Məhkəmə qərarları › İş №1(005)-17/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-17/2025

25.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-17/2025 25.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, məhkumluğu olmayan, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə X9 küçəsinin kəsişməsində yerləşən ictimai yer hesab edilən “Green” kafenin həyətində əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq ictimai maraqlara əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərib həmin kafenin normal iş fəaliyyətini pozaraq, orada yemək yeyən, əvvəllər münasibətdə olduğu Zərərçəkmiş şəxs ünvanına kafedə olan müştərilərin və işçilərin gözü qarşısında nalayiq küçə söyüşləri söyüb təhqir edərək, ona zor tətbiq edib, şəxsiyyətini ətrafda olan şəxslərin şəxsiyyəti fövqündə qoyub əlində olan “Samsung A24” markalı mobil telefonu silah qismində istifadə edib sonuncunun baş və bədən nahiyyəsinə qəsdən bir-neçə dəfə vuraraq Zərərçəkmiş şəxs sağ üçlü sinirin travmatik hissəvi zədələnməsi və kəskin ağrı simptomu ilə müşayiət olunan sağ gicgah-təpə nahiyəsinin şişkinliyi, tük dibinə qansızma, ənsə nahiyəsinin şişkinliyi ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2009-cu ildə ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki az yaşlı övladları olmuşdur. Həyat yoldaşı ağır xəstəlikdən vəfat etdikdən sonra o, 2016-cı ildə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Zərərçəkmiş şəxsla 7-8 il qeyri-rəsmi ailə münasibətlərində yaşamışlar. Yaşadıqları müddətdə, xüsusilə də son illərdə Elçin tərəfindən ona qarşı zorakılıqlar edilmiş və xəsarətlər yetirilmişdir. Elçin mütəmadi olaraq spirtli içki qəbul etmiş, ona qarşı şiddət göstərmişdir. Hətta dəfələrlə o, Elçinin barəsində hüquq mühafizə orqanlarına şikayət ərizələri yazmış və ondan ayrılmağa qərar vermişdir. 01 sentyabr 2023-cü il tarixdə gecə saatlarında Elçinin istifadəsində olan mobil nömrədən istifadəsində olan mobil nömrəyə zəng edərək onun onda açıq-saçıq video çəkilişlərin olduğunu bildirmiş və sonra az yaşlı qızının ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra 02 sentyabr 2023-cü il tarixdə Elçinin yaxın dostu Elmir vasitəsi ilə aralarındakı məsələni və münasibətlərinə aydınlıq gətirmək üçün Bakı şəhəri, Nərimanov rayonu, Ağaoğlu küçəsində yerləşən “Green” kafedə görüşməyi qərarlaşmışlar. Həmin gün saat 12 radələrində həmin kafeyə gəlmişlər və orada masa arxasında Elçinin olduğunu görmüşlər. Onunla görüşdükdən sonra Zərərçəkmiş şəxs onun geyminə görə ona irad tutaraq onu nalayıq sözlərlə təhqir etməyə başlamışdır. O, ona cavabında demişdir ki, səninlə artıq iki aydır ki, ayrılmışıq. Sənə dəxli yoxdur, nə geyinirəm və necə geynirəm. Bu zaman o, kafedə olan çoxsaylı vətəndaşların gözü qarşısında onunla mübahisə edərək təhqir etməyə başlamışdır. Elçin ona məxsus olan “Samsunq-A24” markalı mobil telefonunu əlindən alıb yerə çırparaq sındırmışdır. Lakin onu vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Bu səbəbdən onun heç bir xəsarəti olmamış və məhkəmə-tibbi ekspertizasından keçməyinə lüzum olmadığından ekspertizadan keçməmişdir. O, Elçinə heç bir xəsarət yetirməmiş, sadəcə sözlə bir-birilərinin ünvanına xoşagəlməz ifadələr işlətmişlər. Elçin yalan danışır ki, guya o, onu əlindəki telefonla baş nahiyyəsinə vurmuşdur. O, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir. Bunu hadisə yerində olan Elmirdə təsdiq edə bilər. Elmir hadisənin əvvəlindən axırına kimi orada olmuşdur. Hadisədən sonra Elmirlə Votçap vasitəsilə danışarkən Elmir bunu bir daha təsdiq etmişdir. Elmirlə Votçapda danışıqları barədə görüntüləri var. Həmin görüntüləri məhkəməyə təqdim etmişdir. Hadisə baş verdikdən sonra Elmir Elçinlə birlikdə Green kafeyə qayıdaraq orada oturmuşlar, daha sonra isə hesabı ödəmişlər. Elçin kafedə onun geyiminə irad bildirərək paltarına əl atmış, təhqir etmiş, o da ona bu hərəkətinə görə etirazını bildirmiş, bu zaman aralarında mübahisə yaranmış, mübahisə zamanı o, öz mobil telefonlarını götürüb kafeni tərk etmək istəyərkən, Elçin onun qolundan tutub stola otuzdurmuş və telefonunu masanın üzərindən götürüb, əsəbi vəziyyətdə yerə çırpmışdır. Hadisə kafenin ümumi böyük açıq havada olan böyük səhnə olan zalda baş vermişdir, o, hay-küy salıb Elçinin arxasınca qaçan zaman arxadan Elçinə qışqıraraq ona yeni telefon almasını tələb etmişdir. O, bundan sonra ağlaya-ağlaya qarşıda olan Nərimanov Rayon Məhkəməsinə yaxınlaşmış, hadisə barədə orada olan polis əməkdaşlarına məlumat vermişdir. Daha sonra polisə müraciət etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Elçinə qarşı heç bir təzyiq göstərməyib. “Green” kafeyə onun dostu Elmirin onları barışdırması ilə bağlı təkidi ilə getmişdir. Hətta söyüş belə söyməmişdir. Onunla görüşməyə sadəcə onda qalan əşyalarını götürmək məqsədilə gedib. Elçinin ona 1600 manat borcu olub. Ondan tələb etdiyi pul həmin borc məbləğidir. Elçin onu dəfələrlə döyüb təhqir etmişdir və bununla bağlı polisə də müraciət edib. Həmin məkana gedərək onunla münasibətinə son qoymaq istəmişdir. Hadisə ilə bağlı heç bir görüntü və ya səs yazısı da yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2016-cı ildə iyun ayının 16-ı piyada keçidinin üstündə təsadüfi şəkildə tanış olmuşdur. Ona yol vermiş, bu zaman Səbinə onun diqqətini çəkmiş, avtomobili saxlayıb gedəcəyi yerə aparmağı təklif etmişdir. Səbinə də onun avtomobilinə əyləşmişdir. Daha sonra nömrəsini almış və münasibətləri yaranmışdır. Səbinə münasibətləri olan dövrdə ondan estetik əməliyyatları üçün 10-15 min manat pul istəmişdir. Mübahisələrinin səbəbi burdan başlamışdır. Səbinə ona video atıb şantajlar etmişdir. Hadisə günü Elmirə zəng etmiş, o da ona işi olduğunu demişdir. Sonradan Elmir özü zəng edib görüşmək istəmiş, o da ona “Green” kafeyə getməyini demişdir. Səbinənin də onunla gələcəyindən xəbəri olmamışdır. Onların olduğu stola yaxınlaşıb məcburən oturmuşdur. Elmirə “Səbinənin gəldiyini bilsəydim, gəlməzdim” demişdir. Səbinə mübahisə zamanı ondan pul tələb etmiş, o da pulu olmadığını demişdir. Bu zaman onu söyməyə başlamışdır. Elmir səs-küyün artdığını görüb çıxıb getmişdir. Daha sonra Səbinəni sakitləşdirə bilmədiyindən stoldan qalxıb getmək istəmiş, bu zaman Səbinə əlindəki “Samsung A24” markalı telefonla onun başına zərbələr endirmişdir. Başından xəsarət almışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə gününə qədər Təqsirləndirilən şəxs ilə avqust ayının 30-u ya da 31-i görüşmüş, ondan 15.000 manat pul istəmiş, onu evlərinə gəlməklə hədələmişdir. Son iki ildir ki, münasibətləri kəskinləşmişdir. Səbinə ona tələb etdiyi pulu verməsə, onu polisə şikayət etməklə hədələmişdir. Hadisə günü Elmiri o özü “Green” kafeyə çağırmışdır. Səbinə ilə üz-üzə gəlmək istəməmiş, onun da kafeyə gəldiyini əvvəlcədən bilsəydi ora gəlməzdi. Stola yaxınlaşdıqda Səbinənin yanında oturmuşdur. Elmirə “bu nə hərəkətdir” demiş, Elmir də ona “bu məsələni artıq bitirin” deyə qarşılıq vermişdir. Səbinə onu tutdurduğu zamanlar Elmir ona dəfələrlə köməklik etmişdir. Səs-küy artdığı zaman 5-6 nəfər ofisiant onlara yaxınlaşmışdır. Səbinə onu öz telefonuyla vurmuş, başqa əşyadan istifadə etdiyini görməmişdir. Zərbədən sonra burnundan qan gəlmişdir. Səbinənin ona neçə zərbə endirdiyini bilmir. Səbinə onu vurandan sonra masanın üzərinə, oradan isə yerə yıxılmışdır. Telefonun yerə necə düşdüyünü görməmişdir. Səbinənin telefonunu yerə çırpmamışdır. Hadisə 15 dəqiqə davam etmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Elçinlə neçə ildir ki, dostdur. Səbinəni də onun vasitəsi ilə tanımışdır. Hadisə günü Səbinə ilə telefonda danışmış, sonra görüşmüşlər. Bu zaman Elçin də ona zəng edib deyib ki, Green kafede gedin oturun gələcəm. Kafedə olan zamanlar onlar arasında dava yaranmış, o da hay-küydən utandığından çıxıb getmişdir. Daha sonra polislər zəng etmiş, onu istintaqa çağırmışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Səbinə onunla telefonda Elçinlə aralarında olan ayrılıq problemləri və onda qalan əşyaları ilə bağlı danışmışdır. Sonra Səbinəylə evlərinin yanında görüşüb çay içib söhbət etmişlər. Səbinə ona Elçinə denən bu söhbəti bağlayaq demiş, o da ona zəng etmişdir. Elçin onların həmin vaxt birlikdə olduğunu bilməmişdir. Səbinə ilə Green kafeyə getmişlər. Getdikləri zaman Elçin tək idi, yanında heç kim olmamışdır. Saat 10-11 ərəfələrindəydi. Səs-küy yarandığından utanmış, həmin ərazini tərk etmişdir. Aralarındakı söz-söhbətin səbəbini bilmir. Təqribən 10-15 dəqiqə çəkmişdir. Bir-birlərinin üstünə qışqırmış, söyüş də söymüşlər. Əl-qol atmaqlarına, bir-birlərinə xəsarət yetirmələrinə isə şahid olmamışdır. Mübahisədən sonra Elçinlə araları soyumuş, danışmamışlar. Elçinin başına telefonla Səbinə tərəfindən vurulmasını istintaqda öyrənmiş, lakin gözü ilə görməmişdir. İstintaq ərəfəsi Elçinlə görüşmüşdür. Hadisənin səbəbin dəqiq bilmir. Səbinə Elçinin neçə ildir birlikdə yaşamalarına baxmayaraq ev almadığını demiş, bununla bağlı söz-söhbətləri olub. 10 dəqiqəyə yaxın onları sakitləşdirməyə çalışmış, sonradan hay-küyün davam etdiyini görüb restorandan çıxıb getmişdir. Onlardan başqa bir masada müştərilər oturmuşdu. Səbinə Elçinin nəslini söymüşdür. Elçin ona zəng edib “qız deyəsən Banditizmə gedir, get ona bax” demişdir. Hesabı o ödəməmişdir. Polisə ifadə verdikdən ay yarım sonra Səbinə ilə onların həyətində görüşmüşlər, daha sonra telefonla danışmışlar. Onunla danışdığı zaman “narahat olma, Elçinə deyəcəm həll olacaq” demişdir. Danışıqları zaman Səbinə ona “iki uşağım var, kömək elə mənə, tutulmayım demişdir. Aralarındakı söhbət zamanı Elçinin başına telefonla vurmadığını demişdir. Səbinə Elçindən təxminən 3 il bundan əvvəl, təzəlikcə də onun bildiyinə görə bir-neçə dəfə şikayət etmişdir. Şikayətin məzmununu dəqiq bilmir, aralarındakı söz-söhbətlərə görə olmuşdur. Mübahisənin axırına qədər restoranda olmayıb. Hadisədən sonra telefonda danışarkən Elçin ona başının qanamasını deməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında təkrar şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Səbinənin Elçinin başında telefon sındırmasını görməmişdir. Qadın olduğuna görə Səbinəyə kömək etmək istəmişdir. Lakin Səbinə onun qardaşına zəng edərək danışdıqdan sonra qardaşı ilə aralarında problem yaranmış, bundan sonra ona kömək etmək fikrindən daşınmışdır. Səbinə ilə bir dəfə öz həyətlərində çəkiliş etmi6şdir. Həmin çəkilişdə içkili vəziyyətdə olmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Səbinə ona zəng etmiş, daha sonra görüşmüşlər. Həmin vaxt Elçin ona zəng etmişdir. Səbinə ona demişdir ki, onu da çağır və bu söhbəti yekunlaşdıraq. Elçin ona “Green kafeyə gedin oturun mən də gəlirəm” demişdir. Elçin də həmin vaxt orada oturmuşdur. Onlar arasında mübahisə yaranmışdır. Səs-küy yarandığın görüb çıxıb getmişdir. Səbinəylə razılıq əldə etmişlər ki, video çəkəcəklər və orada onun Elçinin başına telefonla vurmadığını deyəcək. Video qondarma çəkilib. Həmin videonu çəkməkdə məqsədi ona kömək etmək olub. Onların mübahisəsində sona qədər iştirak etməmişdir. Səbinənin Elçinin başına telefonla vurmasına şahid olmamışdır. Bu barədə ona Elçin özü məlumat vermişdir. Səbinə xanım tərəfindən təqdim olunan səs yazısından xəbəri var və əvvəlcədən bu barədə razılaşmışlar. Səbinə ilə votsap vasitəsi ilə görüntülü danışarkən Elçinin onun başından telefonla vurmasının şahidi olmadığını, belə ki onların arasında səs-küy yaranan zaman oradan getdiyini bir daha bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Green Kafe”-də nəzarətçi işləyir. Şəxslərin heç birini əvvəldən tanımır. Restoranın həyətində qışqırıq səsləri eşitmişdir. Qadının qışqırdığını görüb onları sakitləşdirməyə çalışmışdır. Ona digər masalarda ailələr oturub, söyüş söyməməsi barədə xəbərdarlıq etmiş, lakin xanım ona əhəmiyyət verməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı restoranda 20-ə yaxın müştəri oturmuşdur. Mübahisə 15-20 dəqiqəyə yaxın çəkmişdir. O, mübahisənin ortasına gəlib çıxmışdır. Günorta saatları olardı. Şəxslərin bir-birinə vurmasını görməmişdir. Qadının əlindəki telefonla oğlanın üzərinə getdiyini, telefonun sındığını, və oğlanın başında qan olduğunu görmüşdür. Səbinənin əlində başqa parıltılı nə isə var idi, amma həmin əşyanın nə olduğunu dəqiq xatırlamır. Masada sadəcə ikisini görmüş, onları ayırmağa cəhd etmişdir. Xanım Elçinə qarşı nalayiq ifadələr işlətmişdir. Elçinin üzündə və ya əlində qan görmüşdür, xanımda isə yox. Elçinə su və salfetka verilmişdir. Onları sakitləşdirməyə çalışanda Novruz da yanında olmuşdur. Digər ofisiantlar da köməklik göstərib. 18-ci Polis Şöbəsinin əməkdaşları hadisə görüntülərinə dair kameraya baxmışdır. Elçin ona zəng etməmiş, heç bir təzyiq göstərməmişdir. Xanımın Elçinə əl-qol atdığı hissədə mübahisəyə gəlmişdir. Xanımın səs-küyündən restoranda aləm bir-birinə dəymişdir. Hadisə günü işə 10 və ya 11-ə işləmiş gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “Green Kafe”-də 2 ilə yaxındır ki, ofisant işləyir. Tərəflərin heç birini tanımır. İşin mahiyyəti üzrə bildirmişdir ki, hadisə günü həmin kafenin həyətində müştərilər üçün olan masada onlardan sifariş qəbul etmiş, çay və mürəbbə təqdim etmişdir. Sonradan həmin masada mübahisə yarandığını görüb gedib müdiriyyətinə xəbər vermişdir. Xanım Elçinə əsəbi şəkildə “səni öldürəcəm” deyib hədələmiş, onun ünvanına söyüşlər işlətmişdir. Onları ayırmağa çalışsalar da, xanım əsəbi reaksiya vermişdir. Səs-küydən digər müştərilər narahat olub irad bildirmişdir. Xanım telefonu yerdən götürüb getmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar təxminən saat 1-2 arası restorana gəlmişdir. Əvvəlcə oturub çay işmişlər, daha sonra aralarında söz-söhbət yaranmışdır. Xanım qışqırmağa başlamış, Elçin ona sakit olmasını demişdir. Arzuman müəllim də gəlib onları sakitləşdirməyə cəhd etmişdir. Xanım telefonla Elçinin başına atmış, daha sonra Elçinin burnundan qan gəlmişdir. Elçinə salfetka vermişdir. Başından isə cüzi qan axmışdır. Sonra xanım telefonu götürüb getmişdir. Telefonda çatlar əmələ gəlmişdir. Xanım stəkanı da əsəbdən yerə çırpmışdır. Elçin ona heç nə etməmiş, restorandan çıxıb getmişdir. Sonradan aralarında nə baş verdiyini bilmir. Mübahisələri təxminən 15-20 dəqiqə arası çəkmişdir. Xanım onu söymüş, Elçin heç nə deməmişdir. Ödənişi Elçin edib getmişdir. Digər ofisiantlar da hadisənin şahidi olmuşdur. Hadisəni əks etdirən videogörüntülər olan kameranın işləyib-işləməməsi barədə məlumatı yoxdur. İstintaqda və üzləşdirmə mərhələsində verdiyi ifadələrini təsdiq edir. Onların masasına birinci özü yaxınlaşmışdır. Başının hansı tərəfdən qan axdığını dəqiq xatırlamır. Başı qanadığı üçün salfetka vermiş, Elçin də başını silmişdir. Dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Birinci dəfə Təqsirləndirilən şəxs onun yaşadığı evə gələndə görmüşdür. Səbinə oğlu Elçinlə münasibətinin olduğu bildirmişdir. Elçin tərəfindən ona ev verilməsini istəyirdi, İkinci dəfə Səbinə onun yaşadığı evə gələndə o, qapını açmamışdır. Bu zaman Səbinə nalayiq ifadələr işlətmiş, qapını təpikləmiş, Elçini tutuduracağı ilə hədələmişdir. Həmçinin onun ünvanına da nalayiq ifadələr işlətmişdir. Birinci dəfə gələndə aralarında hər-hansı mübahisə olmamışdır. İkinci dəfə gələndə isə müsibət yaşanmışdır. Elçin hadisədən sonra onun yaşadığı evə gələndə üzündə qan izləri var idi. Elçin xəsarətin Səbinə tərəfindən yetirildiyini bildirmişdir. Elçindən illərini ona sərf elədiyinə görə pul, ev istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ekspert X5 ifadəsində göstərmişdir ki, telefonun baş hissəsində yaranmış zədə ovalvari formadadır. Həmin zədənin formasına əsasən demək olar ki, insan başına dəymə nəticəsində yarana bilər. Telefonun ekranında isə ulduzvari formada çat mövcuddur. Telefondakı zədənin insan bədəninə dəyməsi nəticəsində yaranması mümkündür. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin telefona baxdıqda iki xarakterli zədə olduğu müəyyən olunur. Zədədən görünür ki, telefonun çırpma nəticəsində metalın bu formada əyilməsi mümkün deyil. Telefon digər formalarda da düşə bilər. Telefonda yaranan zədənin forma və xarakterinə görə insan başına dəyməsi nəticəsində yaranması mümkündür. Telefonun konkret olaraq hansı predmetə dəyməsi nəticəsində zədənin yarandığını isə müəyyən etmək mümkün deyil. İstintaq zamanı ona tərəflərdən heç biri müraciət etməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinə hər hansı kənar şəxsin buraxılmasına icazə verilmir. Telefondakı hər iki zədə eyni gündə yarana da bilər, yaranmaya da. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən “Green Kafe” yeməkxanasıdır. Hadisə girişdən sol tərəfdə açıq havada baş vermişdir. Baxış zamanı 01 ədəd mobil telefon maddi sübut kimi götürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyinin xx.xx.2023-cü il tarixli, 1126 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı Zərərçəkmiş şəxs Ağasadiq oğlunun bədəni üzərində sağ üçlü sinirin travmatik hissəvi zədələnməsi və kəskin ağrı simptomu ilə müşayiət olunan sağ gicgahtəpə nahiyəsinin şişkinliyi və tük dibinə qansızma, ənsə nahiyəsinin şişkinliyi küt əşyanın (əşyaların) təsirindən törənib, müddəti qərarda göstərilən 02 sentyabr 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyinin 28 sentyabr 2023-cü il tarixli, T712/2023 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı Zərərçəkmiş şəxs bədəni üzərində sağ gicgah-təpə nahiyəsinin şişkinliyi və tük dibinə qansızması, ənsə nahiyəsində yumşaq toxumaların şişkinliyi olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 02 sentyabr 2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmava aid xəsarətlərdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin məhkəmə-psixiatrik ekspertizasının 05 dekabr 2023-cü il tarixli, 3385 №-li rəyi ilə müəyyən edilmişdir ki, X4 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. X1 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır, hal-hazırda da X1 hər hansı psixi xəstəlik qeyd olunmur. X4 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. X4 hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. X2 əməli Azərbaycan Respublikasının CMnin 21-ci maddəsinin təsiri altına düşmür. X4 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının 15 dekabr 2023-cü il tarixli, 3-16-16/2-3/2013 №-li rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş “Samsung A24” markalı mobil telefonun üzərində (gövdəsində), ekranında olan batıq, sınıq zədəsi telefonun hündürlükdən yerə düşməsi və hər hansı maneyəyə (predmetə) dəyməsi, o cümlədən insan başına dəyməsi nəticəsində də yarana bilər. Lakin zədə kənarında xüsusi əlamətlər olmadığından həmin zədələrin, izlərin hansı predmetin təsirindən və neçə dəfə dəyməsini müəyyən etmək olmadığı müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 110 manatdır. “Şübhəli şəxsin tutulması” haqqında 24 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Nərimanov rayon prokurorluğunun 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş, onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi və saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünürki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunmasına dair məlumat yoxdur. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, səs yazısına baxış keçirilən zaman səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus avtomaşında olan zaman yüksək səslə ona qışqıraraq “uzatma işlərimi, pul götür bankdan 10-15 min ver pulumu işlərimi görüm, çıxım həyatından, mən haqqımı tələb eliyirəm, mənim 38 yaşım var, 9 ildi yanındayam, sən mənim heçnəyimi eləmədin, sənin elədiyin insafsızlıqdı, dişovkalıqdı” deyə Zərərçəkmiş şəxs qarşı bildirir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ekspert rəyləri, “Samsung A24” markalı mobil telefon və 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə düzgün tövsif edilməmişdir. Onun törətdiyi əməl Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli olduğuna dair mövqeyini məhkəmə aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında xuliqanlıq hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsbit edilmişdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericilklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Cinayət qanununun bu maddəsinin tərkibi üçün istər əşyaların məhv etmə xüsusiyyətlərinin, istərsə də təqsirkarın xuliqanlıq hərəkətlərində bu xüsusiyyətlərdən istifadə etmə məqsədinin göstərilməsi müstəsna əhəmiyyət kəsb edir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 02 sentyabr 2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəblərinin müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs ilə aralarındakı münasibətin pozulması ilə bağlı “Green Kafe” restoranında görüşərək söhbət etməyə çalışmış, daha sonra aralarında yaranmış mübahisə zamanı əlindəki “Samsunq-A24” markalı mobil telefonu Zərərçəkmiş şəxs baş nahiyyəsinə vuraraq sonuncunun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə istintaq zamanı elan olunmuş ittihamın mahiyyəti, yəni Təqsirləndirilən şəxs təqsirləndirildiyi xuliqanlıq hərəkətlərinin mahiyyəti açıqlanmamışdır. İşin obyektiv vəziyyətindən isə aydın olur ki, ictimai qaydanın kobud surətdə pozulması hadisənin baş verdiyi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə X9 küçəsinin kəsişməsində yerləşən ictimai yer hesab edilən “Green” kafenin həyəti ilə ifadə olunmuş, lakin ictimai qaydanı kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Təqsirləndirilən şəxsə elan olunmuş xuliqanlıq ittihamında onun Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə X9 küçəsinin kəsişməsində yerləşən ictimai yer hesab edilən “Green” kafenin həyətində zərərçəkmişə xəsarət yetirməsi göstərilsə də, bununla yanaşı xuliqanlıq cinayətinin qanunda təsbit olunmuş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizliyin konkret hansı hərəkətlərdə ifadə olunması göstərilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, hadisə vaxtı hadisə yerində kənar şəxslərin olması ibtidai istintaqda olduğu kimi məhkəmə istintaqı zamanı da sübut olunmamışdır. İttiham tərəfi Təqsirləndirilən şəxs ictimai qaydanı pozmasına istinad etsə də, ibtidai istintaq orqanı tərəfindən konkret olaraq həmin vaxt hadisə yerində cəmiyyətin, yəni kənar şəxslərin toplaşması (halbuki yuxarıda qeyd olunan ünvanda baş vermiş hadisədə yalnız 2 şəxs - təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs), hansı kənar şəxslərin toplaşması, mübahisənin aradan qaldırılması məqsədi həmin şəxslərin hadisəyə müdaxilə etməsi müəyyən edilməmiş, əgər kənar şəxslər olmuşlarsa da, həmin şəxslərin ifadələri alınmamış, şahidlər siyahısında göstərilməmişdir. Şahidlər siyahısında yalnız 3 nəfər şəxs göstərilmişdir ki, onlardan biri hadisə baş verənədək oranı tərk etmiş, digər 2 şəxs isə kafenin əməkdaşı olmuşlar. Bundan əlavə məhkəmə, baş vermiş hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri və hadisənin səbəbi barədə qeyd edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə 7-8 il qeyri-rəsmi münasibətləri olmuş, münasibətləri əvvəllər yaxşı olsa da, son iki ildə korlanmışdır. Onların arasında mübahisə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul və ev tələb etməsindən sonra yaranmışdır. Bu hal onların arasında olan smslərdən və məhkəmə iclasında şahid qismində dindirilmiş Səmayə Cəfərovanın ifadəsi ilə də təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməmişdir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməsi zərurəti olduğu halda bunu etməyərək, eyni zamanda baş vermiş hadisənin şəxsi münasibətlər zəminində törədilməsini nəzərə almayaraq Təqsirləndirilən şəxs əməlin əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, onun qısqanclıq zəminində törətdiyi əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı yönəlmiş qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, habelə Təqsirləndirilən şəxs tərəfindən silah qismində mobil telefondan istifadə etməsi cinayətin tövsifinə təsir etmədiyindən onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək 02 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağaoğlu küçəsində yerləşən “Green” kafedə Elçin ona məxsus olan “Samsunq-A24” markalı mobil telefonunu əlindən alıb yerə çırparaq sındırmasını, Elçinə heç bir xəsarət yetirməməsini, sadəcə sözlə bir-birilərinin ünvanına xoşagəlməz ifadələr işlətmələrini, Elçinin yalan danışmasını, Bunu hadisə yerində olan Elmirdə təsdiq edə bilməsini, Elmirin hadisənin əvvəlindən axırına kimi orada olmasını, hadisədən sonra Elmirlə Votsap vasitəsilə danışarkən Elmirin bunu bir daha təsdiq etməsini, hadisə baş verdikdən sonra Elmirlə Elçinin birlikdə “Green” kafeyə qayıdaraq orada oturmalarını, daha sonra isə hesabı ödəmələrini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsinə tənqidi yanaşır və həmin ifadənin onun tərəfindən məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilməsi kimi qiymətləndirir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş məlumatlar və cinayət işinin digər materialları ilə tam təqzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə dövlət adından məhkəmənin hökmü ilə tətbiq edilən, qanunla nəzərdə tutulan məhrumiyyətlərdə, yaxud da məhkumun hüquq və azadlıqlarının məhdudlaşdırılmasında ifadə olunan dövlət məcburiyyət təsiridir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdən 25 oktyabr 2023-cü il tarixədək tutulduğu 01 gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «pıolisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə həm fiziki, həm də hüquqi şəxslərə münasibətdə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Məhkəmə, hazırki cinayət işi üzrə sözügedən maddədə göstərilmiş belə bir əmlakın olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə maddi sübut - “Samsung A24” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 01 gün müddət nəzərə alınaraq onun üzərində 800 (səkkiz yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - “Samsung A24” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar