Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-161/2022 06.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikası Kirovakan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, B.ünvan 2amış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 iyul 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd mavi rəngli sellofan kəsiyinə bükülmüş bükümdə, içərisində təmiz çəkisi 1.563 qram psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, Sabunçu rayon Polis İdarəsinin 13cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində 15 iyul 2021-ci il tarixdə saat 06 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Sabunçu Rayon Polıs İdarəsinin 13-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş və xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd mavi rəngli sellofan kəsiyinə bükülmüş bükümdə, içərisində təmiz çəkisi 1,563 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 10 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, “Sabunçu bazarı” adlanan ərazinin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümdə, təmiz çəkisi 1,343 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 13 oktyabr 2021-ci il tarixdə 10:45-də ünvan 6 ünvanın qarşısında saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş və xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş 1.343 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci il in iyul ayında Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılması və üzərindən 1,563 qram metamfetamin aşkar edilməsinə dair epizod üzrə özünü təqsirli bilmir. Qeyd edir ki, həmin vaxt Sabunçu rayonu ərazisində saxlanılarkən onun üzərində heç bir narkotik vasitə olmamış, polis əməkdaşları ona 13-cü Polis Bölməsində zor tətbiq etmişlər. Zorakılığa məruz qalması ilə bağlı prokurora məlumat versə də hər hansı tədbir görülməmişdir. Bundan başqa o, 10 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində psixotrop maddənin istifadəsinə ehtiyacı olduğundan alıb əldə etmək məqsədilə yaşadığı evdən çıxıb piyada Sabunçu bazarının yaxınlığına gəlmişdir. Həmin yerdə üzdən tanıdığı və adını Əli kimi bildiyi orta yaşlı kişi ilə görüşüb ona 20 manat pul verib metamfetamin almış və həmin bükümü əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyub orada saxlamışdır ki, həmin yerdən aralaşdıqdan sonra istifadə etsin. Psixotrop maddəni aldığı şəxslə qeyd olunan bazarın yaxınlığında təsadüfən tanış olmuş və aralarında olan danışıq zamanı həmin şəxs onun psixotrop maddədən istifadə etdiyini bildikdən sonra demişdir ki, daimi həmin bazarın yaxınlığında olur və istifadə etmək üçün narkotik vasitə və ya psixotrop maddə lazım olduqda həmin yerə gəlib onunla görüşüb ondan ala bilər. Tanışlıqdan sonra o, ilk dəfə həmin şəxsin ona dediyi qeyd olunan bazarın yaxınlığına gedib onu həmin yerdə tapıb lazım olan miqdarda psixotrop maddə almışdır. Psixotrop maddəni həmin şəxsdən aldıqdan sonra o, bir neçə gün cibində saxlamışdır ki, lazım olduqda istifadə etsin. 13 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində piyada Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ilə hərəkət edib gizli yer axtarmışdır ki, üzərində saxlayaraq daşıdığı «şüşə»ni istifadə etsin. Həmin vaxtı ünvan 7 ünvanın qarşısı ilə keçərkən bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və sonra onlarla birlikdə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə getməsini demişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşmış və birlikdə qeyd olunan yerdən 17-ci Polis Şöbəsinə gəlmiş, orada onu şöbənin xidməti otaqlarından birinə aparmışlar. Həmin xidməti otaqda polis əməkdaşları onun hüquqlarını müdafiə etmək üçün vəkil dəvət etmişlər və vəkil ona təqdim olunduqda etirazının olmadığını bildirmiş, bundan sonra ona polis əməkdaşları üzərinə şəxsi axtarış keçirəcəklərini bildirilmiş, şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları ona təklif etmişlər ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etsin. O da əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq saxladığı içərisində psixotrop maddə olan sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb polis əməkdaşlarına təqdim edərək bildirmişdir ki, bükümün içərisində psixotrop maddə «şüşə», yəni metamfetamin vardır, həmin psixotrop maddəni bir az əvvəl qeyd etdiyi yerdə adını Əli kimi bildiyi şəxsdən 20 manat pul verərək alıb, öz istifadəsi üçün üzərində saxlamışdır. Təqdim etdiyi büküm polis əməkdaşları tərəfindən açıldıqda içərisində ağ rəngli, spesifik iyə malik olan maddə aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları üzərindən aşkar olunmuş bükümü içərisində olan kütlə ilə birlikdə zərfin içərisinə qoyaraq qablaşdırılmış, zərfin üzərini o, müdafiəçisi və digər iştirakçılar imza etmişlər. Bundan sonra protokol tərtib olunmuş, həmin protokol oxunduqdan sonra düzgün yazıldığı iştirakçılar tərəfindən imza ilə təsdiq edilmişdir. Qeyd olunan hərəkətlər keçirilərkən videoçəkiliş aparılmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili X6 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdə 17-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olmuş, həmin tarixdə saat 10:45-də Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 2/20 saylı ünvanın qarısında olarkən bir nəfər əvvəllər tanımadığları, sonradan şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs hərəkətlərindən və davranışından narkotik vasitələrin istifadəçisi olduğundan şübhələnib ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, bundan sonra həmin şəxsə narkotik vasitələrin istifadəsində, əldə etməsində və üzərində saxlamasında şübhəli olduğunu bildirib ondan onlarla birlikdə 17-ci Polis şöbəsinin inzibati binasına gəlməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs də onların bu təklifinə etiraz etməyib polis şöbəsinə birlikdə getməyə razılaşmış, Polis şöbəsinə gəldikdə xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini müdafiə etmək üçün müdafiəçinin xidmətindən istifadə etmək hüququnun olması izah edilməklə onun hüquqlarını qorumaq üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdə sonuncu müdafiəçiyə etirazının olmadığını bildirilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, buna etiraz etməmişdir. Polis şöbəsinin xidməti otağında tərəflərindən videoçəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi axtarışa başlanılmış, ilk öncə Təqsirləndirilən şəxs təklif edilmişdir, ki, üzərində qeyri-qanüni əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim etməklə həmin bükümün içərisində psixotrop maddə «şüşə», yəni metamfetamin olduğunu bildirilmiş, Təqsirləndirilən şəxs həmin bükümü na vaxt, haradan və kimdən əldə etməsi və nə səbəbə üzərində saxlaması şifahi olaraq soruşulduqda o, həmin psixotrop maddəni 10 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində Sabunçu bazarının yaxınlığında olarkən şəxsiyyəti barədə heç bir məlumatı olmayan orta yaşlı Əli adlı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm içərisində olan kütlə ilə birlikdə zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt bu barədə protokol tərtib olunmuş, həmin protokol oxunduqdan sonra düzgün yazıldığı iştirakçılar tərəfindən imza ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 digər şahid X4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 15 iyul 2021-ci il tarixdə Rafael adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi, daşıması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə ondan, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməliyyat müvəkkili Şahid4 ibarət əməliyyat qrupu təşkil edilmişdir. 15 iyul 2021-ci il tarixdə saat 06 radələrində Təqsirləndirilən şəxs Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsi 13 ünvanının qarşısında olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında həmin gün saat 06 radələrində əməliyyat qrupu ilə birlikdə həmin qeyd olunan ünvana gəlmişlər. Onlar orada Təqsirləndirilən şəxs görüb, daxil olan əməliyyat məlumatındakı əlamətlərə uyğun olduğuna görə sonuncuya yaxınlaşıb özlərini təqdim edərək ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdə onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda və istifadə etməkdə şübhəli bilindiyinə görə saxlanıldığını bildirib ondan onlarla birlikdə 13-cü Polis bölməsinin inzibati binasına getməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib birlikdə bölmənin inzibati binasına getməyə razılıq verdikdən sonra birlikdə bölmənin inzibati binasına gəlmiş, polis bölməsində həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilmiş və onun Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Polis bölməsində olarkən Təqsirləndirilən şəxs barəsində xidməti otaqlarının birində Azərbaycan Respublikası Cinayət Məcəlləsinn 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs vəkil təqdim edilərək hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışın videoçəkilişlə aparılacağı bildirilərək sonuncudan etirazının olub-olmaması soruşulmuş və o etirazının olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilən zaman əvvəlcə üzərində olan əşyaları özünün təqdim edərək masanın üzərinə qoyması təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd mavi rəngli sellofan kəsiyinə bükülmüş bükümü təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükümün içərisinə baxış keçirildikdə bükümün içərisində metamfetaminə bənzər maddə olması aşkar olunmuş, aşkar edilən maddəni haradan və kimdən əldə etməsi soruşulduqda o, həmin bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün xx.xx.2021-ci ildə Suraxanı rayonu, Bülbülə qəsəbəsində olarkən üzdən tanıdığı şəxsdən 30 manata aldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki metamfetamin zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya göndərilmişdir. Bundan sonra, bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq olunmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 13-cü PB-nin baş əməliyyat müvəkkili Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid4 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 16-17-ci vərəqələrində olan “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 13 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 27-28-ci vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 13 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, X5 əynində olan göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd adi sollafana bükülmüş ağ rəngli kristal formalı bükümü təqdim etdi və təqdim etdiyi həmin bükümün psixotrop maddə olan metanfetamin olmasını və həmin psixotrop maddənin ona məxsus olmasını bildirdi. Vət.X5 həmin 1 ədəd adi sollafana bükülmüş ağ rəngli kristal formalı psixotrop maddəyə bənzər maddəni xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində Sabunçu bazarının yaxınlığında əvvəllər tanımadığı, lakin hər hansı anket məlumatını bilmədiyi Əli adlı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi məqsədilə almasını qeyd etdi. X1 təqdim etdiyi 1 ədəd adi sollafana bükülmüş ağ rəngli kristal formalı psixotrop maddəyə bənzər büküm özünün və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyaraq 219 №-li möhürlə möhürləndi. Vət. X2 üzərində şəxsi axtarış və götürmə aparılması Nərimanov RPİ-nin kriminalistik tədqiqatlar qrupunun inspektor kriminalisti Emil Yusubov tərəfindən “PANASONİC” markalı video kamera vasitəsilə qeydə alındı. Cinayət işinin 35-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2021-ci il tarixli, 6/4549 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N219” dairəvi möhür əksi “Vət.X2 üzərindən...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1,343 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin 73-77-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(005)-1043/2021 nömrəli qərarından görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 13 oktyabr 2021ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 89-90-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 4720 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 93-95-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə o, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə üzərində qəti olaraq 03 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 120-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 15 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 131-132-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan kağıza bükülmüş, gümüşü kağızla bağlanmış maddəni təqdim edərək içərisində narkotik vasitə olan metamfetamin olduğunu bildirdi. Təqsirləndirilən şəxs sorğu zamanı həmin narkotik vasitəni xx.xx.2021-ci il tarixdə üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində 30 manata alıb öz istifadəsi üçün üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd mavi sellofan kağıza bükülmüş, gümüşü kağızla bağlanmış ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 160 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Cinayət işinin 142-145-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2021-ci il tarixli, 6/2878 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 160” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,563 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin 171-ci vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2021ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ilkin kütləsi 1,563 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmənin aparıldığı videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin 175-177-ci vərəqələrində olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 16 iyul 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə İŞ-in müstəntiqi Turab Yusubovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs dərhal saxlandığı yerdən azadlığa buraxılması qərara alınmışdır. Cinayət işinin 178-179-cu vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 16 iyul 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 227-233-cü vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(008)-287/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il 3 (üç) ay müddətinə azadıqdan məhrumetmə cəzasının təyin edilməsi, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-113/18 saylı, 20 fevral 2018-ci il tarixli hökmü ilə təyin olunmuş qazancından 20% məbləğində dövlət nəfinə tutulmaqla, 01 il müddətinə islah işləri cəzasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının 04 günü azadlıqdan məhrum etmə cəzasının 01 gününə bərabər tutulmaqla 03 ay hesablanması, həmin cəza təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməsi və qəti olaraq Təqsirləndirilən şəxsnn üzərində 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzaçəkmə müddətiin başlanğıcının 10 may 2020-ci il tarixdən hesablanılması hökm edilmişdir. Cinayət işinin 234-249-cu vərəqələrində olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 07 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,563 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1,513 qram hissəsinin Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,343 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1,293 qram hissəsinin Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməsi, xx.xx.2021-ci il tarixdə saat 06:30 radələrindən saat 06:45 radələrinədək olan müddət ərzində Sabunçu RPİ-nin 13-cü PBnin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diskin və xx.xx.2021-ci il tarixdə saat 11:35 radələrindən saat 12:20 radələrinədək olan müddət ərzində Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diskin maddi sübut kimi tanınması və 2 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(103)-140/2021 saylı qərarından görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 1(008)-287/2020 saylı hökmünün məhkum Təqsirləndirilən şəxs barəsində onun apelyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 1(008)-287/2020 saylı hökmü ilə məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi üzrə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli, 1(007)-113/18 saylı hökmü ilə təyin olunmuş qazancından 20% məbləğində dövlət nəfinə pul tutulmaqla 01 il müddətinə islah işləri cəzası AR Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən islah işləri cəzasının 02 günü azadlığın məhdudlaşdırılması cəzasının 01 gününə bərabər tutulmaqla 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulması, həmin cəza hazırkı qərarla təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəza ilə AR Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməsi və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 10 (on) ay 08 (səkkiz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində 03 (üç) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən çıxaraq 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən çıxaraq 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş müvafiq olaraq psixotrop maddə hesab edilən metamfetaminin təmiz çəkisi 1,343 qram və 1,563 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilsə də, onun bu məhkumluğu (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı) azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM- 158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətlərinin aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPMnin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1,513 qram və 1,293 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 198,60 (yüz doxsan səkkiz manat altmış qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-161/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-161/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver