Məhkəmə qərarları › İş №1(005)-163/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-163/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-163/2024 27.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 və onun vəkili və nümayəndəsi X2 iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, X3 23 avqust 2023-cü il tarixdə sosial şəbəkələrdə onu "separatçı” “qeyri milli’’, 30 avqust 2023-cü il tarixdə “Əlikramçı", "insan olmayan məxluq" kimi ifadələrlə onu həm ağır cinayətdə ittiham etmiş, həm də şərəf və ləyaqətini, milli hissini alçaldan qərəzli ifadələr işlətməklə paylaşmışdı. Buna görə də o, ona qarşı Nərimanov məhkəməsində xüsusi ittiham qaydasında şikayət qaldırmışdır. Həmin məhkəməyə iki dəfə getmədiyi üçün məhkəmə şikayətinə xitam vermişdir. Lakin buna baxnayaraq Alov Səfərəliyev hələ 30 avqust 2023cü ildən bəri özünə məxsus olan facebook səhifəsində onun barəsində həqiqətə uyğun olmayan və onu təhqir və ona qarşı böhtan edici ifadələr yayaraq onu “məxluq”, “vəkilin səsi” adlı saxta səhifələr düzəltməklə ölkə rəhbərliyi əlehinə ifadələr işlədən və sair ifadələr yazaraq səhifəsində sancaqlamış və bu təhqiramiz və böhtançı ifadələr hələ də geniş ictimaiyyətə təqdim olunur. Bu iftiraedici məlumatları o, həmin zamandan səhifəsində saxlayıb "sancaqlayaraq" onları səhifədən silmir. O, hazırkı günə kimi bu ifadələri hər gün hər dəqiqə təkrar - təkrar facebook izləyicilərinə nümayiş etdirərək onu lağa qoyur təhqir edir və böhtan atmaqda davam edir. Alov Səfərəliyev 30 avqust 2023-cü ildən bəri yəni 6 ay ərzində facebook səhifəsində bu əməllərinə davam etdirir. “Məxluq” sözün təhqiramiz mənasını hüquqşünas kimi anlayır və həm də çox yaxşı anlayır. Təhqirə qalsa, “məxluq" ifadəsi ən böyük təhqirlərdən biridir. Deməli, bu şəxs bütün bu təhqir və böhtan dolu sözlərin məsuliyyətini də bilməmiş deyil. Rus dilində məxluq “TBAP” kimi tərcümə olunur. Rus dilini yaxşı bilən Alov Səfərəliyev əminliklə bilir ki, bu söz təhqirdir. Alov Səfərəliyev həm də onun şəklini həmin səhifəsində qoyaraq onu həm məxluq adlandırır, həm də onu "vəkilin səsi" səhifəsinin idarəçisi kimi qələmə verib onun guya ölkə rəhbərliyinə qarşı mənfi fikir söylədiyi barədə siyasi intriqalı fikirlər söyləyib. O, isə nə “məxluqdur" nə də “vəkilin səsi" facebook səhifəsində ölkə rəhbərliyinin siyasətinə kölgə salmışdır. X11 uydurub. Onun facebook səhifəsində adı "Camal Bağırzadə" kimi qeyd olunub. O, heç bir zaman ölkə rəhbərliyinə qarşı mənfi fikir söyləməmişdir. Bu iftira və təhqirdir. Azərbaycan dilinin izahı lüğətində “məxluq” sözü insanlıqdan uzaq “iyrənc" “şeytan” kimi, izah olunur. Təbii ki, Alov Səfərəliyev onu təhqir etmək və alçaltmaq məqsədi ilə bu ifadəni işlətmiş və artıq həmin status bir neçə aya yaxındır ki, səhifədə sancaqlanmışdır ki, hər dəfə kimsə səhifəni açan kimi bu sözləri oxusun. Qeyd edi ki, Alov Səfərəliyevin insanları təhqir etməsi və onlara böhtanlar atması faktı ilk deyil. O mütəmadi olaraq Vəkillər Kollegiyası üçün trolluq etməklə qazancı bundan çıxır. Bu çoxdan məlumdur. Hələ 2020-ci ilin iyul ayında Alov Səfərəliyev eyni üsulla öz kolleqalarına qarşı da iftiralar atmışdır. Bu barədə rəhmətlik vəkil Adil İsmayılovun sosial şəbəkələrində yazılar saxlanılmaqdadır. Qeyd etdiklərinin nəzərə alınaraq xüsusi ittiham qaydasında şikayətini icraata qəbul edərək onun xüsusi ittihamçı kimi tanınmağı və X3 barəsində AR CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət təqibininin başlanması və işin məhkəmə baxışına çıxarılmasına dair qərar çıxarılmasını, Alov Səfərəliyevin AR CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib 3 ay həbs cəzasına məhkum edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7, X1 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 və onun vəkili və nümayəndəsi X6 ayrı-ayrılıqda çıxış edərək xüsusi ittiham qaydasında şikayət vermiş X7 ilə aralarında barışıq əldə edildiyini bildirərək xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 32.2.8-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Beləliklə, məhkəmə belə hesab edir ki, X1 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 tərəfindən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar