Məhkəmə qərarları › İş №1(005)-165/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-165/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-165/2024 04.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Dilənova Aydan Vüsal qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə bakı şəhərində anadan olmuş, orta təhsilli, azərbaycanlı, ailəli və 02 azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, azərbaycan respublikasının vətəndaşı, Abşeron rayonu, Xırdalan şəhəri, Quşculuq yaşayış massmvi, 11-ci dalan ev-23 ünvanında yaşayan, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 25 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində ünvan 3 ünvanda yerləşən «Yaşıl bazar»ın qarşısında tanımadığı şəxslərin mübahisələrinə qoşularaq, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normalarını və qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, öz şəxsiyyətini ətrafdakıların və zərərçəkmiş şəxsin fövqündə qoyub nümayişkəranə olaraq, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək mübahisə edən tərəflərdən birini uca səslə, nalayiq sözlərlə söymüş, ictimai qaydanın pozulmasının qarşısını alan və onu intizama dəvət edən Zərərçəkmiş şəxs qarşı müqavimət göstərib, üzərində zor tətbiq edərək yerdən götürdüyü şüşə parçasından silah qismində istifadə edərək sonuncunun sol əlin ön səthinin kəsilmiş-deşilmiş yarası ilə nətiçələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvermaya aid xəsarətlər yetirməklə qərəzli hərəkətlər etməklə, xuliqanlıq cinayəti törətmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamla özünü təqsirli bilməyərək qeyd etmişdir ki, xuliqanlıq etmək niyyəti olmamışdır. ünvan 4 ünvanda «Suşi ot duşi» restoranında kuryer işləmişdir. 25 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində işlədiyi restoranın qarşısında dayanarkən görmüşdür ki, tanımadığı, lakin kuryer olduğunu bildiyi şəxs həmin ərazidəki avtomobil dayanacaqlarında motosiklei ilə dayanaraq sifariş gözləyir. Maşınlara nəzarət edən adını bilmədiyi yaşlı şəxs həmin oğlana orada motosikleti saxlamamasını deyərək onu oradan uzaqlaşdırmağa çalışmış bu zaman onların arasında təxminən 4-5 metr məsafə var idi. Həmin nəzarətçi yüksək səslə danışmağa başlamış, daha sonra kuryeri oradan uzaqlaşdırmağa cəhd edərək onu nalayiq ifadələrlə söyüb təhqir etdiyi üçün ona yaxınlaşıb demişdir ki, ağsaqqal etmə, lazım deyil, tanış uşaqdır, sifariş gözləyir, indi çıxıb gedəcək. Həmin yaşlı kişi spirtli içkinin təsiri altında olmuş və bu vaxt ona nəsə demiş, kənardan təxminən 5 nəfər digər maşınlara nəzarət edən şəxslər ora gəlmişdir. Onlar yaxınlaşarkən kuryer artıq oradan uzaqlaşmışdır. Kənardan gələn maşınlara nəzarət edən adını bilmədiyi şəxs yaxınlaşan kimi onun çənəsinə yumruqla vurmuşdur. Zərbənin təsirindən arxaya çəkilsə də yıxılmamış, oraya gələn parkovşik adlanan şəxslər hamısı üzərinə gələrək onun bədənimin müxtəlif yerlərinə zərbələr vururduqlarından o yerə yıxılmışdır. Yerdə olan zaman yıxılı vəziyyətdə onu təpik və yumruqla vurmuşlar. Yerdən qalxarkən özünü müdafiə etmək və onu döyənləri oradan uzaqlaşdırmaq məqsədi ilə yerdən tapdığı nə lduğunu dəqiq bilmədiyi daş və ya şüşə qırıntısını götürüb özünü müdafiə məqsədilə onu vuran şəxslələ uzadanda tanımadığı sonradan adını bildiyi Əli adlı şəxsə dəymiş və əlini kəsmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o, heç kimə xəsarət yetirmək, xuliqanlıq etmək niyyəti olmamış şüşəni döyülməkdən qorunmaq məqsədi ilə yerdən götürmüşdür. Son olaraq o, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olduğunu zərərçəkmiş şəxsə bilərəkdən xəsarət yetirmədiyini həmçinin himayəsində azyazşlı övladının və ailəsinin olmasını, ailəsinin yeganə gəlir mənbəyi olmasının nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş Zərərçəkmiş şəxs çıxış edərək bildirmişdir ki, 25 sentyabr 2022-ci il tarixdə təxminən saat 14 radələrində Yaşıl bazarın qarşısında olan zaman üzdən tanıdığı və adətən bazarın qarşısında maşınlara nəzarət edən şəxslərlə adını sonradan bildiyim Ramiz arasında mübahisə olduğunu, Ramizi vuraraq yerə yıxdıqlarını görmüşdür. Onlara yaxınlaşaraq ayırmağa çalışmışdır. Bu zaman Ramiz yerdən qalxmış və bu zaman Ramizin əlində olan dəqiq şüşə və ya kəsici hansısa alət onun əlinə dəymiş və sol əli kəsilmişdir. O da həmin an ağrının təsirindən əsəbləşərək DİN-nin 102 xidmətinə məlumat vermişdir. Lakin sonra zaman keçmiş və o sakitləşmiş Ramizlə barışmışdır. Son olaraq məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Baş verən mübahisə və dava onunla bağlı olmamışdır, o tərəfləri ayırmaq üçün həmin yerə yaxınlaşmışdır. Adını bilmədiyi nəzarətçilərin içkili vəziyyətdə olduğunu, daha sonradan həmin şəxsin rəhmətə getdiyini öyrənmişdir. Ramizin barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş “Baxış keçirilməsi barədə” 25 sentyabr 2022-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, hadisə ünvan 5 ünvanının qarşısında baş vermişdir. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X4” X6 26 oktybar 2022-ci il tarixli, 119-M nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə qeyd edilən xəsarət-sol əlin ön səthinin kəsilmiş-deşilmiş yarası deşici-kəsici alətin ola bilsin bıçağın tiyəsinin deşici-kəsici təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-cü il tarixlərdə və şəraitdə əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik X5 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarilxi, 2789 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs qeyd edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk еtmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da, emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu” onu öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Abşeron Rayon Polis Şöbəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsiriləndirilməsinə dair materiala zərərçəkmiş şəxslə barışması səbəbilə cinayət təqdibinə xitam verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 3000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə dəyişdirilmiş və Azərbaycan Respublikasının CM-nın 177.2.4-cü maddəsi ittihamdan xaric edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.3, 66.3, 67.1, 69.3, 68.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 03 il, 08 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası və 3000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 03 il, 05 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. Suraxanı Rayon Məhkəməsinin 7(010)-315/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən təyin edilmiş 03 il, 05 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasından 04 ay, 03 gün əvvəl şərti olaraq azad edilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş “Sübutların qiymətləndirilməsinə dair” 18 dekabr 2023-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxsin ifadəsi və tibbi rəyin xəsarətlə bağlı hissəsi sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması” haqqıda 13 may 2023cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqında tədqiq edilmiş “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti 4 saylı Mənzil Kommunal və Texniki xidməti tərəfindən təqdim edilən xasiyyətnamadən görünür ki, Əliyev X3 şəhəri, Quşçuluq massivi 11-ci küçə ev 23 ünvanında yaşayır və yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqında tədqiq edilmiş AZ-İİİ № 878516 nörməli Azərbaycan Respublikası Doğum Haqqında Şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində Tağıyev Hüseyn adlı xx.xx.2016-cı il təvəllüdlü övladı vardır. Məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə ünvanlanmış sorğuya xx.xx.2024-cü il tarixdən cavab məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat məbləğində cərimə cəzası ödənilmişdir. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(005)-165/2024 saylı qərraından görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkəmənin çağırışlarına gəlməmiş və məhkəmə istintaqından yayınmışdır. Buna görə də barəsində qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və axtarış elan edilərək qərarın icrası Nərimanov Rayon Polis İdarəsinə tapşırılmışdır. Məhkəmədə tədqiq olunan xx.xx.2024-cü il tarixli “Könüllü gəlmə” haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs məhkəmə iclasına könüllü şəkildə gəlmişdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarının 3-cü bəndində qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya davadalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, hadisə ilə bağlı həm cinayət işi materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 25 sentyabr 2022-cü il tarixdə Təqsirləndirilən şəxs maşınlara nəzarət edən şəxsin kuryeri nalayiq ifadələrlə təhqir etməsini görərək həmin nəzarətçiyə yaxınlaşmış və kuryerin işini gördüyünü onu küçədə söyməməsini xahiş etmişdir. Bu zaman nəzarətçi və onun dostları təxminən 5 nəfər şəxs ona yaxınlaşaraq döyməyə başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs onları kənardan görüb şəxsləri ayırmaq üçün yaxınlaşmış, Təqsirləndirilən şəxs döyənləri özündən uzaqlaşdırmaq üçün yerdən tapdığı şüşə qırıntısını götürmüş və bu zaman tərəfləri ayırmağa çalışan Zərərçəkmiş şəxs sol əlini kəsərək sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə gətirib çıxartmışdır. Cinayət işinin hallarından görünür ki, hadisə ani vaxtda baş vermiş və tamamlanmış, davam etməmişdir. Zərəçəkmiş şəxsin ifadəsindən də müəyyən olunur ki, hadisə qısa müddət ərzində baş vermiş və hadisə həmin ərazidəki avtomobillərin yerləşdirilməsi işinə nəzarət edən şəxslərin içkili olması və Təqsirləndirilən şəxs üzərinə gələrək onu təhqir edərək vurmaları nəticəsində başlamışdır, Zərərçəkmiş şəxs isə mübahisəni sakitləşdirmək istərkən əli kəsilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı zərərçəkmişin sağlamlığına yüngül zərər vurmanı xuliqanlıq motivi ilə törədilməsi cinayətinin formal tərkibli olmasına lazımi səviyyədə yanaşmayaraq əməlin xuliqanlıq niyyəti kimi tövsifini hadisənin heç bir əsaslı səbəb olmadan və baş verdiyi yerə görə qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, hadisənin ünvan 4 ünvanda “Yaşıl Bazar”ın qarşısında baş verməsi, yəni ictimai hesab edilən yerdə baş verməsi, əməlin xuliqanlıq niyyəti ilə törədilməsi kimi tövsif edilməsinə kifayət etmir. Həmçinin mübahisə qısa müddətdə baş vermiş, mübahisənin baş vermə səbəbi Təqsirləndirilən şəxs üzərinə hücum edilərək Təqsirləndirilən şəxs döyülməsi olmuşdur. Bundan başqa hadisənin “heç bir əsaslı səbəb olmadan” baş verməsinə münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meylli olan hərəkətlər etmək, zərərçəkmiş şəxsin üzərində zor tətbiq etmək niyyəti olmamışdır. Buradan da aydın olur ki, təqsirləndirilən şəxsin hərəkətləri özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər olmadığından əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurma cinayətini ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə törətməsinin nədən ibarət olduğunu açıqlamamış, onun hərəkətlərində xuliqanlıq niyyətinin mövcudluğuna dair ümumi göstərişlərlə kifayətlənərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı xuliqanlıq cinayətinin formal tərkibli olmasına lazımi səviyyədə yanaşmayaraq əməlin xuliqanlıq hərəkətləri kimi tövsifini yalnız hadisənin baş verdiyi yerə görə qiymətləndirmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Təqsirləndirilən şəxsə elan olunmuş xuliqanlıq ittihamında onun ünvan 5 ünvanında zərərçəkmişə xəsarət yetirməsi göstərilsə də, bununla yanaşı xuliqanlıq cinayətinin qanunda təsbit olunmuş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizliyin konkret hansı hərəkətlərdə ifadə olunması göstərilməmişdir. “Məhkəmə hökmü haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.3-cü maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs şüşə qırıntısını götürərək ona döyənlərə tərəf uzadıb, onları özündən uzaqlaşdırmağa çalışmaq niyyətinin olmasını bildirsə də o, əməlinin icitmai təhlükəli əməli olmasını dərk etmiş, nəticələrini qabaqcadan görmüş və belə nəticələrin yaranmasına şüurlu sürətdə yol vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25-ci maddəsinin əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirməsini etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 01 azyaşlı övladının olmasını və ailəsinin yeganə gəlir mənbəyi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək barəsində islah işlər cəzasının təyin edilməsini düzgün hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablanmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsindən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Müdafiəçi məhkəmədə iştirak etdiyi 80 (səksən) iş saatına görə 480 (dörd yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və Təqsirləndirilən şəxs aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 80 (səksən) iş saatına görə 480 (dörd yüz səksən) məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar