Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-173/2022 08.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1987-ci il tarixdə, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, tam orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6, fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd bükümdə, təmiz çəkisi 0,486 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlayaraq ünvan 3 ünvana daşımış, 03 dekabr 2021-ci il tarixdə, saat 22:00 dəqiqədə Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən göstərilən ünvanda şübhəli şəxs qismində saxlanılaraq 18-ci Polis Şöbəsinin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman qeyd olunan bükümdə və çəkidə psixotrop maddə metamfetamin onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 dekabr 2021-ci il tarixdə, saat 19:30 radələrində Nərimanov rayonu ərazisində yerləşən “Montin” bazarının yaxınlığında təsadüfən özünü Ramil adı ilə təqdim edən 35-40 yaşlarında kişi ilə tanış olanda, ona narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olduğunu bildirməklə, 15 manat pula ondan 1 ədəd bükümdə metamfetamin almış və həmin metamfetamini istifadəsi üçün əynindəki şalvarın sağ yan cibinə qoyaraq saxlamışdır. 03 dekabr 2021-ci il tarixdə, saat 22:00 dəqiqədə Nərimanov rayonu, Çemyayevski küçəsi ilə təkbaşına piyada hərəkət edən zaman tanımadığı 2 şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edəndən sonra, şəxsiyyəti haqqında maraqlanmış və onunla şifahi sorğu-sual apararaq onlarla birlikdə Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə getməsini bildirəndə, o, çıxış yolu olmadığını dərk etdiyindən, polis əməkdaşları ilə birlikdə qeyd olunan şöbəyə getmişdir. Aradan 10-15 dəqiqə keçəndən sonra, otağa tanımadığı 1 mülki geyimli şəxs daxil olmuş, özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı həmin şəxsin vəkil olduğunu bildirərək ona hüquq və vəzifələrini izah etmişdir. Sonra, ona üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymaq təklifi ediləndə, o, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində metamfetamin olmaqla siqaretin qızılı rəngli kağız parçasına bükülmüş 1 ədəd bükümü, həmin şalvarın sol yan cibindən özünə məxsus "Samsung" markalı mobil telefonu, şalvarının sağ arxa cibindən 1 ədəd metro kartını çıxarıb könüllü onlara təhvil vermişdir. Həmin vaxt bükümün içərisində nəyin olduğu soruşulanda, o, səmimi olaraq bükümün içərisində metamfetamin olduğunu, həmin metamfetamini saxlanmağından az öncə əvvəllər tanımasa da, özünü ona Ramil adı ilə təqdim edən şəxsdən 15 manat pula əldə etdiyini və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra, təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılsa da, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Ondan sonra, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, bükümdə olmaqla həmin metamfetamini ekspertizaya göndərmək məqsədilə zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Həmin vaxt onun üzərindən metamfetaminin aşkar olunması prosesində videoçəkilişdən istifadə edilmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru Şahid2 ifadəsində bildirmişdir ki, 03 dekabr 2021-ci il tarixdə, saat 22 radələrində şöbənin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə ünvan 5 ünvanda xidmət aparan zaman sonradan tanıdığı Təqsirləndirilən şəxs onları görüb davranışı ilə özünü şübhəli apardığından, ona yaxınlaşıb özlərini təqdim edərək şəxsiyyəti haqqında maraqlanmışlar. Bu vaxt Təqsirləndirilən şəxs həyəcanlanıb verilən suallara qeyri-müəyyən cavablar verərək hərəkətləri ilə spirtli içki, narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olması təəssüratını yaratmış və sağ əlini əynindəki şalvarın sağ yan cibinə salıb yayınaraq oradan uzaqlaşmaq istəmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu güman edib onun üzərində narkotik vasitə, psixotrop maddə və ya güclü təsir edən digər maddələrin ola biləcəyindən şübhələndiklərindən, onun yayınaraq getməsinə imkan verməmiş və onu Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs narazılıq etmədən və hər hansı etiraz bildirmədən onlarla birlikdə qeyd olunan şöbəyə getmişdir. Şöbədə bununla bağlı müvafiq raport yazandan sonra, araşdırmanın aparılması şöbənin təhqiqatçısı Vüqar Ələkbərliyə həvalə edildiyindən, müşayiətləri ilə Təqsirləndirilən şəxs təhqiqatçının xidməti otağına aparmış, aradan 10-15 dəqiqə keçəndən sonra, təhqiqatçının dəvəti ilə otağa vəkil daxil olandan sonra, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif edəndə, o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin qızılı rəngli kağız parçasına bükülmüş 1 ədəd bükümü, həmin şalvarın sol yan cibindən 1 ədəd "Samsung" markalı mobil telefonu, şalvarının sağ arxa cibindən 1 ədəd metro kartını çıxarıb könüllü təhvil vermiş və üzərində digər hər hansı əşya və ya predmetin olmadığını demiş, həmin vaxt bükümün içərisində nəyin olduğu soruşulanda, Təqsirləndirilən şəxs səmimi olaraq bükümün içərisində psixotrop maddə-metamfetamin olduğunu, həmin metamfetamini saxlanmağından az müddət əvvəl tanımadığı Ramil adlı şəxsdən 15 manat pula əldə etdiyini bildirmişdir. Bundan sonra, vizual müşahidə zamanı bükümün içərisində ağ rəngli kristal formalı maddənin olması məlum olmuşdur. Daha sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Sonda, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, bükümdə olmaqla həmin maddəni ekspertizaya göndərmək məqsədilə zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə - metamfetaminə oxşar maddənin aşkar olunması prosesində videoçəkilişdən istifadə edilmişdir. İttiham aktının siyahısında şahid qismində Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 13-14-cü vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 03 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2021-ci il tarixdə saat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 22-23-cü vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 03 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 22:00 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 6 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində 18-ci PŞ-nə gətirilmişdir. 18-ci PŞ-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. İştirakçıların iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı siqaret kağızına bükülmüş ağ rəngli, kristal şəkilli maddə aşkarlandı. Bundan əlavə həmin şalvarın sol yan cibində "Samsung" markalı mobil telefon və sağ arxa cibində 1 ədəd metro kartı var idi. Bunlardan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya maddə aşkar olunmadı. Cinayət işinin 34-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 dekabr 2021-ci il tarixli, 6/5369 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş.. “ yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,486 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 67-68-ci vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 05 dekabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,486 qram olan psixotrop maddə - metamfetaminin cinayət iş üzrə maddi sübut kimi tanınması, ekspertiza tədqiqatı zamanı 0,05 qram çəkidə psixotrop maddə - metamfetamininsərf edildiyinin nəzərə alınması, maddi sübut kimi tanınıb 1 ədəd zərfdə yerləşdirilməklə qalıq qalmı təmiz çəkisi 0,436 qram olan psixotrop maddə - metamfetaminin məhkəmənin yekun qərarınadək Nərimanov RPİ-nin məsul saxlanışına verilməsi qərara alınmışdır. Cinayət işinin 69-cu vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” 05 dekabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işinin 75-77-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə” 05 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Gündüz Abdulovun xx.xx.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olamyan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 78-79-cu vərəqələrində olan “Qətimkan tədbinin seçilməsi haqqında” 05 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 93-95-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə o, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 102-108-ci vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(003)-207/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının 29 may 2019-cu il tarixə çəkilməmiş qalan 04 (dörd) ay 18 (on səkkiz) gün hissəsi ilə qismən birləşdirilərək ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etm cəzasının təyin edilməsi, cəzasını çəkməsinin əvvəlinin 17 oktyabr 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 109-110-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 dair xx.xx.2021-ci il tarixli, 4914 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbuu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 1(005)-173/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(003)-20/2022 saylı qərarından görünür ki, vəsatətin təmin edilməsi, ********* №-li cinayət iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 11 yanvar 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(003)-168/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, cəzasının əvvəlinin 11 yanvar 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilərkən onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin qızılı rəngli kağız parçasına bükülmüş psixotrop maddə metamfetaminin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən mtamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,486 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində təhlükəli residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli və xx.xx.2019-cu il tarixli hökmləri üzrə məhkumluqları hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun Qərarında göstərilir: «Cinayət Məcəlləsinin 83-cü maddəsində “məhkumluğun ödənilməsinin axımı müddətinin kəsilməsi” kimi müddəa yoxdur. Bu o deməkdir ki, birinci cinayətə görə məhkum edilən və cəzasını çəkib qurtaran şəxs məhkumluğun ödənilməsi üçün qanunla müəyyən edilən müddətdə yeni cinayət törətdikdə məhkumluğun ödənilməsi müddətinin axımı kəsilmir. Yəni hər bir məhkumluq üçün onun ödənilmə müddəti müstəqil hesablanmalıdır.”. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməsi və 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli hökmü üzrə 29 may 2019-cu il tarixə cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 18 (on səkkiz) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəzaya qismən birləşdirilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli və xx.xx.2019-cu il tarixli hökmləri üzrə məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 illik müddətin axımı, onun Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəzadan azad olunduğu vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini 03 dekabr 2021-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, yuxarıda qeyd olunan hər iki hökm üzrə məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətlərin təhlükəli residivini yaradır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(003)-168/2022 saylı hökmü üzrə məhkumluğunun yaranmasından əvvəl törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(003)-168/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 11 yanvar 2022-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci hissəsinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 02 fevral 2022-ci il – 08 iyul 2022-ci il tarixlərdə keçirilmiş 10 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 35 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(003)-168/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 11 yanvar 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,436 qram olan psixortop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-173/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-173/2022
08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver