Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-167/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evil, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Bıçaqlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayının 17-də, saat 20:20 radələrində ünvan 2 ünvanında yerləşən “Green Cafe” restoranının həyətində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəminində mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq ona sol yanağın selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan sol yanağın qançırı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həm bibisi, həmdə keçmiş qayınanasıdır. O, bibisi oğlu Valeh ilə 2011-ci ildə evlənmişlər və bu evlilikdən iki azyaşlı övladları vardır. Təxminən yeddi il əvvəl boşanmışlar, sonradan hər ikisi ailə həyatı qurmuşdur. Hadisədən təxminən bir həftə əvvəl Zərərçəkmiş şəxs onun əri X1 mobil telefonuna zəng vuraraq onun barəsində nalayiq ifadələr işlətmişdir. Əri bu barədə ona dedikdə o, Rufiyənin mobil telefonuna zəng vursa da, Rufiyə cavab verməmişdir. O da bundan əsəbləşərək xx.xx.2024-cü il tarixdə təxminən saat 20:20 radələrində əri Pərvizlə birlikdə Rufiyənin işlədiyi “Green Cafe” restoranına getmişdir. O Rufiyəni restoranın həyətinə söhbət etməyə çağırmışdır. Rufiyə onlara yaxınlaşdıqda nə üçün ərinə zəng etdiyini, niyə ailəsini dağıtmaq istədiyini və onları narahat etməməsini bildirmişdir. Bu zaman Rufiyə etdiklərini boynuna alaraq düz etdiyini və peşman olmadığını deyərək nalayiq sözlər işlətməyə başlamışdır. O Rufiyənin sakitləşməsi üçün bir dəfə sifət nahiyəsindən əli ilə vurmuşdur. Həmin vaxt əri Pərviz onların səslərinə yaxınlaşaraq ayırmış və birlikdə oradan çıxıb getmişlər. Daha sonra ona məlum olmuşdur ki, Rufiyə ondan şikayət etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı qızıdır, həmdə keçmiş gəlini olmuşdur. Qızbəs onun oğlu Valeh ilə 2011-ci ildə evlənmişlər və bu evlilikdən iki azyaşlı övladları vardır. Təxminən yeddi il əvvəl boşanmışlar, sonradan hər ikisi ailə həyatı qurmuşdur. Buna baxmayaraq Qızbəs onu və ailə üzvlərini narahat edir. Hadisədən təxminən bir həftə əvvəl Qızbəs onun oğluna zəng edərək arvadı haqqında nalayiq sözlər demişdir. O da bunu bildikdə Qızbəsin ərinə zəng edərək arvadı haqqında ona iradını bildirmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 20:20 radələrində onun işlədiyi “Green Cafe” restoranında olarkən Qızbəs əri ilə birlikdə gələrək onu restoranın həyətinə söhbət etməyə çağırmışdır. O, Qızbəslə ərinin yanına yaxınlaşdıqda Qızbəs nə üçün onun ərinə zəng etdiyini soruşduqda və ailəsini narahat etməməsini bildirdikdə mübahisə etməyə başlamışdır. Bu vaxt Qızbəs onun boğazından tutmuş, sonra isə qollarına və başına bir neçə dəfə əli ilə zərbə vurmuşdur. Həmin vaxt Qızbəsin əri onu uzaqlaşdırmış və çıxıb getmişlər. xx.xx.2024-cü il tarixdə isə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və xx.xx.2024-cü il tarixdə 18-ci Polis Şöbəsinə ərizə yazaraq Qızbəs barəsində qanuni tədbir görülərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə yekun protokolun siyahısında şahid qismində göstərilmiş X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəməyə ərizə ünvanlayaraq Şuşa şəhərində fəhlə işlədiyini, bu səbəbdən də məhkəmə iclasında iştirak etməyinin qeyri-mümkün olduğunu, ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında təhqiqata verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahid X1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 9-10-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı X3 tərəfindən hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ünvan 2 ünvanında yerləşən “Green Cafe” restoranının həyətidir. Hadisə restoranın həyətində yerləşən yemək otaqlarının birinin arxasında baş vermişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 16-17-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 60 nömrəli, xx.xx.2024-cü il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol yanağın selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan sol yanağın qançırı küt şyanın təsirindən törənmişdir; müddəti qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat üzrə keçirilmiş hərəkətlərin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, qadın olmasını və ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-ci maddəsinə əsasən ictimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 34.2-ci maddəsinə əsasən ictimai işlər növündə cəzaya məhkum olunmuş şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası haqqında məhkəmənin hökmünün surətini və müvafiq göstərişinin icra məmuru tərəfindən alındığı gündən sonra on beş gün müddətində cəzanın çəkilməsinə cəlb olunurlar. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanın müddəti saatla hesablanır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun ictimai işlərə cəlb olunduğu vaxtdan hesablanmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) saat ictimai işlər növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya Şöbəsinə tapşırılsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-167/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-167/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver