Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-162/2024 19.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədilə özgənin əmlakını gizli talayıb zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədilə 07 avqust 2022-ci il saat 11.45 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “X8 minik” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edib avtomobilin salonuna daxil olaraq oradan üzərində 5 manat dəyərində danışıq limiti və 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd 300 manat dəyərində “Samsung A 20” markalı, **********54065 və **********54063 imei kodlu mobil telefonu və 620 manat nağd pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 930 (doqquz yüz otuz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə 12 avqust 2022-ci il tarixdə saat 11 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi “Hyundai Matrix minik” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edib avtomobilin salonuna daxil olaraq oradan üzərində 5 manat dəyərində danışıq limiti və 10 manat dəyərində ***-***- **-** saylı mobil nömrə olan 01 ədəd 774 manat dəyərində “Samsung A 52” markalı, **********9390 və **********09396 imei kodlu mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 789 (yeddi yüz səksən doqquz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər də oğurluq etdiyinə görə məhkum olunmuşdur. 07 avqust 2022-ci il tarixdə saat təxminən 11:45 radələrində Bakı şəhəri, Nərimanov erayonu, Z.Bünyadov prospekti 32 ünvanında özü tək mağaza qarşısında dayanmışdır. Həmin vaxt “Hyundai Santafe” markalı avtomobil dayanmışdır. Avtomobili idarə edən şəxs avtomobildən düşüb avtomobilin qapılarını açıq qoyaraq lepka satılan mağazaya daxil olmuşdur. O, avtomobilin qapılarının açıq qalmasını görüb dərhal avtomobilə yaxınlaşmış və avtomobildə olan pulu və telefonu oğurlamışdır. Bir qədər aralandıqdan sonra götürdüyü pulu saydıqda 620 manat olduğunu, telefonun isə “Samsung” markalı mobil telefon olduğunu görmüşdür. Oğurladığı pulları şəxsi ehtiyacları üçün xərcləmiş, telefonu isə Bakı şəhəri, Nərimanov rayonu Papanin adlı yerdə tanımadığı şəxsə 30 manata satıb narkotik vasitə və psixotrop maddə olan metanfetamin alıb özü üçün istifadə etmişdir. Bundan başqa 12 avqust 2022-ci il tarixdə saat 11 radələrində özü tək ünvan 6 ünvanda piyada hərəkət edərkən yol kənarında “Hyundai” markalı avtomobilin dayandığını və şüşəsinin açıq olduğunu görmüşdür. O, ətrafa baxmışdır ki, heç kim yoxdur və onu görmürlər. Dərhal əlini açıq şüşədən salaraq avtomobilin şitinin üzərindən telefonu götürüb cibinə qoyub oradan uzaqlaşmışdır. Kənarda baxmışdır ki, “Samsung A52” markall mobil telefondur. Sonra o, narkotik vasitə istifadə etdiyindən və ağrıları olduğundan həmin telefonu satmaqdan ötrü Sovetskiy adlanan əraziyə gedib orada üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsə təxminən 1 qram heroinə və əlavə 5 manat pula dəyişərək təhvil vermişdir. Əməlindən peşmandır. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11:45 radələrində özünə məxsus olan “Hyundai Santafe” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov 32 ünvanında yerləşən Paduqa mağazasının qarşısına getmişdir. Həmin vaxt avtomobilini yolun kənarında saxlayıb qapılarını açıq qoymuşdur. Beş dəqiqədən sonra geri qayıdan zaman avtomobilin içərisindən sürətlər qutusunun üstünə qoyduğu 620 manat nağd pul və 300 manat dəyərində “Samsung A20” markalı mobil telefonunun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. O, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə məlumat verib Nərimanov RPİ-nin 17-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisə zamanı ona 930 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasına zərər çəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 11:15 radələrində etibarnamə ilə idarə etdiyi “Hyundai Matrix” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 6 ünvanda yerləşən “Al market”in qarşısında saxlayaraq mağazaya su almağa getmişdir. Həmin vaxt tez qayıdacağı üçün avtomobilinin qapı və pəncərəsini bağlamamışdır. Saat 11:25 radələrində o, mağazadan çıxaraq avtomobilinə yaxınlaşan zaman üzərində ***-***-**-** saylı nömrə olan **********09390 və **********09396 İMEİ kodlu “Samsung A52” markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir. Telefonu o, avtomobilin ön hissəsinə qoymuşdur. Sonra DİN-in 102 xidmətinə məlumat vermiş və Nərimanov RPİ-nin 17-ci PŞ-nə ərizə yazmışdır. O, həmin “Samsung A52” markalı mobil telefonu kredit yolu ilə 774 manata, üzərində olan ***-***-**-** saylı mobil nömrəni 10 manata almışdır. Mobil telefona 5 manat miqdarında kontur yükləmişdir. Ona 789 manat miqdarında maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.2-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 09 ay 16 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarı ilə cəzadan azad edilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” 18 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə gətirilmişdir. “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 18 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Diskə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ünvan 8 ünvanda dayanan boz rəngli avtomobilə kişi cinsindən olan şəxs avtomobilin sağ tərəfindən yaxınlaşmış və daha sonra isə qaçaraq getmişdir. Baxış vaxtı Təqsirləndirilən şəxs bildirmişdir ki, ağ qısa qol köynəkdə olan şəxs onun özüdür və avtomobildən mobil telefon oğurlayaraq qaçır. Həmçinin digər görüntüdən görünür ki, yolun kənarında dayanmış X8 markalı avtomobilə yaxınlaşan ağ köynəkli şəxs avtomobilin sol tərəfindən yaxınlaşmış və bir qədər sonra qaçaraq oradan uzaqlaşmışdır. “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin inzibati binasından Təqsirləndirilən şəxs avtomobilə əyləşib onun göstərdiyi istiqamət üzrə, yəni ünvan 8 ünvanın qarşısına gedilmişdir. Burada Təqsirləndirilən şəxs avtomobildən düşərək bildirmişdir ki, 12 avqust 2022-ci il tarixdə saat 11 radələrində onun özü tək həmin ünvanda hərəkət edərkən Hyundai markalı avtomobilin dayandığının və şüşəsinin açıq olduğunu görmüşdür. Bundan sonra avtomobilin daxilinə baxdıqda içərisində mobil telefonun olduğunu görmüşdür. Ətrafda heç kimin onu gğrmədiyinə əmin olub həmin telefonu oğurlayaraq qaçıb getmişdir. Protokola fotocədvəllər əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində vətəndaş Zərərçəkmiş şəxs2 məxsus X7 markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil baş vermiş oğurluq hadisəsi ilə əlaqəlidir. Qeyd olunmuşdur ki, hadisə yeri Z.Bünyadov prospektində yerləşən tikinti materialları bazarıdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Şahidin ifadəsinin yerində yoxlanılması barədə” 18 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən “Təqsirləndirilən şəxs! Siz istintaq zamanı verdiyiniz ifadənizdə 07 avqust 2022-ci il tarixdə gündüz saat təxminən 11:45 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 32 ünvanında yerləşən Paduqa mağazasının qarşısında sahibsiz dayanmış “Hyundai Santafe” markalı dövlət qeydiyyat nişanını xatırlamadığınız avtomobilin qabaq qapısını açıb avtomobilin salonunda sürətlər qutusunun üstündən 620 manat pulu və bir ədəd mobil telefon aparatını oğurladığınızı göstərmisiniz. Bu barədə nə göstərə bilərsiniz?” sualına şahid qismində dindirilən şəxs Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: 07 avqust 2022-ci il tarixdə gündüz saat təxminən 1,Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 32 ünvanında yerləşən Paduqa mağazasının qarşısında dayanmışdır ki, bu zaman alüminium tozu rəngində “Hyundai Santafe” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil dayanmışdır. Tanımadığı sürücü kişi cinsindən şəxs avtomobilin içərisindən düşüb avtomobilin qapılarını açıq qoyaraq, yəni bağlamayıb Paduqa mağazasına daxil olmuşdur .O, avtomobilin qapılarının açıq qalmasını görüb dərhal avtomobilə yaxınlaşmış. Qabaq sərnişin oturan qapını açıb avtomobilin salonuna baxan zaman sürətlər qutusunun üstündə pul və Samsung markalı mobil telefon olduğunu görmüşdür. O, dərhal pulu və mobil telefomu götürüb avtomobilin qapısını yavaşca örtüb oradan uzaqlaşmışdır .Bir qədər aralandıqdan sonra oğurladığı pulu sayanda gğrmüşdür ki, 620 manatdır, telefon isə Samsung markalı mobil telefondur. Oğurladığı pulları şəxsi ehtiyacları üçün xərcləmiş, mobil telefonun sim kartını çıxarıb zibil yeşiyinə atmış, telefonun özünü isə Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdə tanımadığı şəxsə 30 manata satıb narkotik vasitə, eyni zamanda psixotrop maddə olan metanfetamin alıb özü üçün istifadə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs söylədiklərini əyani şəkildə göstərə biləcəyini soruşduqda o bildirmişdir ki, hadisənin baş verdiyi yeri əyani şəkildə göstərə bilər. Bundan sonra Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri Nərimanov rayonu, Z.Bünyadov prospekti 32 ünvanında yerləşən Paduqa mağazasının qarşısını göstərərək avtomobildən oğurluq etdiyi yeri göstərmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Cavanşir Mayılovun xx.xx.2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi, ona qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlama yerindən dərhal azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “220060467 nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 15 yanvar 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə xx.xx.2022-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin görüntüsü köçürülmüş 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslərdən birinin ona qarşı şikayət və tələbinin olmamasını və himayəsində azyaşlı uşaqlarının olmasını (əsas: iş materiallarına əlavə edilmiş portaldan çıxarış) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 il 07 ay 15 gün hissəsi 09 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. O, hazırkı iş üzrə cinayət əməlini isə cəzadan azad edildikdən sonra iki il müddət keçmədən törətmişdir. Buna baxmayaraq, təqsirləndirilən şəxsin əməlində residiv mövcud deyil. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Göründüyü kimi Təqsirləndirilən şəxs oğlu xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edildiyindən həmin tarixdə də onun məhkumluğu götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 18 dekabr 2023-cü il tarixdən 19 dekabr 2023-cü il tarixədək tutulduğu, cəmi 01 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanaraq ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün – ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Həmçinin cəza çəkmə müddətinin 01 mart 2024-cü il tarixdən hesablanmalı (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarı) və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 dekabr 2023-cü il tarixdən 19 dekabr 2023-cü il tarixədək tutma altında saxlanıldığı cəmi 01 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanaraq onun üzərində qəti olaraq 02 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 01 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatı üçün cəmi 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-162/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-162/2024
19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver