Məhkəmə qərarları › İş №1(005)-177/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-177/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-177/2025 23.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Hüseynova Elnurə Sədrəddin qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Hüseynova Elnurə Sədrəddin qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, özünü bloger kimi təqdim edən Hüseynova Elnurə Sədrəddin qızı 12 fevral 2025-ci il tarixində instagram.com saytının özünə məxsus olan “elnush blog" adlı səhifəsində (https://www.instagram.com/elnush blog9igsh=M TZzMjF3YWİxdHBj/A==). həmçinin TİK Tok sosial şəbəkəsində “elnush.blog" adlı səhifəsində onun və direktoru olduğu “Esmanur" tədris mərkəzinin haqqında qəsdən həqiqətə uyğun olmayan məlumatlar yaymış, onu və həmkarlarını ağır cinayətdə ittiham etməklə şərəf və ləyaqətini təhqir etmişdir. Məlumat 3824 nəfər tərəfindən izlənilmişdir. Onun Tik-Tok səhifəsində 1722 izləyicisi və İnstagram səhifəsində isə 103 000 izləyicisi olsa da paylaşdığı videolara baxış sayı bir çox hallarda 100.000-i keçir. Hətta digər blogerləri də onun paylaşımlarına dəstək olaraq öz səhifələrində paylaşmağa səsləyir və buna da nail olur. Valideynlərin gözünü açmaq adı ilə səhifəsində izləyici sayını artırmağa çalışaraq gəlir əldə etməyə çalışır. O, rəhbəri olduğu MMC, işçilər və onun barəsində bilə-bilə yalan məlumatlar paylaşmaqla şərəf və ləyaqətini alçaldan, cəmiyyətdə olan nüfuz və hörmətinə, eləcə də işgüzar nüfuzuna xələl gətirən həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. Paylaşımlarının əksəriyətində “Esmanur uşaq bağçasına övladlarınızı əmanət etməyin” başlığında qeydlər edir. Paylaşımlarından birində uşağının zəhərləndiyini yazıb “hara qədər gedəcək belə mundarlıqlar” qeyd edərək onun adını da işarələmişdir. xx.xx.2024-xx.xx.2025-ci illər aralığında İnstagram səhifəsində Elnurə Hüseynova bir neçə dəfə paylaşım edərək qeyd edir ki, “X3” MMC-nin “Yasamal” filialında guya ki, onun uşaqlarına və digər uşaqlara ketotifen dərmanı verilib, uşaqlar döyülüb, müəllimələr əmək müqaviləsi olmadan işləyib, müəllimələrin hamısı orta təhsillidir, adlarını yaza bilmirlər və sair. Bununla da ona böhtanlar atmaqda davam edir. 05 noyabr 2024-cü il tarixdə İnstagram səhifəsində daha bir paylaşım edərək qeyd etmişdir ki. “Hadi bakalım gedib bir birinizə göndərin ki aaa Elnuşu susdura bilməmişik. Çünki sizin yuxarıdakı adamlarınız ya da o çirkli pulunuz mənə keçmir. Arxamca adam da göndərdiz öldürə də bilmədiz hə? Caan caan))”. Bu cür paylaşımlar edərək isə onu ağır cinayət törətməkdə ittiham edir. 11 fevral 2025-ci il tarixdə İnstagram səhifəsindəki paylaşımında isə “İçkini də sən qəbul edərsən, mən yox ay səviyyəsiz! Hələ buna görə də başın ağrıyacaq sənin” qeydlər yazıb adını qeyd edərək onu təhqir etmişdir. E.Hüseynova işçilərin əmək müqaviləsi ilə işlədiyini bilə-bilə, qəsdən bağçanın lisensiyasız fəaliyyət göstərdiyini, işçilərin əmək müqaviləsi olmadan fəaliyyət göstdiyini bildirir. Valideynlərə müraciət edərək onları "X3" MMC-dən çəkindirməkdə davam edir. E.Hüseynovanın dedikləri “Esmanur" MMC-nin fəaliyyətinə insanların inamını azaldır, nüfuzunu zədələyir. Daha sonra E.Hüseynova çıxışında qeyd edir ki, “mənim uşağım cani müəllimənin qucağına gedəndə ağlayırdı”. O, çıxışının 12:08 saniyəsində onu və iş yoldaşlarını da cani adlandırır. "O canilər hamısı cəzasını çəkəndən sonra daha ətraflı qeyd edəcəyəm" deyərək onu və "xxxx" MMC-də çalışan əməkdaşları cani adlandırır. “Cani” sözü Azərbaycan dilində "cinayət əməlini törətmiş şəxs" və ya “cinayətkar" mənasını verir. Bu söz, Azərbaycan dilinin orfoqrafiya lüğətində “cinayət etmiş, cinayətkar" kimi izah edilir. Beləliklə, Elnurə Hüseynova qəsdən onu və bağça əməkdaşlarını “cani" adlandırmaqla geniş ictimaiyyətə “cinayətkar” kimi təqdim etmişdir. Əslində "xxxx" MMC uşaq tədris mərkəzləri olan işgüzar nüfuzu, uşaqların inkişafına verdiyi tövhələr, ən nümunəvi tədris mərkəzi hesab olunur, çoxsaylı müştərilər arasında xüsusi müsbət mövqeyə malikdir. O, uzun illərdir ki, iş adamı olaraq bu sahə ilə məşğuldur, məhz göstərdiyi xidmətlərə görə cəmiyyətdə nüfuzu və hörməti olan tədris mərkəzləri şəbəkəsinə çevrilə bilmişdir. Bildirir ki, Hüseynova Elnurə Sədrəddin qızı sosial şəbəkələrdə bilə-bilə yalan çıxışlar etmiş, barəsində şərəf və ləyaqətini ləkələyən, qeyrı-əxlaqi sözlər işlədərək onu təhqir etmiş, böhtan atmışdır. Hüseynova Elnurə Sədrəddin qızı onun barəsində böhtan və iftira dolu, şərəf və ləyaqətini ləkələyən müraciətlər yazaraq hüquq mühafizə orqanlarına şikayətlər göndərmişdir. Onun dövlət orqanlarına müxtəlif cinayətlərin onun tərəfindən törədilməsi barədə müraciətləri hələ də onda dərin iz buraxmışdır. Belə ki, Hüseynova Elnurə Sədrəddin qızının barəsində bildirdiklərinin heç bir fakt ilə sübut olunması mümkün deyil. Onun heç bir fakta və sübuta əsaslanmadan barəsində qərəzli olaraq ağır bir cinayətdə günahlandırması, müxtəlif dövlət orqanlarına şikayətlər etməsi onda ağır iztirablar və sarsıntılar yaratmışdır. Onun bu niyyəti sırf onu gözdən salmaq məqsədi daşıyıb. Hesab edir ki, Hüseynova Elnurə Sədrəddin qızı cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməli və müvafiq cəza almalıdır. Bu böhtanlar nəticəsində valideynlərin ona və rəhbəri olduğu tədris mərkəzinə mamlarının itməsinə səbəb olmuşdur. Bu səbəbdən, ona qarşı olan böhtan və təhqirə görə məhkəməyə müraciət edərək onun qanun qarşısında layiqli cavab verməsini istəyir. Şikayət vermiş şəxs X1 müdafiəçisi Müdafiəçi məhkəməyə ərizə ilə müraciət edərək Hüseynova Elnurə Sədrəddin qızı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-nin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında qəbul etdiyi qərarlardan biri də xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərardır. CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Hazırkı iş üzrə şikayət vermiş tərəf şikayətinin geri qaytarılmasını tələb etdiyindən, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina ediməli və şikayət və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüseynova Elnurə Sədrəddin qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin, xüsusi ittiham qaydasında şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardan elan olunduqdan sonra 20 gün müddətində qərarı qəbul etmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar