Məhkəmə qərarları › İş №1(005)-178/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-178/2023

03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-178/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – “Femida” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Gədəbəy rayonunun Çalburun kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yeni yaşayış massivi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayının 31-də, saat 10:00 radələrində rəsmi boşanmış arvadı Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları Nərimanov rayonu, Böyükşor qəsəbəsi nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində ailə-məişət münasibətləri zəmnində mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən sonuncunun boynundan və sol kürəkaltı nahiyəsindən bir neçə dəfə sillə və yumruqla vuraraq ona boyun nahiyəsinin şişkinlik halında hematoma ilə müşayiət olunan əzələ-bağ aparatının gərilməsi, sol kürəkaltı nahiyənin qançırı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci ildən etibarən rəsmi olaraq Zərərçəkmiş şəxs ilə 2014-cü ildə ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları var. 2022-ci ildə Güneldən rəsmi boşansa da, sonradan barışmış və qeyri-rəsmi olaraq Günelə məxsus Böyükşor qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamışlar. xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində evdə Günellə ikisi olarkən səhər yeməyini yeyib işə getmək istəmişdir. Günel südlü düyü gətirib qarşısına qoymuşdur. Lakin düyü bişməmişdir. Güneldən yeməyi bir az bişirməsini xahiş etmişdir. Günel isə deyinməyə başlamış, sonra onun ünvanına təhqiredici sözlər işlətmişdir. Güneldən təhqiredici sözlər işlətməməsini xahiş etsə də, Günel təhqiredici sözlər deməyə davam etmişdir. Bu zaman o, əsəbiləşərək Günelin boynundan və kürəyindən əlinin içərisi ilə bir neçə dəfə vurmuşdur. Bundan sonra həyətə çıxıb maşına oturmuş və çıxıb işinə getmişdir. Həmin gündən sonra o, evə qayıtmamışdır. Hazırda Maştağa qəsəbəsi, Xanlar yeni yaşayış massivində yaşayan valideynləri ilə bir evdə qalır. Mübahisə vaxtı otaqda ondan və Güneldən başqa kimsə olmamışdır. Mübahisə təxminən bir dəqiqə davam etmişdir. Günelin boynundan və kürəyindən əli ilə vursa da, Günelin ona heç bir müqavimət göstərməmişdir. Əməlindən peşmandır. Sonra barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2014-cü ildə ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları var. 2022-ci ildə Ruslanla boşansalar da, sonradan barışmışlar və təxminən altı ay qeyri-rəsmi olaraq ona məxsus Böyükşor qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamışlar. Aralarında mütəmadi olmasa da, ailə-məişət zəmnində bir neçə dəfə münaqişə olmuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində evdə ikisi olan zaman Ruslana südlü düyü bişirib vermişdir. Ruslan yeməyin dadına baxıb düyünün bişmədiyini bildirmiş, daha sonra isə onun və valideynlərinin ünvanına təhqiramiz sözlər işlətmişdir. Bundan sonra Ruslandan valideynlərini təhqir etməməsini xahiş etdikdə Ruslan dayanmamış və onun üzərinə cumaraq yumruqla və əlinin içərisi ilə boynundan, kürəyindən və sair nahiyələrindən vurmuşdur. Daha sonra Ruslan çıxıb maşınına doğru getmişdir və həmin mübahisədən sonra isə Maştağa qəsəbəsində yaşamağa başlamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Törədilmiş və ya hazırlanan cinayət barədə məlumatların şifahi qəbulu haqqında 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə 2023-cü ilin yanvar ayının 31-də, saat 10:00 radələrində rəsmi boşanmış arvadı Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları Nərimanov rayonu, Böyükşor qəsəbəsi nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində ailə-məişət münasibətləri zəmnində mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən sonuncunun boynundan və sol kürəkaltı nahiyəsindən bir neçə dəfə sillə və yumruqla vurmuşdur və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinin təhqiqatçısına şifahi formada məlumat vermişdir. “Baxış keçirilməsi haqqında” 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Nərimanov rayonu, Böyükşor qəsəbəsi nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evidir. Ev birmərtəbəlidir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə-tibbi ekspertiza və X1 X2nin Nərimanov rayon şöbəsinin 01 fevral 2023-cü il tarixli, 118 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – boyun nahiyəsinin şişkinlik halında hematoma ilə müşayiət olunan əzələ - bağ aparatının gərilməsi, sol kürəkaltı nahiyənin qançırı küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına və əmələ gəlmə mexanizminə əsasən demək olar ki, həmin xəsarətləri şəxsin özü-özünə yetirə bilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gələ bilməsi inandırıcı deyildir. “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat işinin başlanması haqqında” 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən məhkəməyədək sadələşdirilmiş icraat işi açılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-13-121-/211- 224xx/xx-2023 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 “Bakı Baş Səhiyyə Mərkəzi” X2 7 nömrəli qadın məsləhətxanasının 03 mart 2023-cü il tarixli, 16 nömrəli arayışından görünür ki, Zərərçəkmiş şəxs 7 nömrəli qadın məsləhətxanasında 24 həftəlik hamiləliklə nəzarətdədir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın, habelə azyaşlı, qoca və ya köməksiz vəziyyətdə olan və ya təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı törədilməsi cəzanı ağırlaşdıran hal hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törətməsini Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, cəzaçəkmə müddətinin əvvəli – 03 mart 2023cü il tarixdən hesablanmalı, barəsində “həbs” qismində qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 03 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qismində qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. “Femida” vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatı üçün cəmi 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar