Məhkəmə qərarları › İş №1(005)-161/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-161/2021

23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-161/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 20 yanvar 2021-ci il tarixdə saat 17:00 radələrində ünvan 2 ünvanında yerləşən Nərimanov istirahət parkının qarşısında olarkən, Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin inzibati binasına gətirilmiş, xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zamanı ona məxsus əynindəki tünd qara rəngli şalvarın sağ yan cibində bir ədəd gümüşü rəngli kağıza bükülmüş 0,162 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20.01.2021-ci il tarixdə saat 17 radələrində Nərimanov rayonu ərazisində yerləşən Nərimanov istirahət parkının qarşısında dayanmış, bu zaman 2 nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gətirmişlər. Orada xidməti otaqda video kamera çəkilişinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklifi olunmuşdur. Şəxsi axtarış zamanı o, əynində olan tünd qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmiş və bildirmişdir ki, həmin narkotik vasitə heroin onundur və ona məxsusdur, onu özü qəbul etmək üçün 20.01.2021-ci il tarixdə “Montin” qəsəbəsində üzdən tanıdığı adını Rəşad kimi təqdim edən şəxsdən 10 manata özü istifadə etmək üçün almışdır. Təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlə möhürlənmiş və bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 20.01.2021-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatında «Vüqar» adlı şəxsin Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanında yerləşən Nərimanov istirahət parkının qarşısında olacağı və üzərində narkotik vasitə olacağı, həmin şəxsin geyimi və xüsusi əlamətləri bildirilmişdir. Bu barədə Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisinə raportla müraciət olunduqdan sonra əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edib, Nərimanov rayon prokuroruna və rayon məhkəməsinin sədrinə məlumat verilmişdir. 20.01.2021-ci il tarixdə saat 17 radələrində tərəflərindən keçirilən tədbir zamanı Nərimanov adına istirahət parkının qarşısında «Vüqar» adlı şəxs saxlanılaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati birasına gətirilmiş, xidməti otaqda saxlanılan şəxsin şəxsiyyəti müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Xidməti otaqda video kamera çəkilişinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklifi olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində ki, tünd qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş qəhvəyi rəngli maddəni könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin gümüşü rəngli kağız bükümündə olan maddənin narkotik vasitə (kakos) heroin olduğunu və həmin heroini 20.01.2021-ci il tarixdə Nərimanov rayonu Montin adlanan yerdən tanımadığı, adını Rəşad kimi təqdim edən şəxsdən 10 manata alaraq özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə tərəflərindən qablaşdırılmış, bu barədə protolol tərtib olunaraq, iştirakçılar tərəfindən imzalarla təstiq olunmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 22-23-cü vərəqlərində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 20 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 29-30-cu vərəqələrində olan “Şübhəli şəxsin üzərndə şəxsi axtarış və götürmə aparılması haqqında” 20 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı X6 həmin protoklu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 51, 246.2.1 və 247-ci maddələrinin tələbinə əsasən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkilləri Şahid1, Şahid2, müdafiəçinin iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. İştirakçıların iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əynindəki tünd rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni könüllü olaraq təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi maddə narkotik vasitə hesab olunan “kakosdur”. Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar edilmiş narkotik vasitəni 20.01.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Montin” adlanan yerdən üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi “Rəşad” adlı şəxsdən 10 manata alaraq daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. Cinayət işinin 38-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2021-ci il tarixli, 6/264 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N 224” dairəvi möhür əks olunan “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə..” yazı və imzalar olan zərfdə təmiz çəkisi 0,162 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 51-ci vərəqində olan “DVD-diskə baxış keçirilməsi haqqında” 22 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X5 Azərbaycan Respublikası CPM-nin 51, 85, 236-cı maddələrini rəhbər tutaraq həmin protokolu tərtib etmişdir ondan ötrü ki, icraatında olan ********* saylı cinayət işi ilə əlaqədar iş materiallarına əlavə edilmiş 20.01.2021-ci il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət edilmiş və üzərində qanunsuz olaraq narkotik maddələri gəzdirməsi, qəbulunda şübhəli bilinən 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılarkən video kamera vasitəsi ilə qeydə alınan video görüntülərinin əks edildiyi 1 ədəd ağ rəngli DVD diskə baxış keçirmişdir. Həmin DVD diskdə olan görüntülərə baxış keçirilməsi üçün kompyüterin prosessoruna qoyulmuş və ekranda “20210120_170140” rəqəmləri yazılmış fayl açılmışdır. Həmin fayla baxış keçirilən zaman müəyyən olunmuşdur ki, fayldakı görüntülər 07 dəqiqə 23 saniyə davam edir. Görüntüdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs görüntünün faylın 03-cü dəqiqə 01-ci saniyəsində əynində olan tünd qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızı bükümdə narkotik vasitəyə bənzər maddəni təqdim edir və həmin gümüşü rəngli siqaret kağız bükülünün içində narkotik vasitə olduğunu, Nərimanov rayonu, Montin adlanan yerdə tanımadığı adını Rəşad kimi təqdim edən şəxsdən 10 manata alaraq özü istifadə etmək məqsədilə üzərində saxladığımı bildirir. Aşkar edilmiş maddə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılmışdır. Cinayət işinin 70-72-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 22 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Yavər Məmmədlinin 22.01.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 73-cü vərəqində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 22 yanvar 2021-ci il tarixli qəradan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 83-84-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 09.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11.08.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 24.05.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 89-cu vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0,162 qram narkotik vasitə heroinin iş üzrə maddi sübut kimi tanınması, maddi sübut kimi tanınan və tədqiqatdan sonra qalan təmiz çəkisi 0,112 qram olan narkotik vasitə heroin saxlanılması üçün Nərimanov RPİ-nə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 91-92-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin Ambulator X1 04.02.2021-ci il tarixli, 359 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 93-97-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanımaq haqqında” 18 fevral 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş video görüntünün olduğu 01 ədəd DVD diskin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2021ci il tarixli, 1(005)-161/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Axtarışda olan şəxsin tutulmasına dair” 11.05.2021-ci il tarixli protokoldan görünür ki, 61406/21 nömrəli axtarış işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs 11.05.2021-ci il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin İstintaq Şöbəsinə təhvil verilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 12.05.2021-ci il tarixli, ******* nömrəli məktubundan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 1(005)-161/2021 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 11.05.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq 13.05.2021-ci tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilərkən əynindəki tünd qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə heroinin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,162 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum edilsə də, onun məhkumluğu ödənilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 1 (bir) ay 12 (on iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş video görüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 1 (bir) ay 12 (on iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə (2 ay 28 gün) çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 2 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,112 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş video görüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar