Məhkəmə qərarları › İş №1(005)-176/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-176/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-176/2024 03.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi «A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü ildə Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işsiz, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hüquq verən vəsiqədən saxta olmasını bilə-bilə istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə Rusiya Federasiyasının Tümen vilayətində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan “Cəmşid” adlı şəxs tərəfindən Azərbaycan Respublikasının ərazi hüdudlarından kənarda Rusiya Federasiyasında blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B, B1, C, С1” kateqoriyalı 72 04 736145 nömrəli sürücülük vəsiqəsini 2023-cü ilin avqust ayının sonlarında “Cəmşid” adlı şəxsin göndərdiyi şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində əldə etmiş və həmin saxta sürücülük vəsiqəsini Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə 21 sentyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 7 saylı Bakı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “BB 713174” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 may 2023-cü ildə işləmək üçün Rusiya Federasiyasının Tümen şəhərinə getmişdir. Orada meyvə-tərəvəz bazarında fəhləlik etmişdir. Orada olan zaman taksi sürücülərinin yaxşı pul qazandığını görmüşdür. Buna görə də qərara gəlmişdir ki, Tümən şəhərində taksi fəaliyyəti ilə məşğul olsun. Sürücülük vəsiqəsi olmadığı üçün vəsiqəni necə ala biləcəyi ilə bağlı bazarda tanışlarla maraqlanmışdır. Tümen bazarında fəhlə işləyən Tacik millətindən olan “Cəmşid” kimi özünü ona tanıdan şəxs pul qarşılığında ona sürücülük vəsiqəsi hazırlatdıracağını bildirmişdir. O bunun üçün ondan 35.000 Rusiya rublu, təxminən 700 manata yaxın ona pul verməli olduğunu bildirmişdir. O heç bir kurs oxumadan, heç bir imtahan vermədən vəsiqəni alacağını bilmişdir. O vəsiqənin qanunsuz yolla hazırladığını bildirsə də, nə Rusiyada nə də Azərbaycanda heç bir problem olmayacağını qeyd etmişdir. O maraqlandıqda həmin vəsiqəni Azərbaycanda original Azərbaycan sürücülük vəsiqəsinə də dəyişməyin mümkün olduğunu bildirmişlər. Buna görə də onunla razılaşmış və Tümən şəhərində ona 35 000 rus rubulu vermişdir. O fotoşəklini çəkdirmiş, Cəmşidin ona təqdim etdiyi bir çox sənədə də imza etmişdir. Sonra Cəmşid ona bildirmiş ki, 1-2 ay ərzində sürücülük vəsiqəsi hazır olacaqdır. 02 avqust 2023-cü ildə Azərbaycana geri dönmüşdür. Bundan sonra Cəmşid adlı şəxslə əlaqə saxlayıb vəsiqəni göndərməsini istəmiş, o da 2023-cü ilin avqust ayının sonlarında Azərbaycana gələn tanımadığı Şəmkir rayonu, Zəyəm-Cırdaxan kənd sakini ilə sürücülük vəsiqəsini ona göndərmişdir. O həmin şəxslə 2023-cü ilin avqust ayının sonlarında Zəyəm-Cırdaxan kəndində görüşmüş və həmin şəxs ona bağlı zərfdə vəsiqəni təqdim etmişdir. Sürücüülk vəsiqəsinə baxan zaman onun “72 04 736145” nömrəli olması, 12 iyul 2023-cü ildə verilməsi və В, B1, C, C1 kateqoriyaları olduğunu görmüşdür. Sonra qərara gəlmiş ki, bu vəsiqəni Azərbaycan Respublikasının sürücülük vəsiqəsi ilə dəyişdirsin. Bu məqsədlə Bakıya gəlmiş və 7 saylı ASAN Xidmətə müraciət etmişdir. Orada ondan həmin rus sürücülük vəsiqəsini götürmüş və ona 1 illik istifadə üçün vəsiqə nömrəsi BB713174 olan sürücülük vəsiqəsi verilmişdir. Orada bildirilmiş ki, bu sürücülük vəsiqəsi saxta ola bilər buna görə də yoxlama aparılacaqdır. O rus dilində sərbəst yazıb-oxuya bilmir, sadəcə məişət səviyyəsində danışa bilir. Rusiya Federasiyasında sürücülük vəsiqəsi almaq üçün heç bir dövlət orqanına müraciət etməmiş, heç bir imtahanda iştirak etməmişdir. Əməlindən peşmandır. Sonda barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Könüllü təqdim edilən əşyanı götürmə haqqında” 10 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 1 ədəd Azərbaycan Respublikasına məxsus olan sürücülük vəsiqəsini (BB713174) istintaq tərəfindən götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-5/1446/2023 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına 72 04 736145 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmişdir. Tədqiata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına 72 04 736145 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. Aparılmış tədqiqatın dəyəri 70 manatdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 29 dekabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxta olduğunu bilə-bilə istifadə etdiyi Rusiya Federasiyasının “72 04 736145” nömrəli saxta sürücülük vəsiqəsi və Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikasının “BB 713174” nömrəli həqiqi sürücülük vəsiqəsi öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına tikilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. DİN-in Baş Dövlət Yol Polisi idarəsinin 25 sentyabr 2023-cü il tarixli müraciətinə əlavə etdiyi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il tarixdə BDPYİnin Qeydiyyat İmtahan şöbəsinin 7 Saylı “ASAN xidmət” mərkəzindəki məntəqəsinə sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müraciət etmiş və ona “BB 713174” nömrəli sürücülük vəsiqəsi verilmişdir. Rusiya Federasiyasında aparılmış yoxlamanın nətciəsi barədə məlumatdan görünür ki, sorğu əsasında Rusiya Federasiyasına aid ********** nömrəli sürücülük vəsiqəsi barədə yoxlama aparılmış, lakin qeyd edilən sürücülük vəsiqəsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 noyabr 2019-cu tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, CM-in 320.1-ci maddəsinin hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh edilməsi üçün bu maddənin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin araşdırılması vacibdir. CM-in qeyd edilən maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma əməli cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə cinayət işi üzrə maddi sübut məsəsləsini həll edərkən hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən əldə edilmiş Rusiya Federasiyasının “72 04 736145” nömrəli saxta sürücülük vəsiqəsi və onun əsasında 7 saylı Bakı “ASAN xidmət” mərkəzindən verilmiş Azərbaycan Respublikasının “BB 713174” nömrəli həqiqi sürücülük vəsiqəsi məhv edilməlidir. Ekspertiza tədqiqatının ümumi dəyəri 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 iş saatına görə 72 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2000 (iki min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - Rusiya Federasiyasının “72 04 736145” nömrəli saxta sürücülük vəsiqəsi və Azərbaycan Respublikasının “BB 713174” nömrəli həqiqi sürücülük vəsiqələri məhv edilsin. Ekspertiza tədqiqatının ümumi dəyəri 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 iş saatı üçün cəmi 72 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar