza” Qasımov.R. ...” sözləri, soyad və imzalar və imzalar qeyd edilmiş 1 (bir) ədəd zərfdə içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,354 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi - 0,354 qram, tədqiqata sərf edilən ümumu miqdar- 0.050 qram, qalıq - 0,304 qram. Ekspertiza xərci 65 manat təşkil edir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 06 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; 06 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 47 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nətiçəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, 07 noyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxsun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,354 qram olan narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla təmiz qalıq çəkisi 0,304 qram olan narkotik vasitə heroin saxlanılmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, 1 ədəd “CD” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Nərimanov rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi ilə 1 (bir) il 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşdə olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-104/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, AR Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 21/1-3-6506-1 saylı məktubdan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 104/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökm və hökmün icrası barədə göstəriş xx.xx.2023-cü il tarixdə icra olunması üçün icraata qəbul edilmişdir. Məhkum Təqsirləndirilən şəxs hökmün icrası ilə əlaqədar hazıradək idarənin qeydiyatına alınmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,354 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 104/2023 nömrəli, 12 yanvar 2023-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 11 (on bir) ay, 26 (iyirmi altı) gün hissəsi CM-in 66.5, 68.1.1-1-ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) il 11 (on bir) ay, 26 (iyirmi altı) gün hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (04-06 noyabr 2022-ci il), ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-in 93.1.2), iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş narkotik vasitə heroinin qalıq çəkisi məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-104/2023 nömrəli, 12 yanvar 2023-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli 28 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş və qalıq çəkisi 0,304 qram olan heroin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar