Məhkəmə qərarları › İş №1(005)-166/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-166/2023

10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-166/2023 10.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozunda qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncuya Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 3 sotda torpaq sahəsi satmağı ilə bağlı yalan vəd verib aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdləxx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Rahat” marketin qarşısında 1500 manat almaqla, xx.xx.2022-ci il tarixdə “MilliÖn” terminalı vasitəsi ilə kart hesabına 1000 manat göndərtməklə və xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən 9 saylı Dövlət Notariat Kontorunun qarşısında 4500 manat, həmçinin sonuncu pulla birlikdə əlavə sənədləşmə işləri üçün 350 manat almaqla, ümumilikdə 7350 manat məbləğində pulu ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayında tanışı Vüqar Rəhimov özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 3 sot torpaq sahəsini satmaq istəyirmiş və bu barədə ona demişdir. O da istəyirdi ki, həmin torpaq sahəsini münasib qiymətə satıb özü üçün də xeyir əldə etsin. Bu səbəbdən də torpaq sahəsini satmaq üçün tanışlarına bu barədə demişdir. Hazırda dəqiq xatırmadığı tarixdə Zərərçəkmiş şəxs ona zəng edərək torpaq sahəsi satdığı barədə ortaq tanışları olan Sabit adlı şəxsin deməsini bildirib, torpaq sahəsi barədə ona suallar vermişdir. O da Zərərçəkmiş şəxs suallarına müvafiq olaraq torpaq sahəsinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşdiyini, 3 sot olmasını və 7000 manat qarşılığında satdığını bildirmişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs Sabit ilə birlikdə onun satmaq istədiyi torpaq sahəsinə baxmaq üçün həmin torpaq sahəsinin yerləşdiyi ünvana getmişdir. Zərərçəkmiş şəxs torpaq sahəsinin yerləşdiyi ərazini bəyənmiş və 7000 manat qarşılığında almağa razılaşmışdır. Bundan təxminən bir həftə sonra bir nəfər şəxs ona həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. O da Zərərçəkmiş şəxs zəng etmişdir ki, əgər torpaq sahəsini almaqda fikri ciddi deyilsə həmin şəxsə satsın. Zərərçəkmiş şəxs isə torpaq sahəsini başqasına satmamağını xahiş etmişdir. O isə Zərərçəkmiş şəxs torpaq sahəsini satmaq üçün 1500 manat beh istəmişdir. Bundan sonra o, həmin gün Bakı şəhəri Xəzər rayonu. Buzovna qəsəbəsində yerləşən “Rahat” marketin qarşısında Zərərçəkmiş şəxs ilə görüşüb sonuncudan beh olaraq 1500 manat pul almışdır. Bundan təxminən 2 həftə sonra isə Zərərçəkmiş şəxs 1000 manat pul istəmişdir. Daha sonra “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə bank kartı şəkili göndərib, pulu həmin karta göndərməyini bildirmişdir. Həmin gün Zərərçəkmiş şəxs kartına 1000 manat pul göndərmişdir. 2022-ci ilin aprel ayının sonlarında isə o, Zərərçəkmiş şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq, qalan pulun hazır olub-olmamasını soruşmuşdur. Zərərçəkmiş şəxs isə pulu tam olaraq hazırlamadığını bildirmişdir. O isə sənədləri qısa müddət ərzində hazır etmək üçün Zərərçəkmiş şəxs pulu sabaha qədər hazır etməyini və sabah Bakı şəhəri Nərimanov rayonunda yerləşən 9 saylı Dövlət Notariat Kontorunun qarşısında görüşməyi təklif etmişdir. Onlar razılaşmışlar. Səhəri gün, səhər saatlarında 9 saylı Dövlət Notariat Kontorunun qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Orada Zərərçəkmiş şəxs ona 4500 manat və sənədləşmə işləri üçün isə əlavə olaraq 350 manat olmaqla, ümumilikdə 4850 manat pul vermişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs sənədləşmənin onlayn formada aparıldığını, sənəd hazır olduqdan sonra götürə biləcəyini bildirmişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, torpağın sahibi Vüqar Rəhimov torpaq sahəsini başqa şəxsə satmışdır. Bundan təxminən 1 ay sonra Zərərçəkmiş şəxs həmin torpaq sahəsinə gedən zaman görmüşdür ki, başqa bir şəxs orada ev tikir və ona zəng edərək bu barədə bildirmişdir. O da anlaşılmamazlıq olması barədə Zərərçəkmiş şəxs bildirmişdir. Lakin, Zərərçəkmiş şəxs onunla razılaşmayaraq onu aldatdığını demişdir. O isə Zərərçəkmiş şəxs başqa bir torpaq sahəsi verməyi təklif etmişdir. Lakin, Zərərçəkmiş şəxs başqa bir torpaq sahəsini istəmədiyini bildirib, vermiş olduğu pulu tələb etmişdir. O, Zərərçəkmiş şəxs almış olduğu 7350 manat pulu şəxsi ehtiyacları üçün xərclədiyindən qaytara bilməmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş zərəri tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur, onunla barışmışlar. Yekunda barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin sonlarında o, kirayə yaşadığı üçün özünə və ailə üzvlərinə fərdi yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi almaq istəyirdi. Bu səbəbdən yaxın tanışlarından uyğun qiymətə torpaq sahəsi satmaq istəyən şəxs olarsa ona məlumat vermələrini xahiş etmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində Sabit adlı qohumu ona Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsində torpaq sahəsi satdığını, özünün də əvvəllər Təqsirləndirilən şəxsdan torpaq sahəsi aldığını bildirmişdir. Bundan sonra, o, Sabitdən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsini alaraq sonuncuya zəng edib, Təqsirləndirilən şəxs ilə danışmış və sonuncu Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsində 3 sot olan torpaq sahəsini 7000 manat qarşılığında satdığını bildirdi. Daha sonra, o, 2022-ci ilin yanvar ayının ortalarında qohumu Sabit ilə birlikdə Təqsirləndirilən şəxs satmaq istədiyi torpaq sahəsinə baxmaq üçün həmin torpaq sahəsinin yerləşdiyi ünvana getmişdir. O, torpaq sahəsinin yerləşdiyi ərazini bəyəndiyi üçün Təqsirləndirilən şəxs ilə torpaq sahəsini almağa razılaşmışdır. Həmin gündən təxminən bir həftə sonra, Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəyə zəng edərək torpaq sahəsini başqa şəxsin almaq istədiyini bildirmişdir. O isə torpaq sahəsini başqasına satmamağını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs torpaq sahəsini ona satmaq üçün beh olaraq 1500 manat pul istəmişdir. Bundan sonra, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Rahat" marketin qarşısında Təqsirləndirilən şəxs ilə görüşüb beh olaraq 1500 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən ona zəng edərək torpağın pulunun hazır olub-olmaması barədə maraqlanmışdır. O isə hələ ki, pulu tam olaraq hazırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs isə sənədləşmə üçün 1000 manat pul göndərməyini istəmişdir. O razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs ona “WhatsApp" sosial şəbəkəsi vasitəsi ilə bank kartının şəklini göndərib, pulu həmin karta göndərməyini bildirmişdir. O da, həmin gün “MilliÖn” terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmiş olduğu bank kartına 1000 manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, qalan pulun hazır olub-olmamasını soruşmuşdur. O isə pulu tam olaraq hazırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs isə sənədləşmənin qısa müddət ərzində olması üçün pulu sabaha qədər hazır etməyini bildirib Bakı şəhəri Nərimanov rayonunda yerləşən 9 saylı Dövlət Notariat Kontorunun qarşısında görüşməyi təklif etmişdir. O razılaşmışdır. xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində 9 saylı Dövlət Notariat Kontorunun qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Orada o, Təqsirləndirilən şəxs 4500 manat və sənədləşmə işləri üçün isə əlavə olaraq 350 manat olmaqla, ümumilikdə 4850 manat pul vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs isə sənədləşmənin onlayn formada aparıldığını, sənəd notariat sisteminə yerləşdikdən 1 ay sonra götürə biləcəyini bildirmiş və o, Təqsirləndirilən şəxs inanmışdır. Təqsirləndirilən şəxs dediyi vaxt tamam olduqdan sonra o, dəfələrlə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək sənədin nə vaxt hazır olacağını soruşsa da, Sərxan hər dəfə müxtəlif bəhanələr gətirərək vaxt qazanmışdır. Bu səbəbdən də, Təqsirləndirilən şəxs onu aldatmasından şübhələnmişdir. 2022-ci ilin iyun ayında isə tanışı Sabit ilə birlikdə torpaq sahəsinin yerləşdiyi ünvana getmişdir və həmin vaxt torpaq sahəsində başqa şəxsin ev tikdiyini görmüşdür. Bundan sonra, dərhal Təqsirləndirilən şəxs zəng edib nə baş verdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə sənədlərin səhv olduğunu, ona başqa torpaq sahəsini verəcəyini bildirmiş, o isə razılaşmayıb, vermiş olduğu 7350 manat pulu geri qaytarmasını tələb etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022 -ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. "Diskə baxış keçirilməsi barədə” 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, danışıqlar yalnız Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müxtəlif bəhanələr gətirməklə vaxt qazanmışdır. Təqsirləndirilən şəxs bildirir ki, 2 həftə ərzində səbrli olsun və məsələni həll edir. Həmin torpaq sahəsi olmasa da, daha yaxşı yerdən torpaq sahəsi verəcəyini bildirir. İstəmədiyi halda isə torpaq sahəsini sataraq pulunu qaytaracağına dair söz verir. “Axtarışda olan şəxsin tutulması barədə” 05 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 05 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə” 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal MSY-dən azad edilməsi qərara alınmışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. "Sübutların qiymətləndirilməsi haqqında” 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında olan danışıqlarına dair 01 ədəd DVD-R formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs yazmış olduğu xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmiş, hazırda Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. "Kapital Bank” ASC-nin vasitəsi ilə ödənilmiş ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1838 manat dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxsə tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin barışmasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs hazırda Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham olunan əmələ görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in: 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6 - 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Cinayət işi üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Cinayət işi üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar