Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-163/2025 02.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bərdə rayonunun Lənbəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası küçəsi, nömrəsiz fərdi evdə yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd şüşə bankada təmiz çəkisi 25,07 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana, habelə 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,256 qram kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq 14 noyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 21/63 ünvanının qarşısına daşımış və 14 noyabr 2024-cü il tarixdə, saat 03:00 radələrində Nərimanov RPİ-nin Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 21/63 ünvanında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli qolsuz gödəkcəsinin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 1 (bir) ədəd şüşə bankada təmiz çəkisi 25,07 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,256 qram kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, saxlanılmazdan təxminən 2 ay əvvəl, 2024-cü ilin avqust ayının sonlarında Bərdə rayonu, Lənbəran kəndində yerləşən çayın kənarında meşə massivinin yaxınlığında piyada gəzişərkən təsadüfən yabanı şəkildə bitən çətənə kolları aşkar etmişdir. Öz şəxsi istifadəsi üçün həmin çətənə kollarının yarpaqlarından bir qədər toplayaraq şüşə bankaya yığıb saxlamışdır. Arabir ağrıları olanda həmin çətənə yarpaqlarından 1-2 qram götürüb çay kimi dəmləyərək içir, bəzən isə siqaretə doldurub tütünlə qarışdıraraq yandırıb tüstüsünü udmaqla qəbul etmişdir. Həmin ərəfələrdə idarə etdiyi «Qazel» markalı yük avtomobili ilə Bakı şəhərinə gələrkən çayın kənarından toplayıb yığdığı həmin marixuana kütləsini də özü ilə götürmüşdür. Bir il bundan qabaq işləmək üçün Rusiya Federasiyasına gedibmiş və Rusiyada olan zaman narkomanlar arasında «steklo» kimi tanınan psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır, lakin təxminən 4 ay əvvəl yaxşı qazanc əldə edə bilmədiyi üçün Rusiyadan Azərbaycana qayıtmışdır. 13 noyabr 2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə ağrıları olduğundan üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə narkomanlar arasında «steklo» kimi tanınan psixotrop maddə metamfetamin almışdır. Sonra Nərimanov rayonu, Daş karxanası küçəsində yerləşən yaşadığı evə gedib Bərdə rayonu, Lənbəran kəndində çayın kənarından toplayıb şüşə bankaya yığaraq gizlətdiyi marixuananı götürərək gödəkcəsinin sağ yan cibinə qoyduqdan sonra bir qədər gəzişmək və sakit bir yer tapıb həmin «nəşə» və «steklo»dan istifadə etmək istəmişdir. Təxminən 2-3 saat sonra, 14 noyabr 2024-cü il tarixdə gecə saat 03 radələrində Nərimanov rayonu, Ziya Bünyadov prospektində yolun kənarı ilə piyada hərəkət edən zaman ərazidə gəzişən iki nəfər polis əməkdaşının ona diqqətlə baxdıqlarını görmüşdür. Həmin vaxt cibində «steklo» və «nəşə» olduğuna görə həyəcanlanaraq dərhal oradan uzaqlaşmağa çalışmışdır. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov rayon Polis İdarəsinin Post- Patrul Xidməti Bölüyünün əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra onu Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə aparmışlar. Şöbədə üzərinə baxış keçirilmiş, Baxış zamanı o, üzərində gəzdirdiyi marixuananı və metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov rayon Polis İdarəsinin Post- Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 14 noyabr 2024-cü il tarixdən etibarən bilavasitə xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır, onunla qohumluğu yoxdur, aralarında əlaqə və münasibət, habelə ədavət və ziddiyyət olmamışdır. 14 noyabr 2024-cü il tarixdə gecə saat 03:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 21/63 ünvanında Nərimanov RPİ-nin Post- Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 Saməddin oğlu ilə birlikdə xidməti vəzifəsini icra edən zaman yolun kənarı ilə piyada hərəkət edən bir nəfər şəxsin qeyri-adekvat hərəkətlər etdiyini və özünü şübhəli apardığını müşahidə etmişlər. Bu səbəbdən həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək ondan adını və soyadını, habelə yaşayış ünvanını soruşmuşlar. Bu vaxt həmin şəxs rabitəsiz danışaraq ərazidən uzaqlaşmağa çalışdığından onu saxlayıb üzərində narkotik vasitə olmasından şübhələnərək müvafiq yoxlama aparılması üçün onu Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinə gətirmişlər. Nərimanov RPİ-nin 17-ci Polis şöbəsində həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilmiş, daha sonra barəsində müvafiq araşdırma aparılması üçün şöbə rəisinə raportla məruzə etmişlər. Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə olunmaqla üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qolsuz gödəkcəsinin sağ yan cibindən bir ədəd şüşə bankanı və bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Həmin şüşə bankaya baxış keçirilərkən içərisində yaşılımtıl rəngli, xırdalanmış qurudulmuş, spesifik qoxuya malik, narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki mənşəli kütlə, bir ədəd gümüşü rəngli kağız bükümdə isə spesifik qoxuya malik psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kütləsi aşkar olunmuşdur. Aşkar olunmuş həmin bitki mənşəli kütlə və ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kütləsi barədə Təqsirləndirilən şəxs soruşduqda o, şüşə bankadakı bitki mənşəli kütlənin marixuana olduğunu, gümüşü rəngli kağız bükümün içərisindəki ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kütləsinin isə narkomanlar arasında «steklo» kimi tanınan psixotrop maddə metamfetamin olduğunu demişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin metamfetamin bükümünü «Papanin» kimi tanınan ərazidə adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 (on) manata alıb əldə etdiyini, şüşə bankadakı həmin marixuana kütləsini isə öz istifadəsi üçün 2 (iki) ay əvvəl Bərdə rayonu, Lənbəran kəndində yerləşən meşə massivinin yaxınlığında çayın kənarından toplayıb yığdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 14 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2024-cü il tarixdə saat 03:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 (bir) ədəd şüşə bankada yaşılımtıl rəngli, xırdalanmış qurudulmuş, spesifik qoxuya malik bitki mənşəli kütlə, 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə isə spesifik qoxuya malik ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kütləsi aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 noyabr 2024-cü il tarixli 3-16- 16/2-6/5203 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün N№219» dairəvi möhür əksi, «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....Təqsirləndirilən şəxs (imza)» yazısı və imzalar zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,256qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 noyabr 2024-cü il tarixli 3-16-16/2- 7/1857 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Q. Malımovun üzərindən...» yazıları və imzalar olan kağız paketdəki 01(bir)ədəd şüşə bankada təmiz çəkisi-25,07qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 78 manat təşkil edir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və onun barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi, həmçinin saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. “Videogörüntülərin əks olunduğu CD-yə baxış keçirilməsi haqqında” 18 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən video kamera vasitəsi ilə qeydə alınan video görüntülərin əks olunduğu CD diskə baxış keçirilmişdir. Baxış zamanı həmin diskdə Nərimanov RPİ- nin 17-ci polis şöbəsinin təhqiqatçısı, polis mayoru Nurlan Nurulu tərəfindən 14 noyabr 2024-cü il tarixdə saat 03:40dan 03:55-dək həmin şöbədə yerləşən xidməti otağında Bakı şəhəri “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili X7, Nərimanov RPİ-nin Post-Patrul Xidməti Bölüyünün polis nəfərləri - polis serjantı Şahid1 və polis serjantı Şahid2 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərək nəticəsinin protokollaşdırılması və sonuncudan aşkar olunmuş 1 (bir) ədəd şüşə bankada yaşılımtıl rəngli, xırdalanmış qurudulmuş, narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki mənşəli kütlənin, habelə 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kütləsinin götürülməsinə dair videogörüntünün mövcud olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuana kütləsini 02 ay əvvəl Bərdə rayonu, Lənbəran kəndində yerləşən meşə massivinin yaxınlığında çayın kənarından toplayıb yığdığını, içərisində narkomanlar arasında “steklo” kimi tanınan psixotrop maddə metamfetamin olan 1 ədəd gümüşü rəngli kağız bükümü isə 13 noyabr 2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 10 manat müqabilində alıb əldə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X3 19 noyabr 2024-cü il tarixli, 7355 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 03 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 25,07 qram narkotik vasitə marixuana, 0,256 qram kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin və şəxsi axtarışın gedişatının videogörüntüləri olan 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmışdır. Maddi sübut kimi tanınan və tədqiqata sərf edildikdən sonra qalıq qalan təmiz çəkisi 25,02 qram narkotik vasitə olan marixuana və 0,206 qram kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş və 01 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəmə iclas zalında həbs edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alır və həmin halları onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlanmanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırılma növündə cəzanın müddətinə bir gününə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən 14 noyabr 2024-cü il tarixdən 15 noyabr 2024-cü il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 mart 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş narkotik vasitənin qalığı 25,02 qram olan qurudulmuş marixuana və 0,206 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri - 192 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 noyabr 2024-cü il tarixdən 15 noyabr 2024-cü il tarixədək tutma altında saxlanıldığı cəmi 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanaraq onun üzərində qəti olaraq 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 07 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş narkotik vasitənin qalığı 25,02 qram olan qurudulmuş marixuana və 0,206 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 192 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-163/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-163/2025
02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver