Məhkəmə qərarları › İş №1(005)-178/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-178/2022

09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-178/2022 09.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, 21 avqust 1966-cı ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,308.1, 312-1.1 və 32.4,313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifəli şəxsi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmiş, vəzifəli şəxsi informasiya resursuna bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etmiş, öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla qeyrisi vasitəsilə maddi neməti istəyərək almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Belə ki, o, əlillik dərəcəsinin alınmasında köməklik göstərilməsi üçün 2017-ci ilin dekabr ayında özünə müraciət etmiş, “Hərbi əməliyyat zamanı odlu silah yaralanmasından sonra sağ kürək və döş nahiyədə metal qəlpələr. Ensefalopatiya, nevrotik reaksiyalar. İki tərəfli xroniki eşitmə sinirinin nevriti İİ dərəcə. Refluks ezofagit (CRADEA). Kardianın çatmamazlığı. Qastroduodenit. Hepatosteatoz” xəstəliyindən əziyyət çəkən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan, 27 noyabr 1962-ci il təvəllüdlü, özü və yaxın qohumları polis əməkdaşı olmayan Şahid2 özünün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin tabeliyində 1 Saylı Poliklinikanın rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətinin olmasını, həqiqi təsir imkanlarından istifadə edərək həmin Poliklinikanın rəis müavini olmaqla təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olan Şahid1 Şahid2 özü və yaxın qohumları polis əməkdaşı olmadığı, habelə onda əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda onda guya əlillik dərəcəsinin təyin edilməsi üçün əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş göndərişin qeyd edilən Poliklinikada tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, bunun üçün Şahid2 maddi nemət olan 5.000 manat məbləğində pul vəsaitini 2017-ci ilin dekabr ayında özü üçün birbaşa yolla istəyib, Sumqayıt şəhərində maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla alaraq, şəxsi ehtiyaclarına sərf edib, cinayətkar niyyətinin realizəsinə davam edərək, 2018-ci ilin yanvar-fevral aylarında istintaqla müəyyən edilməyən şəraitdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin tabeliyində 1 Saylı Poliklinikanın rəis müavini, habelə poliklinikanın həkim məsləhət komissiyasının sədri vəzifəsində işləyən Şahid1 müraciət edib Şahid2 özü və yaxın qohumları polis əməkdaşı olmadığı, habelə onda əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda onda guya əlillik dərəcəsinin təyin edilməsi üçün əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş göndərişin tərtib edilib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsini, buna görə Şahid2 pul vəsaiti istəməsini və almasını ondan gizlətməklə, bildirməsinə əsasən, Şahid1 razılığını almaqla onunla sövdələşib, sonuncunu xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs olan Şahid2 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməyə və informasiya resursuna bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil edərək vəzifə saxtakarlığına təhriki əsasında, Şahid2 həmin Poliklinikada müayinə və müalicə edilmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan Şahid1 tərəfindən həmin Poliklinikanın Bakı şəhəri, Nərmanov rayonu, Ziya Bünyadov prospekti 70A ünvanında yerləşən inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompüter vasitəsilə onun əlillik dərəcəsi ala bilməsi üçün əsas diaqnoz qismində “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, qəlpə yaralanmasından sonrakı vəziyyət. Döş qəfəsinin, kürək nahiyyəsinin, döş qəfəsi boşluğuna keçən qəlpə yaraları. Ağciyərin tamlığının və funksiyasının pozulması. Tənəffüs çatmamazlığı İİ dərəcə. Kəllə-beyin travması. postravmatik ensefalopatiya, qıcolma tutmaları ilə (ayda 7-8 dəfə)", ağırlaşma diaqnozu qismində "xroniki respirator çatmamazlıq Tənəffüs çatmamazlığı İİ dərəcə, kəllə beyin travması, dəqiqləşdirilməmiş ensefalopatiya postravmatik ensefalopatiya, kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş simptomatik epilepsiya və epiteptik sindromlar qıcolma tutmaları, döş qəfəsinin digər dəqiqləşdirilməmiş travmaları, döş qəfəsinin, kürək nahiyyəsinin döş qəfəsi boşluğuna keçən qəlpə yaraları, ağciyərin tamlığının və funksionallığının pozulması” kimi diaqnozlara dair bilə-bilə yalan məlumatları informasiya resursu sayılan 28 fevral 2018-ci il tarixli, 4110003AADFW nömrəli elektron göndərişə daxil edilərək elektron imzasından, habelə Şahid1 özündə saxladığı həkim məsləhət komissiyasının cinayətdən xəbərsiz üzvləri olan - poliklinikada həkim terapevt vəzifəsində işləyən X5, həkim-cərrah vəzifəsində X1 və həkim-nevropotoloq vəzifəsində işləyən X9 elektron imzalarından istifadə edilərək həmin göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsinə və 6 mart 2018-ci il tarixdən Şahid2 5 il müddətinə, yəni xx.xx.2023-cü ilədək 2-ci qrup əlillik dərəcəsinin verilməsinə, eləcə də 6 mart 2018-ci il tarixdən 31 may 2019-cu il tarixədək olan müddətdə Şahid2 ümumilikdə 6.368,76 manat (altı min üç yüz altmış səkkiz manat yetmiş altı qəpik) məbləğində sosial müavinətin ödənilməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, Şahid1 səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması sahəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin, dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və informasiya resursuna bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil etməklə vəzifə saxtakarlığına təhrik etmiş, qeyd edilənlərlə əlaqədar Şahid1 qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,308.1, 312-1.1 və 32.4,313-cü maddələri ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2017-ci ilin dekabr ayında uzun müddət tanıdığı Şahid2 Sumqayıt şəhərində onunla söhbət zamanı müharibə dövründə qəlpə yaraları aldığını, lakin həmin xəsarətlərə baxmayaraq, əlillik almaqda çətinlik çəkdiyini bildirmişdir. Belə olan halda Valehə tanışları vasitəsilə ona köməklik edə biləcəyini deyərək, uzun müddət tanıdığı əlillik verilməsində köməklik edəcəyini düşündüyü X8 müraciət etmiş, sonuncu isə həmin işi 5.000 manat müqabilində həll edə biləcəyini bildirmişdir. Bundan sonra Valehlə görüşüb işin 5.000 manata həll ediləcəyini bildirərək, sonuncunun razılığını almış, 2018-ci ilin yanvar ayında Sumqayıt şəhərində Valehlə görüşərək ondan 5.000 manat pulu almış və Mirzə Həsənova təqdim etmişdir. O, özü həmin puldan götürməmiş, tam şəkildə Mirzə Həsənova vermişdir. Valeh onun kimi cəbhədə vuruşduğundan və bədənində qəlpə yaralarının olduğunu bildiyindən, həmçinin Valehin xəsarətləri ilə əlaqədar tibbi rəyi olduğundan o, qanuni bir işə köməklik etmək üçün bu işdə vasitəçilik etdiyini düşünmüşdür. Təxminən, 2018-ci ilin fevral ayında Mirzənin köməkliyi ilə Valehə əlillik dərəcəsi verilmişdir. 2019-cu ilin may ayında Valeh ona zəng edərək pensiyanın dayandırıldığını bildirmişdir. Bundan sonra Mirzə ilə bu barədə danışmış, sonuncu maraqlanıb cavab verəcəyini demişdir. Mirzə Həsənov bir müddət sonra zəng edərək, Forma 88-in səhv vurulduğunu, yaşayış yeri üzrə vurulmalı olduğu halda, DİN-in Tibb İdarəsi tərəfindən vurulduğunu, bu səbəbdən də əlilliyin ləğv edildiyini bildirmişdir. O, da öz növbəsində bu barədə Valehə məlumat vermiş, Valeh bundan sonra verdiyi pulu geri tələb etdiyindən, o da həmin pulu Mirzədən tələb etmişdir. Mirzə ona 2900 manat qaytarmış, o, da həmin məbləği Valehə çatdırmışdır. Mirzə Həsənovun həmin əlilliyi kimin vasitəsilə təşkil etdiyini bilmir. DİN-in 1 Saylı Poliklinikasının rəis müavini Şahid1 tanımır və görməmişdir, məqsədi Valehə qanuni işlə əlaqədar köməklik etməkdən ibarət olmuş, saxta Forma 88-in tərtib edilməsindən xəbəri olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyi Tibb İdarəsi ilə barışıq əldə etməsini və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və informasiya resursuna bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil etməklə vəzifə saxtakarlığına təhrik etmişdir. Belə ki, təqsirləndirilən şəxs həmin qanunsuz əməllərlə 6 mart 2018-ci il tarixdən Şahid2 5 il müddətinə, yəni xx.xx.2023-cü ilədək 2-ci dərəcə əlillik dərəcəsinin verilməsinə, eləcə də 6 mart 2018-ci il tarixdən 31 may 2019-cu il tarixədək olan müddətdə Şahid2 ümumilikdə 6.368,76 manat (altı min üç yüz altmış səkkiz manat yetmiş altı qəpik) məbləğində sosial ödənişlərin ödənilməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri və həmin əməllərə görə təqsirliliyi onun özünün etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, sənədlər, ekspertiza rəyi və işə aid aşağıda şərh olunan biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. İş üzrə vurulmuş zərər ümumilikdə 6.368,76 manat (altı min üç yüz altmış səkkiz manat yetmiş altı qəpik) təşkil edir. Sonda zərərçəkmiş şəxsin nümayəndəsi X10 onlara vurulmuş ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və informasiya resursuna bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil etməklə vəzifə saxtakarlığına təhrik etməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmuşdur. Sonda zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X7 təqsirləndirilən şəxslə barışdıqlarını, onlara dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1999-cu ildən DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan 1 Saylı Poliklinikasında həkim narkoloq kimi fəaliyyətə başlamış, 2009-cu ildən 2018-ci ilin oktyabr ayının 14-nə kimi həmin poliklinikada rəis müavini vəzifəsində işləmiş, işlədiyi dövrdə həmçinin 2009-cu ildən 1 saylı poliklinikanın Həkim Məsləhət Komissiyasının sədri olmuşdur. X6, X16 və X2 məsləhət Komissiyasının üzvləri olmuşlar. 2018-ci ildə barəsində nazirlik tərəfindən araşdırma aparılmış və nöqsanlara yol verdiyi üçün tutduğu vəzifədən azad edilmişdir. Nöqsanlar Forma 88-lərin düzgün doldurulmaması və saxta Forma 88-lərin verilməsi ilə əlaqədar olduğu üçün barəsində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində CMin 178-ci maddəsi ilə cinayət işi istintaq olunmuş və dəymiş ziyan tam şəkildə ödənildikdən sonra cinayət işinin icraatına xitam verilmişdir. İşlədiyi dövrdə polis əməkdaşı olmayan şəxsləri də qeydiyyata salmış və onlara Forma 88-lər tərtib etmişdir. Həmin şəxslər barədə Forma 88 tərtib edərkən səhlənkarlıq edərək onların polis əməkdaşı və ya onun ailə üzvü olub-olmadıqlarını dəqiqləşdirməmişdir. Barəsində Forma 88 tərtib etdiyi şəxsləri ondan hansısa həkim yoldaşlar və ya tanışlar xahiş etmiş və o da həmin forma 88-ləri tərtib etmişdir. Bunun qarşılığında pul almamış, sadəcə yaxın yoldaşların xahişləri olduğu üçün Forma 88-lər tərtib etmişdir. Forma 88 tərtib edərkən ona həmin şəxslər barəsində epikrizlər verilmiş və o da həmin tibbi sənədlər əsasında Forma 88 tərtib etmişdir. Əgər həmin tibbi sənədlər olmasaydı heç vaxt Forma 88 tərtib etməzmiş. O, HMK-nın üzvlərinin Forma 88-lərin tərtib edilməsində və imzalanmasından xəbərlərinin və iştiraklarının olmadığını bildirmişdir. Şahid1 Şahid2 adına tərtib edilmiş Forma 88 ilə əlaqədar Şahid2 hərbi qulluqçu olduğunu, hərbi xidmətdə olarkən xəsarət aldığını, eyni zamanda bir neçə tibb müəssisində müayinə və müalicə olunduğunu, hal-hazırda xatırlamadığı hansısa həkim və ya polis əməkdaşı olan tanışının xahişi əsasında Şahid2 adına tibbi epikrizlər olduğuna görə tibbi müayinədən keçirmədən və poliklinikada qeydiyyata salmadan və ya müvəqqəti qeydiyyata salmaqla Forma 88 tərtib edib elektron qaydada təsdiq etmiş və bunun əsasında ona əlillik dərəcəsi təyin edilmişdir. Şahid2 tibbi səndləri və epikrizlərində göstərilən diaqozlar Forma 88-ə yazılmış, lakin sonuncu həkim məsləhət komissiyası tərəfindən əyani tibbi müayinədən keçirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 1993-cü ildə hərbi xidmətə çağrılmış və 1-ci Qarabağ müharibəsində iştirak etmişdir. Müharibə zamanı kürək nahiyyəsindən güllə yarası almış və bununla bağlı müalicə almışdır. Müharibədən sonra aldığı xəsarətlə bağlı 2017-ci ildə Müdafiə Nazirliyində Hərbi Həkim Komissiyasında müayinədən keçmiş və təqdim etdiyi sənədlərə əsasən müharibə vaxt güllə yarası almağı təsdiq olunmuş və bununla bağlı ona xx.xx.2017-ci il tarixli rəy verilmişdir. Əlillik dərəcəsi almaq üçün bir neçə dəfə Tibbi Sosial Ekspertiza Komissiyasına müraciət etsə də, ona əlillik dərəcəsi düşmədiyi bildirilmişdir. 2017-ci ilin dekabr ayında bazarlıq etmək üçün Sumqayıt şəhərinə getmiş, orada çayxanada əlillik dərəcəsi ala bilməməsi ilə bağlı bir nəfərlə söhbət edən zaman sonradan adının Tofiq olduğunu öyrəndiyi şəxs ona yaxınlaşıb əlillik dərəcəsi niyə görə ala bilmədiyini soruşub bununla bağlı onunla söhbət etmişdir. Tofıqə 1-ci Qarabağ müharibəsində iştirak etdiyini və güllə yarası aldığını və bununla bağlı Müdafiə Nazirliyinin həkim komissiyasının qərarı da olduğunu bildirmişdir. Tofiq ona tibbi sənədləri ona təqdim etməyi bildirib əlillik dərəcəsi təyin edilməsi məsələsində köməklik edəcəyini demişdir. Müvafiq tibbi sənədləri 2018-ci ilin əvəllərində gətirib Sumqayıt şəhərində Tofiqə təqim etmiş, bir müddət sonra Tofiq ona İİ qrup əlillik dərəcəsi təyin edilməsi üçün 5000 manat pul lazım olduğunu bildirmişdir. Belə ki, Tibbi Sosial Ekspert komissiyasında olan tanışları vasitəsilə həmin məbləğin qarşılığında ona əlillik dərəcəsi təyin etdirəcəyini bildirmişdir. 2018-ci ilin yanvar ayında Tofiqlə Sumqayıt şəhərində "Karvan" ticarət mərkəzinin yaxınlığında yerləşən çayxanada görüşüb ona 5000 manat pul vermişdir. Tofiq bir neçə ay müddətində ona İİ qrup əlillik dərəcəsi təyin etdirəcəyini bildirmişdir. Ondan sonra 2018-ci ilin mart ayında ona İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Ona əlillik dərəcəsini Tofiq təyin etdirmiş və bununla bağlı heç bir tibb müəssisəsində müayinədən keçməmiş, yalnız Tofıqə tibbi sənədləri təqdim etmiş və o da həmin sənədlər əsasında özünün deməsinə görə 15 nömrəli TSEK-dan forma 88 tərtib etdirib, 1 il 3 ay yəni 15 ay İİ qrup əlillik dərəcəsinə görə aylıq 158 manat pul almış, lakin sonradan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yoxlama zamanı əlillik dərəcəsi ləğv edilmişdir. Ondan sonra Tofiq ona 2019-cu ilin iyun ayında 2900 manat pulu Sumqayıt şəhərində qaytarmışdır. Şahid2 həmçinin ifadəsində göstərmişdir ki, Tofiqin göstərişi ilə heç bir tibb müəssisəsində müayinə olunmamış, heç bir tibbi sosial ekspert komissiyadan müayinədən keçməmişdir, "forma 88" i ona Tofiq təqdim etmişdir. Onun həmin sənədi necə və haradan əldə etdiyini bilmir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Bundan başqa, şahidlər Şahid3 və Şahid4 ərizə ilə məhkəməyə müraciət edərək cinayət işi üzrə istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid3 və Şahid4 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 24-cü vərəqində olan “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 15 nömrəli Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş Məlumatdan görünür ki, Şahid2 sonuncu dəfə xx.xx.2018-ci il tarixində müayinə edilmiş, barəsində ikinci dərəcəli əlillik təyinatı müəyyən edilmiş məhdudluq müddəti xx.xx.2023-cü il tarixədək, əlillik səbəbi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi göstərilmişdir. Cinayət işinin İ cildinin 27-ci vərəqində olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 53 nömrəli qərarından görünür ki, Siyəzən RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış vətəndaş Şahid2 hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “Sağ kürək nahiyyəsinin yumşaq toxumalarının kor qəlpə yarası” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Cinayət işinin İ cildinin 41-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına ünvanlanmış xx.xx.2018-ci il tarixli, 4110003AADFW nömrəli göndərişin surətindən görünür ki, Şahid2 xəstəliyi ilə əlaqədar göndəriş verilmişdir. Cinayət işinin İ cildinin 50-ci vərəqində olan xx.xx.2021-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin İ cildinin 69-cu vərəqində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Şahid2 xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixədək 6368.76 manat məbləğində pensiya vəsaiti ödənilmişdir. Cinayət işinin İ cildinin 160-ci vərəqində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021-ci il tarixli, ********** nömrəli məktubundan görünür ki, Şahid2 xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 6368.76 manat məbləğində, M.Cəfərovaya isə xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üzrə 1300 manat, xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə 14166.78 manat məbləğində pensiya ödənişi həyata keçirilmişdir. Cinayət işinin İ cildinin 184-224-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 19 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Şahid2 barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli 4110003AADFW nömrəli göndərişin surətinin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 76-85-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-572/2021 saylı qərarından görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndiirlən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni 30 iyul 2021-ci il tarixədək həbs qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəlinin 10 iyun 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 86-87-ci vərəqələrində olan “Qətimkan tədbiri seçilməsinin nəzərə alınması haqqında” 21 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda həbsdə olması, onun barəsində qətimkan tədbirinin seçilməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 12/402 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən 05 avqust 1984-cü il tarixdən 05 dekabr 1992-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində, 05 dekabr 1992-cü il tarixdən 30 iyul 2001-ci il tarixədək isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Onun ümumi xidmət illəri 30 il 06 ay 28 gün təşkil edir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 875 nömrəli qərarından görünür ki, Yardımlı RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş Təqsirləndirilən şəxs döyüş zonasında hərbi xidmət keçrəkən 1994-cü ilin yanvar ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmanın nəticələri-diaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra başın təpə nahiyəsində bir ədəd, başın alın nahiyəsinin sağ yarısında bir ədəd, başın arxa ənsə nahiyəsində bir ədəd, burun belində bir ədəd, sol milbilək oynağının ön səthində bir ədəd köhnəçapıq toxumalar”, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.”. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(124)-2/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilməsi hökm edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsinə əsasən şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi - altı min manatdan on min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs , eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli qərarında qeyd olunur ki, təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Təşkilatçı da məhz həmin cinayəti təşkil etmiş, təhrikçi həmin cinayətə icraçını təhrik etmiş, köməkçi isə həmin cinayətdə icraçıya kömək etmiş şəxs hesab olunurlar. Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 32.4,308.1, 312-1.1 və 32.4,313-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, 30 ildən artıq müddət Silahlı Qüvvələrdə xidmətdə olmasını və hərbi xidmət zamanı yaralanaraq hərbi travma almasını, zərərçəkmiş şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin ona qarşı şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(124)-2/2022 saylı hökmünə əsasən məhkum olunsa da, onun hazırki iş üzrə cinayət əməli həmin məhkumluğun yaranmasından əvvəl törədilmişdir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların məcmusunu (təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, 30 ildən artıq müddət Silahlı Qüvvələrdə xidmətdə olmasını və hərbi xidmət zamanı yaralanaraq hərbi travma almasını, zərərçəkmiş şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin ona qarşı şikayət və tələbinin olmamasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını) və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsin məhz azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsini məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,308.1, 312-1.1 və 32.4,313-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza müəyyən edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(124)- 2/2022 saylı hökmü müstəqil icra olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hökmün icrasını təmin etmək məqsədi ilə onun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan - Şahid2 barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli 4110003AADFW nömrəli göndərişin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi məhkəmə baxışı zamanı mülki iddia verərək, 6.368,76 (altı min üç yüz altmış səkkiz manat yetmiş altı qəpik) məbləğin mülki cavabdehdən tutularaq Dövlət Sosial Müdafiə X24 Şəxsinin hesabına ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər.». Beləliklə, məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirən şəxs Təqsirləndirilən şəxs 06 mart 2018-ci il tarixdən 31 may 2019-cu il tarixədək olan müddətdə Şahid2 ümumilikdə 6.368,76 manat məbləğində sosial müavinətin ödənilməsinə nail olması mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Bu səbəbdən mülki iddia təmin edilməli və təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 6.368,76 (altı min üç yüz altmış səkkiz manat yetmiş altı qəpik) manat məbləğində vəsait tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X24 Şəxsinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,308.1, 312- 1.1 və 32.4,313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Arbitrium” Vəkil Bürosunun vəkili X12 məhkəmədə iştirak etdiyi 20 iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,308.1, 312- 1.1 və 32.4,313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,308.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,313-cü maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il 6 (altı) ay müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə rayon (şəhər) İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(124)-2/2022 saylı hökmü müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 6.368,76 (altı min üç yüz altmış səkkiz manat yetmiş altı qəpik) manat məbləğində vəsait tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X24 Şəxsinin xeyrinə ödənilsin. İş üzrə maddi sübut olan Şahid2 barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli 4110003AADFW nömrəli göndərişin surəti cinayət işinin materiallarında saxlanılsın. “Arbitrium” Vəkil Bürosunun vəkili X17 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar