Məhkəmə qərarları › İş №1(005)-170/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-170/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-170/2025 08.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Dilənova Aydan Vüsal qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs Xanoglan qızının, onun müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Fizuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanmda qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Xanoglan qızının Təqsirləndirilən şəxs Xanoglan qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Xanoglan qızı özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 dekabr 2024-cü il tarixdə saat 21 radələrində ünvan 3 ünvanında yerləşən “Kuzu Kuzu” restoranının birinci mərtəbəsində yerləşən qadınlar üçün nəzərdə tutulmuş sanitar qovşağından Zərərçəkmiş şəxs məxsus daxilində 30 manat dəyərində ***-***-**-** mobil telefon nömrəsi və üzərində 1 manat dəyərində olan qoruyucu qabla istifadə olunan 3000 manat dəyərində “İphone 15 Pro Max” markali mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3040 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Xanoglan qızı Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Xanoglan qızı özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittihamda tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 dekabr 2024-cü il tarixdən etibarən ünvan 4 ünvanında yerləşən “Kuzu Kuzu” restoranında aşpaz işləyir. 22 dekabr 2024-cü il tarixdə saat 21 radələrində mətbəxdən çıxıb qadınlar üçün nəzərdə tutulmuş restoranın birinci mərtəbəsində yerləşən sanitar qovşağına getmişdir. Sanitar qovşağından çıxarkən qapının yanında olan göy rəngli salfet qabının üzərində mobil telefon olduğunu görmüşdür. Daha sonra götürdüyü “İphone” markalı mobil telefonu əynində olan qara rəngli şalvarın sol yan cibinə qoyub mətbəxə qayıdaraq vəzifələrinin icrası ilə məşğul olmuşdur. Həmin gün iş yoldaşları ilə birlikdə istirahət etmək üçün Quba rayonuna getməli olmuşdur. Yola çıxmağa hazırlaşmaq üçün həmin restoranda baş aşpaz işləyən Sübhan Məmmədovdan icazə alıb yaşadığı evə getmişdir. Salfet qabının üzərindən götürdüyü “İphone” markalı mobil telefonu dolabın üzərinə qoyub yenidən işə qayıtmışdır. Restoranda olan otaqların birində əyləşib digər iş yoldaşının gəlməsini gözləyərkən saat təxminən 02:00 radələrində restorana polis əməkdaşları gəlmişlər. Baş vermiş oğurluq hadisəsinin araşdırılması məqsədi ilə restoran işçilərini Nərimanov RPİ-nin 16-cı PŞ-nə dəvət etmişlər. Həmin gün saat 14:00 radələrində o Nərimanov RPİ-nin 16-cı PŞ-nə yaxınlaşaraq oğurladığı “İphone” markalı mobil telefonu təqdim etmişdir. Son olaraq, zərəçəkmiş şəxslə barışıq əldə etməsini, onun mobil telefonun geri qaytarmasını, himayəsində 2 azyaşlı övladının olmasını ailəsinin yeganə gəlir mənbəyi olmasını nəzərə alaraq barəsində barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 22 dekabr 2024-cü il tarixdə saat 18 radələrində rəfiqələri ilə birlikdə ünvan 4 ünvanında yerləşən “Kuzu Kuzu” restoranına getmişdir. Restoranda olduqları zaman saat təxminən 21 radələrində restoranın birinci mərtəbəsində yerləşən qadınlar üçün nəzərdə tutulmuş sanitar qovşağına getmişdir. Sanitar qovşağında özünə məxsus “İphone” markalı, “15 Pro Max” modelli, **********39565 və **********35938 İMEİ kodlu, qara rəngli, mobil telefonu divardan asılmış göy rəngli salfet qabının üzərinə qoymuşdur. Sanitar qovşağını tərk edib rəfiqələrinin yanına gedərkən qeyd etdiyi mobil telefonu özü ilə götürməyi unutmuşdur. Təxminən iki saat sonra o, özünə məxsus mobil telefonu sanitar qovşağında salfet qabının üzərində unutduğunu xatırlayıb götürmək üçün sanitar qovşağına getmişdir. Bu zaman özünə məxsus mobil telefonun oğurlandığını aşkar etmişdir. Bundan sonra polis idarəsinə müraciət etmişdir. Son olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən oğurlanmış mobil telefon ona geri qaytarılmışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bununla bağlı barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutması haqqında” 23 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xanoglan qızı 23 dekabr 2024-cü il tarixdə, saat 20:41-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 25 dekabr 2024-cü il tarixli qərardam görünür ki, Təqsirləndirilən şəxs Xanoglan qızı Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xanoglan qızının barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbri seçilmiş və MSY-dən azad olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xanoglan qızı əvvəllər məhkum olmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/10716 №-li, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ekseprtiza tədqiqatına təqdim edilən 01 ədəd “İphone 15 pro Max” markalı, “MU773AA/A model, 256 GB daxili yaddaşlı mobil telefonun komplektləşdirilməsinə aid olan aksesuarlarının olmaması, istifadədə olması (normal vəziyyətdə) nəzərə alınmaqla orta bazar qiyməti təxminən 1780,00 manat, üzərində olan tünd bənövşəyi rəngli qoruyucu qab təxminən-10,00 manat 01 ədəd ***-***-**-** saylı mobil nömrə (dublikat)- 4,00 manat müəyyən edilir.Ekspertiza tədqiqatı dəyəri 50 manatdır. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 01 ədəd “İphone 15 pro Max” markalı mobil telefon Zərərçəkmiş şəxs təhvil verilmişdir. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, maddi sübut kimi tanınmış 01 ədəd “İphone 15 pro Max” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Xanoglan qızı tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Xanoglan qızının əməli CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Xanoglan qızının cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Xanoglan qızına CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi əməli etiraf edib peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Xanoglan qızına cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs Xanoglan qızının cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Xanoglan qızı CM-in 177.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 02(iki) gün (23-25 dekabr 2024-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.(CPM-198.1). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs Xanoglan qızının üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Xanoglan qızının CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Xanoglan qızının müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Xanoglan qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Xanoglan qızının ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 02 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Xanoglan qızı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs Xanoglan qızının cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Xanoglan qızının üzərinə daimi yaşayış yerini axşam saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs Xanoglan qızından tutularaq dövlət büdcəsinə keçirilsin. Maddi sübut -01 ədəd “İphone 15 pro Max” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Xanoglan qızının hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar