Məhkəmə qərarları › İş №1(005)-161/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-161/2025

11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-161/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – “A.İ.M” vəkil bürosunun vəkili X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, fərdi əməklə məşğul olan, Balakən rayonu, Qazma kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 22, mənzil 13 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 fevral 2025-ci il tarixdə, saat 00:15 radələrində ailə üzvləri bacısı Zərərçəkmiş şəxs və anası Şahid ilə birlikdə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 22 saylı evin, 13 saylı mənzilinə orta dərəcəli sərxoş vəziyyətdə gələrək evin dəhlizində bacısı Zərərçəkmiş şəxs evə gec gəlməsini bəhanə edərək aralarında yaranmış ailə münaqişəsi zəminində Zərərçəkmiş şəxs başına yumruqla vuraraq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül zərər vurmaya aid sağ təpə nahiyyəsinin yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşaiyət edilən hematoması xəsarətini yetirmiş, Şahid onu kənarlaşdırdıqdan sonra sakitləşməsi üçün Zərərçəkmiş şəxs bir stəkan su verdikdə, sonuncunun sol əlində stəkan olduğunu görüb, qəsdən xəsarət yetirmək məqsədilə sol əlinə zərbə endirərək Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül zərər vurmaya aid sol əlin 1-ci barmağın orta falanqasının ovuc səthinin qanaxma ilə müşaiyət olunan cərrah i tikişə ehtiyacı olan kəsilmiş yarası, dərəcəsinə görə sağlamlığa zərər vurmayan sol əlin 3-cü, 4-cü, 5-ci barmaqlarının ovuc səthlərinin səthi kəsilmiş yaraları xəsarətlərini yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 22, mənzil 13 ünvanda anası Elnarə və 1995-ci il təvəllüdlü bacısı Cəmilə ilə birlikdə yaşayır. Son günlər ailədə mübahisələri baş vermişdir. Anası Elnarə və bacısı Cəmilə onun spirtli içki qəbul etdiyi üçün evə gəldikdə onunla kobud rəftar etdikləri və onu saymadıqları üçün əsəbiləşirdi. Sonuncu dəfə “01“ fevral 2025-ci il tarixdə təxminən saat 00:15 radələrində dostları ilə kafedə yeyib içdikdən sonra sərxoş vəziyyətdə evə gəlmişdir. Bacısı Cəmilə və anası Elnarə yenə onunla kobud danışmağa başlamışlar. O da əsəbiləşib anasının üstünə qışqırmış və onları söymüşdür. Cəmilə də onu danlamağa başladığı üçün əsəbiləşmiş və Cəmilənin başına bir-neçə dəfə yumruq zərbələri vurmuşdur. Sonra anası Cəmiləyə stəkanda su vermiş və Cəmilənin əlindən vurduqda əlindəki stəkan divara dəyərək sınmış və onun əli kəsilmişdir. Cəmilənin əlinin qanı ətrafa yayıldıqda o, pis olmuş və kənara çəkilmişdir. Əməlindən peşmandır. Zərərçəkmişlə barışmışdır. Sonda barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 22, mənzil 13 ünvanda 1994-cü il təvəllüdlü qardaşı Afər və anası Elnarə ilə birlikdə yaşayır. Qardaşı Təqsirləndirilən şəxs ilə son günlər ailədə mübahisələr baş vermiş, Afərin teztez spirtli içki qəbul edib evə gəlib, dava-dalaş salmışdır. Sonuncu dəfə “01“ fevral 2025ci il tarixdə təxminən saat 00:15 radələrində qardaşı Afər sərxoş vəziyyətdə evə gəlib, guya onun evə gec gəldiyini bəhanə edərək onunla mübahisə etmiş, sonra anası Elnarənin üstünə qışqırıb, nalayiq sözlərlə söymüşdür. O, Afərə söyüş söyməməsini dedikdə onun üstünə gəlib, başına bir-neçə dəfə yumruq zərbələri vurmuşdur. Sonra anası bir stəkan suyu ona vermiş ki, içib sakitləşsin. Bu zaman Afər əlindən vurmuş və əlinin divara dəyməsi nəticəsində stəkan qırılaraq əlindən xəsarət almışdır. Afər onun əlinin kəsildiyini və qan axmasını görüb, bir az sakitləşmişdir. Bu zaman xalası qızı Günay zəng etmiş və o, Afər tərəfindən döyüldüyünü bildirmişdir. O da AR DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları yaşadığı ünvana gələrək onları 18-ci PŞ-nə dəvət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Törədilmiş və ya hazırlanan cinayət barədə məlumatların şifahi qəbulu haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə 01 fevral 2025-ci il saat 00:15 radələrində bacısı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 22 saylı evin, 13 saylı mənzilin dəhlizində olarkən aralarında ailə-məişət münasibətləri zəmnində mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən sonuncunun baş nahiyəsindən bir dəfə yumruq ilə vurmuşdur və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinin təhqiqatçısına şifahi formada məlumat vermişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvandır. Mənzil hündürmərtəbəli yaşayış binasının 17-cı mərtəbəsində yerləşir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə”yə dair 2/5880 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə orta dərəcəli sərxoş olmuşdur. "Məhkəmə-Tibbi Ekspertiza və X2'’ Nərimanov rayon şöbəsinin "01“ fevral 2025-ci il tarixli, “101“ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ təpə nahiyyəsinin yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşaiyət edilən hematoması küt əşyanın, sol əlin 1-ci barmağın orta falanqasının ovuc səthinin qanaxma ilə müşaiyət olunan cərrahi tikişə ehtiyacı olan kəsilmiş yarası, sol əlin 3-cü, 4-cü, 5-ci barmaqlarının ovuc səthlərinin səthi kəsilmiş yaraları isə - kəsici alətin(əşyanm) ola bilsin sınmış şüşə parçasının iti kənarının təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan “01“ fevral 2025-ci il tarixdə və şəraitdə əmələ gələ bilər. Qeyd olunan xəsarətlərdən sağ təpə nahiyyəsinin yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşaiyət edilən hematoması, sol əlin 1-ci barmağın orta falanqasının ovuc səthinin qanaxma ilə müşaiyət olunan cərrahi tikişə ehtiyacı olan kəsilmiş yarası dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vurmaya aiddir, sol əlin 3-cü, 4-cü, 5-ci barmaqlarının ovuc səthlərinin səthi kəsilmiş yaraları isə ayrı- ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat işinin başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən məhkəməyədək sadələşdirilmiş icraat işi açılmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-nin 29,317-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 06 ay müddətinə islah işləri cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Yasamal RPİ İŞ tərəfindən AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2020-ci ildə məsuliyyətə cəlb olunmuş, xx.xx.2021-ci il tarixdə AR CPM-nin 40.3-cü və AR CM-nin 73.2-ci maddəsinə əsasən barəsində başlanılmış icraata xitam verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs artıq bir dəfə 08 fevral 2021-ci il tarixdə cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edildiyinə görə o, təkrar olaraq zərərçəkmiş şəxsin onunla barışması səbəbi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki işi üzrə məsuliyyətdən azad edilə bilməz. Odur məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasnı nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “A.İ.M” Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 ay müddətə azadlığın məhdudlaşdırılması təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. “A.İ.M” Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatı üçün cəmi 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar