Məhkəmə qərarları › İş №1(005)-170/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-170/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-170/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq binaya daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 iyul 2023-cü il tarixdə, saat 13:35 dəqiqədə ünvan 2 ünvanda yerləşən STN Plazanın inzibati binasının 4-cü mərtəbəsində yerləşən "xxxx" MMC-nin ofisində insan resursları şöbəsinin əməkdaşlarına təhkim edilmiş və onun giriş çıxış hüququ olmadığı mühasibatlıq otağına qapıdan qanunsuz daxil olaraq orada "xxxx" MMC-yə məxsus 1400 manat dəyərində olan 1 ədəd “HP” markalı noutbuku gizli talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-ə 1400 manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixində "xxxx" MMC-nin tərkibində olan "xxxx" MMC-də əməliyyatçı mühasib kimi işə qəbul edilmişdir. İşə qəbul edərkən onu beş gün sonra rəsmiləşdirəcəklərini və qeyri-rəsmi əmək haqqını verəcəklərini bildirmişlər. O da razılaşmışdır. Üzərindən bir ay sonra ona əmək haqqı verilməmişdir. O isə öz növbəsində bu qanunsuzluqla bağlı X1 şikayət etmişdir. xx.xx.2023-cü il tarixdə üç aylıq müqavilənin müddəti bitdiyinə görə işdən azad etmək istədilər. Lakin o, səhhəti ilə əlaqədar xəstəlik vərəqəsinə çıxmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Dilbər xanım onu şirkətə çağırmış, Nail tərəfindən komputerlə təmin edilmişdir və bunun direktorun əmri ilə olduğunu bildirmişdir. Həmin günü saat 12:57-də Dilbər xanım onun əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. Oğurluq olan vaxtı o, orada işçi olmuşdur. Əmək Məşğulluğun altsistemindən də bu görünür. Həmin vaxtı kompyuter ona məxsus olmuşdur. Çünki o, bir başqasının kompyuterinə müdaxilə edə bilməz. Belə ki, hamının kompyuteri kodda olmuşdur. Bu gün də həmin kompyuter ondadır. Həmin günü beş saat kompyuter onda olmuşdur. Belə ki, o, 08:45-də tabelə imza edib işə gəlmiş və 13:35-də şirkətdən çıxmışdır. Onun son haqq hesabı verilmədiyinə görə o, kompyuteri götürüb 13:35-də çıxıb getmişdir. Sonda əməlindən səmimi peşman olduğunu bildirdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs işə qəbul edildikdən sonra müxtəlif orqanlara ondan şikayət etmişdir. Bununla bağlı o, insan resursları şöbəsində işləyən əməkdaşdan Nazimi çağırmasını, onunla söhbət edib, məsələni aydınlaşdırmaq istədiyini bildirmişdir. Şikayətlərin səbəbini araşdırmış, daha sonra Nazimlə razılığa gəlmişlər. Lakin Təqsirləndirilən şəxs şikayət etməyə davam etmişdir. Buna görə də o, insan resursları şöbəsinin əməkdaşına Nazimin əmək müqaviləsinin müddəti başa çatdıqda onun əmək müqaviləsinə xitam verilməsini bildirmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs də bildirildi. Müqavilənin müddəti bitəndə o xəstəlik vərəqəsi açdırdı və xəstə olduğunu bildirdi. Lakin o, bunun yalan olduğunu bildiyi üçün xəstəxanalara zəng edərək, bununla bağlı maraqlanmışdır. Daha sonra Təqsirləndirilən şəxs təkbaşına tətil elan etdi. Təkbaşına tətilin müddəti başa çatdıqdan sonra 3 iyul 2023cü il tarixində o, Nazimə işə gəlməsə də işdən çıxarma səlahiyyətinə malik olduğunu izah etmişdir, lakin öz ərizəsi ilə işdən çıxmasını tövsiyyə etmişdir. Təqsirləndirilən şəxs 03 iyul 2023-cü il tarixdə işə gəlmiş, davamiyyət jurnalına imza etmişdir. O, Nazimin otaqlardan birində oturmasını bildirmişdir. Onlar Nazimin işdən çıxarma proseslərini başlamışlar. Nazim digər işçilər əyləşdiyi otaqda, lakin məzuniyyətdə olan Aynurə adlı işçinin yerində əyləşmişdir. İT mütəxəssisi onun yanına gələrək Nazim elektron məktub ünvanlamaq istədiyini bildirmişdir. Şirkətdə bütün masalar kompyuterlə təchiz olunmuşdur. Sənədləşmələr bitdikdən sonra xx.xx.2023-cü il tarixdə, gündüz saat 1-ə qalmış onun işdən çıxmasına dair bütün sənədlərini təqdim etmişlər. Onların ofisi SDM Plazanın 4-cü mərtəbəsində liftdən çıxanda sağ tərəfdə yerləşir. Plazanın digər hissələrinin onlara aidiyyatı yoxdur, buna görə onu plazadan çıxarmağa haqqı yoxdur. Sənədlər təqdim olunduqdan sonra Nazim ofisi tərk edir, sonra nahar vaxtı saat 13:35-də Təqsirləndirilən şəxs ofisə daxil olub, noutbuku götürüb gedir. Nahardan sonra noutbukun olmamasını ona İT-nin işçisi bildirir. Nazimə dəfələrlə bununla bağlı zəng etmişdir, lakin telefon zənglərini açmırdı. Məsələni böyütmək istəmədiyi üçün vəziyyəti sahə müvəkkilinə bildirmişdir və Nazimlə noutbuku qaytarmaq üçün söhbət etməsini xahiş etmişdir. Sahə müvəkkili Nazimlə əlaqə saxlamış, onu dəvət etmiş, Nazim isə yalnız rəsmi bildirişlə gələcəyini bildirmişdir. Bundan sonra o, 102 Zəng Xidmətinə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş zərər ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs cəmi bir dəfə 03 iyul 2023-cü il tarixdə görmüşdür. Onunla “mail” quraşdırmaqdan başqa heç bir mövzuda söhbəti olmamışdır. “Mail” quraşdırmağı isə Zaur müəllimdən dəqiqləşdirdikdən sonra o, mənfi cavab verdiyindən quraşdırmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Nazimin işdən çıxarılacağını bilmirmiş. Nahardan sonra Dilbər xanım ona masada noutbukun olmamasını və bu səbəblə kameraya baxmağı bildirmişdir. Nazim ona kompyuteri aparacağı ilə bağlı heç nə deməmişdir. Onların otağında əməkdaş var, onun yerini dəyişiblər. Həmin noutbuk onun əyləşdiyi masanın üzərində idi. Bundan başqa, otaqda digər masalar da var ki, hər birinin üzərində noutbuk var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs cəmi bir dəfə 03 iyul 2023-cü il tarixdə görmüşdür. Nahar vaxtı bütün işçilər nahar getmişlər, yalnız Təqsirləndirilən şəxs ofisdə olmuşdur. O, həmin vaxtı ona nahara getməyi bildirmişdir, Nazim isə direktor Zaur müəllimi gözlədiyini bildirmişdir. Onun əyləşdiyi otaqda Təqsirləndirilən şəxs cəmi 2-3 saat əyləşmiş, kompyuterdə işləmiş, lakin onun Nazimlə hər hansı söhbəti olmamışdır. O, nahardan sonra kompyuterin olmadığını bilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, şirkətdə cəmi iki otaq var, onlarda dördüncü mərtəbədə yerləşir. Hadisə olan günü onlar otaqda iki nəfər olmuşlar. Nazim onların şirkətinə məxsus iki otaqlarda oturmayıb, o ayrı sahə işçisi olub və başqa otaqda əyləşmişdir. O, şirkətə məxsus iki otaqda işləyənləri tanıyır. Nahardan qayıtdıqdan sonra Dilbər xanım kompyuterin olmadığını və Nazimin apardığını bildirmişdir. O, nahardan qayıtdıqdan sonra Nazim və kompyuter otaqda olmamışdır. O, işə düzələrkən ona kompyuter təhkim olunmuş, İP adresə qoşulmuşdur. Eyni qaydada da bütün digər işçilərə kompyuter iş üçün hazır vəziyyətə gətirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, artıq il yarımdır ki, insan resursları üzrə mütəxəssis kimi işləyir. Təqsirləndirilən şəxs işə o, qəbul etmişdir və sənədləri şəxsən rəsmiləşdirmişdir. Təqsirləndirilən şəxs müqavilə müddət bitdiyinə görə xitam olunmuşdur. Əmək müqaviləsinə xitam verildiyi gün ona əmək kitabçası təqdim olunmuş və təhvil-təslim olmuşdur. Sonra Nazim getmiş və noutbuku da özü ilə aparmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxslə üç aylıq müqavilə bağlanmışdır. Həmin müqavilənin müddəti may ayında bitmişdir. Bununla bağlı o, bir həftə əvvəldən Nazimin yaşadığı ünvana bildiriş göndərmiş, eyni zamanda şifahi də məlumat vermişdir. Təqsirləndirilən şəxs ona xəstəlik vərəqəsində olduğunu, sonra isə təkbaşına tətilə çıxdığını, ondan sonra isə təkrarən xəstəlik vərəqəsində olduğunu bildirmişdir. Bundan sonra Nazim xx.xx.2023-cü il tarixdə işə başlamış və həmin gündə onun müqaviləsinə xitam verilmişdir. İyulun 3-də Nazimi ofisdə görmüşdür. 3 iyul tarixində Nazimi ofisə dəvət etmişlər, çünki "xxxx" şirkəti onlara artıq Nazimlə işləmək istəmədiyini, onunla bütün təhvil-təslim olduğunu bildirmişdir. Tərəflərindən isə Nazimin ofisə çağırılmasının səbəbi onun əlavə sənədlərinin olubolmamasını aydınlaşdırmaq olmuşdur. Nazimin işə saat neçədə gəldiyini xatırlamır. Dəfələrlə Nazim tərəfindən Zaur müəllimin səlahiyyətlərindən sui-istifadəsinə dair şikayətlər olmuşdur. Nazim davamiyyət jurnalına imza etmişdir. Həmin günü ofisdə cəmi 3- 4 saat olmuşdur. Nazimin müqaviləsinə xitam verilməsindən ötrü o, işə gəlməli idi. Bu formada onun nə xəstəlik vərəqəsinin, nə də təkbaşına tətil olmasına dair sübut olacaqdır. Son haqq-hesab həmin günü axşam saatlarınadək keçmişdir. Saat birə qalmış Nazimlə sağollaşmışdır, sonra isə onun gəlib-getməsindən məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yaddaş kartının götürülməsi və daxilində olan görüntüyə baxış keçirilməsi haqqında” 17 iyul 2023-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxsin təqdim etdiyi bir ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı binanın həyətində xx.xx.2023-cü il tarixdə daxil olan Təqsirləndirilən şəxs əli boş içəri girir. Dəhliz ilə hərəkət edərək iş otağına daxil olur. Daha sonra əlində noutbokla binanı tərk edir. “Hadisə yerinə baxış keçirilməsi barədə” 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi ilə Ə.Qayıbov küçəsidir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 05 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi qeyd olunmuş bir ədəd yaddaş kartı iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir və zərərçəkmiş şəxsə dəymiş zərər 1400 manat qiymətləndirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 191/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. 2093 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərərin ödənilməsi üçün 1400 manat ödənilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)- 170/2024 nömrəli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə iclasında dövlət ittihamçısı məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan qismən imtina edilməsini və onun barəsində CM-nin 177.1-ci maddəsi ilə ittihamın müdafiəsinin davam etdirilməsini xahiş etdi. Təqsirləndirilən şəxs və onun müdafiəçisi dövlət ittihamçısının mövqeyi ilə razı olduqlarını bildirdilər. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, 03 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə əlaqə yaradılaraq ona ofisə gəlməsi bildirilmiş, buna görə də o, 03 iyul 2023-cü il tarixdə saat 09 radələrində ünvan 3 ünvanda yerləşən STN Plazanın 4-cü mərtəbəsində olan AZBA AUDİT MMC-nin ofisinə gəlmiş, ona şirkətin rəhbərliyi tərəfindən ofisin otaqlarının birində əyləşməsi və müvafiq sənədləşmənin bitməsini gözləməsi xahiş olunmuş, müvafiq sənədlər hazırlanmış, əmək müqaviləsinə xitam verilməsinə dair sənədləri imzalamış, ona rəsmi olaraq artıq AZBA AUDİT MMC-nin alt şirkəti olan Azəronline MMC-nin əməkdaşı olmadığı bildirilməklə şirkətin inzibati binasını tərk etməsi xahiş olunmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs əməkdaşların nahar fasiləsinə getməsini gözləmiş və işçilərin nahar fasiləsində olmasından istifadə edərək ofisin həmin otağında quraşdırılmış şirkətə məxsus 1400 manat dəyərində olan HP markalı noutbuku gizli olaraq oğurlamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət təqibi üzrə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əmlakını gizli olaraq talamaqla Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlara tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışması və dəymiş ziyanı tam ödəməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Həmçinin həmin qərara əsasən cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və dəymiş ziyanın tam ödənilməsinə dair məhkəməyə təqdim edilmiş qəbzi, prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir (CPM 175.5). Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 01 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 175, 321, 344- 347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar