Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-173/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 2023-cü ilin oktyabr ayının sonlarından noyabr ayının ortalarınadək olan müddət ərzində ümumilikdə 4 dəfə olmaqla vahid niyyətlə əhatələnmiş qəsdlə ünvan 3 ünvanında yerləşən “Gənclik Mall” ticarət mərkəzinin 1-ci mərtbəsində olan “Massimo Dutti” mağazasından "xxxx" MMC-nə məxsus ümumi dəyəri 2866 manat olan 04 ədəd qış gödəkçəsini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə ümumilikdə 2866 (iki min səkkiz yüz altmış altı) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Əliyev X1 Respublikası CM-nin 177.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, şəxsi borcları çox olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. 2023-cü ilin oktyabr ayının sonlarında Nərimanov rayonunda yerləşən “Gənclik Mall” ticarət mərkəzinə getmişdir. Orada mağazaları gəzərkən “Massimo Dutti” mağazasına daxil olmuşdur. Orada mühafizənin zəif təşkil olunduğunu görmüş və bu səbəbdən üzərində 739 manat yazılı olan 01 ədəd qış gödəkçəni götürüb mağazadan çıxıb getmişdir. Həmin gödəkçəni əvvəldən tanıdığı Samir Süleymanova 70 manata satmışdır. Bundan təxminən bir neçə gün sonra yenidən həmin mağazaya gəlib eyni qaydada 01 ədəd eyni gödəkçədən götürmüş və gedib yenidən Samir Süleymanova 80 manata satmışdır. Bir neçə gün sonra yenidən həmin mağazaya getmiş və orada 539 manat dəyərindəki dəri gödəkçəni götürüb çıxmışdır. O həmin gödəkçəni əvvəldən tanıdığı Şahid2 100 manata satmışdır. Bir neçə gün sonra yenidən həmin mağazaya daxil olmuş və üzərində 839 manat yazılan dəri gödəkçəni gizlin götürərək mağazanı tərk etmişdir. Həmin dəri gödəkçənidə Şahid2 100 manata satmışdır. Əldə etdiyi pulları şəxsi borclarına vermişdir. Həmin gödəkçələri satarkən Şahid2 və Samir Süleymanova həmin gödəkçələri “Trendyol” online satış saytından aldığını bildirib satmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, o hal-hazırda "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. Şirkətin nəzdində bir çox yerdə olan ticarət mərkəzlərində bir neçə mağazası fəaliyyət göstərir. Bunlardan biridə “Massimo Dutti” markasına məxsus mağazalar şəbəkəsidir. 2023-cü ilin oktyabr ayının sonlarından noyabr ayının ortalarınadək olan müddət ərzində Nərimanov rayonu, F.X.Xoyski küçəsi 98 ünvanında yerləşən “Gənclik Mall” ticarət mərkəzində olan “Massimo Dutti” mağazasından 2866 (iki min səkkiz yüz altmış altı) manat dəyərində 04 ədəd gödəkçə oğurlanmışdır. xx.xx.2023-cü il tarixdə həmin şəxs mağazaya gəldikdə saxlanılaraq polisə təhvil verilmiş, həmin oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Qeyd etmişdir ki, MMC-nə ümumilikdə 2866 manat maddi ziyan dəymişdir. Sonda zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənilmədiyini qeyd edərək şikayətçi olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə göstərmişdir ki, o, "xxxx" MMC-də Təhlükəsizlik sistemlərinin nəzarətçisi vəzifəsində işləyir. Həmin şirkətində nəzdində olan Nərimanov rayonu, F.X.Xoyski küçəsi 98 ünvanında yerləşən “Gənclik Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində olan “Massimo Dutti” mağazasında fəaliyyət göstərir. 2023-cü ilin oktyabr və noyabr aylarında müəyyən etmişlər ki, mağazadan ayrı-ayrı vaxtlarda 04 ədəd qış gödəkçəsi oğurlanmışdır. Həmin şəxs videogörüntülər vasitəsi ilə tərəfindən müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə həmin şəxsin “Gənclik Mall” ərazisində olması müəyyən edildiyindən həmin şəxs saxlanılmış və polis əməkdaşlarına təhvil verilmişdir. Oğurluq nəticəsində mağazaya 2866 maanat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər işlədiyi Lombardan tanıyır. İsmayıl onun işlədiyi Lombarda mobil telefonunu girov qoyub pul götürmüşdür. Həmin vaxt bildirmişdir ki, Trendyol alış veriş saytından endirimli geyimlər alır. O həmin geyimlərlə maraqlandıqda sifarişlərinin yolda olmasını bildirmişdir. Hal-hazırda həmin sifarişlərin qış gödəkçələri olmasını dediyi üçün o, özünə qış gödəkçəsi almaq istədiyini qeyd etmişdir. Bir neçə gün sonra İsmayıl bir ədəd qış gödəkçəsi gətirmiş və 100 manata satmasını bildirmişdir. Həmin gödəkçə onun əyninə olmamışdır. İsmayıl bildirmişdir ki, hal-hazırda pula ehtiyacı var və ondan borc pul almışdır ki, həmin gödəkçə qalsın və pulu ödədikdə verəcəkdir. O da etiraz etməmiş və ona 100 manat vermişdir. Bir neçə gün sonra yenidən gəlib 2 gödəkçə gətirmişdir. Onlardan biri onun əyninə olmuşdur. O İsmayıldan həmin gödəkçəsini almış və bildirmişdir ki, pulunu artıq ödəmişdir. İsmayıl da bildirmişdir ki, digər iki gödəkçənin onda qalmasına razıdır ki, əlavə 100 manat pul versin. Həmin gödəkçələri satdıqda onun pulunu ödəyər. Əgər ödəmədiyi təqdirdə həmin gödəkçələri satmağına icazə verir. O da İsmayıl ilə razılaşmışdır. Bir neçə vaxt sonra İsmayıl pulu ödəmədiyi və ortada olmadığı üçün həmin 2 gödəkçəni tap.az saytında elan yerləşdirərək hər birini 50 manatdan satıb İsmayılın ona olan 100 manat borcunu silmişdir. Digər gödəkçəni isə özü geyinmişdir. Daha sonra həmin gödəkçə ehtiyatsız davranmağa görə cırıldığı üçün o həmin görəkçəni atmışdır. Cinayət işinin 6-7-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 22 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu F.Xoyski kuçəsi 98A ünvanında yerləşən “Gənclik Mall” ticarət mərkəzidir. Qeyd olunan ticarət mərkəzinin 1-ci mərtəbəsində “Massimo Dutti” geyim mağazası vardır. Baxış zamanı Şahid1 həmin mağazadan 4 ədəd gödəkçənin vitrinadan oğurlandığını bildirmişdir. Hadisə yerinə baxış axşam vaxtı, suni işiqlanma şəraitində kecirildi. Cinayət işinin 24-25-cı vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 23 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 35-36-cı vərəqələrində olan “Təqdim edilən diskə baxış keçirilməsi haqqinda” 24 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstinaq Şöbəsinin baş müstəntiqi X2 Azərbaycan Respublikası CPM-nin 51, 85, 90 və 236-cı maddələrinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd ağ rəngli DVD diskə Nərimanov RPİ-nin MSY-nin inzibati binasında xidməti otaqda şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Telman Nağdəliyevin iştirakı ilə personal kompüter vasitəsi ilə baxış keçirmişdir. Müəyyən olundu: Həmin 01 ədəd ağ rəngli DVD diskdə olan görüntülərə baxış keçirilməsi üçün kompüterin prosessoruna qoyulmuş və ekranda açılmış fayla baxış keçirilən zaman müəyyən olundu ki, diskdə 01 ədəd “Massimo kurtka oqurluqu 3000 azn” adlı fayl vardır. Həmin fayla daxil olduqda 03 ədəd fayl görünür. Həmin faylların içində olanlar aşağıdakı kimidi. 1.13.11.23part3 a) massimo (videoyazılar) -10.22.18.145_554-64CH-07_**********59... -10.22.18.145_554-64CH-07_**********15... -10.22.18.145_554-64CH-07_**********15... -10.22.18.145_554-64CH-07_**********26... -10.22.18.145_554-64CH-11_**********10... -10.22.18.145_554-64CH-11_**********24... -10.22.18.145_554-64CH-18_**********15... -10.22.18.145_554-64CH-18_**********23... b.2.jpg(foto) c.3.jpg(foto) d.4.jpg(foto) e.Kiko GM_ch2_**********4722.2********...(videoyazı) f.NVR142-21 _2023(videoyazı) 2.17.08.23 a)10.22.18.145_554-64CH-07.**********31... b)10.22.18.145_554-64CH-07.**********46... c)10.22.18.145_554-64CH-09.**********32... d)10.22.18.145_554-64CH-18.**********38... e)10.22.18.145_554-64CH-18.**********46... 3.28.08.23 OGRU təkrar a)10.22.18.145_554-64CH-07_**********14.. .(videoyazı) b)10.22.18.145_554-64CH-11.**********06.. .(videoyazı) c)10.22.18.145_554-64CH-11.**********13.. .(videoyazı) d)10.22.18.145_554-64CH-18.**********13.. .(videoyazı) e)20231113_181108_10.22.18.145_554-64CH... Videogörüntülərdə sözügeədn mağazanın iç görüntüləri vardır. Həmin görüntü və fotolarda müxtəlif şəxslər vardır. Baxışda iştirak edən şəxslərlə birlikdə həmin videogörüntü və fotolara baxılarkən şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntü və fotolarda olan şəxslərdən biri məhz onun özüdür. Orada olan şəxsləri tanımır və həmin şəxslərin mağaza işçilərini məşğul etməsi səbəbindən rahat şəkildə gödəkçələri geyinib yoxlamaq məqsədi ilə otağa daxil olub orada gödəkçələrdə olan qurğuları üzərindən çıxarıb əynindəki paltarlarda gizlədərək mağazadan çıxmışdır. Cinayət işinin 47-48-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 25 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 82-83-cü vərəqələrində olan Azərbacan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 01 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 09 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 84-91 vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-436/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbacan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 1 (bir) ay 10 (on) gün həbsdə saxlama müddəti 2 (iki) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxmaqla, Təqsirləndirilən şəxs üzərində 1 (bir) il 9 (doqquz) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Cinayət işinin 106-110-cu vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-754/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində “həbs” seçilməklə, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, həbsdə saxlama müddətinin 2 (iki) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 08 dekabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 124-131-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş hadisənin görüntüsünün olduğu 01 ədəd DVD diskin iş üzrə sübut əhəmiyyəti kəsb edtiyindən maddi sübut hesab edilməsi və cinayət işinə əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(001)-147/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-436/2023 nömrəli, 13 oktyabr 2023cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 1 (bir) il 9 (doqquz) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə uyğun hesablanmaqla hazırki hökmlə təyin edilmiş 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 08 dekabr 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırki iş üzrə cinayət əməli həmin hökm üzrə məhkumluğunun yaranmasından əvvəl törədilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanın ödənilməməsi və sonuncunun nümayəndəsinin ondan şikayətçi olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanın ödənilməməsi və sonuncunun nümayəndəsinin ondan şikayətçi olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-147/2024 saylı hökmü ilə təyin edilmiş 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə cəza təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və üzərində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin əvvəli 08 dekabr 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-147/2024 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan - hadisənin görüntüsünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-147/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona 1 (bir) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 08 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-147/2024 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-173/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-173/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver