Məhkəmə qərarları › İş №1(005)-178/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-178/2025

27.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-178/2025 27.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdə saat 00:30 radələrində ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı heç bir səbəb olmadan hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, ümumi davranış qaydalarına saymamazlıq nümayiş etdirərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs yumruqla sifət nahiyəsindən qəsdən vuraraq ona burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerinidəyişən sınığı (reduksiya cərrahi əməliyyatından sonrakı vəziyyət), burunun yumuşaq toxumalarının şişkinlik halında əzilməsi-qançırı, alnın sağ yarısının tüksüz hissəsinin sıyrığı, sol gözaltı nahiyəsinin qançırından ibarət, Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, özünü Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə deyil, 127.1-ci maddəsi ilə təqsirli bilir. Xuliqanlıq niyyəti ilə hadisəni törətmək onun şəxsiyyətinə uyğun deyildir. Hadisəyədək dörd ildən artıq müddətdə “PR” qrupda reklam mütəxəssisi kimi işləmişdir. Zərərçəkmiş şəxs Hacıağa oğlu onunla birlikdə həmin şirkətdə işləmiş, münasibətləri normal olmuş, hər hansı düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 00:00 radələrində işlədiyi ünvan 2 ünvanında yerləşən şirkətin inzibati binasından barmaq izi ilə işləyən turniketdən keçmək üçün vaxtın tamam olmasını gözləyərkən ondan əvvəl növbədə iş yoldaşı, sonra isə Seyran olmuşdur. Saat 00:00 olduqda iş yoldaşından keçməsini xahiş etmiş, sonuncu da ona: “sən məndən böyüksən keç” - demişdir, o da təşəkkür edib keçmək istəyərkən arxada dayanan Seyran barmağını aparata qoyub keçmək istədikdə o, Seyranın əlini itələyərək növbəsini gözləməsini bildirmiş, Seyran isə ona əlini itələməməsini demiş, o üçüncü mərtəbədən aşağı düşmək üçün liftə keçərkən Seyran ona: “axırıncı dəfən olsun əlimi itələyirsən” - demiş, həmin vaxt liftin içərisində 3-4 nəfər hazırda xatırlamadığı şəxslər də olmuşdur. Seyran deyindiyinə və onunla mübahisə etdiyinə görə “Allah şeytana lənət etsin” - demişdir. Seyran onunla mübahisəni davam etdiyi üçün liftin içərisində gözlədiyi vaxt Seyrana: “İndi çıxıb səni ayağımın altına salacam, tapdalayacam”- deyə bildirmişdir. Seyran isə bundan sonra hər kəsin içində ona təhqiredici söz, “p.. yeyərsən” - demişdir. O da Seyrandan nə deməsini soruşduqda yenidən onu təhqir edib eyni sözü demişdir. Daha sonra o, liftlə birinci mərtəbəyə düşmüş, Seyrana aşağıda gözləməsini bildirməmiş, Seyran isə pilləkənlə aşağı düşmüş, o, aşağı düşdükdən sonra liftdən çıxmış və Seyranın inzibati binanın giriş qapısının yanında dayanmasını görmüşdür. Qapıdan çıxarkən Seyranın kənara gəlməsini bildirmiş və birlikdə kənara, iki binanın arasına getmişlər. Həmin vaxt Seyranm əynində motosiklet idarə etmək üçün olan qoruyucu geyim, dəmir dəbilqə, əlcəklər olmuşdur. O, Seyrandan kimi təhqir etməsini soruşduqda sonuncu onu təhqir etdiyini bildirib, sol əlini ona atmış və onun köynəyinin yaxası cırılmışdır. O da Seyranın dəbilqəsindən sağ və sol əli ilə şillə ilə iki və ya üç dəfə baş nahiyəsindən, dəbilqə başında olarkən vurmuşdur. Həmin vaxt yanlarında heç kəs olmamış, sonradan xatırlamadığı kimsə gəlmişdir. Dava-dalaş təxminən 1-2 dəqiqə davam etmişdir. Əməlindən peşmandır, üzrxahlıq edir, vurulmuş ziyanı bir dəfəyə ödəməyə imkanı olmadığı üçün hissə-hissə ödəməyə hazırdır. Ona verilən “liftin yanında Zərərçəkmiş şəxs: “səni tapdalayaram” sözünü görə adekvat qarşılıq almasına və orada mübahisə edərək bitirdiklərinə baxmayaraq nə üçün aşağıda mübahisəni davam etdirməsi, Zərərçəkmiş şəxslə məsələni nə üçün olduğu yerdə aydınlaşdırmaması, sonuncunu kənara çəkməsi, orada vurub xəsarət yetirməsi” kimi suallara cavabında qeyd etmişdir ki, yuxarıda mübahisəni başa çatdırmamışdı, çünki Seyran ona təhqiredici söz demişdi, onun da məqsədi Seyranın nə üçün onu təhqir etməsini aydınlaşdırmaq olmuş, vurmaq fikri olmamışdır. İnzibati binanın qarşısında adamlar olduğuna görə Seyranı kənara çəkmişdir. Orada Seyrandan nə üçün təhqir etdiyini soruşduqda sonuncu yaxşı etdiyini bildirdiyinə görə vurub xəsarət yetirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 4 il idi ki, “Piar Qroup” şirkətində reklam mütəxəssisi kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs onunla birlikdə həmin şirkətdə işləmiş aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə 00:00 radələrində işlədiyi ünvan 2 ünvanında yerləşən şirkətin inzibati binasından çıxarkən Hacı və digər iş yoldaşı qapıda bir-birinə yol vermək üçün danışarkən o, sonuncuların söhbətini gözləmədən barmağını basıb keçmək istəyərkən Hacı onu itələyərək: “gözlə növbəni” demişdir. O da Hacıya nə üçün onu itələməsini dedikdə, Hacı isə ona: “get o tərəfə, səni təpiyimin altına salıb tapdalayaram” - deyə bildirmişdir. Camaatın içində ona bu formada söz dediyinə görə qarşılığında Hacıya “p.. yeyərsən” - deyə cavab vermişdir. Barmaq izi aparatından keçəndən sonra Hacı liftdə minmiş və ona aşağı düşüb gözləməyini bildirmişdir. Hacı üçüncü mərtəbədən liftlə, o isə pilləkənlə aşağı düşmüş, təbii ki, o, liftdən daha sürətli aşağı düşə bilməzdi. Ona görə də Hacının dediyi kimi o, binanın qarşısında dayanmamış, pilləkəndən birinci mərtəbəyə düşəndə Hacı onu dartıb çantasını mühafizəçinin yanında qoyaraq kənara çəkmişdir. Hacı binanın yanında qaranlıq yerə aparmışdır. Həmin vaxt motodəbilqə onun başında olmuşdur. Hacı ondan: “O nə sözdür ki, sən mənə deyirsən” - soruşduqda, o da Hacıya: “Bəs sən nə üçün xanımların və şəxslərin yanında o sözü mənə deyirsən” - deyə bildirdikdə macal vermədən ani olaraq Hacı üz nahiyəsindən, yəni dəbilqənin açıq yerindən yumruqla vurmuşdur. Hacının zərbəsi onun burnuna dəymişdir. Həmin vaxt dəbilqənin üz hissəsi bağlanmış və o, artıq heç nə görməməyə başlamışdır. Həmin vaxt Hacı dəbilqənin üstündən onu vurmağa başlamışdır. O, yerə yıxılmış və Hacı təpiklə də onun bədən hissəsinə vurmağa başlamışdır. O, yerindən qalxıb qaçmaq istəmiş, Hacı da onun arxasınca qaçmışdır. Sonra iş yoldaşları və mühafizəçi gəlib onları aralamışdır. Uşaqlardan gələndən sonra o, dəbilqəni başından çıxartmışdır. Onun Hacı ilə dava-dalaş etmək niyyəti olmamışdır, çünki birinci Hacı ona: “səni təpiyimin altına salaram” - deyərək təhqir etmiş, ondan sonra o, həmin sözün müqabilində Hacıya cavab olaraq adekvat sözünü demişdir. Bu sözdən başqa Hacıya heç bir qeyri-etik söz deməmişdir. Hesab etmişdir ki, Hacı sözünü deyib və o da cavabını verib, bu məsələ bitmişdir. O, hadisə vaxtı Hacını vurmamışdır, dediyi kimi köynəyini cırmamışdır. Ona vurulmuş ümumi ziyanı 3000 manat kimi qiymətləndirir. Təqsirləndirilən şəxs hazırkı ifadəsinə münasibətdə ziddiyyətlə bağlı və ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, şirkətin yerləşdiyi üçüncü mərtəbədə Hacı ondan aqressiv şəkildə aşağıya düşüb gözləməsini tələb etmiş, o, pilləkənlə aşağı düşdüyünə görə təbii ki, liftdən tez çata bilməzdi, gərək qaça-qaça düşsün ki, liftdən tez çatsın. Onu kənara Hacı çəkmiş, həmin vaxt Hacının onu vuracağını düşünməmişdir, orada isə əlavə olaraq aralarında heç bir qeyri-etik ifadələr olmamışdır. Hacı ona niyə qeyri-etik ifadə işlətdiyini sual verdikdə, o da Hacıya eyniməzmunlu sual verərkən qəflətən Hacı onu vuraraq xəsarət yetirmişdir. Yuxarıdakı mübahisəni Hacı özü davam etdirmişdir, onun mübahisəni davam etdirmək fikri olmamışdır, fikirləşmişdir ki, artıq hər ikisi sözlərini demişdir və mübahisə bitmişdir. Hacı heç bir ciddi səbəb olmadan onu vurub burnunu sındırmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 27 avqust 2024-cü il tarixdə baş vermiş dava-dalaş hadisəsi ünvan 2 ünvanında baş vermişdir. Məhkəmə-Tibbi Ekspertizası və X1 X5 31 avqust 2024-cü il tarixli, 1026 saylı ekspert rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerinidəyişən sınığı (reduksiya cərrahi əməliyyatından sonrakı vəziyyət) , burunun yumuşaq toxumalarının şişkinlik halında əzilməsi - qançırı, alının sağ yarısının tüksüz hissəsinin sıyrığı, sol gözaltı nahiyənin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2024-cü il tarixlərdə və şəraitdə əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, Təqsirləndirilən şəxs hadisə ilə bağlı yetirdiyi xəsarətə görə Zərərçəkmiş şəxs ümumi olaraq 3050 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs ödəməli olduğu məbləğdən 500 (beş yüz) manat hissəsini notariusun depozit hesabı vasitəsi ilə Zərərçəkmiş şəxs ödəmiş və qalan 2550 (iki min beş yüz əlli) manat məbləği 17 (on yeddi) ay ərzində aylıq 150 (yüz əlli) manat olmaqla notariusun depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürür. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona vurulmuş 3000 manat ziyanın 500 manatı ödənilmişdir. Qalan hissəsi üzrə barışıq sazişi bağlanmışdır. Ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nəticələri əsaslandıran hallar: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, məhkəmə-tibbi ekspertizasının rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyətinin olmaması barədə dəlilləri əsassızdır. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarının 5-ci bəndinə əsasən məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hərhansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimaiqaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizliketməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə ondahəmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Sübutlardan görünür ki, faktiki olaraq Təqsirləndirilən şəxs əsaslı səbəb olmadan, ilkin olaraq özünün şəxsi təhqir etməsinə baxmayaraq, mübahisəni yekunlaşdırmaqla davam etdirməməli olduğu halda öz eqoizmini nümayiş etdirməklə və cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq qəsdən xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs bu cür davranması zərərçəkmiş şəxsə qarşı olan hərəkətlərinin məhz xuliqanlıq niyyətindən - özünü zərərçəkmiş şəxsdən üstün, onun təhqiredici sözünün qarşılığında verilən cavaba görə “cəzalandırmaq hüququna” malik olan şəxs kimi görməsindən irəli gəldiyini göstərir. Təqsirləndirilən şəxs hərəkətlərinin faktik məzmunu ilə Cinayət Məcəlləsinin 127.2.3cü maddəsinin dispozisiyası arasında uyğunluğun olması Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bu maddədə nəzərdə tutulmuş cinayət tərkibinə verdiyi təfsirdən də aydın görünür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2022-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Əməlin xuliqanlıq niyyəti ilə törədilmiş qəsdən adam öldürmə kimi tövsif olunması, eyni zamanda həmin əməlin CM-in 120.2-ci maddəsində nəzərdə tutulan başqa niyyətlə və ya məqsədlə törədilən cinayət kimi tövsif olunmasını istisna edir. Cinayətin bir neçə müxtəlif niyyətlərdən (motivlərdən) hər hansı biri ilə törədilməsinin müəyyən edilməsi tələb olunan mürəkkəb vəziyyətlərdə, məsələn, xuliqanlıq niyyəti ilə CM-in 120.2-ci maddəsində birbaşa nəzərdə tutulmuş başqa niyyət və ya məqsədlə ehtiva olunan motiv arasında seçim etmək zərurəti yarandıqda, üstün olan, yəni təqsirkarın cinayətkar hərəkətlərini şərtləndirən (əsas hərəkətverici amil kimi çıxış edən) niyyət (motiv) əsas götürülməli və əməlin hüquqi tövsifi bu niyyətə (motivə) uyğun olaraq aparılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini şərtləndirən əsas hərəkətverici amil məhz onun Zərərçəkmiş şəxs ilə sözlə mübahisə edərkən ilkin olaraq digər şəxslərin yanında sonuncuya qarşı təhqiredici ifadə işlətməsinə baxmayaraq, Zərərçəkmiş şəxs bunun müqabilində ona qaytardığı adekvat cavaba görə özünün daha üstün şəxsiyyət olduğunu təsdiq etmək və öz eqoizmini nümayiş etdirmək, yəni xuliqanlıq niyyəti olmuşdur. Məhkəmə işin faktiki halları və hadisənin baş vermə ardıcıllığı, eləcə də mexanizminə əsaslanaraq qeyd edir ki, aşağıdakı tezislər Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyətinin olduğunu bir daha təsdiq edir. Birincisi, Təqsirləndirilən şəxs barmaq izi ilə ondan sonrakı növbədə olan əvvəldən tanıdığı iş yoldaşı Zərərçəkmiş şəxs ondan əvvəl keçməsini qəbul edə biləcəyi və ya mübahisənin yaranmaması üçün sakit daya biləcəyi və ya iradını daha incə formada çatdıra biləcəyi halda həmin anda daha üstün şəxsiyyətə malik olduğunu nümayiş etdirməklə şəxsi itələmiş, mübahisə də məhz onun kobud davranışı ilə əlaqədar yaranmışdır. İkincisi, ilkin mübahisə zamanı Təqsirləndirilən şəxs ilk öncə özünün qeyri-etik ifadə işlətməsinə baxmayaraq, Zərərçəkmiş şəxs bu sözün qarşılığında xoşagəlməz ifadə işlətməsini bəhanə edərək mübahisəni davam etdirməklə sonuncunu cəzalandırmaq üçün onu gözləməsini tələb etmişdir. Üçüncüsü, mübahisəni bitirə biləcəyi halda davam etməsinin təşəbbüskarı yenə də Təqsirləndirilən şəxs olmuş, o, Zərərçəkmiş şəxs ona qarşı nə üçün qeyri-etik ifadə işlətməsini soruşduqda cavabını tam gözləmədən, habelə orada ona qarşı əlavə heç bir qeyri-etik və ya hüquqa zidd hərəkət edilməməsinə baxmayaraq qəflətən Zərərçəkmiş şəxs vurmaqla cüzi səbəbi sağlamlığa az ağır zərər vurmaq üçün bəhanə etmişdir. Göründüyü kimi, mübahisə və dalaşma zərərçəkmişin təşəbbüsü ilə başlanmamış, yaxud zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməmişdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi ziddiyyətli məqamları onun öz müdafiəsi üçün gətirdiyi dəlil kimi qiymətləndirməklə onlara münasibətdə qeyd edir ki, işin mübahisəsiz hallarına əsasən Zərərçəkmiş şəxs üçüncü mərtəbədən pilləkənlə piyada, o isə liftlə eyni vaxtda aşağı düşmüşdür. Zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi kimi onun piyada, yəni adi yerişlə liftdən daha sürətli birinci mərtəbəyə çatması inandırıcı deyildir. Ona görə də Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə gözləməsini bildirməməsi, zərərçəkmiş şəxsin onu aşağıda gözləməsi kimi ifadələri mübahisənin onun tərəfindən davam etdirilməməsinin təsdiqinə yönəlmiş müdafiə xarakterli ifadələrdir. Eyni zamanda zərərçəkmiş şəxsin onun köynəyinin yaxasını cırması, bundan sonra onu vurması kimi ifadələri zərərçəkmiş şəxsin ifadələri, işin faktiki halları və digər sübutlarla təkzib edilməklə təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi Hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. (CPM, maddə 146.1) Məhkəmə Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır xəsarət yetirməsi ilə bağlı olan hərəkətlərini yuxarıda qeyd olunan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin norması və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, təqsirləndirilən şəxsin əməlində CM-in 127.2.3-cü maddəsində göstərilən cinayətin tərkibinin olmaması haqqında iddiasının əsassız olduğu, onun əməlində qeyd olunan cinayətin tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən həmin maddədə təqsirli bilinməsinin əsaslı və qanuni olduğu müəyyən edir. Müdafiə tərəfinin bu cür qənaətinin əksinə olaraq, şəxsin əməlində CM-in 127.2.3-cü maddəsinin tərkibinin olması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayət mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən zərərçəkmiş şəxsin ifadələrinə, müvafiq istintaq hərəkətlərinin protokollarına, ekspertiza rəyinə və digər sübutlara əsaslanır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilmələri üçün qanunla nəzərdə tutulan əsaslar müəyyən edilmir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş ziyanı qismən ödəməsini, əməlindən peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.14 və 59.2ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməklə və ona vurulmuş ziyanı qismən ödəməklə, ziyanın qalıq hissəsini isə aylar üzrə ödəyəcəyinə dair söz verməklə öz əməlinin ictimai təhlükəlilik dərəcəsini azaltması, ali təhsilli və iş yerinin olması, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasının şəxsiyyətinin müsbət səciyyələnməsi barədə nəticəyə gəlmək üçün məhkəməyə əsas verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə qanunvericiliyin tələblərini, Avropa Məhkəməsinin tövsiyələrini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkündür. Beləliklə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00dan 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs isə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək sərf etdiyi hər iş saatına görə 6 manat olmaqla 12 iş saatı üçün 72 manat, xx.xx.2025-ci il tarixdən sonra sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla 36 iş saatı üçün 396 manat olmaqla 468 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək sərf etdiyi hər iş saatına görə 6 manat olmaqla 12 iş saatı üçün 72 manat, xx.xx.2025-ci il tarixdən sonra sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla 36 iş saatı üçün 396 manat olmaqla 468 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar