Məhkəmə qərarları › İş №1(005)-176/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-176/2021

30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-176/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Kürdəmir rayonu, Xırdapay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan tanışı Vasif adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 aprel 2020-ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus dəmir sexinin yanına gələrək, tanışı Vasif adlı şəxsin köməkliyi ilə həmin dəmir sexinin dam hissəsindən qanunsuz daxil olaraq, 01 ədədinin qiyməti 150 manat olan, ümumi dəyəri 300 manat təşkil edən “Evromax 230” markalı 02 ədəd böyük laqonda, 01 ədəd “Dinqo 720” markalı 50 manat dəyərində kiçik laqonda, 01 ədədin qiyməti 50 manat olan, ümumi dəyəri 100 manat təşkil edən “Evromax 115” markalı 02 ədəd kiçik laqonda, 01 ədəd “İnterskol 550” markalı 50 manat dəyərində direl aparatı, 01 ədəd “İnterskol 580” markalı 100 manat dəyərində direl aparatı, 01 ədəd “Uralmaş 600 BT” markalı 50 manat dəyərində direl aparatı, 01 ədəd “Total İndustrial” markalı 110 manat dəyərində hamarlaşdırıcı aparat, 01 ədəd “Kilmak DKR 455” markalı elektrik qaynaq aparatına məxsus 01 metrinin qiyməti 7 manat olan, ümumi dəyəri 70 manat təşkil edən 10 metr uzunluğunda naqil, 01 ədəd “Klimak 400A Turbofan” markalı elektrik qaynaq aparatına məxsus 01 metrinin qiyməti 7 manat olan ümumi dəyəri 84 manat təşkil edən 12 metr naqil, 01 ədəd “Klimak KMG 400” markalı qaynaq aparatına məxsus 01 metrinin qiyməti 7 manat olan ümumi dəyəri 49 manat təşkil edən 7 metr uzunluğunda massa, 04 metrlik 350 manat dəyərində 360 amperlik toju 02 ədəd kisəyə yığıb həmin kisələrə uzun kabel bağlayaraq Vasif adlı şəxsin köməkliyi ilə sexin dam hissəsindən çıxarıb Zərərçəkmiş şəxs ümumilikdə 1313 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, 23 aprel 2020-ci il tarixdə, saat təxminən 00:30 radələrində tanışı Vasif ilə “Dərnəgür” qəsəbəsi deyilən yerdə görüşmüşlər. Vasif həmin vaxt ona Nərimanov rayonunda yerləşən “Çinar Soyuducuları” zavodunun yaxınlığında bir dəmir sexi olduğunu və oradan oğurluq etməyi təklif etmişdir. O, da Vasiflə razılaşmışdır. Bundan sonra onlar birlikdə “Çinar Soyuducuları” zavodunun yaxınlığında yerləşən dəmir sexinə getmişlər. Həmin sexin dam hissəsindən içəri daxil olmuşdur. Vasif isə çöldə dayanıb gözləmişdir. O, sexə daxil olub orada olan 5 ədəd direl, 3 ədəd laqonda, 1 ədəd dəmir təmizləyən aparat və qaynaq aparatına bitişik kabelləri kəsib kisələrə yığaraq Vasifə vermişdir. Daha sonra o, sexə daxil olduğu yerdən çıxıb Vasif ilə birlikdə köməkli şəkildə oğurladıqları əşyaları yerə düşürtmüşlər. Bundan sonra həmin əşyaları yolun kənarına gətirib taksi ilə aparmaq istəmişlər. Lakin yoldan keçən bir neçə taksini saxlatsalar da taksi sürücüləri həmin əşyaları aparmağa razı olmamışlar. Daha sonra həmin əşyaları yolun kənarında yararsız halda olan “Moskiviç” markalı avtomobilin yük hissəsinə qoymuşlar. Bundan sonra o, demişdir ki, Elşad adlı tanışı var, ona desin avtomobili ilə gəlib onları aparsın. O, Elşad ilə əlaqə saxlayıb yükü olduğunu və həmin yükü aparıb apara bilməyəcəyini soruşmuşdur. Elşad da bir saata gələcəyini demişdir. Bundan sonra Vasif oradan getmişdir. Bir az keçdikdən sonra Elşad özünə məxsus “VAZ 21011” markalı dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobili ilə 17-ci PŞ-nin yaxınlığına gəlmişdir. O, da Elşadın yanına getmişdir. Elşada iki kisə yandırılmış misi olduğunu və onları aparmağa kömək etməyi demişdir. Elşad ilə birlikdə “Moskiviçin” yük yerindən kisələrdən birini götürüb Elşadın avtomobilinin yük yerinə qoymuşlar. Sonra Elşad gedib digər kisəni gətirən zaman kisənin içərisinə baxmış, kisənin içərisində laqondanı görüb ona demişdir ki, “bunlar nədir, haradan almısan, oğurluqdurmu? O, da demişdir ki, bir tanışı var borcu var idi, onun əvəzinə vermişdir, oğurluq deyil. Bundan sonra Elşad avtomobilin mühərrik yerinə baxıb demişdir ki, avtomobil işləmir, xarab olub. Daha sonra o, kisələri Elşadın avtomobilinin yük yerindən yerə düşürtmüşdür. Sonra isə “2111” taksi şirkətindən taksi sifariş vermişdir. Bir neçə dəqiqədən sonra taksi gəlmiş və həmin yükü taksinin yük yerinə yığıb “Razin” adlanan yerdə olan “Fidan” şadlıq sarayının arxasında yerləşən boş həyətə aparıb qoymuşdur. Özü isə orada qalmışdır. Səhəri gün oğurladığı əşyaları 200 manata satmışdır. Sonra isə həmin gün Vasif ilə görüşüb 200 manat puldan 100 manatını ona vermişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 18 ildir ki, ünvan 3 ünvanında yerləşən dəmir sexini icarə əsasında işlədir. 24.04.2020-ci il tarixdə saat 10 radələrində iş yerinə gəlmişdir. Qapını açıb içəri girdikdə sexin içərisinin dağınıq olduğunu görmüş və sexi axtaran zaman ona məlum olmuşdur ki, dəmir sexindən ona məxsus 04 ədəd laqonda, 03 ədəd direl aparatı, 01 ədəd hamarlaşdırıcı aparat, qaynaq aparatına məxsus naqillər və digər əşyalar oğurlanmışdır. Ümumilikdə ona 1313 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 qızı ifadəsində bildirmişdir ki, o, 2015-ci ildən Türkiyə vətəndaşı olan Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Baykan Nərimanov rayonu, M.Nərimanov küçəsi 6 ünvanında yerləşən dəmir sexini icarə əsasında işlədir. 24.04.2020-ci il tarixdə, saat 10 radələrində o, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə onun dəmir sexinə getmişlər. Baykan qapını açıb içəri girdikdə onlar sexin içərisinin dağınıq olduğunu görmüşlər. Baykan sexi axtardıqda məlum olmuşdur ki, sexdən Baykana məxsus direl, laqonda və qaynaq aparatına məxsus naqillər oğurlanmışdır. Sexin qapısı sındırılmamışdır. Lakin sexin dam hissəsində kiçik bir dəlik olmuşdur. Yəqin ki, oğurlayan şəxs sexə həmin dəlikdən girmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 08 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2021-ci il tarixdə, saat 14:00-da tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 10 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin istintaq şöbəsinin müstəntiqi Kənan Məmmədzadənin 10 fevral 2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Qətimkan tədbirinin seçilməsi barədə 10 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 17 fevral 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 08 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlığın mədudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən ona Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 08 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun olduğu yer müəyyən olunanadək cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis bölməsinin 24 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 24 aprel 2021-ci il tarixdə, saat 12:35 radələrində saxlanılaraq 17-ci polis bölməsinə gətirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnərək məhkəmə baxışına təyin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmiş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 29 may 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq 31 may 2021-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli icraatın təzələnməsi barədə qərarı ilə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Bakı şəhəri Probasiya İdarəsindən daxil olmuş 23 sentyabr 2021-ci il tarixli, 21-1/3-7822 saylı məktubdan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-164/2020 saylı, 24.09.2020-ci il tarixli hökmü ilə CM-nin 177.1-cimaddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli 1(003)-267/2020 saylı hökmü ilə təyin edilmiş 1 il 08 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını hazırki hökm üzrə ona təyin edilmiş cəzası qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 2 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə qəti cəza təyin edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 23 dekabr 2020-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya şöbəsində qeydiyyata alınmış, o, 02 il 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 04 ay 11 gününü çəkmiş, çəkilməmiş 02 il 03 ay 19 gün cəzası qalmışdır. Məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-164/2020 saylı, 24.09.2020-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması növündə cəzanın qərəzli boyun qaçırdığından 21.04.2021-ci il tarixdə cəzasının çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz olunması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdimat verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi üçün icra məmuru tərəfindən verilmiş təqdimat geri qaytarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən islah edilməsini mümkün hesab etmədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Belə ki, cəzanın məqsədi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Məhkəmədə müəyyən olundu ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlığın mədudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.5ci maddəsinə əsasən ona Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 08 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24.09.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs oğlu oğluna təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 08 fevral 2021-ci il tarixdən 10 fevral 2021-ci il tarixədək ibtidai istintaq zamanı, 24 aprel 2021-ci il tarixdən 26 aprel 2021-ci il tarixədək məhkəmə istintaqı zamanı tutulduğu 02 gün, cəmi 04 gün müddət və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24.09.2020-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilmiş 02 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş 04 ay 11 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 29 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir., Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 iş saatına görə 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24.09.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona qəti olaraq 02 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 08 fevral 2021-ci il tarixdən 10 fevral 2021-ci il tarixədək ibtidai istintaq zamanı, 24 aprel 2021-ci il tarixdən 26 aprel 2021-ci il tarixədək məhkəmə istintaqı zamanı tutulduğu 02 gün, cəmi 04 gün müddət və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24.09.2020-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilmiş 02 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş 04 ay 11 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 03 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 iş saatına görə 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar