Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-179/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Calalov Nizami Firdovsi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi X1, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstrən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, taksi sürücüsü işləyən, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 oktyabr 2022-ci il tarixdə saat 08:30 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında, özünə məxsus “Honda Civic-Hibrid” markalı **- XV-*** dövlət qeydiyyat nişanlı, gümüşü metallik rəngli, sedan tipli minik avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Bakı Metropoliteninin “20 Yanvar” stansiyası istiqamətindən “Koroğlu” stansiyası istiqamətinə körpünün üzərində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə, yəni yol hərəkəti iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı kimi tələblərinə riayət etməyərək, avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş 3 zolaqdan ibarət yolun sağdan 3-cü zolağı ilə 50 km/saat surətlə hərəkətdə olarkən lazımi diqqət və ehtiyatlılıq göstərməməsi səbəbindən idarə etməni itirdiyindən idarə etdiyi avtomobilin ön sağ hissəsinin onunla paralel qarşıda sağdan 2-ci zolaqla hərəkət edən Şahid1 idarə etdiyi “Chevrolet Nexia MT” markalı ** PH *** dövlət qeydiyyat nişanlı sedan tipli, qara rəngli, minik avtomobilin arxa sol hissəsinə çırpılması, daha sonra avtomobilin ön hissəsinin qarşıda sağdan 3-cü zolaqda hərəkət edən Şahid2 idarə etdiyi “Honda Civic” markalı ** BC *** dövlət qeydiyyat nişanlı, sedan tipli, açıq boz metallik rəngli, minik avtomobilin arxa hissəsinə çırpılması nəticəsində ehtiyatsızlıqdan öz idarə etdiyi “Honda Civic-Hibrid” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol orbitanın aşağı divarının çökmə qapalı sınığı, burun sümüklərinin qapalı, yerdəyişən sınıqları (cərrahi əməliyyyatdan sonrakı vəziyyət), sol qaşüstü nahiyyənin əzilmiş-cırılmış yarası, sol göz ətrafının, sol yanağının şişkinli hematoması kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan AZ AĞİR zərər vurulmasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Honda Civic-minik” markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə 20 Yanvar dairəsi istiqamətindən üzü metronun Koroğlu stansiyası istiqamətində körpünün üzərində avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş 3 zolaqdan ibarət yolun soldan birinci zolaqla saatda 50 km/saat sürətlə düzünə hərəkət edərkən həmin vaxt idarə etdiyi avtomobildə adını bilmədiyi və tanımadığı qadın müştəri sərnişin qismində əyləşmişdir. Əyləşdiyi zamandan müştəri onu tələsdirmişdir. O, idarə etdiyi avtomobil ilə düzünə hərəkətdə olan zaman avtomobilin təkəri dəmir parçasına toxunduğundan partlamış və o idarə etməni itirmiş, nəticədə avtomobilinin ön sağ hissəsi onunla paralel qarşıda sağdan 2-ci zolaqla hərəkət edən “Chevrolet Nexia” minik markalı avtomobilin arxa sol hissəsinə çırpılmışdır. Daha sonra avtomobilin ön hissəsi ondan qarşıda eyni zolaqda hərəkət edən “Honda Civic” minik markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Bu zaman “Honda Civic” minik markalı avtomobilin arxa sol hissəsi beton səkiyə çırpılmışdır. O da dərhal əyləcə basaraq avtomobili saxlamışdır. O və digər iki avtomobilin sürücüləri avtomobildən yerə enmişlər, hadisədən sonra o, dərhal avtomobildə sərnişin olan xanımdan xəsarət alıb-almadığını soruşduqda həmin xanımın xəsarət aldığını görüb təcili tibbi yardım stansiyasının həkin briqadasını hadisə yerinə dəvət etmişdir. Hadisə yerinə gəlmiş həkim briqadası onu müayinə etdikdən sonra xəsarət almış qadını müayinə etmək üçün aparmışdır. Həmin vaxt hadisə yerinə gəlmiş Nərimanov RPİ-nin əməkdaşı araşdırma aparmağa başlamış, o da həmin araşdırmada iştirak etmişdir. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində çıxış edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 08 radələrində işə getmək üçün taksi sifariş vermişdir. Bir neçə dəqiqədən sonra “Honda Civic” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmiş və o, avtomobildə arxa oturacaqda əyləşdikdən sonra taksi sürücüsü hərəkətə başlamışdır. Saat təxminən 08:30 radələrində 20 yanvar metrostansiyasından üzü Koroğlu metrostansiyası istiqamətində Z.Bünyadov prospekti ilə hərəkətdə olan zaman qəfildən onun əyləşdiyi avtomobilin ön sağ hissəsi onlardan qabaqda hərəkətdə olan markasını bilmədiyi başqa bir avtomobilin arxa hissəsinə çırpılmışdır. Daha sonra onun əyləşdiyi avtomobil qarşıda hərəkətdə olan digər markasını bilmədiyi başqa bir avtomobilin arxa hissəsinə çırpılmışdır. Həmin hadisə zamanı o, baş və burun nahiyyəsindən xəsarət almışdır. Bundan sonra avtomobilin sürücüsü avtomobili saxlamışdır. Bir neçə dəqiqədən sonra 103 təcili tibbi yardım briqadası gələrək onu xəstəxanaya aparmışdır. Əlavə olaraq bildirmişdir ki, həmin hadisədən sonra sürücü sonradan adının Saleh olduğunu bildiyi şəxs onun səhəti ilə maraqlanmamışdır. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən vurulan ziyanın ödənilmədiyini və ona qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi X4 zərərçəkmiş şəxsin ifadəsinə uyğun çıxış edərək təqsirləndirilən şəxs tərəfindən vurulan ziyanın ödənilmədiyini və ona qarşı şikayətçi olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində özünə məxsus idarə etdiyi “Honda Civic” minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə 20 Yanvar dairəsi istiqamətindən üzü metronun Koroğlu stansiyası istiqamətində avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş 3 zolaqdan ibarət körpünün üzərində soldan 1-ci zolaqla 60 km/saat sürətlə düzünə hərəkət etmişdir. O, idarə etdiyi avtomobil ilə düzünə hərəkətdə olan zaman onunla eyni zolaqda ondan arxada hərəkət edən “Honda Civic” minik markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə sağdan 2-ci zolaqla hərəkət edən “Chevrolet Nexia” minik markalı avtomobilin arxa sol hissəsinə çırpıldıqdan sonra idarə etməni itirərək avtomobilin ön sol hissəsi ilə onun avtomobilinin arxa hissəsinə çırpılmışdır. Zərbənin təsirindən o, idarə etməni itirmiş və avtomobilin arxa sol hissəsi beton səkiyə çırpıldıqdan sonra dayanmışdır. Bundan sonra o və digər sürücülər dərhal avtomobillərdən yerə enmişlər. O, dərhal baş vermiş hadisə barəsində DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bundan bir qədər sonra hadisə yerinə TTYS-nin həkim briqadası və Nərimanov RPİ-nin əməkdaşı gəlmişdir. Həkim briqadası “Honda Civic” minik markalı avtomobildə xəsarət almış qadın sərnişini müayinə etmək üçün xəstəxanaya aparmışdır. Onlar da Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 5-9-cu vərəqələrində olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 13 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsinin baş vrdiyi yer Ziya Bünyadov prospektidir. Yolun işlək hissəsi düz, yol örtüyünün növü asfalt beton, yol örtüyünün vəziyyəti quru. Yol örtüyünün hər iki istiqamət üçün eni 26,40 metr, işlək hissənin eni 24 metr, səkinin eni 2 metr, ayırıcı zolağın eni 0.40 metr, hərəkət zolaqlarının sayı 3-dür. İşlək hissəyə sağdan və soldan səki birləşir. Ehtiyat hissədən sonra sağdan körpünün kənarı, soldan körpünün kənarı. Hadisə yerinə baxış təbii günəş işığı şəraitində həyata keçirilmiş, nəqliyyat vasitələri hadisə yerində olmuşlar. Hadisə yerində şin və tormoz izləri aşkar edilməmiş, şüşə və plastmas qırıqları aşkar edilmiş, nəqliyyat vasitələrinin ətrafdakı əşyalara toxunma izləri və digər izlər aşkar edilməmiş, hadisə yerində meyit aşkar edilməmişdir. Cinayət işinin İ cildinin 10-12-ci vərəqələrində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması barədə” 13 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, “Honda Civic” markalı ** BC *** dövlət qeydiyyat nişanlı, sedan tipli, açıq boz metallik rəngli, minik avtomobilin arxa hissəsi və sol arxa yan qanad və sol arxa təkəri zədələnmişdir. Cinayət işinin İ cildinin 14-17-ci vərəqələrində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması barədə” 13 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, “Chevrolet Nexia MT” markalı ** PH *** dövlət qeydiyyat nişanlı sedan tipli, qara rəngli, minik avtomobilin arxa sol qanad və arxa sol qapı və arxa hissəsi zədələnmişdir. Cinayət işinin İ cildinin 18-21-ci vərəqələrində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması barədə” 13 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, “Honda Civic-Hibrid” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı, gümüşü metallik rəngli, sedan tipli minik avtomobilin ön hissəsi, ön sağ və sol qanad hissəsi və sol qanad hissəsi, sağ ön qapısı zədələnmişdir. Cinayət İ cildinin işinin 49-51-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 120-M nömrəli rəydən görünür ki, vət. X2 almış olduğu xəsarət - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol orbitanın aşağı divarının çökmə qapalı sınığı, burun sümüklərinin qapalı, yerdəyişən sınıqları (cərrahi əməliyyyatdan sonrakı vəziyyət), sol qaşüstü nahiyyənin əzilmiş-cırılmış yarası, sol göz ətrafının, sol yanağının şişkinli hematoması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. Cinayət İ cildinin işinin 65-ci vərəqində olan “Təqdim olunmuş diskə baxış keçirilməsi haqqında” 09 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, “Honda Civic-Hibrid” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı, gümüşü metallik rəngli, sedan tipli minik avtomobili avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş 3 zolaqdan ibarət yolun sağdan 3-cü zolağı ilə hərəkətdə olarkən idarə etməni itirərək idarə etdiyi avtomobilin ön sağ hissəsi onunla paralel qarşıda sağdan 2-ci zolaqla hərəkət edən “Chevrolet Nexia MT” markalı ** PH *** dövlət qeydiyyat nişanlı sedan tipli, qara rəngli, minik avtomobilin arxa sol hissəsinə çırpılır, daha sonra avtomobilin ön hissəsi qarşıda sağdan 3-cü zolaqda hərəkət edən “Honda Civic” markalı ** BC *** dövlət qeydiyyat nişanlı, sedan tipli, açıq boz metallik rəngli, minik avtomobilin arxa hissəsinə çırpılır. Cinayət işinin İ cildinin 70-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət İ cildinin işinin 72-75-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 dekabr 2022-ci il tarixli, 8/3317 saylı rəydən görünür ki, 1a,2a,3a. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Honda Civik markalı 99XV978 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 1b,2b,3b. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Chevrolet Nexia markalı 77PH967 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. 1c,2c,3c. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Honda Civik markalı 77BC942 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Cinayət işinin İ cildinin 102-103-cü vərəqələrində olan “Qətimkan tədbiri seçilməsi barədə” 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 110-cu vərəqində olan “Maddi sübut tanınma haqqında” 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, “Honda Civic” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması və sahibinə qaytarılması qərara alınmışdır. Cinayət işinin İ cildinin 111-ci vərəqində olan Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 21 yanvar 2023-cü il tarixli iltizamdan görünür ki, “Honda Civic” markalı **-XV- *** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq və məhkəmə istintaqı bitənədək onun mülkiyyətində qalmasını qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, T645/2023 nömrəli rəydən görünür ki, 1-3. Vətəndaş Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, əng sümüyünün sınığı, burun sümüklərinin qapalı, yerdəyişən sınıqları, sol qaşüstü nahiyənin əzilmiş-cırılmış yarası, sol göz ətrafının, sol yanağın şişkinliyi, hematoması olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ Ağır zərərvurmaya aiddir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini nəzərə alır və onu cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut – “Honda Civic” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – “Honda Civic” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-179/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-179/2023
19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver