Məhkəmə qərarları › İş №1(005)-171/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-171/2025

18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-171/2025 18.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – 15 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Göyçay rayonu, Şəhadət kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Göyçay rayonu Şəhadət kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özünün narkotik vasitəyə olan tələbatını ödəmək niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 7,47 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə edərək, üzərində saxlamaqla 18 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanına daşımış və o, Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən 18 sentyabr 2024-cü il tarixdə saat 23:15-də ünvan 2 ünvanın qarşısında yerləşən “Nərimanov” parkında xidməti gəzintidə olarkən, həmin parkda ictimai qaydanı pozulmasına yönəlmiş hərəkətlərə yol verdiyinə görə saxlanılaraq 18-ci polis şöbəsinin inzibati binasına gətirilərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına əsaslı şübhələr yarandığından üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman onun əynindəki şalvarının sağ yan cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindən sellofan bükümdə təmiz çəkisi 7,47 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, təxminən 3 ildir ki, narkotik vasitə marixuana istifadə edir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı “Məhəmməd” adlı İran vətəndaşı kimi bildiyi şəxsdən 20 qramını 200 manata almışdır. Aldığı narkotik vasitənin bir qismini istifadə etmiş, qalanını isə özü üçün istifadə etmək üçün saxlamışdır. 18 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Nərimanov” parkında tanışı Firudin ilə mübahisə edərkən onlara polis əməkdaşları yaxınlaşmışlar. Daha sonra polis əməkdaşları onu 18-ci Polis Şöbəsinə aparmışlar. Şöbədə üzərinə baxış keçirilərkən üzərində gəzdirdiyi narkotik vasitəni könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Sonda əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə rəisi Şahid1 ifadəsində göstərmişdir ki, o, iş yoldaşı əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 18 sentyabr 2024-cü il tarixdə saat 23:15 radələrində inzibati ərazidə xidməti gəzintidə olarkən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanında yerləşən parkın qarşısında sonradan şəxsiyyətini bildikləri X4 yaxınlıqda olan bir nəfər şəxslə ucadan danışdığını, onun yanında olan şəxsin onunla mübahisə etdiyini, səs-küy saldığını görüb, birlikdə ona yaxınlaşmışlar və özlərini ona təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxs özünü təqdim edərək və ondan nə səbəbə görə parkda onun yoldaşının səs-küy yaratdığı ilə maraqlanıb soruşduqda, Firudin Musayev həmin şəxsi tanıdığını, onun səs-küy salması ilə bağlı onu sakitləşdirmək və ona bu hərəkətlərinə görə irad tutmaqlarını xahiş etdiyini demişdir. Bundan sonra onlar həmin şəxsə yaxınlaşmışlar və özlərini ona təqdim etdikdən sonra onun da özünü təqdim etməsini bildirmişlər, lakin həmin şəxs suallara qeyri-müəyyən formada cavab verməyə və onlardan aralanmağa çalışmışdır. Daha sonra onu saxlayaraq 18-ci Polis Şöbəsinə aparmışlar. Polis şöbəsinə gəldikdən sonra həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra onunla bağlı araşdırma şöbənin təhqiqatçısına həvalə edilmişdir. Bundan sonra onun vəkilinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs iştirakçıların yanında əynindəki ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Sobranie” markalı siqaret qutusunu və onun içərisindən isə sellofan bükümdə yaşıl rəngli kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içərisindəki kütlənin narkotik vasitə hesab olunan marixuana olduğunu, həmin narkotik vasitəni iranlı kimi tanıdığı şəxsdən 200 manat pul müqabilində aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid2 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 19 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2024-cü il tarixdə 23:15-də şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında19 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa, könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs iştirakçıların yanında əynindəki ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Sobranie” markalı siqaret qutusunu çıxardaraq təqdim etmişdir. Siqaret qutusunun içərisində sellofan bükümdə yaşıl rəngli, spesifik qoxuya malik kütlə olmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə barədə soruşduqda bir ədəd bükümdə olan maddənin narkotik vasitə olan “nəşə” adı ilə tanıdığı marixuana olmasını və iranlı kimi tanıdığı şəxsdən özü istifadə etmək məqsədi ilə 200 manata alıb üzərində saxlayaraq daşımasını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-7/1555 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” yazılar və imzalar zərfdə 01 ədəd sellofan bükülüdə təmiz çəkisi 7,47 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat təşkil edir. “Vəsatətin müdafiə edilməsindən imtina olunması barədə” 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 20 sentyabr 2024-cü il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Diskə baxış keçirilməsi haqqında” 21 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, 01 ədəd DVD diskdə olan videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs əynindəki ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Sobranie” markalı siqaret qutusunu çıxardaraq təqdim etmişdir. Siqaret qutusunun içərisində sellofan bükümdə yaşıl rəngli kütlə olmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə barədə soruşulduqda o, bükümdə olan maddənin narkotik vasitə olan marixuana olmasını və iranlı kimi tanıdığı şəxsdən özü istifadə etmək məqsədi ilə 200 manata alıb üzərində saxlayaraq daşımasını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq möhürlənmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X2 20 sentyabr 2024-cü il tarixli, 6411№-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 15 fevral 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilmiş narkotik vasitə ilə bağlı videolentə alınmış görüntülərin əks edildiyi 01 ədəd CD disk və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 7,47 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Qurudulmuş marixuananın aparılmış tədqiqatlardan sonra qalıq qalmış 7,45 qram hissəsi saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun 18 sentyabr 2024-cü il tarixdən 20 sentyabr 2024-cü il tarixədək tutulduğu, cəmi 02 gün müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə Göyçay rayonun ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir, barəsində seçilmiş «başqa yerə getməmək haqqıdan iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının ümumi dəyəri 72,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı – 7,45 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 15 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 sentyabr 2024-cü il tarixdən 20 sentyabr 2024-cü il tarixədək tutulduğu, cəmi 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı – 7,45 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. 15 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 15 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar