Məhkəmə qərarları › İş №1(005)-173/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-173/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-173/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı X2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 12 noyabr 2022-ci il tarixdə gecə saat 02 radələrində ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oradan həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs məxsus 15 manat dəyərində bir ədəd istifadədə olmuş, ağ rəngli, üzərində «Tefal 220-240 V» yazısı olan elektrik çaydanını (altlığı ilə birlikdə), 25 manat dəyərində bir ədəd istifadədə olmuş, adapter ilə birlikdə «Gigaset C530» markalı ev telefonunu, 120 manat dəyərində bir ədəd istifadədə olmuş uşaq üçün «Segway» elektrik giroskuterini və 13,50 manat dəyərində bir ədəd üzərində «X7-1» yazısı olan bir litrlik şüşə butulkada araq içkisini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 173.5 (yüz yetmiş üç manat əlli qəpik) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, X1 uşaqlıq illərindən Bakı şəhəri 207 nömrəli tam orta məktəbdə oxuduğu vaxtdan tanıyır. Namiqlə müntəzəm olaraq görüşüb söhbətləşmiş və pulları olanda birlikdə yeyib-içmişlər. 11 noyabr 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında Namiqlə növbəti dəfə görüşən zaman Namiqə uzun müddətdən bəri yeyib-içmək üçün pul tapmadığını söyləyib qonşuluqda, Hacı Murad küçəsi, ev 28A ünvanında yerləşən İlham adlı şəxsə məxsus evi göstərərək bir müddətdir ki, həmin evə kiminsə gəlib-getdiyini görmədiyini bildirmişdir. Bir yerdə yeyib-içmək, habelə siqaret və araq almaq üçün pul əldə etmək məqsədi ilə birlikdə gecə vaxtı gizlincə həmin evə oğurluğa girməyi təklif etmişdir. Namiq razılaşmış və bu məqsədlə gecə saat 02 radələrində yaşadığı evin yaxınlığında görüşməyi qərara almışlar. 12 noyabr 2022-ci il tarixdə gecə saat 02 radələrində qabaqcadan razılaşdıqları kimi Namiqlə yaşadığı evin yaxınlığında görüşüb qonşusu İlhamın evini müşahidə etməyə başlamışlar. Bir neçə dəqiqə evi və ətrafı müşahidə etdikdən sonra tam sakitlik olduğunu və küçədə hər hansı şəxsin olmadığını görüb hasardan aşaraq evin həyətinə keçmişlər. Bir-iki dəqiqə həyətdə hasarın dibində çömbəlib evi müşahidə edərək tam sakitlik olduğunu və səs-səmir gəlmədiyinə əmin olduqdan sonra evin həyətindəki yardımçı tikilinin qapısının açıq olmasından istifadə edərək həmin tikiliyə girmişlər. Üzərilərində olan adətən siqaret çəkmək üçün istifadə etdikləri alışqan fənərinin işığında həmin tikilini axtarmağa başlamışlar. Bu zaman tikilidə hovuzun kənarından uşaq üçün elektrik giroskuteri aşkar edib götürmüşdür. Mətbəx otağına keçib oranı axtaran zaman qaz pilətəsinin yanından «Tefal» markalı elektrik çaydanı, həmin otağın qonşuluğundakı otaqda soyuducudan isə bir litrlik şüşə butulkada qablaşdırılmış «Dikiy oryol» arağı aşkar edib götürmüşlər. Yardımçı tikilidə yerləşən istirahət otağını axtaran zaman orada kiçik ölçülü masanın üzərindən «Gigaset C530» markalı ev telefonu və həmin telefonun adapterini aşkar edib götürərək oranı tərk etmişlər. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin olmamasını qeyd edib barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs vermiş olduğu ifadədən aydın olur ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla əri X3 və digər ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. 11 noyabr 2022-ci il tarixdə axşam saat 20 radələrində şam yeməyi yedikdən sonra ailə üzvləri ilə birlikdə saat 23 radələrinədək televizora baxmış, saat 23-dən sonra öz yataq otağına keçib yatmışdır. 12 noyabr 2022-ci il tarixdə səhər saat 08 radələrində yataqdan qalxıb səhər yeməyi hazırlamaq üçün həyətdə yardımçı tikilidə mətbəx otağına gedən zaman mətbəx otağında «Tefal» markalı çaydanın yerində olmadığını görmüş, narahat olub yardımçı tikilini diqqətlə gözdən keçirən zaman azyaşlı nəvəsi üçün aldığı «Segway» markalı elektrik giroskuterinin, «Gigaset adapteri ilə birlikdə C530» markalı ev telefonunun və soyuducudan «Dikiy oryol» əmtəə nişanlı bir litrlik şüşə butulkada qablaşdırılmış araq içkisinin oğurlandığını aşkar etmiş, hadisə nəticəsində ona ümumilikdə 550 manat ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 12 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında əməliyyat qrupu ilə hadisə yerinə gəldikdə müəyyən olunmuşdur ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsi, 28A saylı fərdi yaşayış evinin həyətində baş vermişdir. Yaşayış evi 3 mərtəbəli binadır. Baxış keçirilən zaman hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 14 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer ünvan 4 ünvanında yerləşən 7*4 ölçülərində 1 giriş qapısı olan qarajdır. Qarajın daxilində divarlara bərkidilmiş rəflər var. Baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs girişdən sağ tərəfdəki rəflərdən birinin üzərində olan əşyaları göstərib həmin əşyaları xx.xx.2022-ci il tarixdə tanışı X2 ilə birlikdə ünvan 5 ünvanından oğurladıqlarını bildirdi. Qeyd olunan əşyalara baxış keçirilərkən bir ədəd «Tefal 220-240 V» yazısı olan elektrik çaydanını (altlığı ilə birlikdə), bir ədəd adapter ilə birlikdə «Gigaset C530» markalı ev telefonunu, uşaq üçün «Segway» elektrik giroskuterini və bir ədəd üzərində «X7-1» yazısı olan bir litrlik şüşə butulkada araq içkisindən ibarətdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. “Tutma haqqında” 14 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, 14 noyabr 2022ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 4(005)- 1212/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 16 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə Türkiyə Respublikasında oğurluğa görə saxlanılıb. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə cəzanın qalan hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının 04 ay 29 gün müddətindən çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. xx.xx.2019-cu ildə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/8574 nömrəli 27 dekabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: bir ədəd istifadə olunmuş, ağ rəngli, üzərində «Tefal 220-240 V» yazısı olan elektrik çaydanı (altlığı ilə birlikdə) 15 manat, bir ədəd istifadədə olmuş, adapter ilə birlikdə «Gigaset C530» markalı ev telefonu 25 manat, bir ədəd istifadədə olmuş uşaq üçün «Segway» elektrik giroskuteri 120 manat, bir ədəd üzərində «X7-1» yazısı olan bir litrlik şüşə butulkada araq 13,50 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 167 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. “Sübutların qiymətləndirilməsi haqqında” 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, bir ədəd «Tefal 220-240 V» yazısı olan elektrik çaydanını (altlığı ilə birlikdə), bir ədəd adapter ilə birlikdə «Gigaset C530» markalı ev telefonunu, uşaq üçün «Segway» elektrik giroskuterini və bir ədəd üzərində «X7-1» yazısı olan bir litrlik şüşə butulkada araq içkisi maddi sübut hesab edilmiş və məhkəmənin yekun hökmünə qədər saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. “Maddı sübutların təhvil verilməsi haqqında ” 01 fevral 2023-ü il tarixli protokoldan görünür ki, bir ədəd «Tefal 220-240 V» yazısı olan elektrik çaydanını (altlığı ilə birlikdə), bir ədəd adapter ilə birlikdə «Gigaset C530» markalı ev telefonunu, uşaq üçün «Segway» elektrik giroskuterini və bir ədəd üzərində «X7-1» yazısı olan bir litrlik şüşə butulkada araq içkisi məhkəmənin yekun hökmünə qədər saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli, AZ1069/********** nömrəli teleqramdan görünür ki, Zərərçəkmiş şəxs şikayət etdiyi Təqsirləndirilən şəxs ilə barışıq əldə etmiş, ona dəymiş zərər ödənilmiş və təqsirləndirilən şəxsin barəsində heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir tələbinin olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək tutulduğu, cəmi 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış bir ədəd «Tefal 220-240 V» yazısı olan elektrik çaydanının (altlığı ilə birlikdə), bir ədəd adapter ilə birlikdə «Gigaset C530» markalı ev telefonunun, uşaq üçün «Segway» elektrik giroskuterinin və bir ədəd üzərində «X7-1» yazısı olan bir litrlik şüşə butulkada araq içkisinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək tutma altında saxlanıldığı cəmi 02 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut bir ədəd «Tefal 220-240 V» yazısı olan elektrik çaydanının (altlığı ilə birlikdə), bir ədəd adapter ilə birlikdə «Gigaset C530» markalı ev telefonunun, uşaq üçün «Segway» elektrik giroskuterinin və bir ədəd üzərində «X7-1» yazısı olan bir litrlik şüşə butulkada araq içkisinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatı üçün cəmi 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar