Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-160/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – “Sirius” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq eyni ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və soyuq silah əldə etmiş, gəzdirmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 01 ədəd lüləsi və qundağı sonradan kustar üsulla kəsildiyi üçün öz təyinatını itirmiş ov tüfənginin kəsiyini və soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirərək və idarə etdiyi avtomobildə saxlamaqla Bakı şəhəri, Xətai rayonu ərazisinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 09 yanvar 2024-cü il tarixdə saat 13:40-da ünvan 2 ünvanında idarə etdiyi “Hyundai” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığında saxlanılaraq avtomobillə birlikdə ünvan 3 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildikdən sonra həmin gün saat 15:50-dən etibarən idarə etdiyi “Hyundai” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonunun ön tərəfində sürətlər qutusunun aşağısında yerləşən saxlanc yerindən zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təyinatı üzrə istifadəyə yararlı, üzərində əlavə və dəyişiklik edilməmiş, soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağı və avtomobilin arxa yük yerindən zavod üsulu ilə Tula silah zavodunda istehsal olunmuş, nömrəsi silinmiş, 16 kalibrli, TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli, texniki cəhətdən saz və hər iki lülədən atəş üçün yararlı olan, odlu yivsiz silah hesab edilən, lüləsi və qundağı sonradan kustar üsulla kəsildiyi üçün hazırda öz təyinatını itirmiş 01 ədəd ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, yanvar ayını 7-də saat 12 radələrində BMCMİ-nin əməkdaşı olan Rza adlı şəxs ona zəng edərək, pul verməyini bildirmişdir. Bundan əvvəl o, Rzaya başqa şəxslərdən şikayət etmişdir ki, onun üstünə gəlirlər və onların hər birinin nömrəsini Rzaya vermişdir. Onun üstünə cinayətkarlar gecə saatlarında gəlmişlər. Bu barədə Rzaya məlumat verdikdə, Rza ona gecə vaxtı tədbirə getmədiklərini bildirmişdir. Dekabr ayının 27-də yaşadığı evin yaxınlığında olan zaman BMCMİ-nin əməkdaşları onu saxlamışlar. Təxminən 3-4 km-dən sonra onu tutanlar Rza ilə telefonla danışdıqdan sonra Şəfa stadionunun yanında onu buraxmışlar. Həmin Rza adlı şəxs 8 yanvar tarixində ona zəng edib görüşmək istədiyini bildirmiş və onu Xətai rayonunda yerləşən “Bibi” restoranına çağırmışdır. O, həmin ünvana təzə çatmışdır ki, Rza onun qoluna qandal vuraraq İdarəyə gətirmişdir. Sonra silahı ona vermişdir və tapdığını deməyi tapşırmışdır. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda özünü elan olunmuş ittiham üzrə təqsirli bilməklə, verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, o, heç bir xəstəlikdən, o cümlədən psixi xəstəlikdən əziyyət çəkmir, evlidir, fərdi əməklə məşğuldur. Əlavə olaraq bildirmişdir ki, saxlanılmazdan 1 gün əvvəl yaşadığı ünvan 1 ünvanına yaxın ərazidə yerləşən məişət tullantıları olan sahədə gündüz vaxtı piyada hərəkət edən zaman bir ədəd torba görmüş, diqqətini çəkdiyi üçün onu açaraq içərisinə baxmış və 01 ədəd ov tüfənginin, 01 ədəd bıçağın və 01 ədəd xəncərin olduğunu görmüşdür. Silahlara olan xüsusi marağından irəli gələrək onları saxlamaq qərarına gəlmiş, götürərək idarə etdiyi “Hyundai” markalı, **-TP-*** qeydiyyat nişanlı avtomobilə aparmış və ov tüfəngi ilə xəncəri avtomobilin arxa saxlanc hissəsinə, bıçağı isə avtomobilin salonunda yerləşən sürətlər qutusunun aşağı tərəfinə qoymuşdur. O, qeyd etmişdir ki, heç bir zaman bu silahlardan istifadə etməmiş və heç bir cinayətkar niyyəti olmamışdır. Hadisə ilə bağlı onu bildirmişdir ki, o, 09 yanvar 2023-cü il tarixdə saat 13:40 radələrində ünvan 2 ünvanının yaxınlığında idarə etdiyi “Hyundai” markalı, **-TP-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq odlu silah və döyüş sursatlarının dövriyyəsində şübhəli olduğunu bildirərək barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hazırda avtomobildə ov tüfənginin, bıçağın və xəncərin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, o, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə baş polis idarəsinə gəlmiş, baş polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra polis əməkdaşları tərəfindən video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və ona üzərində odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar varsa könüllü surətdə verməyi təklif edilmiş, bu təklifdən sonra o, üzərində hər hansı qanunla qadağan olunmuş əşyanın olmadığını bildirib əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd pul qabı və 01 ədəd “Samsung” markalı mobil telefonu, gödəkçənin sol yan cibindən 01 ədəd avtomobil açarını, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 48 manat 50 qəpik pul və 01 ədəd “Sobranie” siqaretini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən pul qabına baxış keçirilmiş, baxış zamanı içərisindən ona məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, “YAP” üzvlük vəsiqəsi, oğluna məxsus şəxsiyyət vəsiqəsi, idarə etdiyi avtomobilin qeydiyyat şəhadətnaməsi, 01 ədəd oyun kartı və 01 ədəd 01 ABŞ dolları aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən başqa əşya və ya predmet aşkar olunmamış, aşkar edilmiş 01 ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, “YAP” üzvlük vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsi polis əməkdaşları tərəfindən götürülmüş, oğluna məxsus şəxsiyyət vəsiqəsi və oyun kartı, 48 manat 50 qəpik pul, avtomobil açarı 1 ABŞ dolları isə özünə qaytarılmışdır. Daha sonra idarə etdiyi avtomobildə tüfəngin, bıçağın və xəncərin olduğunu, baxış keçirilərsə təqdim edə biləcəyini bildirmiş, bundan sonra şəxsi axtarış və götürmə keçirilməsinin və əşyaların götürülməsi ilə bağlı protokol tərtib edilmiş və həmin protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra o, ərizə yazaraq avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdikdən sonra polis əməkdaşlarının, müdafiəçinin və onun iştirakı ilə idarə etdiyi “Hyundai” markalı, **-TP-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanılmış, baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmiş və ilk öncə təklif edilmişdir ki, əgər avtomobildə silah varsa, təqdim etsin. Bundan sonra o, avtomobilin sol qapısını açaraq sürətlər qutusunun aşağısından 01 ədəd bıçağı təqdim etmiş, daha sonra bıçaq içərisi boş olan zərfdə qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra avtomobilin arxa saxlanc hissəsinə baxış keçirilən zaman 01 ədəd xəncər və 01 ədəd ov tüfənginin kəsiyi aşkar edilmiş və onlar ayrı-ayrılıqda içərisi boş olan zərflərdə qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra avtomobilə baxış keçirilməsi və əşyaların götürülməsi ilə bağlı protokol tərtib edilmiş və həmin protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, iş adamıdır, armatur alqı-satqısı ilə məşğul olur, onu cinayətkarlar narahat etdiyinə görə BMCMİ-yə şikayət etmişdir. Rəsmi şikayət etməmişdir, eyni zamanda 102 Zəng Xidmətinə də müraciət etməmişdir. Rəsmi müraciət etməyə Rza adlı şəxs qoymamışdır. Rza ilə aralarında heç bir narazılığı olmamışdır. Polislər onu 27 dekabrda tutarkən Rza buraxdırmışdır. Buna görə də ondan “hörmət” istəmişdir. Daha sonra 7 yanvarda Rza ona zəng edərək 8 yanvarda görüşməklərini bildirmişdir. Polis əməkdaşları tərəfindən 08 yanvar 2024-cü il tarixdə Xətai rayonunun ərazisində olduğu zaman saxlanılmış, daha sonra avtomobili ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binasına gətirilmişdir. Polis əməkdaşları tərəfindən qanunsuz olaraq bir gün saxlanıldıqdan sonra rəsmiləşdirmə aparılmışdır. Həmin vaxt o, tək olmuşdur. Polis əməkdaşları isə dörd nəfər olmuşlar. İfadəsində ona nə deyiblər onu yazmışdır. Əvvəl həyətdə onun avtomobilinə baxış keçirmişlər, heç nə tapmamışlar, sonra onu otağa gətirmişlər, ondan sonra isə avtomobili BMCMİ-nin zirzəmisinə salaraq avtomobilə silahı qoymuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid ifadəsində bildirmişdir ki, 09 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarının qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. 09 yanvar 2024-cü il tarixdə saat 13:40 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında olması müəyyən edilmiş, qrup üzvləri həmin ünvana getmiş, saat 13:40 radələrində həmin ünvanda Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi ağ rəngli “Hyundai” markalı, **-TP-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs odlu silah və döyüş sursatlarının qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O da buna etiraz etməyərək polis əməkdaşları ilə idarə etdiyi avtomobillə birlikdə baş polis idarəsinə gəlmiş, baş polis idarəsinin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet olmadığını bildirərək əynində olan tünd göy rəngli gödəkçənin cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd pul qabını, 01 ədəd avtomobil açarını, əynində olan şalvarın cibindən müəyyən məbləğdə pulu və siqaret qutusunu çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi pul qabına baxış keçirilən zaman içərisində 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd YAP üzvlük vəsiqəsi, 01 ədəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, idarə etdiyi avtomobilin qeydiyyat şəhadətnaməsi və 01 ədəd oyun kartı müəyyən edilmişdir. Daha sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd YAP üzvlük vəsiqəsi, idarə etdiyi avtomobilin qeydiyyat şəhadətnaməsi təhqiqatçı tərəfindən cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüş, 01 ədəd pul qabı, oğluna məxsus olan şəxsiyyət vəsiqəsi, 01 ədəd oyun kartı, müəyyən məbləğdə pul, 01 ədəd oyun kartı, 01 ədəd siqaret qutusu isə sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Həmçinin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda idarə etdiyi avtomobildə 02 ədəd bıçağın, 01 ədəd tüfəngin, olmasını, həmin silahları saxlanılmazdan 01 gün əvvəl yaşadığı Bakı şəhəri, Nizami rayonu, D.Aslan küçəsi, ev 7 ünvanının yaxınlığında olan məişət tullantıları olan sahədən tapdığını və avtomobilə qoyaraq daşıdığını, həmçinin avtomobilə baxış keçirilərsə onu təqdim edəcəyini, həmçinin baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış və əşyaların götürülməsi ilə bağlı protokol tərtib olunmuş və düzgün tərtib olunduğundan imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra baş idarənin iştirakçılar inzibati ərazisində olan Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı, **-TP-*** qeydiyyat nişanlı avtomobilin yanına gəlmiş, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs avtomobildə qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatı saxlayıb-saxlamaması soruşulduqda o odlu və soyuq silahlar olduğunu bildirərək avtomobili baxışa təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsi ilə baxış keçirilməyə başlanılmış, baxış zamanı birinci avtomobilin sürətlər qutusunun aşağı hissəsindən 01 ədəd bıçaq tipli dəmir predmet aşkar edilmiş, daha sonra avtomobilin arxa saxlanc hissəsinə baxış keçirilən zaman 01 ədəd ov tüfənginin kəsiyi və 01 ədəd xəncərə bənzəyən bıçaq tipli dəmir predmet aşkar edilərək götürülmüşdür. Daha sonra həmin əşya və predmetlər cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılıb möhürlənərək götürülmüş, daha sonra baxış davam etdirilmiş, lakin sübut əhəmiyyəti kəsb edəcək heç bir şey aşkarlanmamışdır. Daha sonra baxış keçirilməsi və əşyaların götürülməsi ilə bağlı protokol tərtib olunmuş və düzgün tərtib olunduğundan imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və X2 Şahid verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Avtomobilə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 09 yanvar 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 13:40-da ünvan 2 ünvanında idarə etdiyi “Hyundai” markalı, **-TP-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, saat 15:50-də Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı, **-TP-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin sürətlər qutusunun aşağı hissəsindən 01 ədəd bıçaq tipli dəmir predmet, avtomobilin arxa saxlanc hissəsinə baxış keçirilən zaman 01 ədəd qılınca bənzər dəmir predmet və ov tüfənginə oxşar dəmir predmet aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 10 yanvar 2024-cü il tarixli, 24/57 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, zavod üsulu ilə Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli, TOZ- B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngidir. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-26/2024 saylı, 10 yanvar 2024cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin 03 ay həddində müəyyən edilməsi və həbsetmənin əvvəlinin 09 yanvar 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. “Baxış keçirilməsi və əşyaların götürülməsi” haqqında 11 yanvar 2024-cü il tarixli protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilən zaman istintaq hərəkətinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Natiq Əzimov tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı, **-TP-*** qeydiyyat nişanlı avtomobildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati ərazisində həyata keçirildiyi müəyyən edilmişdir. Baxış zamanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri X1, X2, Şahid və müdafiəçi X3 iştirak etmiş və videoçəkiliş həyata keçirilmişdir. Baxış keçirilərkən ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə odlu silah, döyüş sursatı və onun komplekt hissələri, habelə soyuq silah varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs təsdiq edərək avtomobildə 01 ədəd ov tüfənginin, 01 ədəd bıçağın və 01 ədəd xəncərin olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən avtomobilin sağ qapısı açılır və salonun orta hissəsində yerləşən sürətlər qutusunun aşağısından 01 ədəd bıçaq tipli dəmir predmet aşkar edilərək götürülmüş, içərisi boş olan zərfdə qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra avtomobilin digər qapıları açılaraq baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş heç bir əşya aşkarlanmamışdır. Bundan sonra avtomobilin arxa saxlanc hissəsi açılmış və oradan 01 ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüş, içərisi boş olan zərfdə qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra avtomobilin arxa saxlanc hissəsindən 01 ədəd qılınca bənzər bıçaq tipli dəmir predmet aşkar edilərək götürülmüş, içərisi boş olan zərfdə qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra baxış davam etdirilmiş, lakin heç bir əşya aşkarlanmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş əşyaları saxlanılmazdan 01 gün əvvəl yaşadığı ünvana yaxın ərazidə zibillikdən tapdığını, marağı olduğu üçün götürərək avtomobilə qoyduğunu bildirmişdir. “Maddi sübut hesab edilməsi haqqında” 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunub götürülmüş 01 ədəd Toz-B modelli ov tüfənginin kəsiyi iş üzrə maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Binəqədi RPİ tərəfindən başlanılmış cinayət işinə xx.xx.2012-ci il tarixdə CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2024-cü il tarixli 3/67 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki,
1. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, təyinatı üzrə istifadəyə yararlıdır, üzərində əlavə və dəyişiklik edilməmişdir. 2. Tədqiqata təqdim edilmiş 01 ədəd predmet zavod üsulu ilə hazırlanmış suvenir tipli qılıncdır və soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır, üzərində əlavə və dəyişiklik edilməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 manat təşkil edir. “Sübutların qiymətləndirilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, baxış keçirilməsi və əşyaların götürülməsinin keçirilməsini özündə əks etdirən 01 ədəd CD diskin maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd ov tüfənginin kəsiyinin və 01 ədəd soyuq silah hesab edilən bıçağın maddi sübut hesab edilməsi və məhkəmənin hökmünə kimi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələrində nəzərdə tutulan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin verdikləri ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələrində nəzərdə tutulan əməlləri törətmədiyinə dair verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin ifadəsində göstərdikləri xüsusatlar, nəinki, öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 08 yanvar 2024-cü il tarixdə Xətai rayonunun ərazisində olduğu zaman saxlanılmasını, daha sonra avtomobili ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binasına gətirilməsini, polis əməkdaşları tərəfindən qanunsuz olaraq bir gün saxlanıldıqdan sonra rəsmiləşdirmə aparıldığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsinə tənqidi yanaşır və həmin ifadənin onun tərəfindən məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilməsi kimi qiymətləndirir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, həmçinin "xxxx" MMC-dən alınmış zənglərin detallaşmasına dair məlumat və cinayət işinin digər materialları ilə tam təqzib edilmişdir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiəçilərinin vəsatəti əsasında "xxxx" MMC-dən götürülmüş 08-09 yanvar 2024-cü il tarixlərdə təqsirləndirilən şəxsin istifadəsində olan ***-***-**-** saylı nömrənin əhatə dairəsinə dair antenn məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdə Bakı şəhərinin müxtəlif ərazilərində olmuş, 09 yanvar 2024-cü il tarixdə isə polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Xətai rayonunun ərazisində, daha sonra isə Nərimanov rayonunun ərazisində yerləşən BMCMİ-nin binasında olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki sidahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Həmçinin həmin qərarda qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası və s., eləcə də zərbə-dağıdıcı təsirli əşyalar beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir (13-cü bənd). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını (portal çıxarışına əsasən) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 09 yanvar 2024-cü tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 01 ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş ov tüfənginin kəsiyi və 01 ədəd soyuq silah hesab olunan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Ekspertiza tədqiqatının dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 228.1-ci maddəsi ilə 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 228.4-cü maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 09 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 01 ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş ov tüfənginin kəsiyi və 01 ədəd soyuq silah hesab olunan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 64 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim Hafiz Kamranov